• çərşənbə axşamı, 19 mart, 11:08
  • Baku Bakı 8°C

Nə qədər nə qədər poeziyayla yaşayanlar var, şeir yaşayacaq

16.09.19 11:30 1133
Nə qədər nə qədər poeziyayla yaşayanlar var, şeir yaşayacaq
Müsahibim "CompuTech" nəşriyyatının beynəlxalq məsələlər üzrə əlaqələndiricisi, meneceri, tərcüməçi, tənqidçi Nina Simiçdir. Nina xanım həmçinin Serbiya Yazıçılar Birliyinin əməkdaşıdır.
– Serbiya və Azərbaycan arasında ədəbi əlaqələrin inkişafı hansı mərhələdədirlər?
– Serbiya və Azərbaycan arasındakı ədəbi əlaqələr inkişaf edir. Bu, əlbəttə ki, hər iki tərəf üçün çox yaxşıdır. Bu münasibətlər, xüsusən, 2013-cü ildən – Serbiya Yazıçılar Birliyinin sədri Radomir Andriçlə Azərbaycan Yazıçılar Birliyini sədri Anar Rzayevlə görüşündən sonra daha da möhkəmlənib. Bu görüşdən sonra Serbiyada keçirilən bütün ədəbiyyat festivallarında mütəmadi olaraq Azərbaycan yazıçı və şairləri iştirak edir. Azərbaycanda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə də sıx əməkdaşlıq qurmuşuq, bu işlərin irəliləyişlərində Səlim Babullaoğlunun xüsusi xidmətləri var. Kitabları, müxtəlif poeziya və proza nümunələri serb dilinə tərcümə olunur, ədəbiyyat qəzetlərində çap edilir. O ki qaldı Azərbaycanda serb ədəbiyyatına qarşı münasibətə, burda da eyni vəziyyətdir. Yəni Azərbaycanda da eynən bizdəki kimi serb ədəbiyyatı tərcümə olunur, xalqa çatdırılır. Biz "CompuTech" nəşriyyatı olaraq Azərbaycan yazıçı və şairlərini tərcümə və çap edirik. Həmçinin də aktiv şəkildə xalqlarımızın mədəni və ədəbi əlaqələrinin inkişafında öz xidmətimizi göstəririk.

– Azərbaycan ədiblərinin əsərlərini tərcümə edirsiniz. Sizcə, serb və Azərbaycan düşüncəsi arasında nə kimi oxşar və fərqli cəhətlər var?
– Serbləri və azərbaycanlıların təfəkkürləri, düşüncələri, həyata baxışları, məsələn, əgər buna geosiyasi, dini və ya hər hansı sosial xarakteristikaya əsasən, yəni buna səthi yanaşsaq, başqa cür görünə bilər. Mən mətnləri oxuyuram və belə bir qənaətə gəlirəm: biz o qədər yaxınıq ki, məsələn, mətndən toponimləri yığışdırsaq, serb oxucusu Azərbaycan əsərlərindən bir çoxunu oxuyub, özününkü kimi, özünə doğma, yaxın bir mətn kimi qəbul edə bilər.

– Hər il Serbiyada "Dünya Yazıçılarının Belqrad görüşü" keçirilir. Bu festival Serbiya ədəbiyyatına nələri qazandırır?
– "Yazıçların Belqrad görüşü" festivalı bizim ədəbiyyatımızdan ötrü – yazıçı və şairlərimizdən ötrü böyük əhəmiyyət kəsb edir. Həm oxucular, həm də ədəbiyyat adamları üçün bu festival mühümdür. Bunu bu il festivalın 56-cı dəfə keçirilməsi də təsdiq edir. Bu il də festivalda dünyanın müxtəlif ölkələrindən ədəbiyyatçılar, həmçinin də regionun tanınmış rəssamları, müğənniləri və aktyorları da iştirak edəcək. Bu festival və festivalı təşkil edən insanların, o cümlədən, beynəlxalq əməkdaşlıq üzrə kordinator cənab Milan Paniçin sayəsində serb müəllifləri, ədəbiyyat xadimləri müxtəlif ölkələrin ədəbiyyat nümayəndələri ilə görüşmək, onların ədəbi nümunələriylə tanış olmaq şansı əldə edir. Bununla yanaşı, onlar öz əsərlərini, öz maraq dairələrini, ümumi götürsək, xalqın mədəniyyətini də qonaqlara nümayiş etdirmək imkanı qazanırlar. Bu festivalda böyük sayda akademiklər, professorlar, beynəlxalq ədəbiyyat müsabiqələrinin laureatları və s. insanlar iştirak ediblər. Bu cür ədəbi festivalların sayəsində yazarlar sözün əsl mənasında bir-birlərinə tanıyır və onlar üçün yeni mədəni üfüqlər açılır.
– Elə bir fikir var ki, artıq poeziya ölüb. Sizcə, bu belədir? Serb ədəbiyyatında bu xüsusda vəziyyət necədir?
– Bəli, indi bütün dünyada belə bir fikir var ki, poeziya ölüb. Lakin mən düşünürəm ki, nə qədər şeirsevərlər var, nə qədər poeziyayla yaşayanlar var, şeir də şəksiz-şübhəsiz yaşayacaq. Digər tərəfdənsə, əgər, necə deyərlər, həqiqətin gözlərini içinə baxsaq, prozanın bu gün poeziyadan daha çox oxunması və oxucuların prozanı poeziyadan daha çox oxuması isə artıq faktdır. Belə baxanda, bu cür hallar ədəbiyyat tarixində dəfələrlə təkrarlanıb. Və aydın məsələdir ki, hər şey dövri olaraq dəyişir. Bizim zamanımızda da hər şey çox tez dəyişir. Ona görə də heç kim sabah nə olacağını, eyni vəziyyətin nə qədər davam edəcəyini və ya hansı istiqamətdə dəyişəcəyini proqnozlaşdıra bilməz. Ola bilər ki, poeziya hansısa yeni formada yenidən oxucular ürəyini fəth edər. Serblər eynən azərbaycanlılar kimi şeirsevən xalqdır. Hesab edirəm ki, diqqətlə nəzər salsaq, yaxşı prozada dil poetik yüksəkliyə qədər ucalır. Poeziyanın yaşaması üçünsə, mənə elə gəlir ki, ilk növbədə öz ruhumuzu yaşatmalıyıq. Biz də məhz bunu etməyə çalışırıq. Ancaq sevgi, azadlıq, gözəllik prinsipləriylə tərbiyə olunmuş böyük ruh poetik dil oyununu başa düşə və hətta bu oyunda iştirak edə bilər. Ancaq belə bir ruh, doğrudan da, poeziyanı başa düşə və hətta bir gün bu cür ruh sahibi özü də nəsə yaza bilər.

– Nəşriyyatınız hansı prinsiplərə əsaslanaraq əsərləri seçir, tərcümə və çap edir?
– Nəşriyyatda çap üçün seçim ilk növbədə əsərin oxunuşundan başlayır. Biz nəşriyyatımızın əsas ideyaya və konsepsiyasına uyun olaraq çalışırıq ki, bütün ölkələrin məşhur, öz xalqını tanıda bilən yazıçılarının əsərlərindən oxuyaq. Lakin seçimin özünü intuisiyamıza, duyğumuza, həm də bir oxucu hissiyyatımıza görə edirik. Qısası, əgər biz yaxşı bir əsər oxusaq, mütləq həmin gözəlliyi öz xalqımızla bölüşmək, bunu onlara hədiyyə etmək istəyirik. Bundan ötrü onları serb dilinə tərcümə edir və çap edirik.

– Avropa ölkələri ilə ədəbi əlaqələriniz hansı səviyyədədir?
– Serbiya hər zaman Avropanın bir parçası olub, elə indi də ora aiddir. İnanmaq istərdim ki, serblər nəinki Serbiyanın, həm də dünyanın vətəndaşlarıdır. İtaliya, Fransa, Almaniya və sairə ölkələrlə ədəbi əlaqələrimiz, əlbəttə ki, mövcuddur. Mənim düşüncəm belədir ki, bu əlaqələr daha da yaxşı ola bilərdi. Bəlkə də, serb dilində daha çox adam danışsaydı, bu məhz elə belə olardı. Biz və bizim kimi digər kiçik xalqların Avropa ölkələrinə diqqətindən daha çox, onların bizə diqqəti vacibdir. Ona görə də bizim əlaqələrimiz bir balaca, sanki tam da qarşılıqlı olmur. Amma demək istərdim ki, Belqrad festivala hər il həmin və digər ölkələrin də ədəbiyyat nümayəndələri gəlir. Onların və dünyanın digər mədəniyyət və ədəbiyyat nümayəndələrinin də Serbiyaya gəlişindən çox şad oluruq. Həmçinin istərdik ki, onların da dəvətlərini almaq və öz ədəbiyyatımızı onların ölkəsində təmsil və təqdim etmək şansını qazanmağı istərdik. İstərdik ki, bizim ədəbiyyat və mədəniyyətimizi XXI əsərdə çəkilmiş şəkillərdən yox, bizim elə özümüzdən eşitsinlər, görsünlər, tanış olsunlar.

– Serbiya ədəbiyyatı Avropa ölkələrinə yol tapa bilibmi?
– Əlbəttə ki, Serbiya ədəbiyyatı çoxdan özünü Avropaya və bütün dünyaya gözəl müəlliflərinin sayəsində təqdim edib. Bunun ən böyük təsdiqi İvo Andriçin Nobel mükafatı alması faktıdır. Bu həm də Serb ədəbiyyatında olduqca gözəl yazıçı və şairlərin olmasının göstəricisidir. Məsələ də elə burasındadır ki, bizim yazıçılarımız, xüsusən də, XIX-XX əsr yazıçıları özlərini dünya ədəbiyyatına yüksək səviyyədə tanıda biliblər. Bu gün isə bu məsələ getdikcə daha da çətinləşir. Biz amma yenə də vəziyyəti dəyişməyə cəhd göstəririk. "CompuTech" nəşriyyatı müasir serb ədəbiyyatını dünyaya daha çox tanıtmaq, daha çox serb ədəbiyyatı sferasını açmaq istəyir.
Söhbətləşdi: Xanım Aydın

banner

Oxşar Xəbərlər