• çərşənbə axşamı, 19 mart, 14:16
  • Baku Bakı 8°C

Xəzər Süleymanlı: Şeir səsləndirmək sifarişlə deyil

23.07.19 14:30 41164
Xəzər Süleymanlı: Şeir səsləndirmək sifarişlə deyil
Müsahibimiz gənc şair, bədii qiraətçiXəzər Süleymanlıdır.Xəzər bəylə poeziya, qiraət sənəti barədəki söhbətimizi təqdim edirik:
– Necə qərar verirsən ki, bu şeiri səsləndirməlisən?
– Deməli, şeir seçəndə təkcə öz zövqümü nəzərə almıram. Həm də dinləyici kütlənin zövqləri məni düşündürür. Çünki məndən gözlənilən təkcə poetik yükü olan deyil, həm də insanların hisslərini ifadə edə bilən, onlara təsir edən şeirlərdir. Ona görə şeir seçəndə mütləq duyğulu olub-olmadığına, yəni hansı təsir gücünə malik olduğuna mütləq nəzər yetirirəm. Düzdü, mütəxəssislərin – mütəxəssis deyəndə mən şeirdən anlayışı olan insanları nəzərdə tuturam, istər şairləri, istər tənqidçiləri – gözü ilə baxmağa çalışıram.
– Özün də şeir yazırsan. Olubmu ki, səsləndirdiyin şeirin təsirinə düşəsən? Yaxud həmin şairin intonasiyasında düşünəsən?
– Şeir yazırdım, amma son zamanlar yazmıram. Son zamanlar deyəndə, hardasa iki ilə yaxındır. Yazdığım dövrlərdə mən başqa müəlliflərdən şeir səsləndirirdim. O şeirlərin mənə müəyyən təsirləri olurdu. Mən özümün şeir yazmaq qabiliyyətimi, belə deyək, bəyənmədiyim üçün, özümü o sahədə çox istedadlı hesab etmədiyim üçün, düşünürəm ki, müəyyən şairlərin təsirində olmuşam. İstər səsləndirdiyim müəlliflərin təsiri, istər səsləndirmədiyim, hansı ki onlardan indiyədək şeir səsləndirməmişəm, amma oxumuşam, onların yaradıcılığından məlumatım var, bax o şeirlərin mənim yazmağıma təsirləri olub.
– Bəs ən sevdiyin qiraətçi kim olub?
– Ümumiyyətlə, bizdə qiraət sahəsində konkret olaraq məşğul olmuş bir insan adı çəkmək çətindir. İstər keçmiş SSRİ dövründə, istərsə də indi – müstəqillik dövründən bu tərəfə. Nəyə görə çətindir? SSRİ dövründə, məsələn, bizim o kinomuzun qızıl dövrü ki deyillər, həmin vaxtlar aktyorlardan bəziləri zaman-zaman şeirlər, qəzəllər səsləndirib. Ancaq mütəmadi olaraq bədii qiraət ustası kimi fəaliyyət göstərən, ya da şeirlər söyləyən, demək olar ki, olmayıb. Əminə Yusifqızı populyar olub, şeirlər səsləndirib, eyni zamanda dublajda da, redaktor kimi də fəaliyyət göstərib. Və son illərdə xoşuma gələn ad Həsən Əblucdu. O, müəyyən şeirləri oxudu, onun qiraətindən sonra həmin şeirlər məşhurlaşdı, məsələn, "Yenə o bağ olaydı" şeiri daha çox sevildi onun ifasında. Həsənağa Turabovun qəzəl səsləndirmələri var, Səməndər Rzayevin müəyyən səsləndirmələri var, çox sevirəm onların ifasına qulaq asmağı. Son dövrlərdə isə bədii qiraət sənəti artıq tamadalığa çevrildi. Ancaq toyda tamadalıq edən adamlar da bədii qiraətlə məşğul olduqlarını iddia edirlər. Əslində, elə deyil, bədii qiraət kifayət qədər ciddi bir sahədir, aktyorluq sənətinin bir qoludur. Şükür Allaha ki, indi bir balaca tərpəniş var, ciddi səsləndirənlər var.
– Şairin şeirini səsləndirmisən və həmin şair bundan narazı qalıb. Belə hal olub?
– Səsləndirdiyim müəlliflər arasında mənə etiraz edən olmayıb. Əksinə, həmişə təşəkkür eyləyiblər, həmişə seviniblər ki, şeirləri səsləndirmişəm. Etiraz olsaydı, mən heç vaxt davam etməzdim. Mən əvvəllər şeir yazırdım, qarşımda bir məqsəd qoymuşdum ki, şeir səsləndirməyim, qiraətim şeir yazmağımı üstələsə, onu davam edəcəm. Şeir yazmaq üstün olsaydı, yəqin ki bu gün mənasız şeirlərimlə camaatın başını aparırdım indi (gülür). Çox şükür ki, qiraət şeirlərimi bir az üstələdi. Bəyənildi, o da mənə böyük bir stimul oldu ki, bu yolda davam edə bildim.
– Bəs kimsə məcburi öz şeirlərini sənə veribmi ki, səsləndir?
– O qədər. Hətta ona görə küsənlər, inciyənlər oldu.
– Necə oldu? Dostluq xətrinə edirsən, yoxsa deyirsən mənlik deyil?
– Bəzən kimlərsə deyir ki, Xəzərin "kruqu” var, ordan səsləndirir. Əslində, mənim dostlarım, ətrafımda olan insanlar da bilirlər ki, dostluq etdiyim şairlərin yaradıcılığından iki, ya üç dənə şeir səsləndirmişəm. O da ki öz seçim olub, mən xahiş eləmişəm ki, bu şeiri ver, səsləndirim. Necə ki şeir yazmaq sifarişlə mümkün deyil, şeir səsləndirmək də onun kimidir, yəni bu kiminsə istəyilə, kiminsə arzusuyla olmur.Məsələn, Aqşin Evrənlə mənim münasibətim çox möhtəşəmdi, hər gün danışırıq, dostluq münasibətlərimiz var. Onun kitabından mən cəmi dörd şeir səsləndirmişəm, amma Aqşin Yeniseydən iyirmiyə yaxın, Ramiz Rövşəndən əlliyə yaxın şeir var səsləndirdiyim.
– Sosial şəbəkə platformaları istedadsız şairləri və şeirləri populyar etdiyi qədər sənin sahənə müsbət mənada təsir edir...
– Onu düz qeyd elədin ki, facebook'da kimsə 200 bəyənmə yığan kimi özgüvən yaranır və düşünür ki, istedadlıdı. Bu hardasa ziyanlı tərəfidir, Bu gün sosial şəbəkələrdə çox şeir səsləndirənlər varş Keçən dəfə bir postda gördüm, toy məclisidir, çağırıblar kimdirsə şeir deyir, cavan bir oğlan idi. Uca səslə qışqıra-qışqıra sevgilisinin buna xəyanət etməyindən danışır. O şeir bitdi, ardınca uşaq vaxtı atasız böyüməyindən danışdı toyda, özü də qışqıra-qışqıra deyir, təsəvvür elə. Sonra dostlarının vəfasızlığından, etibarsızlığından danışdı. Həmin oğlan özünü bədii qiraətçi kimi təqdim edirdi. Ancaq şeir səsləndirənlər arasında Kamran Yunis,Kamran Ağabalayev kimi istedadlılar da var. Biz gecikmədik, əsas odu. İndi keyfiyyətli işlər görməyə çalışırıq və məncə, bacarırıq...
– Bacarırsınız...
– Bu işləri də sosial şəbəkə üzərindən tanıdırıq.
– Dinləyicilər səsini çox sevirlər. Elə bir məşhur şeir olubmu ki, oxucular həmən şeiri sənin qiraətindən sonra tanıyıblar.
– Bəli. Məsələn, mən bildiyim qədərilə İbrahim İlyaslının "Necəsən, zalım" şeiri çox yayqın bir şeir deyildi. Ancaq o şeiri mən səsləndirəndən sonra, şeir sevməyən insanlar belə o şeirə qulaq asırdılar. O şeirlə bağlı indiyə kimi mənə instaqramda yazırlar, facebookda yazırlar. Bir də bir şey deyim, intonasiya çox vacibdi. Şeirin bədii həlli varsa, mən də ürəklə ifa edə bilirəm. Türkiyədə bu sahə bizdən daha yaxşı inkişaf edib. Lap elə filmlərini də misal çəkə bilərəm. Baxırsan ki, aktyorun səsi o qədər də gözəl deyil, amma intonasiyası, aksenti o qədər gözəldi ki, özünü sevdirir. Şeirlər də elədir. Şeirin də xüsusi intonasiyası var.
– Oxucu görə bilmir onu.
– Hə, oxucu hiss etmir, ancaq mən onu ki səsləndirirəm və oxucuya hazır "məhsul” kimi təqdim edirəm.
– Səsləndirdiyin şeirlərdə şairin intonasiyasını saxlayırsan?
– Çalışıram ki, bir az fərqli etməyə çalışıram. Amma bəzi şairlər var ki, onların xarakterini şeirdə az da olsa göstərə bilim.
– Heca, əruz, yoxsa sərbəst… Hansını səsləndirmək "tutur”?
– Mənim səsləndirdiyim şeirlər arasında hardasa 80 faizi sərbəst şeirlərdir. Yaxşı alındığına görə daha çox sərbəst şeirlər səsləndirirəm. Amma belə ümumi statistikayla götürəndə heca şeirləri də var ki, onlar mənim ifamda populyarlaşıb. Bayaq elə "Necəsən, zalım"ı dedim, o hecadadır. Başqa heca şeirləri də var. Heca, sərbəst, əruz – bunların hər üçünü sevirəm. Əruzda ona görə az şeir səsləndirirəm ki, əruzun bir balaca özünəməxsus sanbalı var, belə deyək ağırlığı var və eyni zamanda bəhrlər, təfilələr var. Buda insana necə ki ritm doğuşdan yüklənir, elə yüklənməlidir. Əruzun ritmini hər adam hiss edə bilmir. Gərək eşidəsən, təfilələri biləsən. Mən indi hələ ki onu öyrənirəm. Var, səsləndirmələr var, amma məcburiyyətdən səsləndirmişəm, belə deyək sifariş olub deyə səsləndirmişəm.Yəqin ki onu təkmilləşdirib daha mükəmməl edəcəm. Heca şeirini sevirəm, amma son zamanlar nədənsə yaxşı heca şeirlərinə çox az hallarda rast gəlirik, yəqin ki bu hamıya bəllidir. İndi yaxşı sərbəst şeirlər daha çoxdur. Məsələn, mən çox vaxt deyəndə mübahisə olur, məni belə deyək də qəbul etmirlər. Yaxşı əruz yazan, yaxşı heca yazan, yaxşı sərbəst yazan – üçünü də yan-yana qoyanda yaxşı sərbəst yazan hər ikisindən üstün olur. Çünki yaxşı əruzda yazanların çoxsu artıq təkrarçılığa yol verirlər.
– Hansı şeirin mənəvi ağırlığı qoymayıb onu səsləndirəsən?
– Şəhriyarın "Yar qasidi" şeiri. Çünki öz ifasından sonra onu Al Pacino da gəlsə, o dərəcədə gözəl səsləndirə bilməz. Mümkün deyil.Ordakı onun səsində var, "axı gecələr yatmamışam, mən sənə lay-lay demişəm” möhtəşəmdir. Adamın ürəyinə toxunur.
– Qəşəng şeirdir. Təşəkkürlər. Xəzər, məndən niyə şeir demirsən?
– Əcəb edirəm (gülürük).
Söhbətləşdi: Rəvan Cavid
banner

Oxşar Xəbərlər