• cümə, 26 Aprel, 10:34
  • Baku Bakı 12°C

Sənətsiz dünya yarımçıq olardı

22.10.18 15:30 648
Sənətsiz dünya yarımçıq olardı
– Platona görə sənət, nəsnələrinin təqlidinin təqlididir. Yəni sənət həqiqəti çatdırmaqda gücsüzdür. Siz necə düşünürsünüz? Həqiqətə varmaqda sənət karımıza yetirmi?
– Daha dəqiq desək, Platona görə, sənət ali ideyanın təqlidinin təqlididir. Platon sənətin ideal dövlətdə yerinin olmadığını göstərirdi. Lakin sonradan Platonun dediklərini onun sevimli tələbəsi Aristotel inkar elədi və sənətə münasibət Aristotelin dediyi istiqamətdə davam etdi. Plotonun həmin fikri isə çox sonralar Şərq təsəvvüf fəlsəfəsində öz təsdiqini tapdı və yeni məna kəsb etməyə başladı. Təsəvvüf, insanı dəyişən böyük bir hadisə kimi yarandı və davam etdirildi və onun başlıca daşıyıcısı da sənət oldu. Mənim zənnimcə, sənət dünyanı, insanı, bütün aləmi dəyişmək iqtidarındadır. Sənətsiz dünya yəqin ki, çox yarımçıq olardı...
– Tomas Eliota görə, novatorluq yalnız ənənənin zənginləşdirilməsi sayəsində mümkündür. Yəni mətn, özünəqədərki mətnlərlə müəyyən münasibətdə olur. Onların enerjisini alır. Belə çıxır ki, dünyada orijinal mətn yoxdur? Yoxsa bu yanlış iddiadır? Məhz bu fikirlər ədəbiyyatda modernizm cərəyanının ömrünü bu qədər qısa etdi.
– Bu çox qəliz məsələlərdən biridir və çağdaş ədəbiyyatşünaslıqda ona müxtəlif cavablar tapmaq mümkündür. Uşaq vaxtı doğmalarımla, əsasən də əsgərlikdə olan qohumlarımla məktublaşmağı çox xoşlayırdım. Zərfi açmamış aldığım məktubların içərisində nə yazıldığını bilirdim. Buna baxmayaraq, o məktubları həmişə həyəcanla oxuyurdum və hər dəfə də, o prosesdə məni təsirləndirən bir fakt vardı: mənə məktub yazan insanlarla canlı şəkildə söhbətləşdiyimi zənn edirdim. Oradakı şablon cümlələr (məsələn: "qızılgül ətirli salamlarımı sənə göndərirəm” və s. kimi) olsa da, mən məktubu yazanla özüm arasında canlı dialoqu hiss edə bilirdim…
Yuliya Kristevanın "mətnlərarsılıq” (intertextuality) adlanan poststrukturalist nəzəriyyəsi dünya filologiyasına ciddi təsir göstərib. Həmin nəzəriyyənin başlıca qayəsi məhz bundan ibarətdir ki, ədəbiyyatda bütün sözlər deyilib, bütün cümlələr işlədilib, təzə mətn yoxdur. Təzə olan tək şey dialoqdur: mətnlə oxucunun dialoqu. Məsələn, mən sizinlə hazırda söhbət edərkən, danışdığım bütün sözləri, cümlələri siz indiyə qədər eşidibsiniz. Lakin burada orijinal olan bizim ünsiyyətimiz, dialoqumuzdur. Bədii mətnə də bu nöqteyi-nəzərdən baxanda bədii əsərin "yeniliyi”, orijinallığı oxucu ilə mətnin dialoqunda özünü göstərir. Müəllif mətnlə oxucunun yeni dialoqunu qurmağı bacarırsa, onun təqdim etdiyi mətn təzədir...
Biz hamımız neçə arxadönən əcdadlarımızdan bizə ötürülən informasiyaların daşıyıcısıyıq. Karl Qustav Yunqun "kollektiv şüurdanxaric” nəzəriyyəsinə görə hər birimiz şüurumuzun altında bəşəriyyətin dünənindən gələn yaddaşı daşıyırıq. Sadəcə böyük sənət əsərini yaradan müəllif o yaddaşla oxucunun yeni əlaqəsini qurmağı bacarır.
– Kamyunun fəlsəfəsinə görə absurdun fövqünə yüksəlmiş insan fatehdir. Maraqlıdır, Məti müəllim, sufizmin salik pilləsi ilə qeyd etdiyim fatehlik arasında nə əlaqə görürsünüz?
– Kamyunun "absurd insan” fəlsəfəsinin təsəvvüflə müqayisəsinin "məhsuldar” nəticə verəcəyini düşünmürəm. Kamyu üçün öz ölümünü bilə-bilə yaşayan insanın xoşbəxtliyi də, bədbəxtliyi də bu dünyadadır. Təsəvvüf fəlsəfəsindəki saliki aparan yol isə onu əbədi aləmdə, qeyb aləmində xoşbəxt edir...
– Tərcümələrin ilk səhifələrində filosofların sənət haqqında müxtəlif yöndə fikirləri ilə tanış oldum. Bu maraqlı iddialardan biri də "sənət yolları yaratmır, işıqlandırır” fikri idi. Sizcə, yolu yaradanlar kimlər və nələrdir?
– Sizin gətirdiyiniz sitat böyük rus ədəbiyyatşünası V.B.Şklovskinin "Sənətdə zaman problemi” adlı essesindəndir. Sənətə "gələcək haqqında xatirə” kimi yanaşan V.B.Şklovskinin dediklərində sizin sualınızın cavabını almaq mümkündür. Mən, sadəcə, Şklovskinin dediklərini çatdırmağa çalışmışam və onun dedikləri ilə bağlı hər hansı polemikaya qoşulmaq mənim səlahiyyətimdən kənar məsələ olardı. O ki qaldı həmin fikrə mənim münasibətimə, böyük sənət həm yolu yaradır, həm də işıqlandırır. Biz Azərbaycan tarixinin yaxın keçmişinə baxsaq, görərik ki, burada azadlıq idealları, dövlətçilik anlayışı ədəbiyyatdan qaynaqlanırdı. Azərbaycanda XX əsrin əvvəllərində ədəbiyyat adamları azadlıq ideallarının nə arxasınca, nə yanınca gəlirdilər: onlar dövlət ideallarının önündə gəlirdirlər. Elə buna görə də dövlətimizin müqəddəs simvolu olan bayrağımız öz rənglərini Əli bəy Hüseynzadənin romantizmindən, dövlətçilik ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq da, qaynağını Cəlil Məmmədquluzadənin realizmindən aldı...
– Freydin "Dostoyevski və ata qatilliyi” məqaləsində biz müəllifə həkim, ya da ki psixoanalitik gözündən baxa bilirik. Sizcə, dahi rus yazarı, Freydin dediyi kimi, bəşəriyyətin müəllimi və xilaskarı olmaq şansında imtina etmiş olmasaydı tale ona nələri vəd edərdi?
– Tale, Dostoyevskiyə böyük söz yaradıcısı olmağı bəxş elədi ki, bu gün bəşəriyyət onu özünün qiymətli dəyəri sayır. Mənə elə gəlir ki, bəzi mövzuların üzərində tabu olsa yaxşıdır. Tabu qaldırılanda bəşər övladının şüurlu və şüur altında olan bütün ayıbları açılır. Ancaq reallıqla hesablaşmaq məcburiyyətindəyik. Biz istədik-istəmədik, freydizm artıq mövcuddur və onun amansız tədqiqat obyektlərindən biri də Dostoyevski olub. O da maraqlıdır ki, psixoanalitik nəzəriyyənin ayrı-ayrı nümayəndələri – Z.Freyd, A.Adler və K.Q.Yunq Dostoyevskiyə fərqli mövqelərdən yanaşıblar…
– İvan Qolla görə, "Bədii əsər fövqəlreal gerçəkliyi yaratmalıdır. Poeziya yalnız bundan ibarətdir”. Amma digər fikir dühalarından ağılın daxil ola biləcəyi hər şey hisslilikdən kənardır qənaətini formalaşdırır məndə. Gerçəklik, reallığın dərki hisslərlə nə qədər mümkündür? Bu paradoksu qəbul edirsinizmi?
– Sənət hisslərlə dərk eləməkdir. Hisslərin sözlər vasitəsilə əyaniləşib, görüntüyə çevrilməsidir. Sənətin işi həqiqəti sübut etmək yox, göstərməkdir. İvan Qollun (və sürrealizmin) "fövqəlreal gerçəklik” anlayışını daha dərin duyğuların təqdimi kimi başa düşə bilərik. İnsanın duyğusuna toxunmayan, duyğuları tərpətməyən sözü həqiqət kimi qəbul etmək mümkün deyil. İçində gerçəklik olmayan poeziyadan söhbət gedə bilməz. Poeziya qəlbin gerçəkliklərini gözümüz önünə gətirir. 2+2=4 formulunu sübut (və ya təsdiq) edən sözdə isə mən poeziya görə bilmirəm.
– Müəllim, müsahibələrinizdən birində tələbələrlə müəllimlərin eyni dildə "danışa” bilməməyindən söz açıbsınız. Rus dilini yaxşı bilən əvvəlki nəslə nisbətən, gənclik daha çox ingilis dilinə maraq göstərir. Bu da iki tərəf arasında müəyyən mənada anlaşmazlıqlar yaradır: tələbə müəllimin məsləhət etdiyi rus dilli ədəbiyyatları oxuya bilmir, müəllimin də ingilis dilində yazılan mənbələri araşdırmağa dil səriştəsi çatmır. Bu barədə nə deyə bilərsiniz? Tələbələrlə müəllimlər arasındakı "sərhəd” nə zaman aradan qalxacaq?
– Bu gün bizdə formalaşan gəncliyin, xüsusən də, ali təhsil almış yeni nəslin Azərbaycandan kənara çıxmaq imkanları çox məhduddur. Bu məhdudluq təhsil prosesindən irəli gəlir. 30-40 il əvvəl, biz təhsil alarkən müəllimin tələbəyə verdiyi rusdilli mənbələri rahatlıqla oxuya bilirdik. Bu gün isə məsələn, filologiya fakültəsində təhsil alan tələbələr rus dilini bilmir. Mən tələbəmə deyə bilmirəm ki, get filan nəzəri əsəri filan mənbədən oxu. Bu, problemin bir tərəfi. İkincisi, tələbələrimiz ən yaxşı halda ingiliscə oxuya bildiklərini deyirlər. İngiliscə ədəbiyyat siyahısı verməyə də müəllimin imkanları yoxdur. Nəticədə, dünyadakı filoloji təmayüllərdən kənarda qalan bir mühitlə üz-üzə gəlirik... Mənim ədəbiyyat nəzəriyyəsinə aid müntəxəbat yaratmaq təşəbbüsüm də buradan qaynaqlanır. Biz bununla, ən azından, and içə bilək ki, tələbələrimiz, məsələn, Kamyunun "Sizif əsatiri” barədə məlumatlıdır, yaxud Platonun təqlid nəzəriyyəsi haqqında anlayışı var, sürrealizmin manifestlərindən biri ilə tanışdır, poststrukturalizm sözünü eşidib və sairə... Əlbəttə, oradakı bir səhifə məlumatı, ya da hansısa əsərdən seçilmiş bir parçanı oxumaqla heç kəs savadlı olmayacaq. Lakin bu, bir başlanğıc niyyətidir. Onu da qeyd etmək istəyirəm ki, bir çox ədəbiyyat nəzəriyyəsi mənbələri türkcə mövcuddur. Amma bu gün azərbaycanlı oxucu üçün hər hansı sırf elmi-filoloji mətni türkcə oxumaq ingiliscə oxumaqdan daha çətindir. Çünki terminologiya bizə tanış deyil.
– "Sözün o üzündə” kitabınızın "Mənim bir yazı günüm” məqaləsində bu hissə diqqətimi cəlb etdi. "...sonra dövlət televiziyası. Burada məmur kimi işə başladım...”. Məti müəllim, deyəsən, cümlə sonundakı üç nöqtə durğu işarəsi olmaqdan çıxıb, özündə müxtəlif kədərli duyğuları birləşdirir və bu duyğular daha çox peşmanlıq tonuna yaxındır...
– Mən hər zaman elə hərəkət etməyə çalışmışam ki, sonradan ondan peşman olmayım. Azərbaycan Dövlət Televiziyasında işlədiyim illəri də ömürdən itirdiyim zaman hesab etmirəm. Tək bir fakt sizdə müəyyən təsəvvür yarada bilər: "Qulp” proqramının ilk redaktoru mən olmuşam. Texniki imkanlarımız məhdud olsa da, maraqlı axtarışlarımız vardı. Televiziya cəmiyyətin bütün estetik, ideoloji, əxlaqi görüşlərinin kəsişdiyi bir yerdir. Fərd orada az iş görə bilər. Bununla belə, dilimi qısa edəcək bir iş görmədiyimə əminəm. O başqa məsələ ki, məmurluq mənim işim deyildi. Mən yüksək vəzifə daşıyanda da (televiziyada studiya direktoru vəzifəsində işləmişəm və o vaxt ölkədəki televiziya məhsullarının üçdə birinin hazırlanmasına cavabdeh idim) öz yerimi yaradıcı adamların yanında hiss edirdim və bəzən buna görə tənqid də olunurdum.
– "Hacı Nurunun şeir dəftəri” məqalənizdə Hacı Nurunun kəskin dramatik situasiyalar arasında unudulub, hətta müəllifin belə yadından çıxdığını qeyd edirsiniz. Necə düşünürsünüz, Mirzə Fətəlinin belə "unutqanlığı” o dövr Azərbaycan ziyalılarının həyati proseslərdə zəif iştirakına və passiv mübarizəsinə işarə ola bilərmi?
– Burada söhbət əsərdəki hadisələrdə Hacı Nurunun iştirakından gedir. Oyunu gerçəklikdən daha həvəslə qəbul edən "nuxulu” toplumu üçün Hacı Nuru arzuolunan deyil və əsərin sonrakı fəsillərində müəllif onu cəmiyyətin arasına qaytarmır. Ancaq Mirzə Fətəli bir maarifçi kimi Şair Hacı Nurunun dili ilə dediyi ideyalar uğrunda ömrünün sonuna qədər mübarizə apardı.
Mirzə Fətəli Hacı Nuru obrazı ilə ədəbiyyatımıza yaddaş məsələsini gətirdi. Axundzadənin böyüklüyü bundadır ki, cəmiyyətin portretini göstərə bilib. Şair Hacı Nuru həmin cəmiyyətin fonunda tragik bir insan təsiri bağışlayır. Yaddaşa qarşı cəmiyyətin özündə vicdansız, rəhmsiz bir biganəlik var. Şair Hacı Nurunun oxunmamış dəftəri isə əslində, çox böyük bir başlanğıcdır. Bir qədər sonra Cəlil Məmmədquluzadə "Anamın kitabı” əsərində öz milli kimliyini unutmuş övladların oxumadıqları kitabı səhnəyə gətirdi, Bəxtiyar Vahabzadə bu əsərə "Atamın kitabı” adlı təbdil yazdı. Yusif Səmədoğlunun "Qətl günü”, İsa Hüseynovun "İdeal” romanı yaddaş məsələsi üzərində qurulub. Çingiz Aytmatovun "Manqurt” əfsanəsi yaddaşsızlığın faciəsini əks etdirir. İstənilən qədər misallar gətirə bilərik. XIX əsrin ortalarında Mirzə Fətəlinin qoyduğu yaddaş problemi XX əsr ədəbiyyatının aparıcı motivlərindən birinə çevrildi.
– "Sözün səmimiyyəti” məqalənizdə razılaşırsınız ki, ədəbiyyat həm də başqası olma sənətidir. Bu məsələyə əks tərəfdən baxsaq, sizcə, müxtəlif qiyafə və obrazlara bürünən müəllif nə qədər özü ola, öz daxilini yansıda bilər?
– Əsl ədəbiyyat o zaman yaranır ki, müəllif özünü yazır. Hətta başqasından yazanda da özünün inandıqlarını yazır, eyni zamanda özünün inandıqlarına bizi də inandırmağa çalışır. Bu zaman heç də mütləq deyil ki, yazıçı əsərdə yalnız öz obrazını yaratmış olsun, öz şəxsi tərcümeyi-halını ortaya qoysun. O, şəxsi düşüncələrini, narahatlıqlarını, həyat fəlsəfəsini də bədii obrazlarında əks etdirmiş ola bilər. Mən, bütün bədii əsərləri yazıçının özünü oxucuya təqdim etməsi kimi anlayıram. Mətnə məhz bu cür yanaşıram. Hətta bədii tərcümədə elə məqamlar var ki, tərcüməçi mətndə həm də özünü ifadə edə bilir. Bəzən müəllifin real həyatdan uzaqlaşıb bədii mətnlə yaşadığının şahidi oluruq. Azərbaycanın böyük yazıçısı İsa Hüseynov bunun parlaq nümunəsi hesab edilə bilər. Onun böyüklüyü də, faciəsi də məhz bunda idi...
– Xatirələrinizdən öyrəndik ki, ədəbiyyata gəlməzdən əvvəl fizik olmaq istəyibsiniz. Düzü, fizikadan lirikaya keçidinizin də maraqlı tarixçəsi var. Bu, birbaşa olaraq Osman Sarıvəlli ilə bağlıdır. İllər keçib və artıq hadisələrə kənar müşahidəçi gözü ilə baxa bilirsiniz. Necə düşünürsünüz, O.Sarıvəllinin göndərdiyi bağlama sizə yeni "qapılar” açdı, yoxsa elə əvvəldən ədəbiyyatın "açar”ı əlinizdə idi, sadəcə bu sahəyə olan marağınız hələ üzə çıxmamışdı?
– İndinin özündə də belə fikirləşirəm ki, fizika sahəsində fəaliyyət göstərsəydim, daha tez elmi karyera qazana bilər, daha tez elmlər doktoru olardım. O vaxt ədəbiyyat mənim üçün ilk növbədə zövqlə bağlı məsələ idi. Yəni musiqiyə münasibətim necə idisə, ədəbiyyata da eyni cür idi. Həyatımda dönüş yaradan isə təkcə Osman Sarıvəllidən poçtla aldığım bağlama olmadı. Mən məktəblilər arasında ədəbiyyat yarışının, müsabiqənin qalibi olmuşdum, birinci yeri qazanmışdım. Yeniyetmə yaşlarında insanın özünütəsdiq istəyi güclü olur. Məni ədəbiyyatçı kimi artıq qəbul etmişdilər və ona görə də "fizikadan lirikaya” daha əmin hisslərlə keçdim. Peşman deyiləm!
Söhbətləşdi: Aysu Kərimova, Aytac Quliyeva
banner

Oxşar Xəbərlər