ORFOQRAFİYA MÜZAKİRƏSİNİN SAĞLAM ƏSASDA APARILMASI İŞİN XEYRİNƏDİR
Yeni hazırlanan "Orfoqrafiya lüğəti” yaxın vaxtda
yekunlaşaraq, çapa imzalanacaq. Elm adamları, ziyalılar bu işin uğurla həyata
keçirilməsi üçün çalışırlar. Hazırlanması Azərbaycan Mili Elmlər Akademiyasının
səlahiyyətində olan bu lüğətlə bağlı mətbuatda dolğun məqalələr çap olundusa
da, "suyu bulandırmaq naminə” də yazılar yazıldı və belə yazılar lüğətçiliyin
prinsipial qaydalarına nabələdlik ucbatından oxucuların beynində yersiz "müəmmalara”
meydan açdı. Təbii ki, bu cür yazılara elmi prinsiplərə söykənən tutarlı
cavablar da verildi, əsaslandırılmış mülahizələr bir çox "düyün”lərin
açılmasına kömək etdi. İşin yekunu ərəfəsində biz də "Kaspi” qəzeti olaraq
əvvəldən bu məsələləri, "Orfoqrafiya gündəmi”ni bütün dolğunluğu ilə
səhifələrimizdə əks etdirdik. Budəfəki müsahibimiz isə AMEA Folklor İnstitutunun
direktoru, akademik Muxtar Kazımoğlu – İmanovdur.
– Muxtar müəllim, "Azərbaycan dilinin orfoqrafiya
lüğəti”ni yenidən nəşrə hazırlamaq hansı zərurətdən doğur?
– Lüğəti təkmilləşdirmək zərurətindən. Bu zərurət dövlət
səviyyəsində "Orfoqrafiya lüğəti” ilə bağlı rəsmi qərarın qəbul olunmasının başlıca
səbəbi və şərtidir. "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna əsasən,
"Orfoqrafiya lüğəti” ən geci beş ildən bir təkmilləşdirilib yenidən nəşr edilməlidir.
– "Orfoqrafiya lüğəti”nin təkmilləşdirilməsi
dedikdə nələr nəzərdə tutulur?
– "Orfoqrafiya lüğəti”ndə təkmilləşdirmə işi, hər şeydən
qabaq, dəyişmə və yeniləşmə prosesi ilə bağlı olan bir işdir. İctimai-siyasi, elmi-mədəni əlaqələrin genişlənməsi,
müstəqil dövlətçilik şəraitində dünyaya inteqrasiya imkanlarının inanılmaz dərəcədə
artması dilə yeni-yeni sözlərin gəlməsinə səbəb olur. Dilə yeni daxil olan sözlərin
düzgün tələffüzü və düzgün yazılışının müəyyənləşdirilməsi təxirəsalınmaz vəzifələrdən
birinə çevrilir. Bu vəzifənin layiqincə yerinə yetirilməsi, təbii ki, "Orfoqrafiya
lüğəti”nin təkmilləşdirilməsi prosesindən keçir.
"Orfoqrafiya lüğəti”nin təkmilləşdirilməsi sahəsində
nəzərdə tutulan vacib işlərdən biri də, heç şübhəsiz, həmin lüğətin ayrı-ayrı nəşrlərində
özünü göstərən ziddiyyətli məqamların aradan qaldırılması ilə bağlıdır…
– "Ziddiyyətli məqamlar”a misal çəkə bilərsinizmi?
– Lüğətin
2004 və
2013-cü il nəşrlərində -vari şəkilçisinin, metafora, profilaktoriya, sanatoriya, antena, cəfəngiyat, alğı-satqı və s. kimi sözlərin fərqli şəkildə yazılması; təhkiyə, tövsiyə kimi sözlər bir y ilə yazıldığı halda -iyyat, -iyyət, -iyyə şəkilçiləri ilə düzələn ərəb mənşəli sözlərin əksər hallarda iki y ilə yazılması; apostrof işarəsinin "ləğv”indən sonra sürət, cürət, məsul, heyət, məşəl, vüsət, Kənan, Sənan, Məsud tipli sözlərin sətirdən-sətrə müxtəlif cür (məsələn, həm sür-ət, həm də sü-rət şəklində) keçirilməsi ziddiyyətli məqamlara misal ola bilər. Belə ziddiyyətli məqamların ciddi elmi müzakirələr əsasında aradan qaldırılması, əlbəttə, vacibdir.
– Orfoqrafiya ətrafında gedən müzakirələr barədə nə deyərdiniz?
– İnkar etmək olmaz ki, orfoqrafiya müzakirəsinin sağlam əsasda aparılması işin xeyrinədir. Bir vaxt Ağamusa Axundovun diqqət yetirdiyi, bu gün İsa Həbibbəyli və Firudin Cəlilov kimi alimlərin xüsusi olaraq üzərində dayandığı -iyyat, -iyyət, -iyyə şəkilçilərinin yazılışına yenidən baxmaq lazım gəlirsə, bu, sağlam müzakirənin bir göstəricisidir. Təqdirəlayiq haldır ki, AMEA Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutunun hazırlayıb çapa tövsiyə
etdiyi orfoqrafiya qaydaları 2013-cü ildə təqdim olunmuş qaydalardan sayca çox, məzmunca daha əhatəlidir.
– Mərhum Ağamusa Axundov 2004, 2013-cu illərdə nəşr olunan "Orfoqrafiya lüğəti”nin redaktoru və layihə rəhbəri olub. İsa Həbibbəyli isə bu gün
AMEA Orfoqrafiya Komissiyasının sədr müavinidir. Belə çıxır ki, Siz orfoqrafiya məsələlərinə birbaşa məsul olmuş və məsul olan alimlərin mövqeyini xatırladırsınız.
– Adını çəkdiyim Firudin Cəlilov orfoqrafiya məsələlərinə heç də birbaşa məsul olan yox, bu məsələlərin müsbət həllində özünü borclu bilən bir alimdir. Bu sırada Arif Rəhimoğlunun da adını çəkmək olar. Arif Rəhimoğlu da orfoqrafiya ilə bağlı mübahisəli məsələlərin obyektiv şəkildə yoluna qoyulması naminə təkliflər irəli sürməyi özünün alimlik və vətəndaşlıq borcu sayır. Arif Rəhimoğlu belə hesab edir ki, rus dili vasitəsilə dilimizə keçən Avropa mənşəli bir çox adlara yenidən qayıdıb, həmin adların deyilişi və yazılışında dəqiqləşdirmələr aparmaq lazımdır; həmçinin Çin mənşəli sözlərin işlənməsində uyğurların həmin sözləri hansı şəkildə işlətdiklərini nəzərə almaq lazımdır.
– Orfoqrafiya müzakirələrində Sizi qane etməyən hallar da varmı? Varsa nədədir?
– Orfoqrafiya müzakirələrində məni qane etməyən hallardan biri budur ki, bəzi həmkarlarımız müzakirəyə çıxarılan məsələlərin məğzinə varmadan tələm-tələsik fikir söyləyib çaşqınlıq yaradır, görülən işi, çəkilən zəhməti gözdən salmağa çalışırlar. Məsələn, müzakirəyə çıxarılan məsələlərdən biri, konqres və ekspres sözlərinə uyğun olaraq, stress sözünün sonda bir s ilə yazılması, həmçinin ssenari sözünün əvvəldə bir s ilə yazılması məsələsidir. Bəziləri bu məsələni bütün qoşasamitli sözlərin bundan sonra bir samitlə (kassa
– kasa, yeddi –
yedi) yazılacağı kimi qələmə verirlərsə, belə bir halı normal müzakirə əlaməti saymaq mümkün deyil.
– Tərcümə Mərkəzinin çap etdiyi və mübahisələrə səbəb olan "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” barədə nə deyə bilərsiniz?
– Onu deyə bilərəm ki, xatırlatdığınız kitab 1975, 2004 və 2013-cü illərdə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti” əsasında hazırlanıb.
Bir çox dialekt sözlərinə və terminlərə yer verilsə də, hər halda ümumişlək olmayan sözləri arxa plana keçirmək xatırlatdığınız kitabda əsas prinsiplərdən biri kimi götürülüb. Nəzərdə tutulub ki, lüğətin əvvəlki nəşrlərində yol verilmiş korrektura xətaları "İşlək sözlük”də aradan qaldırılsın, məsələn, addama – adlama kimi, basdalama – bastalama kimi, qarğama – qarğıma kimi, qovlama – qovalama kimi… yazılsın. Nəzərdə tutulub ki, lüğətin əvvəlki
nəşrlərində əksini tapmayan antiterror, deşifrə, fokusçu, həmmüəllif, qaragüruh, multikulturalizm, seysmoloq və s. kimi nümunələr "İşlək sözlüy”ə daxil edilsin. Ümumişlək olmayan sözlərdən bir çoxunun ixtisar edilməsi, bəzi korrektura xətalarının aradan qaldırılması, diqqətdən kənarda qalan bir sıra işlək sözlərin kitaba daxil edilməsi əslində yeni "Orfoqrafiya lüğəti” yaratmaq təşəbbüsü kimi yox, mövcud "Orfoqrafiya lüğəti”ni təkmilləşdirmək təşəbbüsü kimi təqdim
olunmalı idi. Belə olsaydı, kitabla bağlı mübahisələr geniş miqyas almazdı.
– Yazı qaydalarımız ətrafında gedən müzakirələrə AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutunun
münasibəti necədir?
– Mən bilən,
AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu
müzakirələrin gedişini diqqətlə izləyir və irəli sürülən təkliflərə çox böyük həssaslıqla yanaşır. Şübhə yoxdur ki, Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu "Orfoqrafiya lüğəti”nin təkmilləşməsinə kömək edən səmərəli təkliflərin hamısını nəzərə alacaq.
Fərid Hüseyn