• cümə, 29 Mart, 17:41
  • Baku Bakı 14°C

Şuşadan qalan adət

11.05.16 16:31 26618
Şuşadan qalan adət
Şuşa 1 saylı tam orta məktəbin şagirdləri ilə söhbət edərkən əksəriyyəti gələcəkdə riyaziyyatçı olmaq arzusunda olduğunu bildirir. Bunun səbəbini məktəbdə riyaziyyat fənninin yaxşı tədris olunması və ya fənni tədris edən müəllimin riyaziyyatı sevdirməsi ilə izah etmək olar. Riyaziyyat müəlliməsi Bahar Kərimova hesab edir ki, fənni sevmək üçün ilk növbədə uşaqların müəllimə sevgisi olmalıdır. Belə ki, əgər şagirdin müəllimə qarşı məhəbbəti olursa, o, həmin fənnə də böyük həvəs göstərir: «Mən şagirdlərlə ilk növbədə yoldaşlıq münasibəti qururam. Fənni onlara sevdirməyə çalışıram və bunun qarşılığını görürəm». Müəllimənin sözlərinə görə, dərs dediyi 10-cu sinifdə riyaziyyata meyilli şagirdlər çoxdur: «Bəzən bu uşaqlar 11-ci sinifdə öz istiqamətlərini dəyişirlər. Məsələn, 3-cü qrupa sənəd verirlər. Halbuki onlar riyaziyyat fənninin arxasınca getsələr daha yaxşı nəticə əldə edə bilərlər». Müəllimə bəzən şagirdlərin riyaziyyata olan sevgilərini yarıda qoymalarını məktəb proqramlarının ağırlığı ilə əlaqələndirir: «Proqramlar çox ağırdır. Xüsusən kurikulum siniflərində bunun çətinliyini görürük. Hər hansı bir məsələnin həllində mütləq müəllimin köməyi lazım olur. Problem həm də dərs vəsaitindədir. Biz sinifdə izah edirik, amma şagird evdə sərbəst oxuyanda heç nə anlamır”. Müasir dövr üçün texniki fənləri daha aktual hesab edən B.Kərimova iqtisadiyyatın inkişafı ilə əlaqədar informasiya, riyaziyyat, İKT sahələrinin daha lazımlı olduğunu hesab edir.
Buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsinə münasibət bildirən müəllimə hesab edir ki, bu qərar şagirdlərin məsuliyyətini artıracaq. Yəni əvvəllər daha çox qəbul imtahanlarına üstünlük verən şagirdlər həmçinin buraxılış imtahanının məsuliyyətini də hiss edəcəklər. B.Kərimova riyaziyyat dərsliklərinin keyfiyyətindən razılıq edir: «Son iki ildə çap olunan dərsliklərin keyfiyyətindən razıyam. Xüsusən kurikulumla əlaqədar dərsliklərin tərtibatında və keyfiyyətində xeyli irəliləyiş var”. Müəllimə test imtahanı çərçivəsində şagirdlərin müəyyən bir çərçivədə bilgilərə yiyələndiyini də etiraf edir. Belə ki, texniki sahələri seçənlər humanitar fənlərdən xəbərsiz olurlar: «Biz çalışırıq ki, heç olmasa dərs çərçivəsində texniki sahəni seçən şagirdlərin humanitar sahədən az da olsa məlumatı olsun. Onlar əlavə hazırlığa getdiyindən çox vaxt buna vaxtları olmur». Şuşa məktəbinin məzunu olan B.Kərimova təhsil ocağının keçmiş ənənələrini xatırlayır: «Bizim məktəbin yaxşı ənənələri vardı. Hər il fevralın 2-də məzunlarla görüş keçirilirdi. Bilik yarışmaları təşkil olunurdu. Məktəbi qurtarandan sonra mənə dərs deyən müəllimlərlə çiyin-çiyinə işləmişəm. Orada həmişə doğma münasibət hiss etmişəm. Həmin abı-havanı və ənənələri Bakıda məskunlaşandan sonra da saxlamağa çalışmışıq. Bizdə tərbiyə mövzusu həmişə öndə olub. Xüsusən qızlara xüsusi diqqət yetiririk. Qızların geyim-keciminə, saç düzümünə, tərbiyəsinə diqqət yetiririk. Bu, Şuşadan qalan bir adətdir və onu qorumağa çalşırıq».

banner

Oxşar Xəbərlər