AZE | RUS | ENG |


“Təcrübəyə həmişə ehtiyacımız olub”

“Təcrübəyə həmişə ehtiyacımız olub”
Direktor Könül Həsənova: Yaxşı idarəedici yaxşı lider, yaxşı müəllim, yaxşı psixoloq olmalıdır

Azərbaycan Dillər Universitetini bitirdikdən sonra həmin ali məktəbdə baş laborant vəzifəsində, daha sonra müəllim kimi çalışıb. Biznes Universitetində də müəllim işləyib. 2013-cü ilin avqust ayında 7 saylı tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunub və iki aydan sonra direktor əvəzi kimi çalışıb. Könül Həsənova 2014-cü ildə Təhsil Nazirliyinin məktəb direktorları üçün keçirdiyi müsabiqədə qalib gələrək məktəbin direktoru vəzifəsinə yüksəlib. 2014-cü ilin avqustundan məktəbin direktoru kimi çalışır. K.Həsənova bu vəzifəyə təhsil naziri Mikayıl Cabbarovun 2014-cü il 18 avqust tarixli əmri ilə təyin olunub. O, 780 nəfər arasından seçilən 14 nəfərdən biridir. 

M.Rahim adına 7 saylı tam orta məktəbin direktoru Könül Həsənova "Bir məktəbin tarixi”nə müsahibəsində təkcə rəhbərlik etdiyi məktəbin təcrübəsindən danışmadı, həmçinin hazırkı təhsilimiz haqqında fikirlərini bölüşdü. 
 
Tələbə və şagird əməkdaşlığı

- Qocaman bir məktəbə rəhbərlik etmək, sizdən yaşlı olan pedaqoqlarla, çoxsaylı şagirdlərlə dil tapmaq çətin deyil ki?
- Təbii ki, asan deyil. İlk növbədə bunun üçün insanda məsuliyyət hissi olmalıdır. Əsas şərtlərdən biri də normal sağlam psixoloji mühitin yaradılmasıdır. Sevinirəm ki, bu məktəbdə hazırda belə bir mühit var. Mən kollektivdən razıyam. Bizdə qarşılıqlı əməkdaşlıq mühiti formalaşıb. Məktəbin müəllimləri cavan, orta yaşlı insanlardır. Onlar öz üzərlərində məsuliyyət hiss edirlər. Bir-birimizi başa düşür, ortaq məxrəcə gələ bilirik – bu, iş üçün əsas şərtlərdən biridir. Şagird nailiyyətlərinin izlənilməsi və müəllimlərin peşəkarlığının artırılması sahəsində müəyyən addımlar atmağa çalışıram. Təhsil Nazirliyinin əmrinə əsasən məktəbimiz Azərbaycan Pedaqoji Universitetinin baza məktəbi elan olundu. Bu da bizim universitetlə əməkdaşlığımızın təməlini qoydu. Artıq bu sahədə də müəyyən addımlar atılır. Təbii ki, bu özünün müsbət tərflərini göstərəcək. Məktəb olaraq bizim onlardan götürəcək müsbət tərəflərlə yanaşı, onların da bizimlə əməkdaşlıqdan əldə edəcəkləri müsbət təcrübələr var. Həmin universitetin tələbələri bizdə pedaqoji təcrübə keçirlər. Çünki bu məktəb innovativ məktəbdir və müəllimlərimiz də kifayət qədər təcrübəlidirlər. Onlar günün tələblərinə uyğun olaraq İKT bacarığı olan müəllimlərdir. Məktəbimizin otaqlarının əksəriyyəti texnoloji avadanlıqlarla təchiz olunub. Xüsusən ibtidai sinif müəllimlərimizin hər biri smart lövhələrlə işləyir və tam sərbəst şəkildə bu texnologiyalardan istifadə edə bilirlər. Pedaqoji Universitetin tələbələri də bu məktəbdə innovativ imkanları öyrənə bilirlər. Pedaqoji Universitetin müəllim heyətinin bizdə nümunəvi dərslər keçirmələri ilə bağlı təklif irəli sürmüşük. Həmçinin bizim müəllimlərin peşəkarlıqlarını artırmaq üçün universitetə cəlb olunmalarını planlaşdırırıq. "Bizim məktəb icması” layihəsinə və açıq dərslərə tələbələrin cəlb olunmasını düşünürük. Yeni layihələrimizin hazırlanmasında tələbə və şagird əməkdaşlığına imza atmışıq. Məktəbdə kurikulum mərkəzi və resursların hazırlanması, qiymətləndirilmə mərkəzinin yaradılması layihələrini Pedaqoji Universitetlə birgə həyata keçirəcəyik. 
 
 

- Bu yaxınlarda müəllimlərin növbəti diaqnostik qiymətləndirilməsi həyata keçirildi. Bu imtahanlarda iştirak edən məktəbinizin müəllimlərinin nəticələri sizi qane etdimi?
- Mən diaqnostik qiymətləndirməni müəllimlər üçün çox müsbət qiymətləndirirəm. Təbii ki, bizim müəllimlərimiz də həmin imtahanlarda iştirak etdilər. Onların əksəriyyəti demək olar ki, müsbət nəticə əldə etdi. Təbii ki, nisbətən zəif nəticə əldə edənlərimiz də oldu. Ancaq onlar sonradan təlimlərə cəlb olunur, yenidən qiymətləndirmədə iştirak edir və onların nəticəsinin nə dərəcədə yüksəlməsi izlənilir. Nisbətən zəif nəticə göstərən müəllimlərin dərslərində mütəmadi iştirak etməyə çalışırıq. Həmçinin qarşılıqlı təcrübə əldə etmək üçün onların başqa müəllimlərin dərslərində iştirakını təmin edir, onlara müəyyən irad və təkliflərimizi bildiririk. 

- Tez-tez «Məktəbləri cavanlaşdırmaq» haqqında fikirlər səslənir. Bu fikir köhnə pedaqoqların təcrübəsini inkar edir?
- Müəllimlər 65 yaşına qədər işləyirlər. Qarşıda bu yaşa çatacaq müəllimlərimiz kifayət qədərdir. Biz onların təcrübəsindən daim istifadə edirik. Yeni məktəbdə işə başlayan cavan müəllimləri pedaqoji təcrübələrini artırmaq üçün qocaman müəllimlərin dərslərinə təhkim edirik. Sonra həmin müəllimlər üçün sınaq dərsləri təşkil olunur. Ona görə qocaman müəllimlərin təcrübəsinə ehtiyacımız var. Biz özümüz də cavanıq. Ola bilər ki, nəzəri cəhətdən imtahan vermişik, amma təcrübəyə həmişə ehtiyacımız olub. Bu baxımdan direktorlara həmişə müraciət etmişəm və onlar mənə dəstək olublar. 
 
 

- Bu yaxınlarda şəhadətnamənin ləğvi və IX-XI siniflərdə attestatın verilməsi ilə bağlı Təhsil Nazirliyinin qərarı oldu. Təhsil sənədindəki dəyişikliyə münasibətiniz maraqlıdır.
- Biz bu qərarı gözləyirdik. Çünki bu il bizim ilk kurikulum siniflərinin 9-cu sinfi üzrə buraxılışı olacaq. Bu baxımdan bu dəyişiklik labüd idi. Hesab edirəm ki, bu, təhsildə keyfiyyətin artırılması istiqamətində öz nəticəsini göstərəcək. Bu, ilk növbədə şagirdlərin məşuliyyətini artırıb. Biz 9-cu siniflərlə monitorinqlər həyata keçiririk. Qaydaya uyğun olaraq həm açıq testlər, həm qapalı suallar veririk. Artıq biz onları buna hazırlaşdırmalıyıq. Sadəcə olaraq uşaqlarla bir qədər işləmək və onları bu mərhələyə tam hazırlamaq lazımdır. 
 
Təmayüldəki fərq

- Artıq bir çox məktəblərdə təmayülləşmə həyata keçirilir. Necə bilirsiniz, təmayül siniflərin olması repititorluğun qarşısını ala biləcəkmi?
- Keçən il bizim məktəbdə riyaziyyat-iqtisadiyyat üzrə bir təmayül sinfi açılmışdı. Bu il isə şagird sayımız imkan vermədiyi üçün təmayül sinfi aça bilmədik. Mərkəzi məktəb olsaq belə, siniflərin sayı yerimizə görə azdır. Elə sinfimiz var ki, orada cəmi 24-26 şagird yerləşdirmək olur. Bir var, böyük bir məktəbdə 10-cu siniflərdən 4-5 şagird seçib təmayül qrupu yaradasan, bir də var 2-3 sinfin arasından 20 nəfəri seçəsən. Təmayül sinfi yaratmaq üçün onsuz da imtahan keçirilməli, onların arasından təmayül sinfinə gedən uşaqlar seçilməlidirlər. Bu il həm uşaqların sayı yığılmadı, həm də onları seçmək şəraiti olmadı. Çünki uşaqların sayı azdır. Həmin qrupa cəmi 10-12 uşaq seçə biləcəkdik. Bu baxımdan, bu il təmayül sinfi aça bilmədik. Təmayülləşmənin repititorluğun qarşısını almasına gəlincə, bu fikirlə razıyam. Həqiqətən təmayül sinfi ilə digər siniflər arasındakı fərqi hiss etmək olur. Valideynlər də uşaqlarına lazım olan fənnlərin tədris olunmasında maraqlıdırlar. Çünki həmin qruplarda vaxt itkisi olmur. Biz davamiyyəti tələb etməkdə də israrlı olur, eyni zamanda həmin davamiyyəti əldə edə bilirik. Müəllimlərin özlərində də həmin sinfin cavabdehi kimi məsuliyyət hissi artır. Çünki təmayül sinfinə seçilən müəllimlər yüksək nəticə göstərməlidirlər. İnanın ki, valideynlər artıq təmayül sinfi yaranandan övladlarını repititor yanına göndərmirlər. Çünki onların övladlarına lazımi fənlər keçilir və kifayət qədər bacarıqlı müəllimlər dərs deyir. Əgər şagird özü də tam məsuliyyətlə yanaşsa, onun uğuru qaçılmazdır. 
 
 

- Sizin məktəbdə ilk dəfə olaraq məktəbəqədər kursların fəaliyyətə başlamasından çox vaxt keçməyib. İlk təəssüratlar necədir?
- Məktəbimizdə iki Azərbaycan dili və iki rus dili üzrə hazırlıq kursları açılıb. Qruplara dərs deyəcək müəllimlər xüsusi məktəbə hazırlıq kursları üçün təşkil olunmuş təlimlərdə iştirak ediblər. Bundan əvvəllər də bizdə məktəbə hazırlıq kursları fəaliyyət göstərirdi, ancaq onlar pullu qruplar idi. Çox sevindirici haldır ki, bu ildən ödənişsiz məktəbə hazırlıq kurslarına start verildi. Müraciət edənlərin sayı həqiqətən də çox idi. Ancaq bizim məktəbimizdə yalnız 4 qrup açmaq imkanımız oldu. Hazırda dərslərimiz davam edir və valideynlər də çox razıdırlar. Uşaqlar üçün xüsusi İKT avadanlıqları ilə təchiz olunan otaqlar ayrılıb. Müəllimlər də nəticələrdən razılıq edirlər. Artıq uşaqlarda sosiallaşma gedir. Onlar mühitə alışırlar. Uşaqların dünyagörüşünün, zehni inkişafının təmin olunmasında müsbət irəliləyişlər əldə edilir. Məktəbə hazırlıq qrupunda oxumayan uşaqlar birbaşa məktəbə gələndə, müəyyən problemlərlə rastlaşırıq. Ancaq bu qruplarda oxuyan uşaqlar məktəb həyatına alışırlar və dünyagörüşləri formalaşır. Ona görə biz məktəbəqədər hazırlıq qrupunu bitirmiş uşaqları eyni sinifdə komplektləşdirməyə çalışırıq. İnanın ki, həmin siniflərin səviyyəsi müəllim üçün də əlverişlidir. Onların bilik səviyyəsi də digər siniflərin bilik səviyyəsindən fərqlənir. 

- Təhsil ekspertləri bəzən "təhsil spesifik sahə olduğu üçün bu sahədə tez-tez islahatlar həyata keçirməyə, dəyişikliklər etməyə ehtiyac yoxdur” - deyirlər. Bizim təhsil sahəsində tez-tez yeniliklər baş verir...
- Əgər dəyişikliklər irəliyə doğru addımdırsa, niyə də atılmasın? Əgər bu dəyişikliyin müsbət nəticəsini görəcəyiksə, niyə də olmasın? Mənə elə gəlir ki, indiyə qədər edilən islahatların nəticələrini getdikcə görəcəyik. Ancaq müsbət dəyişikliklər özünü büruzə verir. Artıq müəllimlər öz üzərlərində daha çox işləyir, daha çox məsuliyyət hiss edirlər. Müəllim artıq bilir ki, sinfə girirsə, biz ondan nəticə istəyəcəyik. Müəllim özünü doğrultmaqla nəticələri göstərməyə çalışır. Onlar bilirlər ki, göstəriciləri, fəaliyyətləri izlənilir. 
 
 

- Yanlış dərslik yanlış nəsil deməkdir. Bu fikrə münasibətiniz?
- Bu mənim üçün çətin sualdır. Həqiqətən də bəzən dərsliklərlə bağlı problemlərlə üzləşirik. 

- Yaxşı direktor yaxşı idarəçilik deməkdir. Bəs yaxşı idarəçilik uğurlu məktəbdir?
- Yaxşı idarəçi olmaq tam mənasında yaxşı məktəb olmaq demək olmasa da, böyük amildir. Bunun arxasında həm də uğurlu iş durur. Yaxşı idarəedici yaxşı lider, yaxşı müəllim, yaxşı psixoloq olmalıdır. Çünki sən insanlarla ünsiyyətə girirsən. Şagirdlər səni sevməli, müəllimlər sənə hörmət etməlidirlər. Bu sözün altında çox nüanslar dayanır. Yaxşı idarəedici özündə bir neçə xüsusiyyəti cəmləşdirir. Uğurlu məktəb də onun əsasında yaranır. 
 
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001