Sevgi yalnız başlaya bilər, bitə bilməz
"Sevdiyin əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox
sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz AMEA-nın müxbir
üzvü Könül Bünyadzadədir. Onun sevdiyi əsər Erix Maria Remarkın
"Üç yoldaş” romanıdır.
– Hansı məziyyətlərinə və bədii
keyfiyyətlərinə görə Remarkın "Üç yoldaş” romanı sizin sevdiyiniz əsərdir?
– Mən
bu romanı ilk dəfə 1990-cı ildə 16 yaşım olanda oxumuşam – bütün Azərbaycan və
bizim ailəmiz yanvar faciəsinin acısını yaşadığı bir vaxtda. O günlər sanki Azərbaycanın
üzərinə bir qara pərdə çəkilmişdi. Həm şəhərin gözəlliyindən əsər-əlamət
qalmamışdı, həm də köhnə sistemdən. İnsanlar bir qeyri-müəyyənlik içində, gözlə
görünməyən bir qaranlıqla üzbəüz dayanmışdı, mübarizə aparırdı, ancaq dəqiq
bilmirdi kiminlə – Sovet İmperiyası ilə, yoxsa daxildəki satqınlarla. Başqa
sözlə desək, mən əsəri məhz Azərbaycanın, daha dəqiq desəm, şəxsən özümün qara
zolaq yaşadığım bir zamanda oxudum. Düzdür, orta məktəbdə əlimə düşən bütün əsərləri
oxuyurdum. "Üç yoldaşı” sıradakı növbəti kitab idi. Hətta əsərdə kişi
obrazlarının çoxluğu ilk başda məni itələdi, lakin sonra əsərdəki qəhrəmanlarla,
xüsusilə Robbi ilə özümün bir daxili "doğmalığımı” tapdım. Qəribədir, qadın
obrazı ilə deyil, məhz kişi obrazı ilə. Buradan belə anladım ki, söhbət kişi və
ya qadından getmir, o məqamı yaşayan, o düşüncələrin əlində aciz qalan və öz
acizliyi ilə mübarizə aparan insandan gedir. Hətta ilk dəfə əsəri oxuyub bitirəndə
məndə belə bir hiss yarandı ki, roman məndən nə isə alıb qopardı. Sanki
uçurumun kənarında dayanmışdım, qorxumdan gözlərimi yummuşdum. Roman məni silkələdi,
gözlərimi açdı və o uçurumun düz dibini göstərdi. Qorxum daha da artdı,
ümidsizliyim dörd tərəfimi bürüdü və mən o itirdiyimi geri almaq üçün əsəri bir
daha, dönə-dönə oxudum. Oxuduqca, anladım ki, mən uçurumun dibində deyiləm, kənarındayam.
Mən irəli gedib o uçurumun dibinə düşməyə bilərəm – burnumun ucundan başqa yerləri
də görüb anlamaqla. Ən vacibi isə, mən dərk elədim ki, hər qaranlıqda mütləq
işıq var, sadəcə onu görmək lazımdır.Əsərdə
təsvirlər o qədər realdır ki, həmin an, həmin mənzərə aydınca canlanır. Ancaq
burada bir incəlik var: Remark parlaq, açıq deyil, əksinə, mat, boğuq rənglərdən
istifadə edir. Bir tərəfdən bu, insanı yormur, hətta sakitləşdirir, digər tərəfdən,
içində həzin hisslərin artmasına səbəb olur. Maraqlı bir fakt deyim ki,
Remarkın qəbiristanlıq təsvirindən sonra mən artıq o məkandan qorxmamağa
başladım.
–
"Üç yoldaş” romanının uğurunun əsas səbəbini nədir, insanların hekayəsinə bəşəri
həssaslıqla nəqli, yoxsa?
– Romanın
uğuru, məncə, onun realist olmasıdır. İnsan problemin içində olanda ona kənardan
baxa bilmir və bu səbəbdən çıxış yolu tapmaq da çətin olur. Bəzi əsərlər insanı
problemlərdən ayırır, həyatın rəngli tərəfini göstərir, insan dincəlir. Bəziləri
əksinə daha ağır faciələri qələmə almaqla sanki oxucuya: "səndən betəri də var,
sızlanma,” – deyir. Bir də var, əsər düz yaranın üstünə basır, ağrını sənə təkrar
yaşadır, eyni zamanda olanları sənə kənardan göstərir. Tarixə baxanda adama elə
gəlir ki, bəşəriyyət ara-bir "dava-dava oynamasa”, darıxar. Bu müharibələrin nəticələri
hər şeydən əvvəl miras qoyduğu mənəvi xarabalıqlardır. Talelər qırılır, arzular
bombalanır, xoşbəxtliklər minaya düşür və sonda ortada İnsan adlı məbədin
dağıntısı qalır. Kimlərsə o xarabalığı kürüyüb yerində yenisini tikməyi təklif
edir. Nə qədər istəsən də, bu mümkün deyil. Bax, Remark o xarabalıqdan yazır. O
xarabalıq üzərində dolaşıb sağ qalmış şeylərini uçuntunun altından çıxaran,
xatirəsi əziz olan şeyləri tapanda sevinən və bu 3-5 əşya ilə özünə təkrar həyat
qurmağa çalışan insanlardan. Romanın uğuru məhz bu məqamdadır – o, həyatını
minimum sevinclə davam etdirməyi, əlində olanların qədrini bilməyi öyrədir.
Xarabalıq nə qədər dəhşətli bir reallıq olsa da, elə şeylər var ki, dağılmır,
ona bombanın gücü çatmır, sadəcə onu daş qırıntılarının altından çıxarmağı
bacarmaq lazımdır.
– Əsərdə sizin üçün xüsusi əhəmiyyət
kəsb edən xüsusi detal, dialoq və ya məqam hansıdır?
– Məsələn,
məhz "Üç yoldaş” mənə anlatdı ki, sevgi yalnız başlaya bilər, bitə bilməz. Yəni
sevgi hər şeydən, hətta ölümdən də güclüdür. Yaxud bu əsərdən öyrəndim ki,
yazıqlıq xəyanətin başqa üzüdür. Bu qədər ağır hisslərlə dolu bir əsərdə yalnız
bir-iki yazıqlıq səhnəsinə rast gəlmək olur, onda da qəhrəmanların yalnız aciz,
rəzil insanlara yazığı gəlir. Əsərdə maraqlı bir məqam da var. Rəssam Ferdinand
Qray çox istedadlıdır, gözəl tablolar çəkir. Ancaq onun dolanışığı həyatdan
köçmüş qohum-əqrəbasının portretini sifariş verənlərdən çıxır. Heç kəs gözəl təbiət
mənzərəsi almaq istəmir. Maraqlıdır ki, Qray çox yaxşı qazanır, ancaq bundan
xoşbəxt deyil, çünki kimlərinsə daxili günahını sakitləşdirmək üçün rəsmlər çəkir.
Onun sözləri ilə desək, insanlar xeyri sevsələr də, özləri şər doludurlar və
xeyrə ancaq kənardan baxmağı sevirlər. Əslində, əsərdə bu deyilən həqiqətə
tez-tez rast gəlirsən – insana elə gəlir ki, o yaxşılığı o deyil, kimsə başqası
etməlidir. Bir məqamı da deyim. Bu əsərdə
ilk baxışda elə təəssürat var ki, insanın dəyəri yoxdur – müharibədən sonrakı
illər, ölüm və həyat az qala qol-boyun gəzir və arada mərc gəlirlər: kim qalib
gəlsə, insan onun olur. Ancaq əsərdə əhəmiyyətli bir məqam var – insanın mənəvi
dəyəri olmalıdır ki, həyat və ölümün mərcinin fövqünə qalxa bilsin. Belə söhbətlər
içki məclislərində getsə də, həqiqətdir. Bəzən kitab haqqında rəy yazanlar
romanda içkinin bu qədər ön planda olmasını tənqid ediblər. Bəziləri əksinə, əsərin
özünü içkilərə bənzədib – rom, viski, şampan və s. Amma burada da bir incəlik
var. Müharibədən çıxmış, itkilər görmüş bir kişinin içki içməsi normaldır.
Ancaq bu sadəcə özünü bir şüşə romun ixtiyarına vermək deyil. Əsərin qəhrəmanı
demiş, "içki ən yaxşı dostdur, onunla daha səmimi olursan”. Burada içki ağrını
unutduran, ətrafın qaranlığını unutdurub ürəyin dilini açan, daxilindəki işığı
üzə çıxaran bir üsuldur.
– Əsərdəki qəhrəmanlar cismən sağ qalsalar da, onlar – müharibəyə ömürlərini qurban
verənlər həyatın mənası haqqında düşünmürlər. Köməksiz qaldıqları sürgün
vaxtında onları ancaq yemək, ev və ən yaxın gələcək – sabah maraqlandırır. Sizcə,
Remark bu məqamları niyə qabardır?
– Əsər Robbinin dili ilə nəql edilir və elə
ilk səhifələrdə öz həyatının xronologiyasını yazır və təqribən belə bir şey
deyir: "Yaxşı yaşayıram, sağlamam, tez yorulmuram, işim-gücüm var, ancaq bu barədə
çox düşünmək istəmirəm, xüsusilə öz özümlə. Axşamlar isə heç düşünmək istəmirəm”.
Əslində, əsər qəhrəmanların bu düşünmək istəmədikləri haqqındadır. İlk baxışda
qəhrəmanlar sadəcə həyatlarını yaşayırlar, daha doğrusu, əllərində qalan həyat
qırıntıları ilə kifayətlənirlər. Qazancları var, dostlar, sevgi, xoş dəqiqələr
də var. Remark bütün bunları sanki böyüdülmüş şüşə ilə ön plana çəkir. Çəkir
ki, oxucu nəyin çatmadığını, qəhrəmana nəyin əzab verdiyini daha aydın görsün.
Maraqlı üslubdur. 1-2 yerdə əsas məqamı vurğulayır, ötür, sonra bütöv mənzərədə
həmin əsas şeyin boşluğunu hiss etdirir. Qəhrəmanları incidən dağılmış keçmişdir.
Robbi öz həyatında bəzi illəri ümumiyyətlə xatırlamır, sanki o illər ümumiyyətlə
olmayıb. Əsərdə ağrılı bir məqam var – əsgərin ayaqlarını kəsiblər, onun xəbəri
yoxdur, çünki hələ də ayaqlarında ağrı hiss edir. Bax, qəhrəmanlar o kəsilmiş
ayaqların ağrısını yaşayırlar. Bəlkə də bu ağrıdır ki, onlara insan
olduqlarını, Remarkın dili ilə desək, "insan abidəsi” olduqlarını unutmağa
qoymur. Mən deməzdim ki, onları sabah maraqlandırır. Belə olsaydı, maşını,
emalatxananı – yeganə qazanc və sevinc yerlərini satıb ölüm yatağında olan Pat
üçün xərcləməzdilər. Onları maraqlandıran insani dəyərlərdir, çünki bir belə
acının, itkinin qabağında onları ayaq üstdə saxlayan budur.
– Romanda Robbi,
Pat, Otto, Qottfrid oxucunun qarşısına həyatla sonuna qədər qəhrəman olmaq üçün
yox, xoşbəxt olmaq üçün mübarizə aparanlar kimi çıxarılır. Sizcə, bu məqam nə
ilə bağlıdır?
– Hər
üç yoldaş müharibənin dəhşətlərini yaşayıb, qəhrəmanlığın da, qorxaqlığın da, dəyərlərin
satılmasının da bilavasitə şahidi olublar. Onları heyrətləndirmək çətindir və
özləri də qeyri-adi addım atmağa həvəsli deyirlər. Məsələn, Robbi Pata öz hisslərini
açmaq, onu ilk normal görüşə dəvət etmək üçün nə əziyyət çəkir. Pat isə sadəcə
yaşayır. Xəstəlik ona bir həqiqəti öyrədib – sənə ayrılan ömrü sevgiylə, sevinclə
doldurub yaşamaq lazımdır. İnsan həqiqəti axtarmaq, dərk etmək üçün bəzən ən
mürəkkəb yollara baş vurur, tapa bilmir. Sonra onu ən sadə məqamda yaxalayır.
Əsərin qəhrəmanları o mürəkkəb yollarda yorulub oturublar və anidən Pat adlı
sadə, işıqlı bir məqam onlara başqa bir həqiqəti də tanıdır – sadəcə yaşamaq.
Əslində, Remark qəhrəmanlıq haqqında əsər yazmayıb. Qottfridin belə bir sözü
var: "Qəhrəmanlıq ağır zamanlar üçündür, biz isə ümidsizlik çağında yaşayırıq.
Ona yaraşan yalnız yumor hissidir”. Qəhrəmanlıq əsəri yazmaq üçün həyatın özünə
fərqli baxmaq lazımdır. Halbuki, Robbi göylərin boz sifətinə baxıb "Allahın
ölüm və həyatı yaratmaqla əyləndiyini” düşünür. Bu əsərin yeganə qəhrəmanlıq məqamı
həyatın kor-kobud pəncələrində sınmamağı bacarmaqdır.
– Qottfridin ölümü
ilə münasibətləri daha da möhkəmlənən dostlar nasist rejimi sayəsində daha əzablı
günlər görürlər. İstərdim bu əsər kontekstində ölümün insanları birləşdirmə fəlsəfəsini
şərh edəsiniz...
– Bəli,
əsərdən və elə tarixin özündən belə nəticə çıxartmaq olar ki, nəinki qəhrəmanların,
elə cəmiyyətin də cəmiyyətin sabahı daha dəhşətli olacaq – Qottfrid, Pat öldü,
"Karl” satıldı, qazanc yeri kəsildi, yerdə qalan iki dostun sabahı isə tam bir
müəmma içindədir. Əlbəttə, onlar daha əvvəl də ölüm görmüşdülər, dost, əziz
itirmişdilər. Ancaq oxucu üçün onların məhz bu məqamına işıq salınıb və biz də
istər-istəməz buradan çıxış edirik. İnsanları birləşdirən ölüm deyil. Ölümdən
geri qalan, ölümün toxuna bilmədiyi şeylərdir. Robbi, Otto və Qottfrid yalnız
müharibə yox, həm də məktəb yoldaşıdırlar. Onlar əvvəllər də ayrı düşüb sonra
bir-birlərini tapıblar. Ayrılıq zamanı nələr yaşayıb, nələr itirdikləri yalnız
özlərinə bəllidir. Ancaq onları birləşdirən bu illər ərzində qoruyub saxlaya
bildikləri dostluq hissidir. Əsər boyu ən yüksək müraciət forması da məhz
"dost”dur. Hətta Robbi və Pat da bir-birinə o cür müraciət edir. Dostluq sözsüz
anlamaq, səmimiyyət, arxa durmaqla yanaşı, həm də qarşıdakının sağ qalmış həyat
qırıqlarına özündəki qırıqları əlavə etməyi bacarmaqdır. Təsəvvür edin ki, həyatı
çilik-çilik olmuş insanlar oturur bir masa arxasına və hər kəs özündə var olan ən
dəyərli hissəsini – öz həyatının qırığını ortaya qoyur. Beləcə qırıqlardan
ortaq bir həyat yaranır. Bu "həyata” öz qırıqlarını verməyə razı olan insanlar
isə sənin əzizinə çevrilir.
– Georqun gündəlik
qayğılarını dərin, iti müşahidəçi gözü ilə izləyən Remark bütün bu insani əzablarda
bəşəri bir günah axtarır. Sizcə, bu kontekstdə müəllifin nəzərində bəşəri günah
nədir?
– Qeorqun
əzablarına baxan Robbi xatırlayır ki, o da fəlsəfə fakültəsinin tələbəsi olub və
bu dünyanın sərt üzü onu fərqli yolla getməyə məcbur edib. Yəni Georq nə ilkdir
və son. Ancaq əsərdə maraqlı bir məqam var: müharibədən sonra insanlar kilsəyə
yox, siyasi iclaslara getməyə başladılar. Olub-bitənlərin, bir belə qan-qadanın
səbəbkarı da insandır, həlli də onda olmalıdır. Buna görə də kilsə dəbdən
düşür. Bəs insan kimdir? Əsərdə deyildiyi kimi, "bu dünyada Qottfrid Lents adı
ilə tanınan, karbohidratların, kirəçlərin, fosfor və dəmirin müvəqqəti birləşməsi”.
Remarkın təqdimatında insan bu dünya adlı xaosun düz mərkəzində oturub onu daha
da qarışdıran bir məxluqdur. O, "araq və tütündən daha artıq zəhərdir.” Yazıçı
insan edə biləcəyi bütün pislikləri sadalayır və bununla onun nələrə qadir
olduğunu göstərir. Maraqlıdır ki, onun fikrinə görə, "yarımhəqiqətdən o yana
getmək olmaz. Biz ona görə insanıq. Yalnız yarımhəqiqətləri bilirik, nə qədər də
axmaqlıqlar törədirik. Həqiqəti bütün bilsəydik, ümumiyyətlə yaşaya bilməzdik”.
Bəli, həqiqət çəkilməz bir yükdür, bu yükün altında bütün arzular əzilir. Bəli,
nə qədər də qəribə səslənsə, insanın günahı öz insanlığını unutmasıdır. Romanda
deyildiyi kimi, "böyük bəşəri arzular keçmişdə qalıb, dünya işbazların əlinə
keçib”.
–
Robertin Patrisiyaya bəslədiyi məhəbbətlə duyğu və düşüncələrində baş verən
köklü dəyişikliklər onu romanın sonuna kimi izləyir. Sanki bu çətinliklərə sinə
gərə bilmək üçün bu eşq Robbiyinin qalxandır. Bu məsələ barədə siz nə
düşünürsünüz?
– Robert
yalqızlığı qəbul etmiş bir insandır. Ağrı-acını kifayət qədər yaşamış bu insan
qərar verib ki, kimi isə itirməmək üçün heç kimi yaxına buraxmamaq lazımdır. Qəribədir
ki, o sevgi haqqında ən "dəyərli sözləri”, mükahizələri "sevginin” qurbanı olan
və "sevgini” pulla satan qadınlardan – fahişələrdən eşidib. Bəlkə də, buna görə
sevginin həqiqətdən, reallıqdan çox uzaq bir şey olduğunu güman edir. Bu
baxımdan, sevgini ona yaşadan Patrisiyanı da bütün qaranlıqları bir təbəssümü
ilə qova bilən fövqəladə bir qadın hesab edir. Hər ikisi israrla bunun sevgi
olduğunu qəbul etmir, hətta bir-birinə də bunu etiraf etməyə qorxurlar, yoxsa
başlarına nə isə gələcəyindən əmindirlər. Robbi düşünür ki, "hər sevgi əbədi
olmaq istəyir, bu səbəbdən də əbədi bir əzab içindədir. Ancaq bu dünyada daimi
heç nə yoxdur, heç nə.” Sevgi haqqında belə düşünən biri üçün sevgi qalxan
deyil, onun içindəki işıqdır. Yalnız Patı tanıyandan sonra anlayır ki, sevgi
başlanğıcı olan, amma sonu olmayan bir hissdir. Sevgisi Roberti bu qaranlıq
dünyada kor olmağa qoymur. Sevginin təsirini yalnız Robbinin dünyaya
baxışlarında hiss etmək olur. Bu sevginin ölüm yatağında Pata hansı güc
verdiyini görür və təbii ki, eyni gücü o da qazanır. Əsərdə belə dəyərli fikir
var: "İnsan məğlub olmayana qədər taleyindən güclüdür!”. Sevgi məğlub olmamaq
üçün Robbiyə əlavə bir güc verir.
– Bu əsərə görə müəllif tənqidlərlə
də üzləşib. Əsas tənqid bu olub: Remark fəlsəfi
düşüncələrini bölüşdüyü hissələrdə süjetin qarışıqdır. Bu iradla bir oxucu kimi
razısınızmı?
– "Üç
yoldaş” fəlsəfə fakültəsinin keçmiş tələbəsinin, ancaq arzularını reallaşdıra
bilməyən, hətta arzularını unutmuş bir şəxsin dilindən nəql edilir. Bu
baxımdan, əsərdə fəlsəfi mülahizələr yerinə düşür, hətta onun bəzən dolaşıq səslənməsi
də normaldır. Dünyanın fəlsəfəsi bəsit deyil ki! Qottfrid dostu haqqında
zarafatla belə bir söz deyir: "O, filosofluq etməyə başladısa, deməli xilas
olundu”. Yəni içindəki filosof hələ ölməyibsə, ən təhlükəli məqamda özünü
yetirib çətinliyi anlamağa kömək edirsə, deməli, Robert mənəvi dünyası məhv
olmayıb, düşüncələri dumanlanmayıb, Qottfridin dediyi kimi, "güzgüyə baxıb
özünü yazıq cücə kimi görmür”. Əlbəttə, fəlsəfi mülahizələr təhkiyəni
ağırlaşdırır, bəzən oxunuşun axarını pozur. Ancaq məsələyə bir də fərqli baxaq.
Müsahibənin əvvəlində dediyim kimi, ilk dəfə oxuyanda əsər sanki məndən bir şey
aldı, yerinə qaranlıq bir hiss qoydu. Yalnız ikinci, hətta üçüncü dəfə
oxuyandan sonra, daha dəqiq desəm, məhz o mülahizələri oxuyub düşünəndən sonra əsərin
məndən aldığının və verdiyinin nə olduğunu anlaya bildim. Süjet, hadisələrin
mahiyyəti, qəhrəmanların halı zatən ağırdır və hamısını həzm etmək oxucu üçün çətindir.
Bu fəlsəfi "tənəffüslər” məsələyə fərqli bucaqdan baxmağı, bəzən olanların çox
sadə, bəzən əksinə ən sadə bir şeyin içində dərin bir həqiqət olduğunu açır. Bugünkü
düşüncəmlə belə deyərdim, o fəlsəfi mülahizələr olmasa, əsər çox qarışıq, mənasız,
bəsit bir sevgi roman olardı.
– Terri Iqlton,
Roland Bartes, Conatan Kuller, Uilyam Epmson kimi tənqidçilər romanın əsas
uğurunun hekayədən və müəllifin dramatik təhkiyə üslubundan qidalandığı fikrini
irəli sürür. Məsələn, Eleonori Gilburd Remarkın "Üç yoldaş”dakı üslubunu
"klişelərlə dolu, təkrarçı, yersiz sentimental” kimi dəyərləndirir. Bu barədə
sizin düşüncələrinizi bilmək istərdim...
– Mənə
belə gəlir ki, roman sərt bir üslubda yazılıb. Düzdür, hadisələrin cərəyan
etdiyi məkanlar çox deyil, az qala oxucu da əzbərləyir ki, indi qəhrəmanlar
emalatxanadan çıxıb Alfonsun yanında toplaşacaqlar, indi qəbiristanlığın
yanından ötüb Robbinin evinə çatacaqlar. Hətta Patın evinə gedib çatanda ayrı,
yeni bir dünya təsiri bağışlayır. Müəyyən mənada bu həmin qəhrəmanların gündəlik
həyatlarının bir rutin içində davam etdiyindən xəbər verir. Yalnız ətrafı izləsək
təhkiyə çox tezliklə yorar oxucunu. Romanın gücü məhz bu boz, artıq köhnəlmiş çərçivəni
dolduran yeni söhbətlərdir. Bəli, gündəlik həyatları çox rəngsizdir və qəhrəmanların
gücü öz daxili dünyaları, qırıq-sökük ağır xatirələrlə ona yeni nəfəs gətirməyə
çalışmaqlarındadır. Əsərdə belə bir maraqlı fikir var – insanlar sevgidən yox,
kədərdən sentimental olurlar. Qəhrəmanlar həqiqətən kədərlidirlər, ancaq oturub
sızlanmaqla araları yoxdur. Bayaq dediyim kimi, heç kim özünü "yazıq cücə” kimi
hiss eləmir. Üst-üstə ağır psixoloji zərbələr almış, ancaq buna baxmayaraq
daxili bir güclə çökməmiş insanların mənəvi dünyasını açmağa çalışan bir əsər
necə təkrarçı, klişe dolu bilər?!
– Tənqidçilər bu romanın Ernest
Heminqueyin "Əlvida silah” romanının aydın təsiri ilə yazıldığını bildirirlər.
Bu təsir əsərdə hiss olunurmu?
– Yalnız siz deyəndən
sonra mən onların süjet xəttinin oxşar olduğunu xatırladım. Yəni Remark
Heminqueyin kölgəsi, davamı kimi düşüncəmdə qalmayıb. Adətən, mən əsərləri mənə
təsir etmək gücünə görə təsnif edirəm. Bu baxımdan, Remark mənim gözümdə Stefan
Sveyqə, yaxud Dostoyevskiyə daha çox bənzəyir. Hadisələr zamanca uzun müddəti əhatə
eləmir, ancaq düşüncələr çox genişdir, qəhrəmanın düşüncələrində keçmiş indiyə,
indi puç olmuş arzulara qarışır. Oxucu yazarla bir yerdə fikrə gedir və ətraf
yaddan çıxır. Heminquey dahidir, oxucusunun düz qəlbinə girir və lazım olan simə
toxuna bilir. Ancaq onu oxuyub bitirəndən sonra özümü Puşkinin "Balıqçı və
balıq haqqında nağıl”ının sonunda qırıq təknənin qarşısında oturmuş qarı kimi
hiss edirəm. Məsələn, Sveyq mənə yazmaq, hadisələrə deyil, o hadisədəki
insanların düşüncələrinə nüfuz etməyi öyrədib – sözsüz, dialoqsuz. Remark bunu
daha açıq şəkildə edir – qəhrəmanını danışdırır və oxucu rahat-rahat onun
dünyasına daxil ola bilir. Bəlkə də bu səbəbdən Remarkı 16, Sveyqi 20 yaşımda
sevə bilmişəm. Ancaq hər ikisində eyni hissi yaşamışam – içimdən bir şey əsərlə
bərabər bitir və nə isə yeni bir hiss onun yerini tutur. Həmin yeni şeyi dərk
etməklə mən özümdə nə isə kəşf edirəm, bir boy yuxarını görə bilirəm.
– Roman haqqında internet üzərindən
rəyləri oxuyanda əksər oxucuların yalnız kişi qəhrəmanların dostluq və sədaqətindən
qürurlandığını görürük. Halbuki əsas qəhrəmanlardan biri də Patrisiyadır, amma
onun adı az hallanır. Bu, qadın qəhrəmana haqsızlıq deyilmi?
– Bəli, əsərdə
yadda qalan, yeganə sədaqətli və ağıllı qadın Patrisiyadır. Üç yoldaşın və
onların başqa kişi yoldaşlarının fonunda Patın daha az xatırlanması normaldır.
Ancaq mən Pat obrazına fərqli baxıram. Pat bu romanın işığıdır. Roman onun
ölümü və günəşin çıxması ilə bitir. Oxucuda elə təəssürat yaranır ki, Qadın
obrazında bütün roman boyu qaranlığın insanları boğmasına mane olan işıq indi
Günəş obrazında çıxmağa bağlayacaq. Patın "işıq olmaq missiyasını” Remark onun zahiri görkəmində də verir – çox
zərif, zövqlü, gözəl, gülüşləri, baxışları ilə olduğu məkanı işıqlandıra bilən,
quş lələyi qədər yüngül bir obraz kimi təqdim edir. Az əvvəl Patı Robbinin
qalxanı adlandırdınız. Əslində, Pat qaranlığın təzyiqini, vahiməsini azaldır və
bunu romanın təsirinə düşən oxucu da hiss edir.Mən bir0iki kəlmə
də əsərin "sevgini pulla satan” qadınları haqqında demək istəyirəm. Robbi
onlarla bir insan kimi dostdur, əvvəllər eyni məkanda işləyiblər və indi də
ara-sıra dərdləşirlər. Burada maraqlı bir məqam diqqətimi çəkib: pul qarşılığında
hər cür alverə hazır olan bu qadınlar üçün, nə qədər qəribə də səslənsə, müəyyən
etik qaydalar, mənəvi dəyərlər var ki, onları ayaqlamaq olmaz. Məsələn, bu
qadınlardan biri haqqında Robbi deyir: "Coşmuş analıq hissi ilə mübarizəyə
qalxmaq olmaz, dünyanın bütün əxlaqçıları onların tərəfindədir”. Remark yenə də
zahiri dünyanı, dövrün amansız tələbləri qarşısına insanın mənəvi dünyasını
qoyur.
– Bu əsərdə Remarkın hədəfi
hansı idi – müharibə, yoxsa Almaniya siyasəti?
Bu əsərdə
Remarkın hədəfi insan idi. Remark öz dövrünün və ölkəsinin danışan dili oldu.
Ancaq eyni düşüncəli gənclərə müharibədən çıxmış istənilən ölkədə rast gəlmək
mümkündür. Kimlərsə bu əsərdə antifaşist ruh görə bilər. Ancaq mənim
gördüyüm nəticədir, yəni məhv olmuş insanlar və onların ara-bir sayrışan həyat
işartılarıdır.
– Remark bu əsəri ilə
Almaniyanın siyasi mövqeyini də hədəfə alır...
– Remark
yazıçı müşahidəsinə və filosof düşüncəsinə malik idi. O bu cəmiyyətin hara gedə
biləcəyini görürdü. O, mövcud vəziyyəti və mövcud insanı təqdim edir. Yay
get-gedə sıxılır, vəziyyət nəzarətdən çıxır. Buna nümunə olaraq Qottfridi
soyuqqanlılıqla öldürən gəncləri göstərmək olar. Həkimin sözləri ilə desək,
Qottfrid cəbhədə döyüşəndə o südəmər qatil, Allah bilir, hələ bələkdə idi. Cəmiyyətdə
bir boşluq var, fanat gənclər yetişir. Belə bir cəmiyyətə Hitlerin gəlib özünü
idol elan etməsi, əslində, təsadüf deyildi. Boşluğu mütləq yad cisim tutmalı
idi, tutdu da. O zamanın siyasi gedişatlarını tam bilmirəm, ancaq diqqətlə
baxanda romandakı düşüncələrin və faşist rejiminin əks qütblərdə durduğunu görmək
asandır. Remark gözəl bir uzaqgörənliklə deyir ki, "indiki gənclərin hamısı nə
qəribədir. Keçmişə nifrət edirsiniz, indiyə ikrah hiss edirsiniz, gələcəyə
laqeydsiniz. Bunun axırı çətin ki, yaxşı ola”. Axırını, bu sözlərdəki həqiqəti
tarix göstərdi.
– Məhz "Üç Yoldaş” əsərindən
sonra Remark Almaniya vətəndaşlığından çıxarılıb və tələbələr tərəfindən romanı
yandırılıb. Sizcə, əsərin bu qədər
aqressiya ilə qarşılanmalı idimi?
– Remark insanlara reallığı bütün qara-boz rəngləri
ilə göstərirdi və təbii ki, faşist rejiminin xoşuna gələ bilməzdi. Ari xalq belə
darmadağın halda ola bilməzdi. Ari xalqın cəmiyyəti bu qədər pessimist ruhda
ola bilməzdi. Bütün dünyaya insanlığın ən mükəmməl nümunəsinin almanların
olduğunun bəyan edildiyi bir vaxtda Remarkın əsəri sanki "kral çılpaqdı” deyib
bağırır. Əsər demək olar ki, haray çəkir ki, bu xalqın mənəvi dünyası çöküb, bu
xalq birinci müharibənin yaralarından hələ sağalmayıb, ikinci bir müharibə onun
axırına çıxacaq, içindəki o xırda işığı da söndürəcək. Robbinin simasında
görünür ki, insanlar ruhlarının kobudlaşmasından, fəlsəfi düşüncələrinin
yarımçıq qalmasından, tənhalığa alışmasından yorulub. Bəlkə də, alman xalqı
daha sağlam bir ruh halında olsaydı, Hitler bu qədər asan uğur qazana, hakimiyyətə
gələ bilməzdi. Remarkın vətəndaşlıqdan çıxarılmasını və hətta sonrakı illərdə
belə təkrar vətəndaşlığa qəbul edilməməyini küçədə Qottfridin öldürülməsinə bənzədərdim.
– Almaniya siyasətçiləri
zaman-zaman Remarkı alman ordusunu təhqir etməkdə təqsirləndirirlər. Hətta onun
Nobel mükafatı almasına da qarşı çıxıblar. Əsərlərinin əksəriyyətinin müharibə
mövzusu olduğunu nəzərə alsaq, Remarkın öz dövlətinin ordusunu təhqir etməsi nə
dərəcədə doğrudur?
– Əgər
"Üç yoldaş”dan danışırıqsa, Remark kimi isə təhqir etmir. O, Nobelə təqdim ediləndə
ilk uğurlu əsərini – "Qərb cəbhəsində dəyişiklik yoxdur” yazmışdı. Həmin əsər də
müharibənin gəncləri necə məhv etməsinə həsr edilib. Bəli, 1931-ci ildə Nobel
Remarkla müqayisəyə gəlməyəcək isveç şairi Erik Karlfeldtə verilib və belə nəticə
çıxartmaq olar ki, ortadakı haqsızlıq faktı açıq-aşkardır. Ancaq Nobel mükafatı
ilə bağlı haqsızlıq yalnız Remarka qarşımı olub?!Mən
başqa bir roman haqqında danışıb "ikinci cəbhə” açmaq istəmirəm. Ancaq "Üç
yoldaş”dan maraqlı bir səhnəni xatırlatmaq istəyirəm ki, yüz tənqiddən ötədir.
Axşamlar gənc cütlüklər çoxdan gözəl parka çevrilmiş köhnə qəbiristanlıqda
görüşürlər. Remarkın "Xilaskar ordu” adlandırdığı kilsə rahibələri günahın
qarşısını almaq üçün orada qəfil, bərkdən xorla İsa Məsih haqqında ilahi
oxuyurlar, mane olurlar. Orada gənclərlə oxunan ilahi arasında bir "söz”
atışması olur və "Ordu” qalib gəlir. Bu "Xilaskar ordu” insanların rahatlığını
pozur, onların sevgi dolu səssizliyini haram edir. Düşünürəm ki, burada bir
ironiya var – əsər bitəndə Hitlerin partiyası hakim mövqedə idi, onun "Mənim
mübarizəm” kitabının satışı rekord saya çıxmışdı. Onun xilaskarlıq missiyası
yavaş-yavaş bəyan edilirdi. Əsərdə gənclər qəbiristanlıqda – birinci Dünya
müharibəsinin nəticələri üzərində sakitləşmək, öz sevgiləri ilə baş-başa qalmaq
istəyəndə "Xilaskar ordu” özünü yetirir.
– Sanki Remarkın təsvir
qabiliyyəti dardır, yəni o əksər əsərlərində, "Üç yoldaş” da daxil olmaqla eyni
fondan, bənzər təsvirlərdən qaça bilmir. Məsələn, bir neçə əsərində təkrarlanan
rus mühacirlər, humanist həkimlər və s. Hətta oxucular bu təkrar obrazlara görə
romanları qarışdırdıqlarını da deyirlər.
– Remark realist
yazıçıdır və özündən nə isə əlavə etmir, nə görürsə, onu böyük ustalıqla təsvir
edir. Onun əsərləri təqribən eyni vaxtı əhatə edir, eyni problemi ayrı-ayrı
bucaqlardan işıqlandırır. Bunu Çarli Çaplinin canlandırdığı kiçik insanla
müqayisə etmək olar. Belə demək mümkündürsə, Remarkın bir böyüdücü şüşəsi,
qarşısında da bir cəmiyyət var. Bu baxımdan, müəyyən bənzərliklərin olması
normaldır. Fərqli olan qəhrəmanların düşünməsi, cəmiyyətdə tutduğu yer və özünə
olan münasibətidir. Başqa sözlə desəm, mənə maraqlı olan həmin qəhrəmanın həyatının
hansı "qırığının” sağ qalmasını təyin etməkdir.
– Rus tənqidçisi Motılyova
bildirir ki, "Üç yoldaş”ı təkcə "yalın” gözlə, səthi oxuduqda belə, yazıçının
sentimental melodrama sayəsində asan populyarlıq istəyi dərhal hiss olunur...
– Bəlkə də elə
yalın gözlə oxuyanda o asan populyarlıq havası təsiri bağışlayır. Yazıçının öz
cəmiyyəti üçün ürəyi ağrıyır və bütün yaradıcılığını buna sərf edir, vətəndaşlıqdan
məhrum edilir, əsərləri yandırılır. Deməli, o əsərlərdə bir xəbərdarlıq, bir
çağırış var ki, onu susdurmaq üçün bu qədər sərt addımlar atılır. Mənsub olduğu
cəmiyyəti bu qədər real təsvir edən, daha doğrusu bir neçə nəslin mənən məhv
olmasını və bu prosesin hələ naməlum müddətə qədər davam edəcəyini anlayan bir
yazıçının əsərini nə dərəcədə populyarlıq həvəsi adlandırmaq mümkündür, demək çətindir.
– Rus tənqidçisi Kirpotin
vaxtilə əsərlə bağlı yazdığı məqalədə bildirirdi ki, almanların Remarkı sevməməyinin
səbəbi onun müharibə düşüncəsindən qaçmasıdır. Konkret "Üç yoldaş”la isə yazıçı
oxucuya "silaha deyil, şərab şüşəsinə sarıl” mesajı ötürür. Buna münasibət
bildirərdiniz...
– Həm
Motılyova, həm də Kirpotinin rəyləri keçən əsrin ortalarına (1958, 1960-cı illərə)
aiddir və belə düşünürəm ki, Remarka xüsusi bir sevgi bəsləyən sovet oxucusunun
hisslərini bir az kütləşdirməyə xidmət edirdi. Remarkın qəhrəmanları
ağrılarını, problemlərini içkiylə unutmağı sevir. Ən maraqlısı isə, yazıçı hər
içkinin – romun, konyakın, yaxud viskinin, kalvadosun dadını, təsirini elə təsvir
edir ki, istər-istəməz maraq oyanır. Ancaq yadıma son vaxtlara aid bir təsvir
düşdü. Oxucu "Üç yoldaşı” içkilərə bənzədir. Məsələn, konyak kimi illərin
sınağından çıxıb və asta-asta içilməli – oxunmalıdır, yaxud araq kimi oxuduqca
ağladır, portveyn kimi birbaşa hisslərə təsir edir və s. Gözəl bənzətmədir.
Ancaq mən o vaxt oxuyanda əsəri roma bənzətmişdim (romu başqa əsərlərdən də
tanıyırdım) – güclü, içdikcə içilən, nə qədər başqa şeylər içsən də, vaz keçilməyən,
ən gizli hissləri amansızlıqla ortaya çıxaran. Yalnız rom kimi güclü, sərt içki
reallığın acısını unutdura bilər, yəni onu içəndən sonra insan oyanmış
ağrıların düz gözünün içinə baxa-baxa sınmır. Onu da mütləq əlavə edim ki,
içkilər haqqında məlumatları yenə də "Üç yoldaş”dan öyrənmişəm. Bəli, əsər qəti şəkildə müharibənin əleyhinədir
və məhz müharibənin açdığı yaralar içkilərlə neytrallaşır. Yalqız qalmış qəhrəman
içki şüşəsində özünə dost axtarır. İstər-istəməz sual yaranır: əcəba, fərqli
tale yaşamış olsaydı, ətraf mühitlə daxili dünyası arasında keçilməz bir uçurum
olmasaydı, yenə də "şüşəyə sarıl” çağırışı səslənərdimi?!
– Maraqlıdır ki, əsasən
sosialist ölkələrində çox oxunan və sevilən romana məhz rus tənqidçiləri
barmaqarası baxırdılar. 1960-cı ildə "Molodoy kommunist” qəzetində romanla
bağlı yazılmış məqalədə belə bir çağırış var: "Remarka inanmayın, xüsusən də
onun qəhrəmanlarına!”
– Bilirsiniz ki,
rusdilli oxucular üçün Remark XX əsrin 20-30-cu illərdən, yəni ən məşhur
vaxtlarından tanışdır. Sonralar alman oxucular üçün qadağan olan yazıçı Sovet
İttifaqında da qadağan edilib və yalnız Xruşşov zamanında təkrar gündəmə gəlib.
Qəribədir, hər gəlişi məhz müəyyən nəslin itməsi ilə əlaqədardır. Gəlməyinə gəlir,
ancaq bu dəfə də əsərlərin pessimist ruhu Sovetlər Birliyinin xoşbəxt kommunizm
quruculuğu ilə uyğun gəlmir və yenə də tənqid atəşinə tutulur. Remarkın üçüncü
gəlişi isə artıq Sovetlərin çöküşündən sonraya təsadüf edir. Mən də onunla məhz
üçüncü gəlişi zamanı tanış olmuşam. Əlbəttə, bir tənqidçi yazıçının taleyini həll
edən ən böyük qüvvələrdən biridir. Ancaq indiki halda bu belə deyil. Daxili
boşluğuna düşüb çıxa bilməyən, gündən günə yadlaşan mühitin təzyiqi altında öz
daxili işığını qorumağa çalışan bir gəncə necə "Remarka inanma” demək olar?!
Axı "Üç yoldaş” məhz onun haqqında bir romandır.
– Nədənsə bu roman mənə İlyas
Əfəndiyevin "Dağlar arxasında üç dost” əsərini xatırlatdı. Siz, necə
düşünürsünüz?
– Mən
belə bir paralel görmürəm. Düzdür, hər ikisi müəyyən bir dövrün tipik qəhrəmanlarının
təsviridir. Bundan başqa bir bənzəyiş sezə bilmirəm. Əvvəla, "Dağlar arxasında
üç dost” Sovet dövrünün inkişafını, xalqlar arasında dostluğu, əmək insanının
uca olduğunu aşılayan bir əsərdir. "Üç yoldaş” isə dövrün ağır şərtlərinin,
insanın mənən çökməməsi üçün apardığı mübarizəsinin təqdimidir. Burada fərqli
xalqların deyil, bir xalqın öz gələcəyi, sağ qalması uğrunda çırpınması var. Qəhrəmanlar
mənliyini itirmədən sağ qalmaq uğrunda məhz çırpınırlar. Çünki əks tərəf daha
güclüdür. İkincisi, İlyas Əfəndiyevin əsərində cəmiyyətin, hətta güclü bir dövlətin
varlığı açıq-aşkar hiss olunur. Remarkın romanında, daha diqqətlə baxanda, hətta
bu üç dostun da yalqız olduğunu müşahidə etmək olur. Özlərindən başqa
arxalanacaq qüvvə yoxdur. Üçüncüsü, "Dağlar arxasında üç dost” romanında mənfi
qəhrəmanlar 1-2 nəfərdir və təsvir olunan kolxoz səviyyəli mübarizədə onların zəfəri
mümkün görünmür. Yəni ən kiçik sevincə belə şansları yoxdur. "Üç yoldaş”da əksinə
müsbət qəhrəmanlar azlıqdadır və özlərinin belə sabaha ümidi yoxdur.
Dördüncüsü, "Dağlar arxasında üç dost” bütövlükdə ağ zolağın ifadəsidir. Orada
yeganə problem heyvanların ot qıtlığı, qarğıdalı əkininin təbliği və sevgi
iztirabıdır. "Üç yoldaş” isə qara zolaqdakı İnsanın problemini qoyur. Burada şəxsiyyət
və zaman qarşı-qarşıya dayanıb. İstər kişi qəhrəmanlar olsun, istərsə də qadın
hər biri zamanın təzyiqi altında dikəlməyə, sevməyə, daxili Mən-lərinin
susmaması üçün çalışırlar.
– Qara zolaqdan xilas ola minlərlə insan kimi dostlar
da ümidsizdirlər. Bir yanda bahar, digər yanda hər gün qara xəbərin gəlməsi
roman üçün uğurlu sonluqdur. Bir-birini sürətlə əvəz edən rəng tonlarında
Remark sevgi və dostluğun gücünə inamla əsası tamamlayır. Bu cür sonluğun fəlsəfəsini
necə izah edərdiniz?
Əslində, qəhrəmanlar nə qədər ümidsiz olsalar da,
Remark oxucunu ümidsizliyə qapatmır. Pat dan yerinin ağarmağına bir saat qalmış
ölür. Qəhrəmanın önündə qaranlıq gecə yoxdur, səhər var. Qottfrid həlak olur,
ancaq Otto var. Əsəri sonuncu dəfə oxuyanda məndə belə bir hiss yaranmışdı ki,
bu əsərin mütləq davamı var. Yəni hər nə qədər sevgilisi ölsə də, qəhrəman
bitmir, tükənmir, çünki sevgisi ölməyib. Yenə də dostlar oturacaq, yenə də həyat
qırıqlarını ortaya töküb bir bütöv mənzərə quraşdırmağa çalışacaqlar, bilərəkdən
Patın, Qottfridin yerini boş qoyacaqlar, ancaq yaşamağa davam edəcəklər, çünki
ürəklərindəki işıq sönməyib.
Söhbətləşdi:
Fərid Hüseyn