AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sənətdə qalmağımın əsas səbəbindən biri də tamaşaçı sevgisidir

Sənətdə qalmağımın əsas səbəbindən biri də tamaşaçı sevgisidir

19 İyul 2020, 12:00 782
Mustafa Mustafayev: "Elə bir xanəndə yoxdur ki, sənətə gələndə ifaları az da olsa kiminsə oxularına bənzəməsin”
 
Mustafa Mustafayev "Muğam müsabiqəsi – 2011”-dən tanınan xanəndələrdəndir. Həmin müsabiqə bir xanəndə kimi onun da həyatında ciddi rol oynayıb. Gənc xanəndənin dəsti-xətti Xalq artisti, mərhum sənətkar Qədir Rüstəmova bənzəsə də, bu oxşarlıq ona həm rəğbət gətirib, həm də tənqidlərə məruz qoyub. Amma M.Mustafayev nə tənqidlərdən sınıb, nə də rəğbətdən başı gicəllənib. O, "şöhrət tərəzisi”nin əyilməsinə imkan verməyən, təvazökar və öz gücünü dəyərləndirə bilən  gənc xanəndədir. Onunla söhbəti təqdim edirəm:
 
– Sizə yaxınlar, simsarlar, bəzən ərk edərək "Bala Qədir” deyirlər. Əlbəttə, bu təyin səsinizin görkəmli xanəndə Qədir Rüstəmova bənzəməsinə görədir. İstərdim söhbətimizə bu məsələdən başlayaq.
– Mənim sənətə gəlməyimin səbəbi Qədir Rüstəmov səsinə, ifasına olan sevgimlə bağlıdır. 5-6 yaşlarımdan onun ifalarına qulaq asıb, onun sayaq zümzümə etməyə çalışmışam. Əlbəttə, mənə "Bala Qədir” söyləyənlər o sözləri layiq bilib deyirlərsə, sağ olsunlar. Amma mənim fikrimcə, Q.Rüstəmovun sənəti elə bir sənətdir ki, onun "balası”, yaxud” nəvəsi” olmaq mümkünsüzdür. Əgər səsinin onu ifalarına bir balaca  təbii oxşarlığı varsa, deməli, bu yaxşı əlamətdir.
 
– Siz muğam müsabiqəsində "Sona bülbüllər”i oxuyandan sonra Xalq artisti Əlibaba Məmmədov üzünü münsiflər heyətinə tutub dedi: "ya bu uşağa çıxarmaq lazımdır müsabiqədən, ya da buna əla qiymət vermək lazımdır ki, gəlib birinci yeri tutsun”. Bu fikri  o zaman necə qarşıladınız?
– Əlibaba müəllimi müsabiqədən əvvəl tanıyırdım. 2006-cı ildə Bakıya gələndə Musiqi Gimnaziyasında təhsil alırdım, amma "Asəf Zeynallı”da bəzi dərslərdə otururdum. Onda Əlibaba müəllimin muğam sinfində də otururdum. O, iki-üç dərsdən bir imkan yaradırdı ki, mən də nəsə oxuyum. Qulaq asırdı, fikirlərini bildirirdi. Həmin dövrdən Əlibaba müəllim səsimə qiymət verirdi, hətta qapıçıya tapşırmışdı ki, məni içəri buraxsın, dərslərə qulaq asım. O vaxtdan mənə deyirdi ki, sənin səsinin fərqli oxumağın üçün kifayət qədər  imkanları var, Qədir Rüstəmovu yamsılama. O, mənə kin bəsləmədiyinə görə bilirdim ki, qərəzsiz insandır, müsabiqədə də haqlı iradlarını bildirirdi. Amma bir dəfə Əlibaba müəllim dedi ki, qəzəli bilmirsən, amma, həqiqətən, yaxşı öyrənmişdim. Onda fikrimi bildirdim ki, qəzəli bilirəm. Seçim turunda da Əlibaba müəllim münsiflərə demişdi ki, bu oğlanı tanıyıram, yaxşı səsi var. Müsabiqədə mənim razılaşmadığım məqam o idi ki, bəzən münsiflər başqasının ifasındakı səhvlərin üstündən yüngül keçib, kiminsə qüsurunu qabardırdılar. Qalan hər şey gözəl idi. Ümumiyyətlə, ustadlar nə deyirlərsə, hansı iradları göstərirlərsə, biz onlarla razılaşmalı və vurğulanan qüsurları aradan qaldırmalıyıq.
 
– "İzi ilə gedəninin izi qalmaz” tənqidi ilə cavan yaşda üzləşmisiniz. Bu cür fikirlər sizə nə öyrədib, yaxud həvəsdən salıbmı?
– Xeyr, o cür fikirlərdən həvəsdən düşmədim. Oxumaq hansısa işi görmək kimi deyil, gərək təbin gələ ki, ürəkaçan ifalar meydana çıxa. Təb gələndə gözəl oxuyursan, ürəksiz yanaşanda isə yaxşı alınmır. Heç zaman tənqidlərə bənd olub həvəsdən düşməmişəm. "İzlə gedənin izi qalmaz” fikrində böyük həqiqət var, amma o həqiqət 19-20 yaşlı xanəndəyə aid deyil. Sənət yolunun başlanğıcında yamsılama, oxşatma çoxlarında olur. İllər keçdikcə, oxumağın yollarını öyrəndikcə, başqa sənətkarların ifalarına qulaq asdıqca, özünə uyğun bir ifa yolun yaranır. Nəticədə, öz ahəngin, səsinin fərqli ətri olur. Elə bir xanəndə yoxdur ki, sənətə gələndə ifaları az da olsa kiminsə oxularına bənzəməsin. Sadəcə mənim ifamdakı oxşarlıq ona görə diqqət çəkdi ki, digər xanəndələrin yaradıcılıq yolu haradasa bir-birinə yaxındır deyə onları yamsılayanda çox da seçilmirsən, amma Qədir Rüstəmova bənzəyəndə o dəqiqə nəzərə çarpırsan, çünki onun sənəti, səsi tamam başqadır.
 
– Arif Babayev, Firuz Səxavət və Alim Qasımovdan muğam dərsləri almısan. Üç ayrı-ayrı muğam üslubunu, dəsti-xəttini yaradıcılığınızda necə sintez edə bilmisiniz?
– Səs öz yerini tutana qədər müəllim dəyişmək ifaçıya çox travmalar yaşadır. Ən yaxşısı odur ki, bir müəllimdən dərs alasan. Hər müəllimdən ayrı nəfəslər duyanda səs bilmir hansı tərəfə dönsün. Amma hər bir ifaçıdan nəsə əxz edirsən, yaxşı mənada yararlanırsan.  
 
– Q.Rüstəmovun "Sona bülbüllər”ini dinləyən maestro Niyazi demişdi ki, "bu mahnını anlamağa bir ömür azdır”. Siz 6-7 yaşından "Sona bülbülləri” zümzümə edən, sonra oxuyan ifaçı kimi onun fəlsəfəsinə, mahiyyətinə nə qədər bələd ola bilirsiniz?
– "Sona bülbülləri” hər dəfə oxuyanda tamam ayrı mənaları dərk edirəm. Musiqi anı hiss etməkdir. Hər anda musiqi başqa mənaları ifadə edir. Həm də maestro Nizami o fikri ilə demək istəyib ki, sənətkarın ömründən sənətin ömrü daha uzundur, yaranan əsəri başa düşməyə bəzən insanın ömrü çatmır. Mən Qədir Rüstəmovun oğlu Rüstəmin toyunda oxuyanda, böyük sənətkarı  çağırdıq ki, o da "Sona Bülbüllər”i bizimlə bərabər oxusun. O muğam hissəsində elə ürəkdən oxudu ki, məhz onda onun səsindəki yanğının gücünü tam mənada anladım. Biz onda Elnarə Abdullayeva ilə oxuyurduq, o da  Qədir müəllimi dinləyəndə göz yaşlarını saxlaya bilmədi. Sanki bir anda hər yanı bir ətir bürüdü. Musiqinin gücü ondadır ki, dinləyicini alıb aparsın. Hər gözəl ifa dinləyicini fərqli bir auraya salır, ona görə musiqi hər dəfə sanki başqa mənanı ifadə edir.
 
– Muğam müsabiqəsi başa çatandan sonra sizə demişdilər ki, 3 illik müqavilə var,  həmin müddətdə heç yerdə oxumamalısınız. Amma siz bu şərtə əməl etmədiniz – Qədir Rüstəmovun oğlunun toyunda oxudunuz. Bu qadağanı pozmağın sizə nə kimi təsiri oldu?
– Həmin gün mənə Nadir Axundov zəng elədi ki, sizinlə müqavilə vardı axı, şərtimizi niyə pozdunuz? Ona dedim ki, mənim heç bir şərti pozmaq məqsədim olmayıb, sadəcə ustad çağırıb deyə gedib oxumuşam. O vaxt mənim solist olmaq məsələm vardı, amma alınmadı. Bilmirəm ona görəmi belə oldu, yoxsa başqa səbəb vardı?
 
– Xalq artisti Ağaxan Abdullayev sizə olan tamaşaçı rəğbəti barədə  demişdi ki: "Sənə çalınan alqışlar sənə yox, Qədirə çalınır”. Siz oxuyursunuz, amma çoxları Qədir Rüstəmovun ifalarını xatırlayırlar. Qəribə sənətçi taledir. Amma aradan illər keçir, yeni-yeni ifalarınız olur, bu gün artıq öz ifalarınıza görə tamaşaçı alqışları qazanırsınızmı?
– Bəli, artıq deyirlər ki, Mustafanın öz ifadə tərzi, musiqiyə fərqli yanaşması var. Amma bu o demək deyil ki, mən ustadın sənətindən uzaqlaşıram. Xanəndənin öz yolu 30 yaşdan sonra yaranır. Yaş ötdükcə öz xarakterini ortaya qoymağa başlayırsan, bu məsələ həm də ifaçılığa da aiddir. Gənc ifaçıları sığışdırmaq olmaz, onlarda sərbəstlik vermək lazımdır ki, özlərini rahat şəkildə ifadə edə bilsinlər. Beləliklə də, öz sənət yollarını tapsınlar.
 
– Muğam müsabiqəsində sizə "Tamaşaçı rəğbəti” mükafatı verildi. Sonrakı fəaliyyətinizdə də tamaşaçıların rəğbətini doğrulda bildinizmi?
– O müsabiqədə mənim əsas dayaqlarımdan biri tamaşaçılar idi. O vaxt tələbə idim, səs sözümə baxmırdı, bəzən ora-bura gedib soyuqlayırdım. Amma tamaşaçıların sevgisi bəzi qüsurları gözardı edirdi. Sənətdə qalmağımın əsas səbəbindən biri  də tamaşaçı sevgisidir.
 
– Bəzən olur ki, bir şairin bir şeiri daha çox sevilir, amma onun şair kimi gücü başqa şeirlərindədir. Sizi çoxları "Sona bülbüllər”lə sevirlər, bəs sizcə, əsas gücünüz hansı ifadadır, yaxud o ifa varmı?  
– Məncə, öz möhürümlə yadda qalacağım ifalarım qabaqdadır. O cür ifaları özümdən gözləyirəm. Hər şeyi gələcək göstərəcək.
 
Söhbətləşdi: Fərid Hüseyn