• çərşənbə axşamı, 19 mart, 08:10
  • Baku Bakı 8°C

Şeirlərim “təlatümün meyvələri”dir

19.03.18 16:35 1565
Şeirlərim “təlatümün meyvələri”dir
Həyat Şəmi: "Tarix sağ, ədəbiyyat isə sol "qolumdur”
– Gələcəkdə Həyat Şəmi şeirləri oxucuların yaddaşında necə iz qoyacaq?
– Bilirsiniz, şeir cəmiyyət üçün faydalı həqiqətləri söyləməlidir. Məhsəti Gəncəvi də, Xurşudbanu Natəvan da bu gündən baxıb gördüyümüz şair obrazına çatana qədər, öncə istedadın, hislərin və təfəkkürün vəhdətindən yaranan poetik nümunələr yaradıblar. Sonra cəmiyyət üçün, həyat üçün əhəmiyyətli olan sosiallaşmış şeirlər qələmə alıblar. Şairlik də keçilən yoldur, mərhələdir. Və nasirlərdən fərqli olaraq, bizlər şeirin diktə etdiklərini yazırıq. Məncə, ən ali məqam bilmədən, düşünmədən, şeirin diktəsi ilə yazılanlardır. Yazırıq və sonra baxırıq ki, gözəl nümunə alınıb. Yazandan sonra yazdığımızı dərk ediriksə, bax, bu ali məqamdır. Oxucularımın əksəriyyəti deyir ki, şeirlərimdə ifadə etdiyim hislər və gerçəkliklərin ifadəsi başqalarından fərqlənir. Yəni Həyat Şəminin öz yolu, nəfəsi, qələmi var. Başqalarını təkrar etmir. Bunu uğurum və gələcəkdə yadda qalma səbəbim hesab edə bilərəm.
– Poeziya əsil Həyat Şəmini gizləmək üçündür?
– Əlbəttə, şeir mənim həqiqi daxili dünyamı açmaq üçündür. Təkcə məni yox, gördüyüm gerçəklikləri də. Şeirində o hadisəni necə görür və necə dəyərləndirirsənsə, o sənin kimliyini, şəxsiyyətinin tutumunu açacaq. Məsələn, "Yazılmayan şeir” adlı şeirimdə qarşılaşdığım dörd hadisəni hansı bucaqdan görürdümsə, eləcə də, süjetli olaraq qələmə almışam. Bax, bu şeirdə ali məqam daha çoxdur. Baxmayaraq ki, həmin şeirdə cəmiyyətin laqeydliyinə bir etiraz notu var və şeir sonadək o nota köklənib. Real olaraq qarşılaşmadığım şəxslər belə şeirlərimi oxuyaraq Həyatı tanıya bilir, görmək istəyir.
– Bəs hansı hissləri şeirlə ifadə edə bilmirsiniz?
– Məncə, iki tip şeir var: Birincisi, üzərində düşünülmüş, əmək sərf olunmuş, digəri isə sadəcə hislərin və məqamın "yaz” dediyi. Bu yaxınlarda belə bir məlumat oxumuşdum ki, insan beynini ən çox nəyə yorursa, o sahədə daha uğurlu olur. Bu mənada, çox mütaliə edənlərin yazdıqları da mükəmməl olur. Lakin məndə belə deyil. Şeirlərim həm müşahidələrimin yekunu olaraq, həm də hiss axını ilə yazılır. Elə olur ki, gecə yatanda misralar ağlıma gəlir, oyanıb tələsik onları kağıza köçürürəm. Maraqlısı budur ki, gözümü açanda o misralar yaddaşımdan itdiyi üçün bəzən gözlərimi heç açmadan gələn misraları ard-arda vərəqə köçürürəm. Bu, nadirən baş verən haldır, fəqət ən gözəl şeirlərim "təlatümün meyvələri”dir. Yaşamadığım deməzdim, belə deyək də, duymadığım və hiss etmədiyim həqiqətləri şeirlə ifadə edə bilmərəm. Məsələn, ana itkisini görməsəydim, ana silsiləsindən olan ağrılı şeirləri yaza bilməzdim. Ana və analar haqqında yazardım, amma itkini dərk edərək, bütün hüceyrələrimə qədər yaşayaraq yaza bilməzdim.
– Müsahibələrinizdən birində az-az yazdığınızı qeyd edibsiniz. Həmin zamanlarda hiss edə bilmirsiniz, yoxsa duyğularınızı kağıza köçürməkdə çətinlik çəkirsiniz?
– Düzünü desəm, hiss etməyə vaxtım olmur. Səhər saat 9-dan axşam saat 6-ya qədər düşüncələrimi və beynimi yalnız peşəm, işim işğal edir. İşimə yönəlik çalışmalar və məsuliyyət məni yazmaqdan uzaq salır. Amma bəzi istisnalar ola bilir. Məsələn, Banuçiçək adlı qızcığazın faciəli ölümünü saytlardan oxuduqdan sonra o hadisə mənə elə təsir etmişdi ki, o şeiri işdə bir anın içində yazmışdım. Bilirsinizmi, doğal şeirlər hamısı an məsələsidir.
– Deyəsən, ixtisasınıza görə peşmanlığınız var. Yanlış xatırlamıramsa, müsahibələrinizdən birində tarixçi olmasaydınız, daha yaxşı yazacağınızı söyləmişdiniz .
– Bunu peşmanlıq yox, reallığın təzahürü adlandırardım. Mən filologiya istiqamətində təhsil alsaydım, bəlkə də, daha yaxşı yazardım. Çünki ədəbiyyatçı olsaydım, peşəm, işim də ədəbiyyatla, şeirlə bağlı olacaqdı, ədəbiyyatı nəzəri olaraq daha gözəl öyrənəcəkdim, beynimi sadəcə, yaradıcılıq məşğul edəcəkdi. Nəticədə daha mükəmməl əsərlər yaza biləcəkdim (gülür).
– Şeirlə sizi heyrətləndirmək mümkündür, yoxsa illər ərzində şeir artıq adiləşib sizin üçün?
– Mümkündür. Bütöv şeirdən, yaxud da misradan həyəcanlana, təəccüblənə bilirəm. Belə məqamlarda oxuyub bitirdiyim şeirin ardınca, dilimdən bir kəlmə çıxır: "Möhtəşəm”.
– Belə bir ifadə var ki, "ədəbiyyat hislərin tarixi”dir. Bu mənada, sizcə, ədəbiyyat daha lazımlı elmdir, yoxsa tarix?
– Deyəsən, tarix. Çünki ədəbiyyat mənəvi elmdir, tarix isə həqiqi. Tarix bir xalqın milli kimliyinin, kökünün, varlığının, özünüdərkinin, dilinin, dövlətçiliyinin, keçdiyi tarixi yolun, yaşadığı hadisələrin ifadəsidir. Bir insan ədəbiyyatı və ya şeiri bilmədən də keçinə bilər, amma öz tarixini bilməyən insan bağışlanmaz xəta edir. Bu mənada tarix daha önəmlidir.
– Bəs tarixin dəqiqliyi, "soyuqluğu” ilə ədəbiyyatın "həniri” necə tarazlaya bilirsiniz? Çətin olmur ki?
– Çox çətindir... Alışandan sonra çətinlik itir və həyat təzahürü başlayır. Təsəvvür edin ki, soyuq var, hənir yoxdur. Yaxud da əksinə isti var, soyuq yoxdur. Nə baş verər, sizcə? Ya tam soyuq adam olub buzlaşacaqsan, ya da isti olaraq yanacaqsan. Əslində, hər ikisinin bir arada olması gözəldir. Tarazlıq müəyyən məqamlarda isti ilə soyuğu birləşdirib ilıqlıq, həlimlik yaratma, ya da istini soyuqda, soyuğu da istidə sevmək kimidir. Tarixə nəzər salsaq, görərik ki, şair və yazıçıların əksəriyyəti tarixçi olub, ya da tarixçilərin çoxu ədəbiyyata meylli. Mən də reallıqla həyati duyğularımın arasında, isti ilə soyuğun qovşağında yaşayıram. Hər birimizin statistik, yəni seçim imkanımız olmayan, bir də dinamik, yəni özümüzün seçdiyimiz taleyimiz var. Belə deyək də, iki qolum var mənim, düzdürmü? Bu, mənim statistik taleyimdir. Bu qolları mənə sağ-salim olaraq Tanrı verib. Bunlardan biri olmasa, tək biri ilə də yaşamaq mümkündür. Tarix sağ, ədəbiyyat isə sol qolumdur. Hər qolun da öz funksiyası var, doğrumu? Mən bu qolları iki yola da bənzədirəm. Amma hər ikisini davam etdirmək, paralel şəkildə inkişaf etdirmək məcburiyyəti dinamik taleyimdir. Yetər ki, tutduğun yol dürüst, əhəmiyyətli və sağlam olsun. Statistik taleyini dinamik taleyə uyğunlaşdıraraq yaşamaq isə artıq insanın öz əlindədir.
– İlk şeirinizi ailənizə başqasının adı ilə təqdim edibsiniz. İllər sonra bunun bəyənilməmə qorxusundan irəli gəldiyini söyləyirsiniz. Hazırda da şeirlərinizin bəyənilməməyindən qorxursunuzmu?
– Qorxu yoxdur. Artıq o baryeri çoxdan aşmışam. Həm də o zamanlar utancaq qızcığaz idim, üçüncü sinifdə oxuyurdum. Sinif yoldaşlarıma qaynayıb qarışa bilmirdim. Beşinci sinifdə qızlar bu xarakterimə görə mənə "sən bizə qoşulmursan, çünki fərqlənmək istəyirsən” demişdilər. Mən ilk dəfə fərqlənməyin nə demək olduğunu onda anlamışam. Böyüdükcə şeir məni sosiallaşdırdı. Düzdür, ədəbiyyat mühitində şairliyimlə, şeirlərimlə təqdim olunmağı xoşlayıram. Lakin tarixçilər arasında belə təqdimatdan utanıram. Üzə çıxarmadığım şeirlərimi isə başqalarının fikrinə görə deyil, sadəcə özüm bəyənmirəm deyə gizlədirəm.
– Sirli olmağı sevirsiniz?
– Mən gizliliyi, mübhəmliyi sevirəm. Etiraf edim ki, maraqlı bir çılpaq misram var idi, çox əziyyət çəkərək, məhrəmliyi qorumaq üçün sildim onu. İlqar Fəhminin şeirlərim haqqında dediyi bir fikir var: "Həyat, sanki şeirlərini utana-utana yazır”. O, bu məqamı gözəl ifadə edib.
– Şeirlərinizin lüğət tərkibi qulağa tanışdır. Poeziyanın poetik imkanlarından istifadə etmək sizə riskli görünür?
– Əslində, riskli deyil. Sadəcə bu imkanlardan istifadə etmirəmsə, deməli, hələ dərinliyini qavraya bilməmişəm. Bir az da məişət məsələləri mənə izn vermir. Hərdən özümü çox qınayıram. Sonra düşünürəm ki, gələcəkdə təqaüdə çıxanda şeirlə tək qalanda, işim də, gücüm də, həyat yoldaşım, övladım da, hər şeyim şeir olanda daha yaxşı yazacağam. Bu mənada yaradıcılıq profili üzrə çalışanlar xoşbəxtdirlər.
– Şeirlərinizdən birində maraqlı ifadəyə rast gəldim: "Duyğu işarələri”. Sizin üçün "duyğu işarələri” nədir?
– Durğu işarələri nöqtə, vergül, nöqtəli vergül, iki nöqtə, nida, sualdırsa, bunları yaradan dediyim o duyğu işarələridir. Məsələn, nidanın duyğu işarəsi heyrətdir, təəccübdür. Yaxud, nöqtəli vergülünkü "mən hələ varam”, "yaşayıram”, "davam edirəm”dir. Nöqtə qoymaq isə "bitdi”nin duyğu işarəsidir...
– Bəs kədərin?
– Çox gözəl sual oldu. Məncə, sual işarəsidir. İnsanlar dərd belini bükəndə, ürəyində kədər olanda, yaxud da qocalanda sual kimi əyilirlər...
– Şeirlərinizdə təkrar mövzular çoxdur. Bu nə ilə bağlıdır? Tale, dönə-dönə eyni mövzuları yazmağa sövq edir, yoxsa bu mövzularda yazmaq sizə daha rahatdır?
– Təkrar-təkrar eyni mövzuya qayıtmağım yaşanmışlarla əlaqəlidir. Bunu məqsədli şəkildə, ya da rahatdır deyə etmirəm, sadəcə içimdəki duyğular məni sövq edir. Şeirlərimdəki adamlar, obrazlar, hadisələr isə müşahidələrimin məhsuludur.
– Şairləri yaxından tanıdıqca qeyri-adilikləri üzə çıxır. Həyat Şəmini yaxından tanısaq, hansı fərqlilikləri müşahidə bilərik?
– Fərqlilik deməzdim buna... Fərqliliyim yalnızlığı sevməyim və deyilənlərə görə, çox səliqəli və təmizkarlığımdadır. Həmçinin ana olmasam da, uşaqlara qarşı hədsiz sevgim var. Bir yad uşağın ağlamasına, göz yaşına dayana bilmirəm. Yəqin, bunun nəticəsidir ki, şeirlərimdə uşaq obrazları çoxdur:
"Dünən bir uşaq
əlində pozan,
qoy gözünün yaşını silim – dedi”
və ya
"Baxır hey arxanca gözüm,
Gözümdə mirvari düzüm,
Doğulmayan körpəmizin
Adını sən qoy!”
Yaxud "Banuçiçək” şeirindəki 3 yaşlı qızcığaz.
Bilirsiniz, şair fərqliliyi elə onun şairliyindədir. Məsələn, sıravi bir sürücü qadın yol xətlərini mənalandıra bilməz. Amma mən düz xətləri görüb kişi adlandırıram, qırıq-qırıqları qadın, "könül kimi”. Ox işarələri isə uşaqdır deyirəm, sənə hara getməyin lazım olduğunu göstərir. Yəni kişilər hər zaman ona övlad bəxş etmiş qadının yanında olurlar.
– "Dünya və rənglər” şeirinizə istinadən soruşuram. Nə üçün zaman keçdikdə rəngləri, rənglərimizi unuduruq?
– Ehtimal ki, qloballaşan dünya, informasiya texnologiyalarının inkişaf əsri ilə bağlıdır. İndi dilin yox, barmaqların söhbətləşdiyi dövrdür. İndi həmsöhbətlərimiz telefonlarda, kompüterlərdədir. İndi milli ruha söykənərək o rəngləri sevmənin yox, kosmopolit rənglərin zamanıdır.
– Şeirlərinizdən birində "püşk atdım qəmi bölməyə” deyirsiniz. Deyəsən, qəmi bölməyə də adam tapmırıq...
– Yox, qəmi bölməyə hər zaman doğma adam tapılar. Sadəcə qəmini böldüklərimdən arzulamadığım qarşılıqlar görəndə peşman olur, dərdi də içimdəki Həyatla bölüşürəm. Sevinci paylaşırsan artır, dərd isə paylaşdıqca azalır deyirlər. Amma belə deyil. Axı qəm də paylaşdıqca çoxalır, şaxələnir. Mən qarşımdakı insanı qəm payımla yükləmək istəmirəm. Buna görə də içimdəki gücə dayanıram...
– Bəs şeir yazmaq necə? Qəmi paylaşmaq deyil?
– O qəm bu qəmdən deyil. Oxucu Həyat Şəminin kədərini yaşamır, sadəcə yaxşı bir misra oxuyaraq "nə gözəl ifadə edib” deyir. Düşünmür ki, Həyatın belə bir dərdi var. Məsələn,
"Küsdü baxtım öfkədən,
Çıxıb getdi o gedən.
Bir ölümcül sevgidən
Yatıram, ay adamlar!”
deyən Həyat dərd vermədi insanlara. "Ölümcül sevgi” ifadəsi ilə yeni ifadə tərzi, yeni söz verdi.
– Bəs özünüzdə bu hal necə baş verir?
– Elə özüm də o dəqiqə oxucu mövqeyinə keçirəm. Dərdim olur, kədərlənirəm. Bu kədərimi misraya köçürəndə, əgər şeirim uğurlu alınırsa, həmin an kefim düzəlir. "Nə gözəl ifadə etdim” deyirəm.
– Həyatı yaşayanlardan, yoxsa üzünü köçürənlərdənsiniz?
– Həyatı yaşayaraq dərk edən, dərk edərək yaşayanlardan olmuşam. Bunu mənə keçdiyim enişli-yoxuşlu həyat yolum, qazandığım statuslarım və yazdıqlarım deyir. Qarşımda hamar yol açan olmayıb. Hətta ilk həyat müəllimim olan valideynlərim də, mənə təhsil və elm verən müəllimlərim də "sən özün cığır aça biləcəksən” deyib əlimi buraxıblar. Bir də tək yaşamağın özü də bir sübutdur. Bunu yalnız güclü insanlar tərcih edə bilər.
Şairlik müstəvisindən yanaşsam deyə bilərəm ki, həyatın üzünü köçürənlər başqa şairin üslubunu mənimsəyib, o tərzdə yazanlardır. Mən öz üslubumu, öz təfəkkürümü, öz hislərimi, duyğularımı həm özüm kimi yaşayıram, həm də yazıram. Deməli, həyatı yaşayanlardanam.
– Bir müsahibənizdə "mənim sevgimin öz qoxusu var, məncə. O qoxu bənzərsizdir. Şeirimin qoxusu da fərqlidir” söyləyibsiniz. Həyat Şəmi şeirilərini digərlərindən "hansı qoxuya” görə ayıra bilərik?
– "Həyat qoxusu”na görə (gülür). Niyə də olmasın? Əslində, ətirlər şəxslərin adı ilə adlanır. Mənim də ətrim şeirlərimdir. Şeirlərimin qoxusunda da özüm varam. İndiki zamanda "özün olmaq” çətin məsələdir. Təvazökarlıqdan kənar anlaşılmasın, az yazıram, öz yazıram.
Söhbətləşdi: Fərid Hüseyn, Aytac Quliyeva
banner

Oxşar Xəbərlər