• cümə axşamı, 28 mart, 14:38
  • Baku Bakı 16°C

Şeirimin yaşayacağına ümid bəsləyirəm

01.12.19 10:30 2237
Şeirimin yaşayacağına ümid bəsləyirəm
Azad Yaşar: "şeirlərlə əslində, mən belə naqislərə və mərdimazarlara, şeytanı hər an sevindirənlərə səslənirəm”
"Kaspi” qəzeti şairlərlə "Poeziya söhbəti” adlı layihəyə start verir. Müsahibələrdə yalnız şeir haqqında danışılacaq, klassik və çağdaş şeirimizin, eləcə də dünya poeziyasından danışılacaq. İlk müsahibimiz şair Azad Yaşardır:

– "Hamı və Heç kim”in ön sözündən bəlli olur ki, kitaba vurğun birisiniz, bütün həyatınız çoxsaylı nəşrləri alıb-oxumaqla, onları toplamaqla, qorumaqla keçib. Amma çox zaman yaxın çevrənizdə kitaba ikinci dərəcəli bir şey kimi baxıblar, sonralar isə öz kitabınız nəşr olunub. Sizin şeirləri qavramaq çətindir, oxucudan hazırlıq tələb edir. Bu mənada sizin ilk kitabınıza ailədə münasibət necə oldu və indi necədir?
– Əslində, "Hamı” və "Heç kim” məfhumları kitabda fəlsəfi kateqoriyalar kimi götürülüb, buna görə də, qapaqda, diqqət yetirsəniz, hər iki məfhum böyük hərflə yazılıb. Kitab eyni adlı şeirlə açılır və cəmiyyətimizin laqeydlik üzərində qurulması faktoruna mətndə diqqət çəkilir: hamı bir-birindən guya hal-əhval tutsa da, bunu formal şəkildə edir, əslində, çoxları qarşı tərəfin halına yanmır, onun başından qalxan tüstünü görmür və ya görməzliyə vurur, ya da daha betəri yaşanır: rastlaşanların ikisi də "Necəsən?” sualını versə də, bunu cavablandırmadan bir-birindən uzaqlaşır. Sanki absurd bir oyun, bir pantomima oynanır və nədənsə heç kəs bunun məğzinə varmır, onu olduğu kimi qəbul edir. Sanki elə belə də olmalıymış...
Doğulub-böyüdüyüm ailədə şeirə-sənətə, sözə, kitaba maraq duyulmasına gələndə isə mərhum atam İlyas müəllim ixtisasca mühəndis olub, sonralar uzun illər şəhərimizdəki texnikumda dərs deyib. Onun bir neçə dildə xeyli kitabı vardı. Əsasən texniki yönlü olsalar da, ədəbiyyata aid kitabları da həm sevir-oxuyur, həm də toplayırdı. Ən təqdir olunası cəhəti isə o vaxt şəhərimizdəki yeganə və iri kitab mağazasına ayda bir kərə gedəndə, məni də mütləq özü ilə aparması idi. Mən də öz həvəs və zövqümə görə kitab seçməyi, ilk kiçik kitabxanamı formalaşdırmağı hələ o vaxtlar öyrənmişdim. Atam özü də kiçik və şux, həyat eşqi və zarafat dolu şeirlər yazırdı, qəhrəmanları isə ya iş yoldaşları olurdu, ya qonşular, ya da öz övladları.
İlk kitabım çıxanda hamıdan çox ata-anam sevinmişdi, nəslimizdə ilk kitab yazan adam mən idim və onları bununla hədsiz sevindirməmdən hələ də məmnunam. Sonrakı kitablarıma da sevinirdilər, ancaq öz pulumla çap etdirdiyimi bildikləri üçün onların həm də satışı ilə maraqlanırdılar ki, ziyanlıq-filan olmasın, çünki mən həm də ailə başçısı idim artıq, digər və vazkeçilməz xərclərim də var idi.
Son illər kitab satışlarının həcmi ciddi şəkildə azalıb və mən öz vəsaitimlə kitab nəşrinə, sən deyən girişmirəm. Üstəlik, kitabı həm yazmaq, həm redaktə-korrektə etmək, dizayn həllini tapmaq, onu mağazalara paylamaq və satışlarını nəzarətdə saxlamaq insandan böyük enerji tələb edir. Ən betəri də odur ki, satıcılar, mağazalar bu işdən müəllifin özündən daha çox qazanırlar, ya da həmişə buna cəhd göstərirlər. Beləcə, növbəti kitabın araya-ərsəyə gəlmə müddəti uzandıqca uzanır. Ömür isə hər şeyə rəğmən, yanımızdan yel kimi ötüb-keçir...
– Kitabınızdakı "Aşıq Qurbaniyə bir deyavu parodiya” şeirində epiqraf Ramiz Rövşəndəndir. Buradakı əlaqəni nə ilə izah edirsiniz?
– Bu, dünya ədəbiyyatında hələlik bənzəri olmayan bir mətndir. Xaricdə yaranan, dəbdə olan "magik realizm”, alternativ tarix, absurd teatr və bu kimi məfhumlara heyrətlənmək bizdə həmişə rəvacda olub və hamı əmindir ki, bir azərbaycanlı dünya ədəbiyyatında heç bir yenilik edə, ona indiyədək görünməmiş bir töhfə verə bilməz. "Deya vu” psixologiyada son dərəcə məşhur bir anlayışdır. Təsəvvürünüzə gətirin, siz yuxuda görürsünüz ki, hər hansı hadisənin iştirakçısına çevrilibsiniz və ayrı-ayrı təfərrüatları tam dəqiqliyi ilə görürsünüz və bunları, oyanandan sonra da bir müddət unutmursunuz. Yuxudan oyananda həmin hadisənin qeyri-mümkünlüyünə qərar verirsiniz və gördüyünüz röyanı unutmağa üstünlük verirsiniz. Lakin aradan bir müddət keçəndən sonra həmin hadisə birə-bir baş verir və bu gedişatdakı hansısa dəqiq məqam, detal sizə xatırladır ki, bütün bunları haradasa görübsünüz . "Deya vu” termini də fransızca məhz "Bir dəfə / Haçansa görmüşəm”, "Təkrar görürəm” mənalarına gəlməkdədir). Mən də R.Rövşənin məşhur şeirindəki – "Bu gələn yazın, – Sallanıb-yellənsəm budaqlarından” misrası ilə Aşıq Qurbaninin "Bənövşəni” rədifli qoşması arasında intertekstual bağ qurdum və aşığın yazı tərzini mənimsəməklə həmin qoşmanın oxşarını, o yazıbmış kimi və təzədən yaratdım. Bu zaman ilkin qoşmanın sonuncu "Heç yerdə görmədim düz bənövşəni” misrası ilə müasir şairimizin "Sallanıb-yellənsəm budaqlarından” misraları üzərində caz üslubunda bir improvizasiya elədim.
Adətən parodiya müasir qələm adamının öz müasirinin və ya özündən xeyli əvvəl yazıb-yaratmış bir yazarın əsərinə yazdığı nəzirə olur, bu zaman o, ilkin – orijinal əsərin üslubuna və dilinə xas ayrı-ayrı məqamları ya hədsiz qabartmaqla, ya da azaltmaqla gülüş effektinə nail olur, bunu şarja çevirir. Mənim etdiyim əsas yenilik isə o oldu ki, müasir şairin keçmişdəki şairə yox, əksinə, qədim müəllifin müasir şairə (!) nəzirə yazması üsulunu uyğun gördüm, yəni zamanlama baxımından tərs-parodiya yaratdım, anaxronizmə üstünlük verdim: sanki təxminən 450 il əvvəl yaşayan Aşıq Qurbaniyə Nostradamussayağı qeybdən əyan olubmuş ki, nə vaxtsa Ramiz Rövşən adlı bir şair olacaq və o, özünün bir sevgi şeirində "bu gələn yazın budaqlarından sallanıb-yellənmək” arzusunu dilə gətirəcək. Aşıq da öz məşhur şeirini hamıya məlum şəklində yox, başqa bir interpretasiyada qələmə alacaq. Məlum olacaq ki, bənövşənin boynunun bükük olması heç də onun ayrılıq çəkməsindən irəli gəlmirmiş, bu, şuluq şairlərin "güllərdən-budaqlardan sallanıb-yellənməsinin” labüd nəticəsi imiş.
– Şeirlərinizin sonundakı 1981, 1982, 1985 və sair illəri görəndə təəccübləndim. Çünki şeirlərdə səslənən fikirlər, deyim tərzi, poetik mətləb, üslub bizə məlum o çağla – şeirin sonunda göstərilən tarixlərlə çox da uyuşmur. O illərdə həmin şeirlər ədəbi mətbuata yol tapsaydı, məncə, indiki şeirimizin istiqaməti tamamilə başqa cür olardı, yaxud sizə atılan daşlar çoxdan "üyüdülüb yoxa çıxmışdı”. İstərdim bu yaradıcı gecikmədən, yaxud o dövrlərdə çap olunmaq, ən əsası, sizə o fikirləri yazdıran mühitiniz və həyatınız barədə ətraflı danışasınız.
– İlk kitabıma hətta 16 yaşda yazdığım bir şeiri də – "Həqiqət”i də salmışam. Amma tələbəlik illərimdə şeir yaradıcılığımda güclü bir təkan yaşadım, bəlkə də, bunun bir səbəbi ilk sevgi macəram oldu. Günüm kitabxanalarda və yaradıcılıq axtarışlarında keçirdi, həm rəssamlıq, həm memarlıq, həm də poeziya ilə paralel məşğul olurdum. İlk şeirim 1980-ci ildə "İnşaatçı” qəzetində çap olunub və bunun təşəbbüskarı sonradan milli-azadlıq hərəkatının əsas xadimlərindən biri Nəcəf Nəcəfov olub. Təsadüfən bizim fakültəyə gəlmişdi və yaxşı əl qabiliyyəti olan bir tələbə axtarırdı – memarlıq fakültəsinə onsuz da hamı rəsm-rəsmxətdən imtahan verərək girirdi. İki mümkün variantdan biri kimi mənim işimi bəyəndi, tanış olduq və sonradan dostlaşdıq. Əvvəlcə Nəcəf bəy tələbələr üçün qəzetdə hazırladığı səhifələr üçün karikaturalar çəkməyi mənə təklif elədi, sonra isə şeir və yumoreskalar yazdığımı öyrənəndə bunların da qəzetdə nəşrini uyğun gördü. İlk mətbu şeirim kitabda gedən "Gözlərimin günahı”dır. 18 yaşımda ikən şeirlərimi o vaxtın hədsiz sevilən şairi sayılan mərhum Nüsrət Kəsəmənliyə oxumağa verdim. O, dəftəri oxuyub bitirincə bildirdi ki, fərqli şeirlərin və üslubun var, bunlardan 2-3-nü "Azərbaycan gəncləri” qəzetində ön sözümlə çap etdirə bilərəm, amma özünə bir ədəbi təxəllüs tap, o "-ov” sonluqlu soyadla şeirə gəlməni sənə heç məsləhət görməzdim. Mən də getdim imza axtarmağa. O vaxtın çoxtirajlı qəzetlərindən sayılan "Bakı”ya da şeirlər təqdim eləmişdim. Müvafiq şöbənin müdiri bir neçə gün sonra mənə bildirdi ki, şeirlərini bəyəndim, amma bu şeirlərin önünə "lokomotiv” və ya "parovoz” şeirlər qoymaq lazımdır. Mən bunu deyərkən nəyi nəzərdə tutduğunu soruşanda, bildirdi ki, partiyaya, pambığa, neftə, ötən və növbəti qurultaya, 1 Maya, dünyada sülhə, kommunizmin qələbəsinə dair siyasi-ideoloji mövzulu şeirləri nəzərdə tuturam, elə mətnlərin varmı? Dedim ki, yoxdur. Dedi: "Onlardan təcili 3-5 dənə yaz gətir, 2-3 "podborka” – yığın, şeirini verək çapa”. Yenə getdim fikirləşməyə, hərçənd bəri başdan da bilirdim ki, o deyilən "sifarişli” şeirləri yazan deyiləm. İndiyədək yazmamışam, bundan sonra da yazmayacağam, məni olduğum kimi çap eləmirlərsə, gözüm aydın, heç eləməsinlər. O vaxt bir növ mətbuatdan küsdüm. Bir dəftərimi də oxuyub, rəy bildirməkdən ötrü şair Sabir Rüstəmxanlıya təqdim eləmişdim. O da demişdi ki, şeirlərində vətənpərvərlik və doğma yurda bağlılıq duyğuları yetərincə güclüdür, odur ki, onların çapını ləngitmə. Sonra milli-azadlıq hərəkatı başladı, SSRİ dağıldı və Qarabağ müharibəsi başladı. Şeir, ədəbiyyat davası digər davalarla müqayisədə ikinci plana keçdi.
– Minimalist şeirləriniz çoxdur. Onlar sanki həm də ardı gəlməyən, amma tam fikirlərdir. İstərdim sırf yaradıcılıq mətbəxinizə istinadən cavab verəsiniz ki, şeirdə "müxtəsər eləmək”, "kəsə demək” və lakonizm sizin üçün nədir?
– Minimalist şeirləri mən "qəfil başlayıb, qəfil bitən şeirlər” də adlandırıram. Həyat tərzimdə, məişətimdə də mən minimalistəm, aza qane olanam, şükürlüyəm. Məsələn, hələ də yazı masam həm də yemək masamdır, mənzilimdə nəhəng kitabxanamı yığacaq ayrıca iş otağım, kabinetim yoxdur. Bütün bu darısqallığın yaratdığı sıxıntılar barədə hətta ayrıca bir etiraf şeirim də var – "Kiçik şeirlər yazma səbəbim”. Orada deyirəm ki, yerim dar olduğundan mini-şeirlər yazıram, tablolar yox, miniatür rəsmlər və naxışlar çəkirəm, az qala "əynimə geyinib yaşadığım” ikiotaqlı o dar mənzildə hərdən xəyalımda göydələn layihələri cızdığımı isə ümumiyyətlə, dilimə gətirmirəm ki, birdən elə bilərlər, başıma hava-zad gəlib...
Ümumiyyətlə götürəndə, aforizmləri, pritçaları, hikmətli əhvalatları – hansı dinə, fəlsəfəyə, millətə aidiyyətindən asılı olmayaraq, ağlım kəsəndən sevmişəm, hələ də onları sevir və başqalarına da sevdirirəm. Dilimizə minlərlə belə mətn tərcümə etmişəm, bir neçə kitabda onları bir arada toplamışam. Bir xeyli hissəsi isə hələ də çapını gözləyir. Malın-pulun yox, məhz hikmətin bu dünyadakı ən böyük və qalıcı sərvət olduğundan tamamilə əminəm. Əgər mən də şeirlərimlə, aforizmlərimlə, pritçalarımla bu hər hansı sərhəd, dil, din, zaman və məkan məhdudiyyəti tanımayan sərvəti xalqım üçün azca da olsa, artıra bilmişəmsə, nə xoş mənim halıma! Qədim Şərqdə də deyirdilər ki, az sözlə çox məna ifadə eləmək – arif işidirsə, çox söz sadəcə... eşşək yüküdür.
– "Həyatın olan-qalan mənası”, "Qocalanda deyəcəklərim”, "İkinci ömürdən imtina”, "Məhşər intizarında” və s. bu tipli şeirlərinizdə həyatınızı bir itki kimi yaşadığınız görünür. Bilmirəm, bu şeirlər nə qədər avtobioqrafikdir, heç o yanına varmaya da bilərik, amma məsələ budur ki, siz bir şair kimi itkilərin həddən artıq fərqindəsiniz və o şeirləri yazdığınız illəri yaşınızla tutuşduranda mənzərə bir az da "qatılaşır”. İstərəm söhbətimiz sizin timsalınızda itki, onun ifadəsi və şeirləşməsi prosesinə yön alsın...
– Əslində, məna, məzmun verə, qazandıra bilmədiyimiz hər an ömrümüzün bir itkisidir, onun qopub düşən bir qəlpəsidir, heç vaxt bərpa olunmayacaq, geri qayıtmayacaq fürsətlər yığınıdır. Sadəcə yaradıcılıq sayəsində zamanı və məkanı geri qaytarmaq, döndərmək, biryönlü axını dəyişdirmək mümkündür. Elə buna görə də yaşa dolduqca yaradıcı insanın öz sevimli işinə-gücünə daha bol vaxt ayırması başa düşüləndir, məntiqlidir. Çünki bu yolla o, öz ömrünə ömür qatır, bir ömürdə bir neçə ömür yaşamağa imkan qazanır, özünü maksimum dərəcədə, daha dolğun şəkildə ifadə edə bilir. Adını çəkdiyiniz ilk şeir həyat haqda mənim pritçam, mifimdir. Gənclik çağımda yazdığım ikinci şeirdə isə mən qocalanda nə deyəcəklərimi təxmin edir, bir növ zaman çarxını böyük sürətlə fırladaraq, sanki gələcəyə, öz qocalığıma boylanıram. 3-cü şeirdə isə 16 yaşlı şair bütün dinlərin vəd elədiyi və bütün bəndələrin can atdığı ikinci ömürdən imtinaya cəhd edir, bundan ötrü ona bəxş olunan ilk ömürdə layiqli həyat yolu seçməyi arzulayır. "Məhşər intizarında” şeirimdə Qiyamət günü modelinin bir beyində yaşanması arzulanır, onun dərin qatlarında ən müxtəlif şəraitlərdə və sarsıntılar əsnasında itib-batan, qeybə qarışan orijinal fikirlərin, ideyaların, misilsiz ifadələrin, deyimlərin təkrar dirilərək onların sahibi qarşısında zühuruna ümid bəslənir.
Bir də adını çəkmədiyiniz "İtki” adlanan və sevilən bir şeirim var, onu ana tərəfdən nənəmə, çox sevdiyim Nazı nənəmə həsr eləmişəm. Məni əsgərliyə yola salandan 1-2 ay sonra o nəcib, əməlisaleh qadın rəhmətə getsə də, öldüyünü bir müddət məndən gizlətmişdilər. Mən də bunu gec öyrəndiyim üçün hədsiz sarsılmışdım – guya vaxtında bilsəydim, əlimdən nə isə gələcəkdi! – və o şeirdəki fikirlər də doğma bir insanın itkisiylə bağlı mənim Yaradana, həyatın məntiqinə ünvanladığım cavabsız suallardan yoğurulubdur.
– "Hamı və heç kim”də "Folklora hədiyyə” silsiləsi var, orada təcnis, cığalı təcnislər, bayatılar var. Oxudum, hər şey də yerli-yerində... Amma məsələ burasındadır ki, kitabın əvvəlindən oxuya-oxuya gələndə və o modern estetikaya köklənəndə, o şeirlərdən sonra isə "postmodern mətnlər” bölümünə adlayanda folklora münasibətinizi necə qiymətləndirim, düzü, bilmədim – keçilmiş uzanan yol kimi, ya ona ironiya kimi?
– 27 il ərzində yazdığım şeirlər toplanıb o kitabda. Bir çox şeir və poemalarımı isə o kitaba salmamışam. Fərqli üslubda, məzmunda və ovqatda mətnləri bir arada təqdim etməklə, əslində mən kitabın qapağına çıxartdığım "Bayatıdan postmodernə” devizimi təsdiqləmişəm. Demək istəmişəm ki, bir şair öz yaradıcılıq yolu boyu milli şeir sənətimizin ən müxtəlif şəkil və üslublarında özünü sınayıb, bunların çoxunda az-çox uğurlara imza atsa da, köhnəlmiş, zəmanə ilə ayaqlaşmayan mövzu və yazı tərzinə taxılıb qalmamalıdır. O, bu inkişaf yolunu meditativ şeirə – "Torpağın yuxusuymuşuq”, kubist şeirə – "Həndəsi edam”, qrafik poeziyaya – "Qrafik şeir”, "Ağlı-qaralı dünya”, – , dərin vizuallığa, ironik kədərə – "Kədər dağları”, "Hamı və Heç kim”, "Tanınmazlıq dərəcəsi”, "Ümidsizlik zülməti”, "Saatlar”, –freydist yozuma – "Birinci ağlıma gələn”–, dejavu parodiyaya, neorübaiyə, hiperbayatıya, neotəcnisə, horror-şeirə – "Təbəssüm missiyası”, "Horror-şeir” –, antiparodiyaya, intertekstual testə, palindroma, postmodernist analizə – "Nəsimi və Qarabağ konflikti” –, dekonstruksiyaya – "Tənhalıq balladası” və sair– , konseptuallığa – "Göyərçinlər”, "Vətən torpağı”, "Qaranlıqda pıçıltılar”, – sürrealizmə – "Totalitar rejim”, "Zolaqlı bumeranq”, "Suiqəsd”, "Eynəyin yuxusu”, – paradoksallığa – "Paradoks”, "Divar”, – sitatlarla düşünməyə – "Gözlərin zinası”, – heykəl-şeirə – "Ağac”, əşya və obyektlərin də ruh sahibi olduğuna – "Şüşə”, "Qul nərgizlər”, "Dəniz qeyrəti”, – yeni miflərə – "Hər səhər, hər gecə”, "Sirr”, "Uşaq kimi Tanrı”, "Gözlər”, "Ağaclar haqda əfsanə”, "Ölümün tərifi”, "Allah vergisi”, "Həyatın tərifi”, "Zülmət”,– oturuşmuş, klişe həqiqətlərin fərqli metaforalarla təqdiminə – "Sən kimsən?”, "Şərq üslubunda dəfn mərasimi”, "Mal yiyəsinə oxşamazsa”, "Şərqdə fikir azadlığı”, "Qəribə qoxusu var pulların”, "Hind bütü”, "Qədər və Qədr”, "Saat”, "Qızıl teşt”, "Xəstəlik tarixçəsi”, "Mənim sonum”, – standart görünən təlimatların fərqli aspektdə yozumuna – "Çiçəklərlə nəzakətli davranış qaydası”, "Öz yalanına özün inan”, – ölümsonrası həyatın varlığına inama – "Ölümdən sonra yazılan şeir”, – bir obyekti və ya olayı təsvir edərkən bir başqası ilə paralellər qurmağa – "Nisbilik”, "Kəpənək”, "Daşlar”, "Bir gülün və ya qadının tarixçəsi”, – pantomimaya – "Pantomimik şikayət”, "Qocalıq nişanəsi”, "Hamı və Heç kim”, – maddiliklə bağlı elmi qanunların mənəviyyat kontekstinə proyeksiyasına – "Materiyanın itməməsi qanunu”, şeirinə qədər davam da etdirə bilər. O, köhnəliklə, qıt düşüncə ilə barışmır, sözügedən yazı və özünüifadə texnikalarına yetərincə bələd olsa da, bunları məhdud sayır, odur ki, daim yeniliklərə can atır. "Folklora hədiyyə” başlığını seçəndə isə bunu bir mənada məşhur maarifçimiz Firudin bəy Köçərlinin "Balalara hədiyyə” dərsliyinin adına bənzətmişəm.
– Kitabda "Rübailər” bölümü var. Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz”ından izahla başlayır və deyim ki, olduqca maraqlı şərhdir, tamamlayıcı şəkillər də lap yerində verilib. İzah mətnində bu ilk rübainizi "Azərbaycan ədəbiyyatında ilk konkret poeziya nümunəsi” adlandırırsınız. "Konkret poeziya” deyəndə nəyi nəzərdə tutursunuz?
– Hələ 1987-ci ildə Moskvada çıxan nüfuzlu "Kuryer YUNESKO” jurnalında Braziliya şairi, nasiri və publisisti Severo Sarduyun "Konkret poeziya” adlı məqaləsini oxumuşdum. Mənim sənətə fərqli və bir neçə sənətin sintezi paradiqmasından yanaşmalarıma uyduğu üçün hətta o mətni dilimizə də çevirmişdim. Sonralar, 90-cı illərin əvvəllərində o yazını digər sənət manifestləri ilə birgə "Yol” ədəbiyyat qəzetində çap etdirmişdim. Konkret poeziya – şeirlə qrafik təsvir və simvolların qarşılıqlı sintezi, bir-birini tamamlaması üzərində qurulan bir ifadə üslubudur. Həmin rübaiyə bir illüstrasiya kimi çəkdiyim dörd ünsürlü naxış kompozisiyası əslində, ayrıca bir rəsm əsəri kimi də sərgilənə bilər, halbuki rübai ilə birgə təqdim olunanda ondakı gizli məna, kontekst özünü daha aşkar büruzə verir.
Sayca 14-cü rübaimə çəkdiyim qrafik rəsmdə mən bitişərək qapalı dairə – tarazlıq, balans – yaradan, iç-içə qoşa butanı xatırladan məşhur İn-Yan halqasını dekonstruksiyaya uğratmışam: minilliklər boyu həmin məlum və məşhur fiqura bu cür fərqli yanaşma nədənsə heç kimin ağlına gəlməyibmiş. Mən o butalardan birini adi spiral kimi açaraq, avtomatik şəkildə digərinin də davamına, hərəkətə gəlməsinə nail olmuşam. Bu zaman ondakı ilkin tarazlıq yenə də qorunur və bu, Xeyir – Şər, İşıq – Zülmət, Kişi – Qadın, Göy – Yer və sair kontekstində öz dualist, binar varlığını davam etdirir. Mən bunun həm şeirlə, həm də qrafik baxımdan izahına cəhd eləmişəm. Bu da konkret poeziyanın ədəbiyyatımızdakı daha bir nümunəsidir və onu qara kağızda – fonda yox, məhz ağ fonda işləməyim – mənim həyata nikbin baxmamın, yanaşmamın sübutudur.
"Kalliqrafik profil” adlanan mətnimdə isə mən hərflər, hərf birləşmələri və hecalar vasitəsiylə insan üzünün təsvirinə çalışmışam. Maraqlı məqam da odur ki, dilin işarələr sisteminin ixtiyari işarələr yığını olduğu fikri Nəiminin, Nəsiminin hürufizmindən tutmuş ta İsveçrə alimi Ferdinand de Sössürə qədər uzanan geniş tarixi dönəmdə qüvvədə tutulub, qalıb və öz keçərliliyini qoruyubdur. Yeri gəlmişkən, o profili formalaşdıran, şəkilləndirən ərəb hərfləri isə mənim öz ad və soyadımdakı hərflərdir.
– Sizin şeirlərinizdə ölüm mövzusu çox işlənir, amma bu bizim poeziyamıza xas əlamətli ölüm anlayışı deyil, yəni ölümün faciəsini yox, sonrasını – başqa həyatdan ona baxaraq – canlandırırsınız. "Ölümdən sonra yazılan şeir”, "Sirr”, "Avtomobil qəzası”, "İtki”, "Vaxtsız ölüm” və sair şeirlərinizdən belə təəssürat yaranır. Sanki ölüm sizə qorxu mənbəyi kimi yox, bir akt, bir hadisə kimi maraqlıdır...
– Xristianlıq və İslam dinlərindəki axirət vədi, Uzaq Şərq dinlərindəki reinkarnasiya – tənasüh – fəlsəfəsi də buna bir növ əsas verir. Müasir elmi nailiyyətlər də dəfələrlə sübuta yetirib ki, ölüm – insan varlığında son nöqtə, geriyə dönüşsüz bir proses deyildir, sadəcə ruhun inkişafında keçilməsi vacib bir mərhələdir. Maddi baxımdan, yəni materiya və bədən şəklindəki canlılıq, varlıq da özü-özlüyündə hələ hər şey demək deyil, çünki həyatda gördüyümüz minlərlə insan var ki, gen-bol və qayğısız yaşamasına rəğmən, heç nədən həzz ala bilmir, heç bir nəcib əməlin sahibi deyil, dünyada işığın, xeyirxahlığın yox, məhz zülmün, dərdin, zülmətin artmasına bir vəsilədir, haqqı addımbaşı nahaqqın ayağına verir və bu mənada elə sağlığında da ölü kimi bir şeydir... Bu mövzuda yazdığım şeirlərlə əslində, mən belə naqislərə və mərdimazarlara, nəfsinin əsirinə çevrilənlərə, şeytanı hər an sevindirənlərə səslənirəm.
– Elə şeirlər var ki, onların ardının olmayacağı əvvəlcədən bilinir. Yəni, o şeirlər bir müddət sonra sanki özü-özünü tükədir. Bu mənada sizin yazdığınız şeirlər, sizcə, hara qədər gedə bilər, yəni şeirinizin yolunu nə dərəcədə davamlı hesab edirsiniz?
– Hər hansı mövzuda yazılan şeirin ardının, davamının olmaması o zaman baş verir ki, yaradıcı insan onunla bağlı bütün yanaşmalarını ortaya qoyur, bir növ ürəyini, içini boşaldır və eyni mövzunu fərqli rakurslardan işləmə ehtimalı sıfırlanır, həmin mövzu artıq onu narahat eləmir, düşündürmür və bu üzdən o, başqa mövzulara müraciəti uyğun görür. Bunları deyərkən, impressionist rəssamlardan Van Qoqun əkin tarlaları və kartofyığanları, Edqar Deqanın balerinalarla bağlı tablolar silsiləsi, yaxud dünya kinematoqrafiyasında "Rembo”, "Rokko”, "Terminator”, "Rəcəb İvedik” və sair filmlərin rəqəmlərlə –1, 2, 3, 4... – bir-birindən ayrılan hissələri gəlir yadıma. Məni də düşündürən, narahat edən müəyyən mövzular var ki, onlara dönə-dönə qayıdır, əvvəlkilərlə müqayisədə sezdiyim fərqli məqamlara işıq salmağı sevirəm. Məsələn, "Vətən torpağı” və "Vətən torpağı – 2” belə şeirlərdir. Əslinə qalanda, "Araz” da, "Yerini bilmədiyimiz Vətən” də, "Dünya türkləri üçün təsəlli türküsü” də dolayısıyla həmin şeirlərdəki ana xəttin daşıyıcısıdır. Bütün bunlar Azərbaycan xalqının və doğma yurdumuzun uzaq keçmişi, dünəni, bu günü və sabahı ilə bağlı daxili narahatlıqlarımdan qaynaqlanır. Hər bir sənətin və sənətkarın başlıca missiyası – zamanın və məkanın fövqünə yüksəlməkdir, bunlara sığmamaqdır. Vətən – məkan, – saatlar – zaman, dörd ünsür – od, torpaq, hava, su – və metro – yeraltı dünya –ilə bağlı şeirlərimi, o cümlədən bütövlükdə "Maddə və Ruh” silsiləsini buna misal göstərə bilərəm. Yaradıcı, kreativ düşünə bildiyim müddətcə isə şeirimin də yaşayacağına, davam edəcəyinə ümidlər bəsləyirəm.
– Qarabağ haqqında yazdığınız şeirlər daha çox əsgərlərin dilindəndir. Məsələn, "Materiyanın itməməsi qanunu”, "Haramın haramla çıxması” və s. Qarabağ savaşı haqqında bizdə daha çox ümumu məzmunlu şeirlər yazırlar, siz isə birinci şəxsin dilindən. Müharibə motivlərini şəxsləşdirməyiniz nə ilə bağlıdır?
– O şeirlərin hamısı olmuş, yaşanmış əhvalatlara, ayrı-ayrı döyüş epizodlarına söykənir, həm qanlı dava dövründə, həm də sonralar müharibə iştirakçısı olan dost, yoldaş və yad insanların xatirələrini əhatə edir. Hələ bir xeyli də yazmadıqlarım var. "Göz yaşına dönmüş səs” şeirim isə hələ də düşmən əsirliyində qalan, qocalan-qarıyan, bir gün qurtulacaqlarını gözləyən vətəndaşlarımız barədədir. Son vaxtlar cəmiyyətimizdə sülh çağırışları səsləndirən kəslər o əsirlərin varlığını, zillətini, onilliklər boyu çəkdikləri işgəncələri əsla unutmamalıdırlar. Onların geri qaytarılmasından nədənsə heç kim söz etmir...
Dəqiq elmlərə maddiyyata aid bir qanunun mənəviyyat – ruh üçün keçərsiz olduğunu isbat eləməyə çalışmışam "Materiyanın itməməsi qanunu”nda. Bu – postmodernist bir gedişdir. Əgər həmin şeirdə düşmənin ölüsoyanlığına diqqət çəkilirsə, "Haramın haramla çıxması”nda da bizimkilərin qənimətçilik həvəsi pislənir: burada mən onlara yadelli işğalçılarla bu mübarizənin daha yüksək ideallar, Vətənin ərazi bütövlüyü uğrunda aparıldığını xatırlatmaq istəmişəm. Elə bizim düşməndən fərqimiz də bundadır: biz o torpaqların daimi sahibiyik, onlar isə – işğalçı. Tarix boyu bütün müharibələrdə qəddarlıq və talançılıq faktları olub, bunlar adi hal sayılır. Təhkiyənin birinci şəxsin dilindən verilməsi isə onların yaşanmışlığını, səmimiliyini artırmaqdan ötrüdür. "Birinci Qarabağ savaşı” şeirimdə də alınacaq qisasın, revanşın Qiyamətə qalmamağına vurğu var. Sizin adını çəkdiyiniz hər iki mətn, əslində, ölənlərin, şəhid düşənlərin dilindən oxucuya çatdırılır və birinci şeirin başlığında hətta buna dair ayrıca qeyd də var – "bir şəhid ruhunun anlatdıqları”.
– Detalçılığa getmək istəməzdim, amma nədənsə bu məsələnin üstündən adlaya bilmədim. "Qürbət eldə can incələr” şeirinizdə bir misra var – "Qəddim Məcnun söyüddüsə”. "Məcnunu hansı ağaca bənzədərdin” sualını mənə versəydilər, çox düşünərdim. Amma sizin həmin misradan sonra o suala veriləsi cavabım var. İstərdim siz Məcnunu söyüd nəzərində görməyinizi onun obrazı ilə müqayisədə əsaslandırasınız...
– Adətən, o şairanə ağacı "salxım söyüd” adlandırırlar. Mənə isə həmişə elə gəlib ki, o ağacın sallanıb-yellənən qol-budaqları eşqi ucbatından çöllərə düşən Məcnunun saçlarıdır – axı, Məcnun eşqə hədsiz dərəcədə kilidləndiyindən öz zahiri görkəminin qeydinə qalmır. Həm də o salxım söyüdlərin adətən və nədənsə qəddi bükülü olur. O ağacın şairanə təsvirlərinə dahi rəngkarımız Səttar Bəhlulzadənin tablolarında vaxtaşırı rast gəlirik. Füzuli yaradıcılığının böyük pərəstişkarı sayılan Səttar özü də Azərbaycan təbiətinin, təsviri sənətinin bir mənada Məcnunu idi – ifadə sənətşünas Ziyadxan Əliyevindir – və təsadüfi deyil ki, özünün uzun və daim pərişan, dağınıq saçları ilə həm o salxım söyüdləri, həm də Məcnunu bizlərə xatırladırdı. Bu mənada o bənzərsiz ağacı mən tam arxayınlıqla "Səttar söyüdü” də adlandıra bilərdim.
– Elə şairlər var ki, onlar impulsverən şairlərdir. Siz hansı şairin şeirlərini oxuyanda yazmaq istəyirsiniz?
– Uzun illər ərzində bir çox gənc yazarlar etiraf ediblər ki, mənim şeirlərimdən xoş, yaradıcı impulslar alıblar, hətta ayrı-ayrı şeirlərimi əzbərdən mənə oxuyublar da. Bu, mənim üçün xoş bir etirafdır. Səmimi etiraf etməyənlərin isə yazı tərzlərindən, işlədikləri oxşar mövzulardan bunu sezmişəm. Bütün dövrlərdə yaradıcılığın başlıca qayəsi – insanlara bəlli bir ovqatı aşılamaq, onlara həyat eşqi, yaratmaq şövqü bəxş eləmək olub. Bizim poeziyada ən çox sevdiyim üç şair var – Nəsimi, Sabir və Müşfiq. Onlar mənə həmişə fərqli görünməyi bacaran ustadlardır. Türk dünyasının ən böyük və həmişə diri dühası isə məncə, Molla Nəsrəddindir. Hərçənd ədəbi zövqümün formalaşmasında türk, yapon, fransız, Amerika və almandilli yazarların da təsiri danılmazdır.
– Şeirlərinizdə çoxsaylı, paralel müqayisələr var. Məsələn, "Qəribə qoxusu var pulların” şeirində deyilir ki, pul qazanmaq üçü,n adətən, tər axıdılır və bu, zəhmətkeşin də alnından axır, yaxalanmaqdan qorxan oğrunun kürəyindən də. Yaxud pulun qoxusundan söz edilir: o, həm kir qoxusunu xatırladır, həm də boğulmaqda olan haqqın ağzına dürtüldüyündən qan qoxusunu. Pul gah əskiyə bənzədilir, gah da onun buyruq qulu kimi şamşax ortada gəzib-dolaşmaqla, insanları aradan götürməsinə diqqət çəkilir və sair. Şeirlərinizdə həqiqətə müqayisəli, çoxtərəfli yanaşmaq ehtiyacınızın kökündə nə dayanır?
– 1991-ci ildə yazdığım səmimi etiraf xarakterli "Belə danışıb-gülməyimə baxmayın” adlı şeirimdəki sonuncu bölüm, məncə, bu sualınızı tam mənada cavablandırır:

Gördüyünüz hələ mən deyiləm,
çox görməyin danışıb-gülməyimi mənə
bilməzsiniz hər halda
necə çətin olur
ağlamalı ikən gülmək.


"Tanınmazlıq dərəcəsi” (1999) şeirim də bənzər temadadır:

Ofisdə
pəncərəmdən görünən
baxışdığım, tapışdığım, dərdləşdiyim
bu gəncəcik fidanlar və köçəri buludlar qədər belə
tanımadı məni həyatda
neçə illik köhnə iş yoldaşlarım.


Bu şeiri yazandan illər sonra öyrəndim ki, eyni əhvalı, yəni "tanınmazlıq dərəcəsi”ni bəzi türk, ingilis şairləri də yaşayıblar: xatirələrindən öyrəndim ki, onilliklər boyu hansısa nazirlikdə və ya ofisdə işləsələr də, iş yoldaşları onların bir yazar, bir ruh və sənət adamı olduğunun fərqinə əsla varmayıblar. Əslində, bəlkə də, belə olması daha məsləhətlidir, çünki yan-yörəndəkilərin yeri düşdü-düşmədi, bəzən də məzələnərək səni "şair” adlandırması xoş bir şey sayılmaz. Həm də məhz belə davrananlar nə sənin yazdıqlarını oxuyub, bir qiymət verərlər, nə də oxusalar belə, gizli ruhunu duyarlar. Bu barədə yazdığım "Divar” şeiri, məncə, çox mətləbləri özündə əks etdirir. Özünə, içinə qapılan qapı günlərin bir günü dönüb, artıq divar olur, yəni heç kimə açılmır. Burada da kafkavarı, butsativarı bir məzmun çevrilməsinə vurğu var.
"Qəribə qoxusu var pulların” şeirimdə də mən pulun ,əslində, göründüyü kimi bir şey olmadığına, fərqli situasiyalarda dəyişik funksionallıq qazandığına diqqəti çəkmişəm və şeir də epiqrafdakı "Xoşbəxtlik pulda deyilsə, onu qonşunuza verin” – Jül Renar – fikrini məhz "çürütməklə” bitir:

Nə qədər üzü pis olsa da
insanın bu ucuz vaxtında
xoşbəxtlik hələ ki puldadır həm də.
Odur ki, pul kisənizin ağzını açıb
yoldan ötənə paylamayın –
hələ üstəlik taleyiniz sınıqsa,
tavanınızdan damırsa,
ümidləriniz corablarınız kimi yamaq-yamaqsa,
çaşıb küyə gedərsiniz,
bilməyənlər qoy bilsin –
çox baməzə kişi olub
Jül Renar. (1991)

– "Hamı və heç kim” kitabınızda "Əflatun eşqi” silsiləsi də yer alıb. Bu bölmədəki şeirlər uzaq illərdə yazılıb və həmin poetik nümunələrdə elə o dövrün ovqatı da görünür. Sizdə zamanla lirizmi sosial düşüncə, romantizmi isə acı reallıq və posmodern ironiya əvəz edib sanki. Hər halda şeirinizin təkamül yolu mətnlərinizin altındakı tarixlərə nəzər salanda mənə belə göründü. Amma sualım ondan ibarətdir ki,”Əflatun eşqi” bölməsindəki şeirləri yazanda sizin üçün şeirdə vacib olan nə idi? Sonradan sizin düşüncələrinizdə və onların ifadəsində nələr dəyişdi?
– Həmin silsilədəki şeirlər əsasən tələbəlik dövrümdə yazılıb, 1978-ci ildən ta 80-ci illərin ortalarına qədər. Bir dənə də 1994-cü ilin şeiri var aralarında. Sözügedən şeirlərdə güclü hissiyyat, metaforalar, əsasən ənənəyə bağlılıq və sevgi tematikası var – fərq etməz, ana sevgisi, yar sevgisi, platonik sevgi – "Əflatun eşqi”, – və sair. Həmin şeirlərdə ənənəvi üslubdan qopma tendensiyası və ikiqütblülük var artıq – ya sıçrayış edib, öz fərdi üslubunu yaradacaqsan, ya də ənənənin isti, alışılmış qanadları altına sığınıb, xoşhallanacaqsan, sıradan bir şair olub-gedəcəksən, orijinallıq iddiandan da həmişəlik vaz keçəcəksən. "Qaranlıqda pıçıltılar”, "Dəniz qeyrəti”, "Qocalıq nişanəsi”, "Xəstəlik tarixçəsi”, "Səni görmək” və "Kitabxanada” məhz belə, fərqli estetikalı şeirlərdir. Sonradan həm öz həyatımda, həm nəhəng ölkənin (imperiyanın) həyatında görünməmiş dəyişikliklər meydana çıxdı, milli-azadlıq hərəkatı baş qaldırdı, ərazi iddiaları, ərzaq və iş sıxıntısı, itkilər, ölümlərin adiləşməsi, Qarabağ müharibəsi, ailə həyatım, övladlarımın dünyaya gəlməsi, Rusiyaya işləməyə getməyim, uzun illər öz əzizlərimdən, dostlarımdan, kitablarımdan və rəsmlərimdən uzaq düşməm istər-istəməz mənə daxili bir sarsıntı, yenilənmə yaşatdı, dünyaya və insana fərqli baxışlar sistemim yarandı. Qəflətən sosializmdən keçid dövrünün boşluğuna düşdük, sonra isə yarı feodalizmə, yarı quldarlığa bənzər yırtıcı kapitalizmlə üz-üzə qaldıq, Sovet dövründə məktəbdə, institutda öyrəndiyimiz inkişaf qanunauyğunluqları sanki bir xəyala, yuxuya döndü, gərəksizləşdi, əl atıb tutacaq heç nə tapmadıq. Əsl ekzistensial böhran yaşadıq. Dünənə qədər dialektik inkişafa və materializmə söykənən, kommunizm cəmiyyəti qurmaq xülyası ilə bağlı hakim ideologiyanın yerini onun tam ziddi sayılan millətçiliyin və dinin müddəaları tutdu, bunların təbliği gücləndi. Yetmiş il boyu insanlara və dünyaya aşılanan dəyərlər, kultlar, şəxsiyyətlər yerlə-yeksan oldu, hamısı ləkəli, şübhəli, gərəksiz görünməyə başladı, onlardakı ülvilikdən, xoş niyyətdən heç bir əsər-əlamət qalmadı. Açılan arxivlər heç nəyin əslində göründüyü kimi olmadığını ortaya qoydu. Heç siyasətə qoşulmasa belə, ziyalılar həm fəal vətəndaş mövqeyi sərgiləməyə, həm də ətrafında baş verənlərə sağlam düşüncə ilə münasibət bildirməyə məcbur idilər. Onca çətinliyə rəğmən, biz yenə də insan simamızı qoruya bildik, halbuki minlərlə insan o nəhəng miqyaslı hadisələrin axarında, dəyirmanında əridi, ovuldu, məhv olub-getdi. Çox şükür, xalqımızın əziyyətləri də itmədi, müstəqil dövlətimizi qurduq. Hərçənd bu müstəqilliyi də sözdə yox, məhz işdə, əməldə, reallıqda təsdiqləməkdən ötrü hələ çox işlər görməliyik. Bundan ötrü isə geniş həyat təcrübəsinə və dünyagörüşünə malik, zəmanə ilə ayaqlaşa bilən, zamanın sınağından çıxdığı üçün onun nəbzini tutan, eqoist və acgöz yox, məhz vətənpərvər insanlara, ölkədə geniş imkanlar tanınmalıdır.

Söhbətləşdi: Fərid Hüseyn

banner

Oxşar Xəbərlər