• cümə, 26 Aprel, 16:00
  • Baku Bakı 23°C

Çörək bahalaşanda söz ucuzlaşır

17.05.14 12:04 2119
Çörək bahalaşanda söz ucuzlaşır
Xalq Şairi Sabir Rüstəmxanlı "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şeir kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir. Bu günlərdə (20 may) Sabir müəllimin doğum günüdür, onu qəzetimiz adından təbrik edir, uzun ömür can sağlığı arzulayırıq. Doğum günü ərəfəsində Sabir müəllimlə görüşüb geniş ədəbiyyat söhbəti etdik.
– Gənclik illərində məlum-məşhur sevgi şeirlərini yazanda ağlınıza gələrdimi bir vaxtlar ictimai məzmunlu şeirlər yazacaqsınız?
– İlk şeirlərimi dostlarıma, əzizlərimə məktub kimi yazırdım. Onlardan bəziləri vətən müraciətlə qələmə alınıb. Doğulduğum rayon sərhəddə yerləşir, uşaqlıqdan xalqımızın ikiyə bölünməsi, parçalanmağımız məni incidirdi. O dövrdə vətənpərvər duyğular daha canlıydı, və ictimai məzmunlu şeirlərə maraq daha çox idi. İlk şeirimi V sinifdə oxuyanda yazmışam, ədəbiyyat müəlliməm də şeir həvəskarı idi, o bizi söz sənətini sevdirə bilmişdi. İlk şeirlərim sevgi şeirləri olsa da onları üzə çıxarmırdım, çünki bizim tərəflərdə sevgi münasibətləri orta əsrlərin patriarxal adətə-ənənələrinə çox bənzəyirdi, orda insanın öz sevgi hisslərini, duyğularını bütün çılpaqlığı ilə üzə çıxarması çox da yaxşı qarşılanmır. Onu da deyim ki, vətən şeirlərimlə sevgi şeirlərim arasında çox qəribə bağlılıq var. Onlar sanki bir-birinin içindən keçib gəlib. Gənc yaşlarımdan sosial həyata can atan şair idim, ona görə də ilk kitabımın ilk şeiri vətən haqqında idi. Həmişə ictimai məzmunlu şeirlər yazmağa daha çox üstünlük vermişəm.
– Sizcə, milli azadlıq hərəkatı zamanı yaranan çağırış ruhlu şeirlərin ədəbiyyatda ömrü niyə uzun olmadı, yəni ardıclılarınız yetişmədi?
– Ötən əsrin 60-70-ci illərində auditoriyalarda sevgi şeirləri oxuyanda alqış səslərindən qulaq tutulurdu, 70-ci illərin sonu və 80-ci illərdə isə ictimai məzmunlu şeirlərə, insanlar saatlarla qulaq asıb alqışlayırdılar. Görünür, bu da dünyada və ölkədə gedən ictimai-siyasi proseslərin nəticəsində idi. Cəmiyyətdə uzun illər vətəndaşlıq poeziyasına qarşı olan aclıq vardı. SSRİ uzun illər ictimai fikrə qarşı repressiya siyasəti aparmışdı və şairlər xalq ruhunun ifadəçisinə çevrilə bilməmişdilər. 80-cı illərdə isə ədəbiyyat xalqın ehtiras ruhunun ifadəçisi oldu, bölünmüş Azərbaycanın taleyini əks etdirmək, bütövlük ideyalımız, milli kökümüzə qayıdış insanlar üçün çox maraqlı idi. O dövr ədəbiyyata gələn gənclik bizim təsirimizlə yazıb-yaradırdı. Müstəqillik dövründən sonra yeni dəyərlər meydana gəldi. Ədəbiyyatın ictimai qanadı zəiflədi, çünki müvəqqəti də olsa məğlub durumdayıq, coşqu ruhumuz zəifləyib. İdeyalar reallaşandan sonra sükut dövrü olur. Yəni bizim ictimai ruhlu şeirlərimizin əsas qayəsi müstəqilliyimiz idi, bu gün o arzumuza çatmışıq, ideyalarımız reallaşıb. İctimai ruhlu şeirlərin, vətəndaşlıq poeziyasının dövrü nə vaxtsa yenə qayıdacaq.
– Sovet dövründə poeziyaya İlahi vəhy kimi baxırdılar, müasir insanı şeirin, ədəbiyyatın gücü ilə ələ almaq, yenə onları saatlarla meydanda saxlamaq mümkündürmü?
– Bəzən deyirlər ki, şeir ölüb, ancaq bu doğru fikir deyil. Şeirin ölməsi həyatın sonu deməkdir. Çünki şeir ruhdur, insan ruhsuz yaşaya bilərsə, onda şeirsiz də yaşayar. Ruhun ifadələrçilərindən biri də poeziyadır. İnsanın zahiri dünyası foto-aparat çəkirsə, daxili aləmini də poeziya əks etdirir. Bu gün şeirin əvvəlki coşquyla qarşılanmaması poeziyanın tamamilə zəifləməsi demək deyil. İndi internetdə yayılan yaxşı şeir 5000 oxucunu özünə bağlayır, yayılır, daha məşhur olur. Bu mənada şeir öz qüdrətini itirməyib. Buna görə də, ədəbiyyatın, şeirin taleyindən narahat deyiləm. Elektron kitabların olması, heç də kağız kitabların çapını azaltmayıb, bəlkə də artırıb.
– Viktor Hüqo, Herman Hesse, Xorxe Luis Borxes kimi böyük ədəbiyyat adamları şeirlər yazsalar da, daha çox nasir kimi tanınmırlar, poetik yaradıcılıqları həmişə kölgədə qalır. Siz də bir neçə janrda yazırsınız. Müxtəlif janrlarda eyni güclə uğurlu əsərlər yazmaq olarmı? Özünüzü nasir, şair, yoxsa publisist hesab edirsiniz?
– Puşkin Rusiyanın böyük şairidir, ancaq xarici ölkələrdə onu nasir kimi tanıyırlar, yaxud Taqor nasir olsa da, “Nobel” mükafatını mənsur şeirlərinə görə alıb. Belə faktlar dünya ədəbiyyatında çoxdur. Mənimçün janr əsas göstərici deyil, əsas meyarım demək istədiklərimi oxuculara çatdırmaqdır. Əgər səsim olsaydı, demək istədiklərimi ifa edə bilsəydim, heç yazmazdım. Yəni, özümü ifadə etmək mənimçün birinci qayədir. Mən şeiri uşaqlıqdan çox asan yazırdım. Nəsr isə həmişə mənə çətin gəlib. Bəlkə də mən daha çox publisistəm. Ancaq özümü həmişə şair hesab etmişəm.
– Dosteyevski “İncil”lə bağlı bütün digər əsərlərindəki düşüncələrini “Karmazov qardaşları”nda icmallaşdırdı, yaxud Cerom Selincer “Çovdarlıqda uçurumdan qoruyan”ı yazaraq o vaxta qədər silsilə hekayələrinin ideyalarını bir yerə cəmlədi. Bu mənada, deyirlər ki, hər yazarın əsas bir kitabı olur. Sizcə, sizin bütün yaradıcılığınız “Ömür kitab”ından ibarət deyilmi?
– “Ömür kitabı” nəsrə keçməyimdə böyük rol oynayıb. O kitab ermənilərin, rusların bizə qarşı etdiklərinə, yazdıqlarına, o dövrdə baş verənlərə bir cavab kimi yazılmışdı. Həmin kitab Azərbaycan mənəvi ruhu haqqında ana kitabımdır. “Xətai yurdu” kitabı da “Ömür kitabı”nın ardıdır. İnsan öz taleyində bütün xalqının tarixini təzədən yaşayır, bu mənada, bütün yazdıqlarım öz ömür kitabımdan ibarətdir.
– Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli və Çingiz Əlioğlu – bir vaxtların məşhur ədəbi üçlüyü. İstərdim bu dostluq haqqında danışasınız.
– Bizim aramızda qeyri-adi dostluq-qardaşlıq münasibətləri vardı. Bu münasibətlər o vaxt Yazıçılar Birliyində bir nağıla, əfsanəyə çevrilmişdi. Nüsrətlə mən “Komsomol” mükafatı almışdıq. Mərkəzi Komitənin katibi Həsən Həsənovla Şuşada səfər vaxtı söhbət edirdik, dedi sənə “Komsomol” mükafatı vermək istəyirik, ancaq dostun Nüsrət də bu mükafata kitabını təqdim edib, bu məsələyə necə baxırsan? Dedim kitabım o mükafata layiqdir, layiq görülməsəm inciyərəm, ancaq dostum da mükafata əsər təqdim edib, o da qiymətləndirilməsə bu məni incidər. Əgər mümkündürsə bir mükafatı bölün, ikimizə verin. Yəni biz belə dost idik. Biz bir-birimizdən köməyimizi heç zaman əsirgəməmişik.
Bir əhvalat da danışım. Bir dəfə oğlum zəng eləyib dedi ki, Nüsrət əmi avtomobil qəzasında ölüb. Bu xəbərdən keyləşdim, az qaldım ağlımı itirəm, qeyri-ixtiyari Nüsrətə zəng vurdum. Qəribədir, ölən adama da heç zəng vurarlar? Nüsrət telefonu açdı, dedim Nüsrət bu nə xəbərdir? Dedi o dünyanı görüb gəldim, maşın çox əzilib, özüm şükür salamatam. “Qəbələ” restoranında görüşüb həmin günü – dostumun qəzadan salamat çıxmasını qeyd etdik, yeyib-içdik. Nüsrət dedi ki, fərz elə ölmüşəm, sən də təbii ki, ən yaxın dostum kimi qəbrimin üstündə nə deyə bilərsənsə indi de. Mən də zarafata onun ölümünə bir sağlıq dedim. Bir müddət sonra Nüsrət vəfat etdi, bununla da dostluq həlqəsinin bir zənciri qırıldı. Həyat hərəmizi bir tərəfə atdı. Nüsrət daha çox lirik, Çingiz fəlsəfi, mənsə ictimai şeirlər yazırdım. Hər birimiz ayrı ruhda yazırdıq deyə, ədəbi görüşlərdə ümumi ab-hava yaradırdıq. O günlər heç vaxt yaddan çıxmayacaq.
– “Yaradıcılıq susqunluğu” deyilən bir proses var. Ancaq milli ədəbiyyatımızda bu prosesi keçən çox az adam var, demək olar ki, hamı son nəfəsinəcən yazır. Kəmiyyətin keyfiyyətə aşkar təsiri də görünür. Sizcə, bizim yaradıcı insanlar niyə kənara çəkilə bilmirlər?
– Yazıçıların yorğunluğu daha çox kitaba olan münasibətdən irəli gəlir. Yazıçı görəndə ki, söz dəyərdən düşüb, oxucu yoxdur onda yazıçı susmalı olur. Bizim də susan, çəkilən yazıçılarımız olub. Məsələn, Ənvər Məmmədxanlı uzun illər yazmadı. Ancaq xalqın indiki durumunda, məncə, əsl ziyalı yazıçı geri durmamlı, bacardığını əsirgəməməlidir.
– Müstəqillik dövründə Azərbaycan ədəbiyyatında, sizcə, hansı uğurlar və geriləmələr oldu və siz bugünkü ədəbiyyatı necə görmək istərdiniz?
– Ədəbiyyatda geriləmə deyilən bir şey yoxdur. Bu gün çox maraqlı əsərlər yazılır. Artıq ədəbiyyat meydanlardan insan içinə gömülüb, bu da bir ayrı yaradıcılıq ruhudur. Ədəbiyyatımız yeni axtarış dövrü başlayıb. Epik poeziyanın genişlənməsi faktı müşayiət olunur. Hər dövrü öz reallığına uyğun qəbul etmək lazımdır. Ancaq bəzən görürsən ki, nəsillərin bir-birinə ötürdüyü adət-ənənələri, milli dəyərləri söyürlər, gözdən salırlar onda bir ziyalı kimi çox narahat oluram.
– Niyə həqiqəti demək bir ürəyi soyudur, min ürəyisə qorxuya salır? Bugünkü dünyada, sizcə, həqiqət kimə lazımdır?
– Çörək bahalaşanda söz ucuzlaşır. İnsanın insanlığın ən böyük sərvəti sözdür. Bu günsə dünyada kapitalla söz arasında mübarizə gedir. Kimin ki, mənəvi dünyası kasaddır, onlar ədəbiyyata qısqanclıqla yanaşırlar. Məclislərdə cəsarətli şeir oxuyanda mənim əvəzimə qorxan, titrəyən adamlar görmüşəm. Kim ki, halal insan deyil, ona həqiqət keçilməz imtahandır, bu gün həqiqət naminə imtahan oluna biləsi adamların sayı çox deyil. İndi heç ədəbiyyat da mütləq həqiqətə can atmır. Orta əsrlərdə yazanlar həqiqəti sufi ədəbiyyatda tapmaq istəyiblər. Onlar maddi dünyadan uzaq olublar deyə daha xoşbəxt olublar.
– Uilyam Folkner müsahibələrinin birində deyir: “Yazıçının nə qədərsə pul alıb, diqqətəlayiq bir şey yazdığına təsadüf etməmişəm. ...Əgər o yazıçı deyilsə iqtisadi azadlığını düşünür”. Ancaq bizdə demək niyə, əksər yazıçı iqtisadi azadlığının təminatçısı kimi görünür?
– Ədəbiyyatın inkişafını cəmiyyətin başqa sahələrinin inkişafı ilə eyniləşdirmək düzgün deyil. Düşünməyək ki, iqtisadiyyatımız gücləndikcə, ədəbiyyatımız da güclənəcək. Bəzən ədəbiyyat sıxıntıların içində daha yüksək səviyyəyə qalxır. Sovet dövründə ədəbiyyatın zəif olmasına səbəb ədəbiyyatın dövlətdən asılılığı olub. Dövlətin əlinə baxan yazıçıdan azad fikir gözləmək sadəlövhlükdür.
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər