• cümə, 26 Aprel, 14:40
  • Baku Bakı 23°C

O, unutdurulan şairlərdəndir

29.05.18 10:30 1736
O, unutdurulan şairlərdəndir
"Cümhuriyyət ədəbiyyatı” layihəsi çərçivəsində Türkiyənin Ardahan Universitetinin müəllimi, dosent Atilla Jorma ilə, şair, naşir və jurnalist, Cümhuriyyət parlamentinin üzvü Məmməd Sadiq Aran – Sənan Azər haqqında müsahibə.
– Atilla bəy, Azərbaycan oxucuları Məmməd Sadiq Aran – Sənan Azər haqqında o qədər də çox bilgiyə malik deyil. Zəhmət olmasa onun həyatı haqqında məlumat verərdiniz.
– Məmməd Sadiq Aran (Axundzadə), Azərbaycanın Qarabağ vilayətinin Zəngəzur qəzasının Sisyan bölgəsində, Pazarçay kəndində 1895-ci ilin dekabr ayında doğulub. 1971-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 53 illik yubileyində, İstanbulda vəfat edib. Məmməd Sadiq Aran, Bakı Ali Pedaqoji İnstitutundan məzun olub, fars, ərəb və rus dillərini öyrənib. Daha sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində iki il, Helsinki Universitetinə də bir il təhsil alıb.
Məmməd Sadiq, 1917-ci ildən başlayaraq Azərbaycanın, milli istiqlalına qovuşması yolunda mübarizəyə qoşulub, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) parlamentində deputat olub. Bolşeviklər Xalq Cümhuriyyətini devirəndən sonra onlara qarşı mübarizə aparıb. Bolşeviklər Azərbaycanı tamamilə ələ keçirəndə, Bakıda mübarizə yoldaşları ilə birlikdə gizli bir təşkilat qurub. Bir müddət sonra, "ÇEKA” agentləri tərəfindən Tiflisdə yaxalanaraq, həbs edilib. 1923-cü ilin sonlarında İrana keçib, bir il sonra Türkiyəyə gedib. Əvvəlcə, bir müddət Trabzonda müəllimlik edib, sonra İstanbula gəlib, Azərbaycanın istiqlalı uğrunda mübarizəyə qoşulub, naşir kimi bu sahədə aktiv fəaliyyət göstərib. İstanbulda olduğu illərdə Azərbaycan Milli Mərkəzində çalışıb, Ankaradakı "Azərbaycana Kömək Dərnəyi”nə sədrlik edib. O, həmçinin Türk Kültürünü Araşdırma İnstitutunun qurulmasında da iştirak edib.
Məmməd Sadiq Aranın mübarizə yoldaşlarından Məmməd Əmin Rəsulzadə cümhuriyyətin süqutundan bir müddət sonra həbs edilib. Sonra Stalinin istəyi ilə Moskvaya aparılaraq nəzarət altında saxlanılıb. Məhəmməd Əmin Rəsulzadə araşdırma aparmaq bəhanəsi ilə Leninqrada gedib. Azərbaycanla eyni vaxtda müstəqillik qazanan Finlandiyada yaşayan tatarların köməyi ilə qayıqla Finlandiya sahilindəki Teriyokiyə qaça bilib. Məmməd Sadiqlə Rəsulzadə İstanbulda müəyyən müddət ədəbi fəaliyyət göstərmişlər. Məmməd Sadiq ayda 2 dəfə çıxan, millətçi bir jurnal olan "Azər-Türk Məcməsi’nin məsul katibi olmuşdur. Jurnalın 1928-1930-cu illərdə ilk iyirmi sayı ərəb əlifbası (əski əlifba) ilə, 1928-ci il dekabr sayından etibarən latın əlifbası ilə 30 sayı çap olunmuşdur.
– Ədəbi fəaliyyətində Sənan Azər kimi tanınan Məmməd Sadiq Aranın yaradıcılığına nəzər salanda diqqəti çəkən onun şeirləri və "Qutadqu bilik” haqqında yazdığı araşdırmasıdır. Zəhmət olmasa şeirlərindən öncə onun "Türkün Altun Kitabı Qutadqu bilik” əsəri haqqında danışardınız...
– Məmməd Sadiqin üç kitabı ilə tanış olmuşam. Bunlardan ilki "Ergenekon yolları” adlı kitabı bir şeirlər toplusudur. Kitab 1934-cü ildə nəşr olub, əsasən Məmməd Sadiqin 1931-1933-cü illərdə Finlandiyada baş redaktor olduğu "Yeni Turan” qəzetində çap etdirdiyi şeirləri ehtiva edir. "Qutadqu Bilik”in ilk elmi nəşri olan və 1947-ci ildə çap edilən Məmməd Sadiqin 1944-cü ildə çap etdirdiyi kitabça bu böyük əsəri tanıdan bir monoqrafiyadır. Məmməd Sadiqin yenə bu tarixdə nəşr etdirdiyi "İran türkləri” kitabı iki hissədən, İran türkləri haqqında məlumat və İran türk şairlərinin antologiyasından ibarətdir.
– Məmməd Sadiq Aranın ədəbi fəaliyyətində şeirləri xüsusi yer tutur. Şeir yaradıcılığına nə zaman başlayıb, ilk şeirləri harda çap olunub, onun poetik əsərləri üslub və forma baxımından hansı ədəbi cərəyana və ya hansı şairə yaxındır?
– Məmməd Sadiq ilk öncə siyasi bir yazardır. "Ergenekon yolu” şeir toplusunda olan şeirlərin böyük qismi Məmməd Sadiqin öz şeirləridir. Bunların çoxu "Yeni Turan” qəzetində çap etdirdikləridir. Ümumiyyətlə, o, çox şeir yazmamışdır. Onun şeirləri digər şairlərin şeirlərindən bariz şəkildə fərqlidir.
– Məmməd Sadiq Aran bir müddət Finlandiyada yaşayıb, orada türk dilini tədris edib və "Yeni Turan” adlı qəzet də nəşr edib. Bu barədə danışardınız.
– Məmməd Sadiq otuzuncu illərin əvvəlində Finlandiyadakı tatarların dəvəti ilə bu ölkəyə gəlmişdir. Onun Finlandiyaya gəlməsi, əslində, bir təsadüf deyildi. Finlandiyadakı tatarlar Məmməd Sadiqdən əvvəlcə müəllim kimi istifadə etmək istəmişlər. Ancaq Məmməd Sadiq üçün əhəmiyyətli olan "Yeni Turan” adlı siyasi qəzeti nəşr etdirmək idi. Rus imperiyasındakı Kazan tatarlarından ayrı bir qrup olan Mişer tatarları Finlandiyada, Estoniyada və Rusiyadakı şəhərlərdə ticarətlə məşğul olub öz aralarında geniş təşkilatlanmışdılar. 1931-ci ildə qurulan Finlandiya Türklər Birliyinin üzvlərinin çoxu Mişer tatarları idi. Əli bəy Hüseynzadənin "Türkləşmək, islamlaşmaq, avropalaşmak” şüarı Türklər Birliyinin təməl prinsiplərindən idi. Azərbaycanın müstəqil olmasının ildönümü münsabətilə toplanılanda bu prinsiplərin tətbiq olunduğu (avropalılaşmaq "müasir mədəniyyət” mənasındadır təbii olaraq) tək Türk yurdu, Atatürkün Yeni Türkiyəsi ideal bir ölkə olaraq təsəvvür edilirdi.
– "Yeni Turan” qəzeti hansı zərurətdən yaranmışdı və nəşrin neçə nömrəsi çap olunub?
– Məmməd Sadiqin Finlandiyaya gəlib qəzet çıxara bilməsi bu şəbəkə himayəsində olmuşdur. "Yeni Turan” qəzeti 1931-1933-ci illərdə Finlandiyada əvvəl Tampere şəhərində, sonra Helsinkidə çapdan çıxmışdır. "Yeni Turan” ikidilli idi: türk və fin dillərində nəşr edilirdi. Qəzetin adına baxıldığında, dil baxımından estonlar və macarlar ilə birlikdə finlər də fin-uqor dil ailəsinə mənsub olub, turanlıların bir qolunu meydana gətirirdi. İlk Turançı fikirlər əsasında fin araşdırmaçılar tərəfindən ortaya atılmışdı (Bilinməyən mövzulardan biri).
– "Yeni Turan”da yazılar əsasən hansı mövzuda idi?
– Məmməd Sadiq üçün müstəqillik uğrunda mübarizə hər şeydən əhəmiyyətli olmuşdur. Buradakı yazılar da daha çox siyasi çəkili idi. Otuzuncu illərdə latın əlifbası ilə yazılan türk dili isə İsmail Qaspıralının, Məmməd Əmin Rəsulzadənin türkcəsi idi; necə ki, bu gün Məmməd Sadiqi oxuyandan sonra ilk təəssüratlar bunun, Hüseyn Cavidin, Mikayıl Müşfiqin türkcəsi kimi olmasıdır. Əlifba isə Türkiyə variantı idi.
Məmməd Əmin Rəsulzadə "ayrı bir ədəbi Azərbaycan dili qurmaq, türk xalqları arasındakı birlik fikrinə tamamən qarşı bir fəaliyyət olar” deyərək, lap əvvəldən bir uzaqgörənliklə xəbərdarlıq etmişdir. Onun fikrincə, osmanlıca alınma sözlərin əlavəsi ilə birlikdə məcburi bir tükcə qəbul edilərdi. Rəsulzadənin təqdim etdiyi alternativ variant bu dövrdə Türkiyənin gənc nəsil yazarları arasında formalaşmaqda olan yeni yarınmış bir türkcə idi. Necə ki, otuzuncu illərin əvvəllərində ortaq türkcə reallaşa bilərdi. 1937-ci ilə qədər bu dil həm Azərbaycanda, həm Türkiyədə Türk dili, onu danışanların milliyyəti də rəsmi olaraq Türk olaraq qeyd edilirdi.
– Məmməd Sadiq Aran 1935-ci ildə İstanbulda, özünün və silahdaşlarının əsərlərindən ibarət "Ergenekon Yolları” adlı şeirlər məcmuəsi çap edib. Bu barədə danışardınız?
– Məmməd Sadiq İstanbula döndükdən sonra ilkin olaraq "Yeni Turan”da çıxan şeirləri toplayaraq kitab şəklində nəşr etmişdir (1935). Məmməd Sadiq Sovet dövründə unutdurulan şairlərdəndir (Bəhs edilsəydi Məhəmməd Hadini romantik, Sabiri realist deyə süni bir təsnifata tabe etdilərsə, Məmməd Sadiqə də hər halda, romantik şair damğası vurulacaqdı). Əlbəttə ki, milli məfkurəçi şairlər bu cür süni təsnifata sığmırlar.
Söhbətləşdi: Səxavət Sahil
banner

Oxşar Xəbərlər