• cümə, 26 Aprel, 13:55
  • Baku Bakı 23°C

Poeziya həyata meydan oxumaq imkanıdır

18.11.15 12:16 1847
Poeziya həyata meydan oxumaq imkanıdır
Cek Gilbertin 1925-ci ildə Pistburqda anadan olub. Gilbert ali məktəbə qəbul imtahanından kəsiləndən sonra Pitsburq Universitetinə qəbul olana kimi səyyar satıcılıqla məşğul olur. Universitet illəri Cekin həyat yolunu dəyişir. Burada şair Gerald Stern ilə tanış olan gənc Cek onu özünə ideal seçir. Universiteti bitirdikdən sonra Parisə gedən gənc yazar bir müddət “Herald Ttibune” dərgisi ilə əməkdaşlıq edir. Həyatına İtaliyada davam etməyə qərar verən Cek burada Gianni Gelmetti ilə ilk böyük eşq macərasını yaşayır. Lakin Gelmetti ailəsi Cekin ailəsini maddi baxımdan təmin edə biləcəyinə inanmadığı üçün bu münasibətə razılıq vermir. İlk sevgisi nakam qalan şair Amerikaya qayıdır - əvvəl San Fransiskoya, sonra isə ciddi və məqsədyönlü ədəbi karyeraya başladığı Nyu-Yorka.
Elə ilk kitabı ilə “Yale Younger Poets Prize” mükafatına layiq görülən və ədəbi çevrədə diqqətləri üzərinə çəkməyi bacaran Cek ikinci kitabı ilə “Pulitzer”-ə namizəd göstərilir. Onun şeir topluları Robert Frost və Uilyam Karlosun kitabları ilə müqayisə olunmağa, onlarla başabaş satılmağa xatırlanmağa başlayır.
Rikyo Universitetində ədəbiyyat mühazirələri oxuyan Cek burada 21 yaşlı yapon tələbəsi Miçiko Noqami ilə eşq macərası yaşamağa başlayır və onun evlənir. Uzun müddət Miçiko ilə dünya ölkələrini gəzir və şeirlər yazır. Yaxın dostu və redaktoru Qordon Liş 1982-ci ildə onun kitab çap etdirməyə məcbur edir və “Monolitos” işıq üzü görür. Amma bu kitabın uğur sevincini yaşamaq Gilbertə nəsib olmur. Elə həmin il şair xərçəng xəstəliyindən əziyyət çəkən 36 yaşlı Miçikosunu itirir və bu onun birinci və sonuncu evliliyi olur.
“Ceopard mənzərələri”, “Monolitos”, “Böyük yanğınlar”, “Cənnətdən imtina”, “Gecələr və dörd min səhər”, “Hamıdan yüksəkdə rəqs”, “Başı bəlalı cənnət” kimi sevilən kitabların müəllifi olan Cek Gilbert poeziya üzrə “Pulitzer” (iki dəfə - red. müəl.) , “National Book Critics Circle” kimi nüfuzlu ədəbi mükafatların da qalibidir. Gilbert 2012-ci ildə dünyasını dəyişir. Şairin “Paris Review” dərgisindən Sara Faya verdiyi müsahibəni təqdim edirik.
- Müsahibələrinizdən birində demisiniz ki, siz Pitsburq universitetindən məzun olan tanışlarınız arasından yeganə əsl romantiksiniz – yəni dünyada ölümün olduğunu bilsəniz də, hər səhər xoşbəxt oyanırsınız.
- Bəli, düzdür. Pitsburqda bunu bacarmaq elə-belə iş deyildi. Amma əminəm ki, başqaları da olub, sadəcə mən tanımıram.
- Heç ağlınıza gəlirdi ki, belə uzunömürlü olacaqsınız?
- Bir dəfə bu haqda düşünmüşdüm, nədənsə mənə elə gəlirdi ki, altmış il yaşayacam. O ərəfələrdə “nə qədər uzun yaşaya bilərsiniz” kimi məsələlər gündəmdə idi. Amma əcdadlarımın böyük əksəriyyəti yüzə ilə yaxın yaşayıblar. Məncə, məndə də belədir, bədənim mənə qarşı hər zaman mərhəmətli davranır. Bircə dəfə yıxılanda xəstəxanada yatmışam.
- Hətta bu haqda şeiriniz də var – “Buradan oraya aparan bütün yollar”.
- Dedim ki, yol bitdi, buraya qədərmiş, öldüm. 28 metr hündürlükdən üzüaşağı getmişdim. Gördülər ki, ölməmişəm, məni evə buraxmalı oldular. Evə çıxmaqdan israr etdim çünki, Yeni il ərəfəsi idi və əgər öləsiyəmsə, bu, Yeni il ağacının altında, Lindanın yanında olsun istəyirdim.
- Sizcə, Pitsbuqrda qalsaydınız da şair olacaqdınızmı?
- Niyə də yox? Mən Pitsburqda yaşamağa öyrəşmiş, sadəcə hər yerə yad oğlan idim. Zamanımın çoxunu qiraətlə keçirirdim. Hətta başladığım mənə çox sıxıcı gələn bir kitab belə olsaydı da, onu tamamlamadan kənara qoymurdum. Sonda nə olduğunu bilməsəydim, üstünə nə qədər başqa kitab oxuyuramsa oxuyum, o yarımçıq hekayə ağlımdan çıxmırdı. Belə qəribə maraqlarım var idi. Siz bəlkə də əksini düşünürsünüz, amma həyatımda Pitsburqun gücü, yeri hər şeydən böyükdür. Üç böyük nəhrin arasında o əsrarəngiz şəhərdə ancaq şair olmaq olardı.
- Yaradıcılığınızın ilk illərində poeziyanıza, düşüncələrinizə, tərzinizə nələrin təsiri olub?
- Girdiyim bütün kitabxanalardakı, bütün kitabların – leydiləri xilas edən şahzadələrin, pis adamları öldürən kavboyların. Çünki mən kitabları oxumurdum, yeyirdim – hər yeni hekayə yeni bir mənzərə açırdı.
- İlk kitabınız “Ceopard mənzərələri” “Yale Younger Poets Prize” mükafatı alıb, “Pulitzer”-ə namizəd göstəriləndə təəccübləndiniz?
- Əlbəttə. Hələ də düşünürəm ki, bu təsadüfən olub.
- Deyirlər, sizə qalib olduğunuz xəbərini vermək üçün axtarsalar da, tapa bilməyiblər. Bu əhvalat düzdür?
- Bu isə mükafat almağımdan da böyük təsadüfdür. Həmin vaxtlar İtaliyaya getmiş və eşqə düşmüşdüm. İlk dəfə aşiq olmuşdum – inanılmaz dərəcədə gözəl qadın idi. Amma bacısı deyirdi ki, sən heç vaxt iş tapa bilməyəcəksən, əl çək ondan. İndi siz Giannaya haqq qazandırmayacaqsınız, bilirəm. Onun yəqin uşaqları, nəvələri var. Amma o sadəcə bunun üçün gəlmişdi dünyaya – ana olmaq, nənə olmaq üçün. Bu həyatın həqiqətidir, mənim üçün elə də qeyri-adi, qorxunc bir şey deyil.
- “Genesis West” dərgisi, daha dəqiq desək, Qordon Liş 1962-ci il, payız buraxılışını sizə həsr etmişdi. Teodor Rotke, Stefen Spender, Muriel Rukeyser, Stenli Kunitz və başqaları haqqınızda yüksək fikirlər səsləndirib. Onda cəmi 37 yaşınız olub. Bu sizə və yaradıcılığınıza necə təsir etdi?
- Bu inanılmaz dərəcədə alicənab addım idi. Məni o qədər xoşbəxt etdi ki. Qordon Liş mənim üçün sözün əsl mənasında çabalayırdı. Bu həm qürur, həm də minnətdarlıq duyğusunun zirvəsi idi, amma mənim yaradıcı işimdə elə də ciddi bir dəyişikliyə səbəb ola bilmədi. Sadəcə altı ay məşhur olmaq həzzini yaşadım. Şöhrət əyləncəlidir, amma heç maraqlı deyil. İnsan hər cür yığıncaqda, mərasimdə məni seçir, maraqlanır, xoş sözlər deyirdilər, bu xoşuma gəlirdi. Amma bütün bu seçilmişlikdə, şöhrətdə, xoş sözlərdə mənim ehtiyacım olan şeylər yox idi. Sıxıcı gəlirdi, “yaşadım” deyə bilmək üçün başqa şeylər lazım idi.
- Odur ki, Yunanıstana qaçdınız. Dəfələrlə xarici ölkələrdə məskunlaşmısınız...
- Həm də çox.
- Həyatınızın çox hissəsini Yaponiya, İtaliya, Yunanıstan, Danimarka, İngiltərə kimi ölkələrdə keçirmisiniz...
- Böyük hissəsini.
- Sizcə, amerikalı yazarlar üçün bir müddət başqa ölkədə yaşamaq vacibdir?
- Müəyyən mənada hə. Nəyisə müqayisə edə bilmək imkanları yaranır, öyrəşdiyindən fərqli olanların necə olduğunu görürsən, normal düşüncə tərzinin əksi olan fikirlərin nəticələri ilə tanış olursan, yeknəsəqlikdən xilas olursan. Yazar üçün ən böyük təhlükə yeknəsəqlik, monotonluqdur.
- Başqa ölkələrdə məskunlaşma şeirlərinizdə özünü necə büruzə verirdi?
- Dəyişiklik daha çox o yerlərin mənim içimdə yaratdığı dalğalarda əks olunurdu, nəinki oralar haqqında yazılan şeirlərdə. Yeni yerlər mənə yeni şeirlər yazdırmırdı, yazdığım və ya yazmaq istədiklərim haqqında yeni fikirlər, baxışlar formalaşdırırdı.
- Yaşadığıınız ən ekzotik yer hara olub?
- Bali cəngəllikləri.
- Yazmağa necə başladınız?
- Şeir yazmağa başladım, çünki Cerald Stern ilə tanış olduq. Günümüz bir yerdə keçirdi. Düzdür, mən daha çox roman yazmaqla maraqlanırdım, amma nədənsə söhbətlərimin həmişə poeziyaya gəlib çıxırdı.
- Heç həvəslənmək üçün başqa şairlərin yaradıcılığını araşdırmısınızmı?
- Sevdiyim çox yazıçı var, amma özümə müəllim tapmamışam.
- Bir az səfehcə səslənə bilər, amma poeziya nədir?
- Poeziya həyata meydan oxumaq imkanıdır. Bəzən sıxıcıdır. Bəzən adamı dəli edir. İmkansızın öhdəsindən gəlmək hissidir. Poeziya nemətdir. Ən böyük əməkdir – düzgün, dəqiq və orijinal şeir yazmaq ən çətinidir. Əgər başqa yol tapa bilmirsinizsə, poeziya sehirli dünyaya yaxın olmağın ən zərif yoludur.
- Şeirlərinizin əsas mövzusu nələrdən gəlir?
- Sevdiyim şeylərdən. Mövcudluğun verdiyi razılıqdan, minnətdarlıqdan. İnsanların asılı olduğu şeylərdən asılı olmadan yaşamaqdan – bir sözlə, həyat nələrin üzərində qurulubsa, onlardan yaranır şeirlər.
- Həyat yolunuza nəzər salanda həyatınızın üç qadın arasında – Gianna, Miçiko, Linda- arasında bölündüyünü düşünürsünüzmü?
- Həm hə, həm yox. Həyatımın əsas dönəmlərində eşqə düşdüyüm üç qadın olub, amma paraleldə yalnız yaşadığım bir həyat da olub. Həmişə demişəm, dünyada tənha qalmaqdan daha yaxşı bir şey varsa, o da eşqə düşməkdir.
- Övladsız olmaq şair üçün yaxşıdır?
- Əgər uşaqlarım olsaydı, əsla bu həyatı yaşadığım formada yaşaya bilməzdim. Ədəbi mühitdə bir deyim var, doğulan hər uşaq fəda olunmuş bir şah əsərdir.
- Poeziya üçün nə daha vacibdir – təsvir yoxsa təhlil?
- Heç biri. Duyğu əsasdır, ehtiras, sevgi.
- Yazdıqlarınızı çox redaktə edirsiz?
- Hə.
- Çox şeirdən imtina etmisiz?
- Bəyəndiklərimdən çoxdur.
- Yazdıqlarınızı yüksək səslə oxuyursunuz?
- Bəzən. Əgər instinktim şeirdə nəyinsə yerində olmadığına inandırırsa, harda ritmik “əyriliyin” olduğunu dəqiqləşdirmək üçün onu yüksək səslə oxuyuram. Amma yanlışı hiss etmək nəsə qeyri-şüurlu prosesdir. Xüsusi səhv axtarmıram, amma nəsə olur və bilirəm ki, detallar yerində deyil.
- Bəs ən məhsuldar iş vaxtınız?
- İndi səhərlər. Amma ömrümün böyük hissəsini yalnız gecələri işləmişəm. İnsan yaşlandıqca beyni müəyyən saatlardan sonra yaxşı işləmir.
- Xüsusi iş rejiminiz, cədvəliniz var?
- Yox. Sadəcə uyğun ritmik vəziyyət lazımdır. Ümumiyyətlə, içində yaradıcı iş olan sahələrdə rejim, cədvəl sistemini qəbul etmirəm. Bu, yaradıcılığı öldürən ilk səbəbdir.
Tərcümə edən: Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər