• çərşənbə axşamı, 19 mart, 14:24
  • Baku Bakı 8°C

Sivilizasiyaların sonu axırda barbarlıqla bitir

24.06.19 13:07 14446
Sivilizasiyaların sonu axırda barbarlıqla bitir
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz yazıçı Əlabbasdır. Onun sevdiyi əsər Çingiz Aytmatovun "Gün var əsrə bərabər” romanıdır.

– Yazıçı əsərdə hadisələrin baş verdiyi Sarı-Özək ərazisinin özünəməxsus iqlimini çox geniş şəkildə şərh edir. Yayının dözülməz dərəcədə isti, qışının çox sərt keçdiyini vurğulayır. Bu xüsusiyyətlərin başda Boranlı Yedigey olmaqla Sarı-Özəklə bağlılığı olan bütün obrazların xarakterlərinə, onların formalaşmasına, sizcə, nə dərəcədə təsiri var?
– Hadisələrin cərəyan etdiyi coğrafi ərazini Sarı-Özəyin timsalında təqdim etməkdə yazıçının məqsədi var. Qupquru çökəklər, dazı açılmış dikdirlər, susuz və şoran torpaq, mazut qoxulu köbərin üstü ilə sonsuzluğadək uzanan paralel polad yollar, gecə-gündüz şərqdən qərbə, qərbdən şərqə yük və sərnişin daşıyan qatarlar, üzüntülü səslə inləyən teleqraf dirəkləri, göz işlədikcə uzanıb gedən adamsız çöllər, ov dalınca səhərdən axşamacan sülənən tülkü, qızmış Qaranər... heç də Aytmatov yaradıcılığının ilk dövrünə xas olan şirin romantik ovqatdan, lirik-psixoloji açıdan xəbər verən detallar deyil. Əksinə, əl-ayaq dəyməyən kimsəsiz bir aləmdən, davadan sonrakı ağır illərin qayğılarından, mürəkkəb insani münasibətlərdən söhbət açılacağı barədə yazıçının əsərin əvvəlindən oxucuya xəbərdarlığıdı ki, olduqca ciddi mətləb və bir-birindən sərt, ağır olaylarla üz-üzədi o. Dərhal da qapalı zonaya, yəni kosmodroma gedən xüsusi qatarın təsviri və son anda belə gözünü qapamağa kimsənin tapılmadığı Boranlı razyezdində qırx dörd il çcn qoyan Qazanqapın ölüm xəbəri! Deməyəsən, fəqir hələ illər öncə naymanların dədə-baba qəbiristanlığı sayılan Ana-Beyitdə basdırılmağını vəsiyyət edibmiş. Hər şey də elə bundan sonra başlanır. Müəllif hadisələrin bu məqamında bayaqdan təfərrüatına vardığı çöl-biyabanın sərtliyini, ağrı-acısını tədricən, hiss etdirmədən obrazlarına köçürür və oxucunun qarşısına Yedigey Cangəldini çıxarır. Özü də necə: "O, divarın dibinə qoyulmuş, stulu əvəz edən taxtanın üstündə oturub arvadına qulaq asa-asa bulud kimi tutqun halda, düyünlü ağır əllərini dizinə dirəmişdi. Yağlanıb çirklənmiş dəmiryolçu şapqasının günlüyü gözlərini kölgələmişdi”.
Obrazını bulud kimi tutqun halı, dizinə dirənmiş düyünlü ağır əlləri və yağlanıb çirklənmiş dəmiryolçu şapqası ilə rəsm edən müəllif oxucusuna Sarı-Özəyin xaraktercə zəif, təbiətcə zərif, qəlbən kövrək, incə-mincə adamların yeri olmadığı mesajını da verir və bilərəkdən söhbəti dalana dirəyir: sən demə, atasının dəfninə qalstukda gələn Sabitcan, mərasimi tezbazar yola verib, vaxt itirmədən şəhərə qayıtmaq fikrində imiş... Bir sözlə, yoğunu yorğanda olan həngamə! Şüur altına yerləşən, mürgü halında olan və hər an üzə çıxmayan instinkt də bu minvalla oyanır.
Yelizarovun təbiri ilə demiş olsaq, çöllülərin tarixində unudulmuş bir kitab olan Sarı-Özəyin öz təbiətinə uyğun da insanları var. O kitabın Donenbay, Nayman-Ana, Jolaman, juanjuanlar, Rəhimalı ağa, Bəyimay, Əbdülxan kimi personajları olduğunu da unutmayaq. Hadisələrin gedişinə az-çox dəxli olan Qaranəri, Culbarsı da, o cümlədən.
– Əsərdə olan mif, reallıq və fantastik motivlərin ana xətti "İnsanın torpağından, keçmişindən qopması onun məhvinə gətirib çıxarır” fikridir. Sizcə, Jolaman, Sabitcan və Ana Beyit qəbiristanlığını dağıtmağa çalışan insanların keçmişinə yadlaşmasında hansı cəhətdən oxşar və fərqliliklər mövcuddur?
– Əsərin əsas ideyası budu və irili-xırdalı bütün hadisələr, yardımçı detallar, epizodik məqamlar, müxtəlif xislətli obrazlar vasitəsilə gerçəkləşdirilən həyat həqiqətləri birbaşa və dolayı vasitələrlə yalnız bu qayənin açılış və çözümünə xidmət edir. Bu ad sırasında Yolamanla Sabitcan tək deyil. Bura hər iki Tansıkbayev, razyezd rəisi Əbilov, hətta Zərifənin böyük qardaşı da əlavə olunmalıdı. Bu cür adamlar həmişə tapılır, onlara, qəribədi ki, nədənsə həyatın hər addımında rast gəlinir. Jolomanı başına zif keçirməklə, Tansıkbayev və Əbilovu ibtidai təfəkkürə qaytarmaqla, Sabitcanı isə qorxu və təhdid altında saxlamaqla mənən şikəst eləyiblər. Bu, beş-üç nəfərin yox, bütöv bir nəslin məhvi deməkdi. Bax faciə budu.
Baxaq, min illər əvvəlin folklor qəhrəmanı – Ana-Nayman oğlu Yolamana nə deyirdi , – "Bəs atanın adı nədi? Bəs özün kimsən, kimlərdənsən? Heç olmasa doğulduğun yerisə də bilirsənmi?”, əsrlər sonra Yedigey Ana-Beyitin girəcəyində doğma ana dilində başa sala bilmədiyi keşik rəisi, leytenant Tansıkbayevə nə deyir:
– Bura bax, sənin atan kimdir?”
O isə əvəzində deyir:
" –Yoldaş kənar adam, mənimlə rus dilində danışın. Mən xidməti vəzifə başındayam”
İndi Sabitcanın cavabına nəzər salaq və görək mahiyyət etibarilə onun Tansıkbayevdən fərqi nədədi? Yedigey "qardaşoğluna” qəbiristanlıqla bağlı əlaqədar təşkilatlar qarşısında məsələ qaldırmağı tapşıranda Sabitcan daş atıb başını tutur: "Əl çək, qoca, boş söhbətdir. Məndən də gözünü çək. Belə şeylərin mənə qətiyyən dəxli yoxdur...
–Manqurtsan, manqurt! Xalis manqurtsan! – Yedigey qəzəblə pıçıldadı”.
Buyurun baxın, "müasir manqurtun” xarakterini müəllif Ayzadənin əri olan əyyaş kürəkənin dili ilə necə açır: "Aramızda it varsa, o da sənsən, əclaf, orda duranla, –o, Tansıkbayevi nəzərdə tutur – sənin nə fərqin var?... Mən dövlət adamıyam! Sən heç adam döyülsən!”
"Gün var əsrə bərabər” romanı Azərbaycan ədəbi mühitinə "manqurt” sözü ilə birgə daxil oldu. Tək filoloji-elmi yox, ictimai-siyasi düşüncədə də özünə dərhal yer aldı. Əsərin adını eşitməyən sıravi insanlar belə manqurtun nə olduğunu həmən anladılar, qəbul etdilər və torpaq, vətən, millət təəssübü çəkməyənləri, soy-kökü, milli mənsubiyyəti və keçmişini unudanları bu adla lənətlədilər və günün birində başlarını qaldırdılar ki, real mənzərə çox acınacaqlıdı, özləri manqurt mühasirəsindədilər: sağları vəzifəpərəst, solları rüşvətxor, yan-yörə riyakar ordusu... Bir sözlə, şəxsi mənafeyi hər şeydən üstün tutan nəhəng bir təbəqə! Sabitcan, Əbilov, Tansıkbayev kimilərin sayı bu gün Azərbaycan seqmentində, təəssüf ki, minlərlə yox, milyonlarla ölçülür.
Aytmatovu Aytmatov eləyən də bu cür ağlasığmaz ideyanı sözə çevirməyindədi. Belə şeyi yalnız Aytmatov fitrəti icad eləyə bilərdi!
– Əsərin əvvəlində tülkünün ov axtarma səhnəsində onun olduğu mühit, üzləşdiyi çətinliklərin təsviri, hiss və həyəcanlarının göstərilməsi sanki oxuculara əsərdə baş verəcək hadisələrin kiçik xülasəsini göstərirdi. Sizcə, bu təsviri verməklə yazıçı nə məqsəd güdürdü?
– Burda üç məqam var və bundan ötrü baş sındırmağa dəyməz. Birinci, insan ayağı toxunmayan intəhasız çöllər normalda heyvanlarının oylağı sayılar. Amma insan hər yerə əl uzadıb, ucqarları da zəbt eləyib, canlı-cansız nə var, yurd-yuvasından didərgin salıb, onlar da yem dalınca hara gəldi üz tutur, insanlardan belə çəkinmirlər. İkinci, ixtisasca zootexnik olan Aytmatov çölü, təbiəti, aul-qışlaq həyatını, heyvanat aləmini çox dərindən, mükəmməl bilirdi və bunun sayəsində sevə-sevə, şövqlə yaratdığı Gülsarı, Ana maral, Aqukuk, Göy siçan, Məkrə, Qaranər, Çalağan, Daşçeynər, Ağbərə, Saralı, Sığır və s. kimi heyvan obrazlarının sırasına yazıçının daha birini əlavə etmək niyyətində olduğunu nədən düşünməyəsən? İntəhası qar tülküsünün bu cür detallı təsviri, məncə, ayrı məqsəd daşıyır. Özündən razı, lovğa Sabitcan Hindistandakı hansısa təriqətdən gətirdiyi misalla boranlıları ölənlərin ruhunun başqa bir canlıya, hətta qarışqaya belə keçdiyinə necə inandırıbsa, altmış yaş ərəfəsində olan Yedigey kimi sərt və yenilməz adam da şübhə içində vurnuxa-vurnuxa qalır: "İndi kim bilsin, bunların hansı düzdü, hansı yalan?! Bu gen dünyanın sirlərinin hamısını insan necə bilə bilər? Daş götürüb tülkünü vurmaq istəyəndə ağlına gələn əcaib fikir də elə bu idi. Kim bilir, bəlkə, Qazanqapın ruhu bu tülküyə keçib?...
– Çıx get, buralar sənin yerin deyil,... amma itlər olan yerə getmə, get, Allah amanında, çıx get çöllüyə”
Dünyaca məşhur "Qəddar, Namərd, Comərd” filmi də ilk baxışda sanki hadisələrə əsla dəxli olmayan, nabələd adama hürən itin uzun-uzadı hürüşü ilə başlayır və sanki rejissor, – Klint İstvud, – bununla tamaşaçısına demək istəyir ki, bu səsi yaxşı yadda saxla. Qəribə olan, təbii ki, bu deyil, odur ki, Ennio Marikonenin bəstəsində bu qəribə imitasiya "Oskar” mükafatına layiq görülən möhtəşəm filmin fon musiqisinə çevrilib, əbədi olaraq yaddaşlara köçdü.
– Bir-birindən fərqli xüsusiyyətlərə malik obrazları yaradan Çingiz Aytmatov, sizcə, bu əsərdə hansı obrazın prototipi olmaq istərdi?
– İstərdi yox, Aytmatovun proobrazı Yedigey özüdü ki var. Hadisələrin episentrindəki fərd kimi müəllifin arzu və istəklərini gerçəkləşdirməyə yalnız o qadirdi. Müəllif kəsişən xətlərin tən ortasında dayanıb bütün bağları möhkəm-möhkəm əlində saxlayan, gah olub-ötənləri xatırlayan, gah eşitdiklərini danışan, gah da müşkülləri düzüb-qoşan, sərt xarakterə malik Yedigey vasitəsilə fikirlərini necə lazımdı "əridib”. Bütün ziddiyyətləri, təzadları və naturası etibarı ilə yenə də işıqlı olan bu adam ağırtaxtalı kişi arxetipidi. İndi günü-gündən cırlaşan insanların özü kimi ədəbiyyatda da bu qism surətlərin, qıtlığı, defisiti yaşanır. O gümandayam ki, böyük ictimai məzmun daşıyan bu əsər yazıldığı səksəninci illərdəkindən heç də az aktual olmayan, daha qlobal problemləri özü ilə hələ də daşıyır. Həm də möhtəşəm obrazlar qalereyası ilə: Rəhimalı ağa öz sədaqəti, Qazanqap müdrikliyi, Abutalıb təmkini, Yelizarov ağlı ilə hər addımda mənə Aytmatovdan söz açır. Hətta uzaq Ağ Moynaka üz tutub günlərlə geri qayıtmaq bilməyən Qaranərin özü belə (!) bəzi ştrix-detalları ilə, – bir gözəlin eşqi ilə Baltik sahillərindən vurub Moskvadan çıxan, Moskvadan vurub Frunzedən çıxan, – Aytmatovun özüdü ki, durub. Gəl burda inan ki, Qustav Flober o sözü elə-belə, kefhavasına deyib ki, Madam Bovari mən özüməm!
– Romanda ən təsirli səhnələrdən biri də məhz Nayman Ananın öz oğlunun yaddaşını bərpa etmək üçün son çarə olaraq layla söyləməsidir. Jolamana deyilən heç bir sözün təsir etməməsinə baxmayaraq, ana laylasının onun qəlbini titrətməsinin şahidi oluruq...
– Soy-kökə, özünüdərkə, ilkinliyə, qədim inanclara və imana qayıdış tək qan yaddaşı ilə bərpa olunmur ki! Hərçənd ana uzun müddət buna cəhd edir, qaniçən juanjuanların qurbanına çevrilən oğlunu təlqinlə reallığa qaytara bilməyəndə son çarəyə əl atır, ona kim olduğunu başa salmaq üçün yaddaşını əzizləmə ilə oyadıb, təzələməyə çalışır. Bir tərəfdən bu, oxşamanın energetik təsirinin heç zaman itmədiyinə bir eyhamdısa, o biri tərəfdən ana-bala arasında gözəgörünməyən tellərin əbədiyyətə qədər mövcudluğuna işarədi.
"Mən potası ölmüş boz mayayam, gəlmişəm saman təpilmiş dərini qoxulayam”.
Kimsə düşünməsin ki, müəllifin məqsədi bu yolla əsərdə milli kolorit, xəlqi ruh yaradıb, oxucusunu ağının, sözün, oxşamanın qüdrətinə heyran qoymaq olub. Onun idealları daha böyük idi. Demək istəyirdi ki, təhtəlşüurun və insan dərrakəsinin ən dərin qatlarında işığı, ziyası ömrün sonuna qədər sönməyən elə nöqtələr var ki, onu hər hansı cərrahi müdaxilə ilə yox, olsa-olsa yalnız bu cür impulslarla oyatmaq olar.
– Əsərdə oxucu Donenbay quşuna müxtəlif məqamlarda rast gəlir. Bu məqamlarda Donenbay quşunun söylədiyi "Kimlərdənsən? Adın nədir? Adını yadına sal” və s. bu kimi cümlələrlə yazıçının, sizcə, oxucuya çatdırmaq istədiyi əsas fikir nədir?
– Ç.Aytmatovun bütün əsərlərində "Manas”dan nəşət edən saysız-hesabsız nümunələr var və onlardan biri də sözügedən əfsanədi ki, müəllif ondan bu romanda çox ustalıqla yararlanıb. Bu cür bağlantı, yaxın-uzaq keçmiş arasında heç olmasa sözlə əlaqə qurmaq müəllifin yurdun halal-hümmət sahibi olan naymanların, dədə-baba aramgahını Qapalı zonaya çevirənlərə, Ana-Beyiti insanların üzünə həmişəlik bağlayanlara addımbaşı, təkrar-təkrar söz eşitdirməsidir. "Torpağı almaq olar, malı-dövləti almaq olar, lap adamın həyatını da almaq olar, – deyə ana söyləndi,-ancaq adamın hafizəsinə kim qəsd eləyə bilər? Bunu kim fikirləşib tapıb?! Pərvərdigara, varsansa, bunu necə insanların beyninə salmısan? Məgər dünyada zülm-şər azdı?”
Bu cür ustalıqla süjet qurub sovetin "mənəm-mənəm” deyən vaxtında onun başbilənlərinə barmaq silkələyən, sözün metafizik qatına enməklə mətləbi qananların yeddi qatından keçirən müəllifin dünyəvi mahiyyəti, bəşəri məzmunu ilə yadda qalan əsərini sevməyəsən neyləyəsən?
– Romanda hansı detal, dialoq və ya işarə sizin üçün xüsusi əhəmiyyət daşıyır?
– Məsələn, fikir bütövlükdə yem axtaran tülkünün və ətrafın təqdiminə fokuslandığı bir məqamda ilk insan obrazı əsərə görün necə hiss olunmadan, necə ustalıqla daxil edilir: "Gecə yarı kim isə uzun yolu inadla, basa-basa yol çevirən növbətçinin köşkünə tərəf tələsirdi”
Digər əsərlərində olduğu kimi, Aytmatov burda da obrazın eskizini çox dəqiq, bəzən də bircə cümə ilə cızır: "Günəşin təsirindən soluxub-saralmış maykası sümükləri çıxmış arıq çiyinlərindən asılı qalmışdı, başında da eləcə soluxmuş həsir papaq vardı, şalvarı arıq belində amanata bənddi, ayaqqabıları da bağsız”. – Burada söhbət Abutalıbdan gedir.
Portret də var portret, məsələn, Qazanqapın portreti. Necə ustalıqla çəkilibsə, sonacan göz önündən getmir: "Görkəmindən adicə bir qazaxdı, paltarı da çox geyilməkdən soluxub münasib şəkildə bədəninə oturmuşdu. Çox qəribə gözləri vardı – qonur, hər şeyi anlayan, diqqətli, güləş, qıyılanda dövrəsində şüa kimi qırışlar uzanırdı”.
"Qıyılanda dövrəsində şüa kimi qırışlar uzanan göz” məhz orta asiyalı tipin təsvir ştrixidi.
Ağlayıb-kiriyən insanın təqdimi: "Ukubalanın səsi tutuldu... qapaqları nazilib qızarmış gözləri doldu, içini çəkib yavaşdan ağlamağa başladı”.
"Qapaqları nazilib qızarmış gözlər” uzun müddət ağlayıb-sitqayan insana xas əlamətdi.
Nayman-Ananın oğlunu tanıdığı səhnə, sanki, zərrəbin altında böyüdülüb: "Birdən hər şeyi başa düşüb acı bir dəhşətlə səyriyən dodaqlarını gəmirərək yeri təpikləməyə başladı”.
Tansıkbayevdən çox, çalağangöz kimi təqdim olunan tipin təsvir boyaları isə tam fərqlidi: "Qırmızıyanaq, seyrək dişli, çal, gözlüklü bir adam idi. Nə isə sürüşkən və güləş bir şey sezilirdi gözlərində”. Əsəri ilk açdığında təsadüfən bu cümləyə rast gəlib onun xeyrin təmsilçisinin şəninə söyləndiyini uşaq da uşaqlığıyla ağla gətirməz.
Müəllif personajlarına qarşı nə qədər həssasdırsa, – "Yedigey onlara edama gedən adamlar kimi gedirdi”, – çölü, düzü mükəmməl bir peyzaja çevirəndə nə qədər dəqiqdirsə ("Hara baxırsan, çöldən, dəvədən başqa heç nə görmürsən!... Ucsuz-bucaqsız Sarı-Özək çöllərinin ulduzlu göyləri altında, uzaqlarda dəvələr arasında Boranlının iki donqarlı nəhəng Qaranərinin və yaxınlıqdakı dikdirlərin qaraltısı görünürdü”, – heyvan obrazı yaradanda da bir o qədər diqqətlidi: "Döşlü-boğazlı Culbars böyürdən qaçırdı – o gah irəli keçir, gah geri qalır, gah da mühüm bir işi varmış kimi ayaq saxlayırdı”. Qaranər, Ağmaya, Çalağanla bağlı bu tip istənilən qədər misal çəkmək olar.
Müşahidə dəqiqliyinə mat qalmaya bilmirsən: "Qaranərin belində oturan Jedigey ağır fikirlər içində ətrafa göz gəzdirdi. Hara baxırdın səssiz-səmirsiz çöllük idi. Axşam kölgələri yavaş-yavaş sürünüb Malakumdıçapın yarıqlarına dolurdu”. Əvvəla onu deyim ki, kölgənin yarıqlara necə "dolduğu” hər ovçunun bərəsinə gələn şikar deyil. O biri yandan da, bu mənzərənin yaratdığı təlatüm qırx ildi içimdədi və o vaxtdan-bu vaxta nə oxumuşamsa, qeyri-ixtiyari müəllifini dərhal Aytmatovla tutuşdurmuşam. O bunu necə yaza, sözə necə çevirərdi, düşünmüşəm. Pismi-yaxşımı bu da bir şakərdi. Necə ki, "Atıb abrı-həyanı mən yaxına gələrək//Qucdum ağcaqayını özgənin arvadıtək” deyən Yesenini məndən ötrü poeziyada keçən olmayıb, nəsrdə də hələ Aytmatovun qabağına çıxan tapılmayıb! Nəsə bir ayrı aləmdi Aytmatov!...
Təhkiyəsində bal var zalım oğlunun: "Osmanı oyat. Baxma ki, razyezdin rəisidi, dəxli yoxdu, ölüm qabağında hamı bərabərdi. Ona de ki, Qazanqap ölüb. Kişi qırx dörd il burda can çürüdüb. O vaxt heç it itliyiynən burada, Sarı-Özək çöllərində işləməzdi... Qoy bir fikirləşsin. Elə belə də deyərsən... Mənə bax, qulaq as”.
İndi misal gətirəcəyim mətnin aynasında isə sevgi adlı dəyərin və itki anının klassik bədii panoramı öz əksini tapıb: "Evin artırmasında çoxlu ayaq izləri vardı. Yedigey qapının əl yerini hirslə çəkib içəri girəndə artıq çoxdan soyuyub buza dönmüş künc-bucaqda lazımsız tullantılar atılıb qalan boş otağı gördü, nə uşaqlar vardı, nə də Zərifə!”
Ömrü uzunu vuruşub-çalışan, həmişə haqq-ədalət arayan, özünə-sözünə sadiq olan və bunların hamısında da əsl xarakter nümayiş etdirən Yedigey əsərin sonunda həyatın ağri-acıları, olub-olacaqları, bir sözlə, hər şeyi ilə barışıb, vəsiyyətini sanki iki oktava aşağı səslə bəyan eyləyir: "Ey Böyük Allah! Varsansa, keç günahımızdan, öz bəndeyi həqirin olan Qazanqapın dəfnini rəhmətlə qəbul et, layiqdirsə, onun ruhuna əbədi rahatlıq ver... Son dərəcə məyusam ki, Nayman-Ananın dəfn edildiyi müqəddəs qəbiristanlığımıza daha bizimçün yol yoxdur. Buna görə də arzum budur ki, mənim də qəbrim Nayman-Ananın gəzdiyi bu yerlərdə – Malakumdıçapda olsun”.
"Məsələ də elə bundan başladı”, "Bəla çox nagahan gəldi”, "Günlərin birində elə də oldu” deyibən bircə cümlə ilə oxucuya anons verir ki, onu mübhəm xəbər gözləyir. Amma hadisələri və nəql prosesini bir-birinə elə çitəyir ki, tikişin hardan vurulduğunu qətiyyən hiss eləmirsən və az qala xəbərdarlığı unutduğun bir məqamda müəllif yenidən həmin məsələyə qayıdır. Qazanqapı yüz dəfə "öldürüb-dirildir”, Yedigeyə bir şeyi min dəfə elətdirir, özünə bir rahat koma qaralasın deyə Abutalıba dünyanı dörd dolandırır...
Özgə heç nə olmasaydı belə, bir oxucu kimi Aytmatovun heyranı olmağıma digər türfə əlamətləri ilə bərabər, bu cür üslub zərifliyi, incə lirizm, romantik vüsət, biri digərindən gözəl dramatik olaylar, xarakteryaratma ustalığı, müəllif yozumundakı kamillik, nəsr poetikası, rəngarəng ritm və intonasiya modelləri, bədii təsvir qüdrəti, illah da milli kolorit və işıqla süslənmiş yeni şəxsiyyət tipləri gen-bol bəs edərdi. Aytmatovun külliyatı, ələlxüsus da, "Gün var əsrə bərabər” məndən ötrü, nasirlər üçün çox qiymətli dərs vəsaiti, özü isə bir məhək daşıdı.
– Əsərdəki ən maraqlı obrazlardan biri də Abutalıb obrazıdır. Siyasi cəhətdən şübhəli hesab olunan Abutalıbın diqqətəlayiq hərəkətlərindən biri də övladları üçün unudulmaqda olan qırğız əfsanələrini yazıya almasıdır. Sizcə, əvvəlcədən sırf buna görə tutulacağını bilsəydi, yenə də əfsanələri yazmaqdan çəkinərdimi?
– Qətiyyətlə deyə bilərəm ki, yox. Çünki o özünü haqlı bilirdi. Nahaq bir iş görmədiyini düşünürdü və ədalətin onun tərəfində olduğuna əmin idi. Bilirdi ki, ortada siyasi motivləri, Yuqoslaviya xatirələrini və yaxud, guya, əks-kəşfiyyata işləməkdə şübhəli məqamları qoyub, tutaq ki, "Rəhimalı ağanın qardaşı Əbdülxana müraciəti” kimi əfsanəni, qaraqalpaq qızı Bikədən eşitdiklərini yazıya alıb da el nəğmələrini, nağılları toplamaqla kimsə onu ölümə məhkum edə bilməz. Amma nə edə bilərsən ki, amansız tarixin bütün dönəmlərində olduğu kimi, 1953-cü ildə də Abutalıba qarşı qərəz dolu, qondarma və saxta ittihamlar tapıldı. Abutalıb xatirə yazmaqla, el nəğmələrini toplamaqla məşğul olan Aytmatovdu burda. Elə oxşayır ona!
– Abutalıbın ölümündən Zərifənin xəbər tutmasını yazıçının məhz Stalinin ölüm günü ilə eyni vaxta salmasında məqsəd nə idi?
– Məncə, bu, bir təəssüf duyğusu yaratmağa xidmət edir. Əvvəla, bu hadisəni zaman etibarı ilə sonraya, tutaq ki, altmış, yetmişinci illərə çəkib gətirmək nə tarixi baxımdan real görünərdi, nə də istənilən effekti verərdi. İkinci bir tərəfdən, heç mümkün deyildi axı. Məlum olduğu kimi, İkinci Dünya müharibəsində əsir həyatı yaşayanlara qarşı davadan sonra da xeyli müddət şübhələr aradan qalxmadı, onlar illərlə vətənə qayıda bilmədilər, qayıdanlarsa təqiblərə, izlənmələrə məruz qaldılar. Yalnız Stalinin ölümü ilə bir çox məqamlara aydınlıq gəldi, gizli və aşkar repressiyalara son qoyuldu. Abutalıb da o qurbanlardan biri idi. Onun ömrə vida deməsilə Stalinin ölüm gününü eyni vaxta salması müəllifin hadisələrə daha dramatik fon vermək istəyindən doğur. Şəxsən mən belə bir hissi iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun müharibənin sonlarına yaxın, – yanvar, 1945 – həlak olduğunu biləndə, hələ məktəbli ikən keçirtmişəm və o təəssüf duyğusunu bu gün də unuda bilmirəm. Elə bilirəm, bu, üç-dörd il əvvəl olsaydı, məni bunca mütəəssir etməzdi.
– Romanın içindəki Manqurt barədəki pritçanı necə analiz edərdiniz?
– Səpəli halda olsa da, bu barədə artıq bir xeyli məqama toxunmuşuq. İndisə onu əlavə edə bilərəm ki, müəllif bu pritçanı əsərə sadəcə maraqla izlənilən bir əsatir xatirinə daxil etməyib. Min illər sonra baş verənlərin ox-kaman dövrünün mifologiyası ilə sintezini yaratmaqla, insanı manqurta çevirməyin əsrlərlə əvvəl bir, müasir dönəmdə isə min bir fəndi olduğunu, sadəcə yeni versiya və obrazlarla üzə çıxdığını qabartmaq idi. O vaxt juanjuanlar və onların qurbanı Jolamanlar var idi, sonra isə analoji davamçıları olan Sovet imperiyası və Sabitcan, Tansıkbayev və Əbilovlar ortaya çıxdı. İnsanı normal düşüncədən məhrum etməklə manqurta çevirmək mexanizminin sadəcə məzmunu dəyişdi, mahiyyətsə olduğu kimi qaldı. Nayman-Ananın riqqətlə dediklərini bir daha yada salıram: "Pərvərdigara, varsansa, bunu necə insanların beyninə salmısan? Məgər dünyada zülm-şər azdı?”
– Bir az da Zərifə, Yedigey və Ukubala obrazlarının xarakterik xüsusiyyətlərindən danışaq. Sizcə, Ukubala Yedigeyin Zərifəyə qarşı hislərindən xəbərdar idimi? Əgər Ukubala Yedigeyin Zərifəyə olan təklifindən xəbərdar olsaydı, necə davranardı?
– Nədənsə o fikirdəyəm ki, Abutalıbla Zərifəni, tutalım ki, Kumbelə, Ağ Moynaka, yaxud da Toqrək-Tam stansiyasına yox, məhz Boranlıya gətirib çıxarmaqda müəllifin xüsusi bir məqsədi olmamış deyildi. Bu da məncə, daha çox Yedigeyin iç qatını açmaq, onun dostluqda etibarını, insanlıqda sədaqətini üzə çıxarmağa xidmət edən bir məsələ idi. Qoy onu da deyim: Zərifə bütün daxili-zahiri əlamətləri – təmkinli davranışı, sahmanlı danışığı, xanım-xatın hərəkətləri ilə böyük sənətkarın muzasına çevrilən məşhur qırğız balerinası, "Çolpan” balet truppasının solisti Bübüsara Beyşenəliyevanı yada salır. Zərifə də Bübüsara kimi yaraşıqlı, ucaboy, ayüzlü gözəl idi. "Mən göyərtədə, heyət üzvləri arasında Bübüsaranı gördüm – ağ üzü sevinclə parıldayan, ucaboy, əndamlı, gözəl Bübüsaranı... Dənizin xəfif rüzgarı onun saçlarını daradıqca nazlanır, bizə baxıb gülümsəyir və əl edirdi. O qədər gözəl görünürdü ki... İfadəsi dillə mümkün deyil” – Aytmatov onunla, qırğız gözəli Bübüsara ilə gəmidə olan ilk görüşünü sonradan belə xatırlayırdı. Gəl mat qalma bu işə: gözəllik önündə qələm də acizdi!... Hər şeyə bəzək-düzək verən qüdrət sahibinin, mən yazıçını nəzərdə tuturam, özü belə bu yerdə dilin, sözün, yəni geniş anlamda təsvirin işə yaramadığını boynuna alırsa, daha zavallı Yedigeydən nə umasan?..
Qayıdaq əsərə, Zərifənin təsvirinə nəzər yetirək və onu da diqqətdə saxlayaq ki, bunun hər ikisini Aytmatov – Bübüsaranın Çingizin ad və soyadının hərflərindən düzəldib də çox əzizləyə-əzizləyə dediyi Açinov yazıb: "Yağış onun siyah tellərini çöhrəsinə, boyun-boğazına, çiyinlərinə dağıtmışdı, qüdrətdən axan su onun cavan və şux təni boyu tökülərək mina gərdəninə xüsusi gözəllik verir, şümşad qollarını, budlarını və yalın ayaqlarının baldırlarını adamın gözünə soxurdu. Gözləri şən bir ötkəmliklə parlayır, inci dişləri sevinclə ağarırdı” Maraqlı həm də odur ki, müəllif bu məqamda Zərifənin "tamaşasına” Yedigeyin gözü ilə baxır. Vəsf olunan şümşad qol, yalın ayaqlar, budlar, mina gərdən, bu təsvirdə bədən üzvündən daha çox, balet, – balerina, – elementidi.
Jedigeyin Ağ Moynakdan çər dəymiş Qaranərlə qayıdıb Zərifənin Boranlı ilə vidalaşdığını bildiyi an hadisələrin apogeyidi. "Daha özüylə bacara bilmədi, çevrilib od tutub yanan üzünü divarın soyuq taxtasına söykədi, boğuq, ümidsiz bir hönkürtü ilə ağladı... Dövlətini və hökmranlığıni itirmiş heç bir kral, heç bir imperator, heç bir hakim bu dərəcədə ümidsizliyə qapılıb bu gen dünya qarşısında belə diz çökməzdi ki, Yedigey sevdiyi qadından ayrı düşdüyü üçün belə ümidsizliyə qapılıb diz çökmüşdü” Qəhrəmanını bu cür təsvirə çəkmək əsl sənət ekstazıdı...
1973-cü ilin mayında o ayüzlü gözəlin, Bübüsaranın dəfninə qara geyib gələn, onun əzizi, doğmaları ilə birgə göz yaşı tökən Aytmatovun hərəkətinin törən iştirakçıları arasında yazıçıya başucalığı gətirmədiyini düşünənlərin bir qisminin əksinə olaraq o anların şahidi olan qırğız şairi Suyunbay Yeraliyev sonralar yazırdı: "Sevgili Çingiz ədəbiyyatda necə ucalmışdısa, eşqini torpağa verərkən də eləcə uca bir davranış göstərdi” İndi hansı haqla düşünəsən ki, Aytmatov Yedigeyin simasında öz obrazını yaratmayıb?! O vaxtsız itkinin ağrılarını necə var eləcə əsərə gətirməyib?! Yedigeyi bir obraz kimi bu qədər ağırtaxtalı, sanballı və möhtəşəm edən səbəblərdən biri də Aytmatovun öz fikir və düşüncələrini bu obraz vasitəsilə, həm də son dərəcə ifadəli təsvir yolu ilə gerçəkləşdirə bilməyi idi.
İndi gələk Ukubalanın Yedigeyin Zərifəyə qarşı hislərindən xəbərdar olub-olmaması məsələsinə. O vaxt ki, Yedigey qızmış Qaranərlə Ağ Moynakdan qayıdıb Zərifənin Erməklə, Daulu da götürərək Boranlıdan getdiyini bilir, onda ağlına gələn ilk fikir o olur ki, "bu qazanda Ukubalanın da çömçəsi olmamış olmaz, çalışıb onları burdan mümkün qədər tez rədd eləyib yola salsın”. Əsası olmadığı halda, təbii ki, Yedigey bu cür düşünə bilməzdi. Digər tərəfdən, Qazanqapın fikirlərinə nəzər salsaq, əslində, Yedigeyin bu pünhan duyğularından razyezddə bir çoxunun xəbərdar olduğu qənaətinə də gələ bilərik: "Sən gərək şükür eləyəsən ki, o qadında dərya ağlı varmış, sənin tayın deyilmiş... Sən gərək onların ikisinin də ayağına düşəsən ki, yaxanı belə bəladan qurtardılar. Ukubala kimi arvadı ömründə tapa bilməzsən. Onun yerinə başqası olsaydı, səninçün bir həngamə açardı ki, başını götürüb qaçardın, Qaranər yalan olardı”.
– Əsərdə yadplanetlilərlə əlaqə yaradan kosmonavtların Yer Kürəsi ilə əlaqəsinin kəsilməsinin əsas səbəbi nə idi? Nə üçün rəhbərlər bu xəbəri ictimailəşdirməkdən qorxurdular?
– Rəhbərlər o vaxt hansı bu tip xəbəri ictimailəşdirməkdən qorxmurdular ki, ondan da qorxmasınlar? Kütlə onun məişətinə, ailə həyatı və gündəlik qayğılarına dəxli olmayan belə informasiyalardan nə qədər çox bixəbər olsaydı, yuxarıların qulağı bir o qədər dinc olardı və olurdu da. Digər tərəfdən, 70-80-ci illərdə, yəni soyuq müharibənin ən qaynar dönəmində bu qisim informasiyalar əzələ nümayişi idi və daha çox kapitalizm dünyası, xüsusən də Qərblə münasibətlər üçün nəzərdə tutulmuşdu. Yerdənkənar sivilizasiya, "Demiurq” proqramı, "Paritet” orbital stansiyası, "Konvensiya” gəmisi, bir sözlə, günəşdən kənar qalaktika, "Cazib” adlanan sistemdəki Meşəlidöş planeti və Aleut adaları ilə ilgili məqamlarda əsl fantast kimi çıxış edən müəllif də xeyli mümkün bədii priyomlardan birini seçməklə onu təlqin etmək istəyirdi ki, yalnız beynəlxalq gərginliyin azaldılması yolu ilə nəyəsə mümkün olmaq olar. Əslində Nevada kosmodromu deyilən bir yer dünyanın heç harasında yoxdu, o, bir təfəkkür metodu olaraq müəllifin öz "icadıdı” və kosmosla əlaqələri də öz təfəkkür tərzinə uyğun olaraq istədiyi kimi nizamlayırdı. "Bəşəriyyət sülh şəraitində yaşamağı öyrənə bilməsə, məhv olub gedəcək” deyirdi və bir-birinə meydan oxuyan supergücləri öz enerjisini daha proqressiv problemlərə yönəltməyə çağırırdı.
– Ç.Aytmatov bu romanda kosmik uçuşlar üçün kosmodromun təbiətə vurduğu ziyandan danışır. İnsan hansı yolu seçməlidir, təbiəti yoxsa kosmosu? Ç.Aytmatov deyir ki, təbiəti, müasir zaman isə deyir ki, kosmosu. Sizcə, kim haqlıdır?
– Sonda məlum olacaq ki, əlbəttə, Aytmatov. Sivilizasiyaların sonu axırda barbarlıqla bitir. O gümandayam ki, "Kosmosa hər uçuş ümumdünya əhəmiyyətli hadisədi... Başa düşürsən, bu bizim elm və siyasətimizin şöhrətidi”, – fikrini Yelizarov, Abutalıb kimi dərrakə sahiblərinin yox, məhz Sabitcan kimi gəvəzə və əllaməçinin dilindən səsləndirməklə Aytmatov incə bir gediş edərək məsələyə müəllif münasibətini də ortaya qoyub, həm də çox ustalıqla. Sözü daha necə deyərlər?! "-İgidlər, qulaq asın,-deyə Yedigey onlara üz tutdu, – insan adətlərini pozmayın, təbiətə qarşı çıxmayın... Başqa yolu yoxdu”
– Ç.Aytmatov özünün növbəti əsərlərindən birində "Kassandra”da kosmik-fantastik aləmi təsvir edir. Sizcə, bununla da o, dolayısı ilə özünün əvvəlki fikrindən imtina etmirmi?
– Əslində, dünyəvi mahiyyəti, bəşəri məzmunu ilə yadda qalan hər bir əsərində olduğu kimi bu romanda da hadisələrə planetar baxışı ilə seçilən Aytmatov bəşəriyyəti gözləyən böyük fəlakətlərin qarşısını almaq üçün məsul olan insanları sərvaxt olmağa səsləyib. Kosmik rahib Filofeyin dilindən Roma Papasına yazılan şanlı məktub bir yazıçı-vətəndaş kimi Aytmatovun bütün bəşəriyyətə epistolyar janrda xitabıdır. Əslində, bu məsələnin kökü "Gün var əsrə bərabər”də qoyulmuşdu. Orda Sabitcan deyir: "Məsələn deyək ki, bu saat dünya demoqrafik fəlakət qarşısındadı, yəni o qədər doğub-törəyiblər ki, yedizdirmək olmur, ərzaq çatmır. Neyləmək lazımdı? Doğum azaldılmalıdı. Arvadına o vaxt yaxın duracaqsan, nə vaxt ki, siqnal verəcəklər...” Necə deyərlər, dəlidən doğru xəbər!
Hətta bu gün belə analoji mərkəzləri fəaliyyət göstərən süni-mayalanma laboratoriyalarında dünyaya "gətirilən” surraqat uşaqların kimliyini, böyüyüb kim olacağını fikirləşəndə hələ yarım əsr əvvəl özünə böyük nasirdən ədəbi pasport alan manqurtlaşdırma siyasətinin yeni, həm də daha faciəli dalğasının başlandığına qarşı süngü ilə və təkcanına çıxan Aytmatovun nə qədər əzəmətli olduğuna bir daha şahidlik edirsən. Bəlkə də, vaxt gələr, manqurt söhbəti bu mövzunun yanında toya getməli olar. Məsələ bu qədər ciddidi.

Fərid Hüseyn
banner

Oxşar Xəbərlər