AZE | RUS | ENG |

Qədim Bakının müasir möcüzəsi: “Crystal Hall” - Reportaj

Qədim Bakının müasir möcüzəsi: “Crystal Hall” - Reportaj
I Avropa Oyunları çərçivəsində 5 idman növü üzrə 1106 idmançı öz bacarıqlarını bu məkanda nümayiş etdirəcək

“Baku Crystal Hall” paytaxtımızın müasir memarlıq incilərindən biridir. Cəmi 10 ay ərzində Bakı şəhərində, Xəzər dənizinin sahilində belə bir möcüzənin yaranmasına səbəb 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision” beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil edən Eldar Qasımov və Nigar Camalın 43 ölkə arasında möhtəşəm qələbə qazanmasıdır. Bununla Azərbaycan 2012-ci ilin mayında bu yarışmanı Bakıda keçirmək hüququ əldə eləmiş oldu.

Özlüyündə böyük mədəniyyət hadisəsi olan, lakin siyasi və iqtisadi əhəmiyyəti ilə daha çox önəm daşıyan bu hadisə paytaxtımızda ən müasir tələblərə cavab verən, daha geniş tamaşaçı tutumlu yeni konsert kompleksinin yaradılmasını zəruri etdi. Bu zərurətdən irəli gələrək, ölkə başçısı İlham Əliyev elə həmin il iyul ayının 7-də “Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında” Sərəncam imzaladı. Beləliklə də Dövlət Bayrağı Meydanının düz yaxınlığında, çox qısa vaxtda 25 min nəfərlik tamaşaçı yeri olan, orijinal arxitekturası ilə fərqlənən və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verən müasir bir kompleks inşa edildi. 2012-ci il mayın 7-də dövlət başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan “Baku Crystal Hall” az müddət sonra tarixdə ilk dəfə Cənubi Qafqazda – Azərbaycanda keçirilən, Avropanın musiqi həyatında mühüm hadisə sayılan “Eurovision”a yüksək səviyyədə ev sahibliyi etdi.

“Baku Crystal Hall” inşa edilən zaman burada gələcəkdə digər beynəlxalq tədbirlərin keçirilməsi də nəzərə alınıb. Bu uzaqgörənlik hazırda öz səmərəsini verməkdədir. Dünya tarixində ilk dəfə keçiriləcək Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi nəticəsində boks, karate, taekvondo, qılıncoynatma və voleybol yarışları bu məkanda olacaq. Burada ümumilikdə 5 idman növü üzrə 1106 idmançı öz güclərini və bacarıqlarını nümayiş etdirəcəklər. I Avropa Oyunları çərçivəsində “Crystal Hall”da keçiriləcək yarışlara hazırlığın vəziyyəti, kompleks daxilində edilən dəyişikliklər və sairlə tanışlıq üçün bu günlərdə Birinci Avropa Oyunları Təşkilat Komitəsi sözügedən idman obyektinə mediatur təşkil etdi. Biz də yaradılan şəraitdən maksimum istifadə edərək, kompleksdə görülən işlərlə daha yaxından tanış olduq.

Birinci Avropa Oyunları Təşkilat Komitəsinin “Crystal Hall” üzrə baş meneceri Ben Emersonun müşayiəti ilə əvvəlcə voleybol yarışlarının keçiriləcəyi zallara baş çəkdik. Bildirildi ki, əsas zal səs keçirməyən istinad divarı ilə iki hissəyə - “Zal-1” və “Zal-2”yə ayrılıb, istinad divarının üzərinə qara örtük vurulub. “Zal-1”də voleybol yarışlarının keçirilməsi planlaşdırılıb. Bunun üçün də burada voleybol meydançası yaradılıb.

Baş menecer dedi ki, ilk Avropa Oyunlarına həm qapalı, həm də çimərlik voleybolu daxil olacaq. “Crystal Hall”da 4000 tamaşaçının qarşısında 15 ölkədən 24 komandanın və 208 idmançının iştirakı ilə voleybol yarışları keçiriləcək. 64 komandanın və 128 idmançının iştirak edəcəyi çimərlik voleybolu isə 3700 nəfərlik tutumu olan müvəqqəti Çimərlik Arenasında günəş şüaları altında oynanılacaq. Ümumilikdə 22 yarış günü ərzində 336 kişi və qadın idmançı voleybolun hər iki növü üzrə medallar uğrunda mübarizələrini başa çatdıracaqlar. Atletlər 2016-cı ildə Rioda keçiriləcək Yay Olimpiya Oyunlarının çimərlik voleybolu yarışlarında iştirak etmək üçün burada öz məharətlərini göstərəcəklər. Çünki məhz bu yarışın qalibləri Yay Olimpiya Oyunlarına lisenziya qazanmış olacaqlar.

“Zal-2”-də boks yarışlarının keçirilməsi nəzərdə tutulub. Burada da rinq quraşdırlıb. B.Emersonun sözlərinə görə, boks yarışları 330 idmançının iştirakı ilə 12 gün ərzində keçiriləcək və bu yarışlarda 15 medal qazanmaq fürsəti olacaq. Kişilər arasında 10, qadınlar arasında 5 çəki kateqoriyasında mübarizə təşkil olunacaq. Bu, əsas boks turnirində ilk dəfə olaraq, qadınlar üçün ənənəvi üç çəkidən artıq çəkilərin iştirakı deməkdir. Yarışlar iyunun 16-da başlayacaq. Kişilər arasında 10 çəki kateqoriyasının hər birində 3 medal əldə edəcək idmançılar AIBA 2015 Dünya Boks Çempionatında iştirak hüququ da qazanacaqlar. Həmin yarışda ən yüksək reytinqli boksçular öz Milli Olimpiya komitələri üçün Rio 2016-ya kvota yeri əldə edəcəklər.

“Crystal Hall”-un üçüncü zalında karate, taekvondo və qılıncoynatma yarışları təşkil olunacaq. Bu zaldakı əməliyyatların idarə edilməsi üzrə menecer Ləman Həsənovanın söylədiyinə görə, burada meydan hissə elə qurulub ki, karate və taekvondo oyunlarından sonra onu operativ şəkildə yığışdırmaq mümkün olacaq. Genişləndirilmiş ərazidə isə qılıncoynatma üçün meydan açılacaq. Burada karate üzrə 96, taekvondo üzrə 128, qılıncoynatma üzrə 216 idmançı mübarizə aparacaq. 2 yarış günü karateyə, 4 yarış günü taekvondoya, 5 yarış günü qılıncoynatmaya həsr olunacaq. Bu zalda hər üç yarış üzrə ümumilikdə 32 medal mərasimi təşkil ediləcək. Qalib taekvondoçular 2016-cı il Rio Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar.

Xatırladaq ki, “Crystal Hall” müasir texnika ilə təchiz olunduğundan burada hər şey – istər işıqlandırma, istərsə də havalanma sistemi yüksək səviyyədədir. Kompleksin layihəsinin baş dizayneri alman şirkəti "GMP", arenanın dizayneri isə İsveçrə şirkəti “Nüssli International AG”-dir. Kompleksin ümumi sahəsi - 30958 kvadrat metrdir. “Crystal Hall”un fasadı müxtəlif effektləri yaratmağa imkan verən 1200 ədəd müasir dinamik led lampalarla təchiz edilib. Zalın işiqlılıq dərəcəsi 1 metr hündürlükdə 850 lyuks təşkil edir. Zal və arena boyu dəhliz iki simmetrik yerə bölünür və A (A01-A15), B (B01–B15) sektorları ilə işarə olunur. Ümumilikdə 30 bayır girişi var. Hər sektorda 1 ədəd olmaqla ümumi 2 nəqliyyat girişi, hər sektorda 5 ədəd olmaqla ümumi 10 arena girişi və hər sektorda 8 ədəd olmaqla ümumi 16 tribuna girişi mövcuddur. Dəhliz boyu iaşə obyektləri (hər sektorda 5 ədəd olmaqla ümumi 10), keytrinqlər (hər sektorda 9 ədəd olmaqla ümumi 18), tibbi yardım məntəqəsi (hər sektorda 1 ədəd olmaqla ümumi 2), sanitar qovşaqlar (hər sektorda 6 kişi, 6 qadın, 6 fiziki qüsurlu şəxslər üçün olmaqla ümumi 36) fəaliyyət göstərir.

İnanırıq ki, “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin, dünyanın ən böyük gözəllik yarışması sayılan “Miss Globe İnternational” müsabiqəsinin 89-cu final mərasiminin, eləcə də bir çox konsert tədbirlərinin yüksək səviyyədə baş tutduğu “Crystal Hall”da I Avropa Oyunlarının 5 idman növü üzrə yarışları da yüksək səviyyədə keçiriləcək, yadda qalan olacaq.

Rufik İSMAYILOVReportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj"> Reportaj">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982