• şənbə, 27 Aprel, 02:33
  • Baku Bakı 14°C

Xalidə Şərifova: “Hər bir aktrisa istəyir ki, gözəl obrazlar canlandırsın”

31.05.16 11:33 3469
Xalidə Şərifova: “Hər bir aktrisa istəyir ki, gözəl obrazlar canlandırsın”

Deyirlər incəsənət qurban tələb edir. Bu sənətdə can qoymaq, saç ağartmaq, söz sahibi olmaq heç də asan məsələ deyil. Ancaq nədənsə taleh vəfasızlıq edərək bəzən bizi belə insanlardan uzaqlaşdırır, ucuz şou-biznesə meylli olan, xırda dedi-qodularla sənətə qədəm qoyan insanları daha çox tanımağa vadar edir. Bəlkə də bunun günahkarı biz özümüzük.

Mövzudan çox yayınmamaq üçün birbaşa mətləbə keçirəm. Bu gün sizə Azərbaycan teatrında ömrünün 43 ilini fəda edən istedadlı aktrisa Xalidə Şərifovadan danışmaq istəyirəm.

Xalidə Şərifova 1973-cü ildə Lənkəran Dövlət Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. O, teatrın səhnəsində "Qış nağılı”nda Utrata, S.Vurğunun "Fərhad və Şirin”ində Şirin, "Vaqif”ində Gülnar, C.Məmmədquluzadənin "Ölülər”ində Nazlı, H.Cavidin "Topal Teymur”unda Olqa, C.Cabbarlının "Oktay Eloğlu” əsərində Seyər, Y.Əzimzadə "Silahdaş”ında Rübabə, "Gecən xeyrə qalsdın”da Cessin, Anarın "Şəhərin yay günləri”ndə Qumru, M.F.Axundzadənin "Lənkəran xanın vəziri”ində Nisə xanım, S.Stratiyevin "Avtobus” əsərində Qız, A.Tamsaarenin "Yudif”ində Yudif obrazları ilə Lənkəran teatrının tanınan simalarından birinə çevrilib. Bu gün də Lənkəran teatrında arzulanan aktrisalardan olan Xalidə xanım yaratdığı obrazları ilə tamaşaçılarının qəlbində yuva qurmuş aktrisalardandır. Lənkəran Teatrında ömrünün ən gözəl çağlarını yaşayarkən Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə1994-cü ildə Akademik Milli Dram Teatrına gəlib. Əyalət teatrının səhnəsindən daha böyük auditoriyanı əhatə edən ana teatrımıza qədəm qoyan aktrisa bu səhnədə də maraqlı rollar ifa edib. Belə ki, aktrisa teatrın səhnəsində N.Hacızadənin "Məhəbbət yaşadır” əsərində Nilufər, B.Vahabzadənin "Dar ağacı”nda Xala, S.Vurğunun "Fərhad və Şirin”ində Şirin, İ.Əfəndiyevin "Hökmdar və qızı”nda Haykanuş, S.Vurğunun "Fərhad və Şirin”ində Şirinin rəfiqəsi, Ç.Aytmatovun "Sokratı anma gecəsi”ndə Kədər, J.Rassinin "Fedra”-nda İsmena, D.Aslanın "Dindirir əsr bizi”ndə Sabah xanım, C.Məmmədquluzadə "Ölülər”ində Zeynəb, S.S.Axundov "Eşq və intiqam”nda Yasəmən, H.Orucovun "Bu dünyanın adamları” Nərgiz, Hidayətin "Bu dünyanın adamları”nda Sevər kimi rollara səhnə həyatı verib.

Böyük səhnədəki yaradıcılığı ilə pərvazlanan aktrisa 2001-ci ildə teatrdakı yaranan abu-havanı qəbul etməyərək Mədəniyyət Nazirliyinə müraciət edir. Onun ərizəsi nəzərə alınaraq Gənc Tamaşaçılar Teatrına göndərilir. O, bu teatrda da biri-birindən maraqlı obrazları ilə tamaşaçıların yaddaşında həkk olmağı bacarır. Belə ki, aktrisa bu teatrda Elçinin "Buzovna kəndinin əhvalatları” tamaşasında Əminə,
S.S.Axundov və A.Şaiqin "Qaraca qız”ında Yasəmən, Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları”nda Ana və s. obrazlarını yaradır.

Aktrisa teatrla yanaşı, bir çox kinofilmlərdə də yaddaqalan rollar canlandırıb. Belə ki, aktrisanın "Canavar balası”, "Yağışdan sonra”, "Çinarlı şəhərin generalları”, "Nə gözəl, gözəl dünya”, Cansıxıcı əhvalat”, "Səni gözləyirəm” (6 seriyalı film) kimi filmlərdə ifa etdiyi obrazlar öz dəsti xətti ilə seçilib.

Ömrünün 43 ilini teatra həsr edən Xalidə Şərifova ilə daha yaxından tanış olmaq üçün onu redaksiyamıza dəvət etdik. Dəvətimizi qəbul edib bizimlə həmsöhbət olan aktrisa ilə müxtəlif mövzularda danışdıq. Söhbətimizi ixtisarla təqdim edirik.

- Xalidə xanım, ömrünüzün ən gözəl çağları Lənkəran teatrında keçib. O teatr həyatınızda hansı rolu oynadı?

- Lənkəran teatrını gözəl xatırlayıram. Orada çox istedadlı aktyorlar var. Mən çalışdığım dövrdə orada Nazir Əliyev, onun həyat yoldaşı Münəvvər Əliyeva, Qabil Quliyev, Nəcibə Hüseynova, Məhərrəm Musayev kimi sənətkarlarımız fəaliyyət göstərirdi.

- Lənkəran Teatrından daha böyük tamaşaçı auditoriyasına malik paytaxt teatrının səhnəsinə gəldiniz. Bakıya gəlişiniz məşhurlaşmaq eşqindən idi, yoxsa..?

- Lənkəran Teatrında maraqlı obrazlarım var idi. Elə oldu ki, Nazirlikdən məni paytaxt teatrına dəvət etdilər, mən də birdəfəlik Bakıya köçdüm. Teatrın qapısından içəri girən kimi mənə rol verdilər. Akademik Teatrda ilk olaraq "Məhəbbət yaşadır” əsərində Nilufəri oynadım. Həmin tamaşa ilə bir çox qastrollarda olduq. Azərbaycanın rayonlarında, Bakının kəndlərində o tamaşanı çox oynadıq. Ancaq mən bu teatrda qala bilmədim. Orada haqsızlıqlar var idi. Mən də haqsızlığı qəbul edən insan deyiləm. Nazirliyə bununla bağlı müraciət etdim. Onlar da məsləhət gördülər ki, hələlik Gənc Tamaşaçılar Teatrında işləyim.

- Və siz təkilifi qəbul etdiniz... bəs burada vəziyyət necədir?

- İndi teatrda çox gözəl atmosfer var, sakitçilikdir. Mübariz müəllim yaxşı direktor olmaqla bərabər, həm də yaxşı insandır. O, teatrdakı yaradıcılıq atmosferini nizama salır, hər şeyə diqqətlə yanaşır.

- Bəs, oynamaq istədiyiniz rollar varmı?

- Hər bir aktyor və aktrisa istəyir ki, gözəl obrazlar canlandırsın. Mənə uyğun bir rol olsa niyə də istəməyim?

- Sizin həm də gözəl bədii qiraət qabiliyyətiniz var. Hər aktyorun, aktrisanın belə qabiliyyəti olmur. Bu istedad sizdə haradandır?

- Uşaqlıqdan şeirə böyük marağım olub. Hətta məktəb illərində də müəllimlərim mənə şeir dedirdib, qiymət yazırdılar. Hətta ədəbiyyat müəllimim Kəklik xanım şagirdlərin səsləndirdikləri şeirləri dinləyib, deyirdi ki, bu Xalidə haradadır, gəlsin ürəyimi soyutsun. Çox zaman da deyirdi ki, al bu şeiri kitabdan oxu heç olmasa ruhumuz dincəlsin.

- Hansı şairlərin şeirlərinə müraciət edirsiniz?

- Daha çox tanınmış və gözəl sözləri olan şairlərə müraciət edirəm. Misal üçün Xəlil Rza Ulutürkün, Cabir Novruzun, Nüsrət Kəsəmənlinin, Bəxtiyar Vahabzadənin, Nəriman Həsənzadənin şeirlərinə müraciət edirəm. Onların şeirləri insanların qəlbinə birbaşa yol tapır.

- Bəs necə oldu ki, albom çıxartdırmaq qərarına gəldiniz?

- Mütəmadi olaraq müxtəlif tədbirlərdə, şairlərin yaradıcılıq gecələrində iştirak edirdim. Çıxışlarım olurdu. Çox zaman mənə deyirdilər ki, sizin ifanızda səslənən şeirləri dinləmək istəyirik. Məndən ifamda səslənən şeirlərdən ibarət albom istəyirdilər. Bir gün müğənni Səyyad Əlizadə mənə təklif etdi ki, onun səsyazma studiyasında mənim ifamda səslənən şeirlərdən ibarət albom çıxaraq, mən də razılaşdım. Nə yaxşı ki, bu albomu da çıxartdıq. Bu işdə mənə göstərdiyi köməyə görə Səyyad müəllimə minnətdaram.

- Xalidə xanım, 40 ildən artıq sənət təcrübəniz var. Nə üçün indi çəkilən filmlərdə, seriallarda sizi görmürük?

- Yaxşı film və ya serialdan təklif gəlsə təbii ki, qəbul edərəm. İndiki serialların keyfiyyəti də məni qane etmir. Peşəkar rejissorlar da çox azdır. Misal üçün Rövşən İsaxın çəkdiyi seriallar baxımlıdır. Onun çəkdiyi serialı mən özüm də izləyirəm. Rövşən İsaxın yozumu, aktyorları qabartmağı, ssenarisi çox inandırıcıdır. Hər bir xalqın öz adət ənənələri, məişət qayğıları var. Bu ölkənin də filmlərə, seriallara qəhrəman ola biləcək insanları çoxdur. Çox zaman şəhidlərimizlə bağlı tədbirlərdə iştirak edirəm. Orada qadınlarımızın yaşadığı iztirabları, sarsıntılarını dinləyirəm. Onlar doğrudan da qəhrəman qadınlardır. Vətənimizin qeyrətli xanımları var. Çox istərdim ki, onların həyatından filmlər çəkilsin. Bu gün seriallarda atışmalar, bir-birilərini aldatmalar daha çoxdur. Gənclər də o seriallara baxıb düşünürlər ki, belə olmaq daha yaxşıdır. Gərək elə seriallar çəkilsin ki, gənclər onlardan ibrət götürsün.

- Eşitdiyimə görə "Nizami” filmində Afaq obrazına dəvət almışdınız.

-Bəli.

- Nə üçün çəkilmədiniz?

- Həmin film üçün fotoprob çəkilişləri başlamışdı. Eldar Quliyev də məni dəvət etmişdi. Çəkiliş üçün şəkillər də çəkildi. Övladım üç aylıq olduğu üçün çəkilişlərə gedə bilmədim. Fotoprob üçün çəkilən şəkillərim var.

- Şəhərə gəldiniz. Tək qadın, özü də aktrisa. Çətin olmadımı cəmiyyətlə mübarizə aparmaq?

- Mən çox mübariz qadınam. Çətinliklərim çox olub. Nə yaxşı ki, həyatda yaxşı insanlar var. Demirəm ki, hamı yaxşıdır. Qarşıma yaxşı insanlar çıxıb, mənə köməklik ediblər. Bir insan kimi yaxşılıqlarını gördüm. Azdramada işlədiyim dövrdə teatra nifrət etmişəm. Çünki orada elə bir atmosfer var idi ki, qadını çox alçaldırdılar. Qadın öz-özünə nifrət edirdi ki, mən nəyə görə aktrisa olmuşam. Mən teatra çox gözəl hisslərlə gəlmişdim. Bilirəm ki, hansı sahədə olsaydım, inkişaf edə bilərdim. Yaxşı səsim var idi. Yeddinci sinifdən mahnı oxuyub festivallara gedirdim. 17 yaşında Mədəniyyət Evində ifaçı kimi çalışmağa başladım. Orada çalışdığım müddətdə Lənkəran Teatrdan təklif etdilər ki, "Ölülər” tamaşasında Nazlını oynayım. Mənim atam buna icazə vermirdi. Bacımla gizli-gizli tamaşalarda iştirak edirdim. Sonra teatra bağlandım.

-Nə üçün bu illər ərzində sizi bir dəfə də olsun ifaçı kimi görmədik?

- "Canavar balası” filmində ifa etmişəm. "Bu dünyanın adamları” tamaşasında da ifam oldu. İki uşaqla ifaçılıq etmək mənim üçün çox çətin idi. Bir çox tamaşalarda Emin Sabitoğlunun, Cavanşir Quliyevin, Eldar Mansurovun tamaşalar üçün yazılmış mahnılarını ifa etmişəm.

- Sizin nəslin sənətə olan münasibəti ilə indiki gənclərin sənətə olan münasibəti arasında nə kimi fərqlər var?

- İndi istedadlı gənclər kifayət qədərdir. Ancaq elə hesab edirəm ki, yaxşı rejissorlar yoxdur ki, gəncləri istiqamətləndirsin. Sənəti sevən gənclərimiz də çoxdur. Ancaq bizim dövrümüzdə hər şey başqa cür idi. Əvvəlki səliqə-sahman, sənətə hörmət indiki gənclərldə demək olar ki, yoxdur. Biz səhnəyə çıxanda o qədər məsuliyyət hiss edirdik ki… Nədənsə indiki gənclərdə onu görmürəm. Əvvəllər tanınmaq daha çətin idi. Biz səhnəyə tanınmaq, məşhur olmaq üçün gəlmirdik. Mən gənc olanda fəxri ad söhbəti gələndə deyirdim ki, mən hələ gəncəm. Məndən əvvəl də illərlə səhnədə çalışan insanlar var. İndiki gənclər deyir ki, gələn kimi ad alım, hər şey mənim olsun. Ancaq biz deyirdik ki, sənətim yaxşı olsun. Biz öyrəşmişik ki, bizi dəvət etsinlər, rol versinlər. Rol almaq üçün hansı yolların olduğundan xəbərsiz idik. Sənətə sənətimizi nümayiş etdirək üçün gəlmişdik.

- Xalidə xanım, siz mərhum sənətkarımız Hökümə Qurbanovaya bənzəyirsiniz. İndiyə qədər bunu sizə deyən var idimi?

- Bəli. Bunu mənə dəfələrlə deyiblər. Akademik Milli Dram Teatrında çalışarkən Mərahim Fərzəlibəyovun hazırladığı "Sokratın anma gecəsi” tamaşasında Kədər rolunu oynayırdım. O zaman Fatma Abdullazadə, Polad Bülbüloğlu və Ədalət Vəliyev tamaşanı izləyirdi. Fatma xanım tamaşadan sonra bildirdi ki, bu aktrisa mənə Hökümə Qurbanovanı xatırlatdı. Bundan başqa "Dədə Qorduq”da Məhsəti xanım obrazını canlandırarkən də mənə Hökümə xanıma bənzədiyimi deyirdilər.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər