• cümə, 26 Aprel, 18:49
  • Baku Bakı 22°C

Nə olursa-olsun, ədəbiyyat, kino, teatr ölməyəcək

08.01.18 10:24 997
Nə olursa-olsun, ədəbiyyat, kino, teatr ölməyəcək
Danil Həbibrəhman oğlu Salihov Tatarıstanın ən məşhur yazıçılarından biridir. O, otuzdan çox pyesin müəllifidir. Onun pyesləri əsasında tamaşalar səhnəyə qoyulub və onlar dərin tamaşaçı sevgisi qazanaraq Rusiyanın bir çox teatr repertuarlarını bəzəyir. Bu, heç də təsadüfi deyil. "Qadın deyil, iblisdir", "Atamın qızıyla evlənəcəyəm", "Yolda dayanacaq", "Qəribə adam", "Güllə", "Bəyazid" pyesləri ən çox oynanılan səhnə əsərləridir. Bu gözəl yazıçı həm də Tatarıstan Yazıçılar Birliyinin sədridir.
– Necə oldu ki, vokal sənətindən dramaturgiyaya keçid etdiniz?
– Musiqi məktəbinə qəbul üçün çox böyük konkurs vardı. Buna baxmayaraq, mən qəbul olundum. Sadə kənd uşağı idim. Daha çox xalq mahnılarını sevirdim. Amma səsim opera səsidir. O vaxtlarsa opera teatrları Tatarıstanda bir o qədər də inkişaf etməmişdi. Elə tamaşaçılar da operanı çox da sevmirdi. Amma mən istəyirdim ki, İlham Şakirov kimi oxuyum, onun kimi tanınım, sevilim. O, çox gözəl ifaçıdır. Və mən düşünməyə başladım: tutalım vokalçılığı bitirdim, bəs sonra? Kazanda filarmoniya var. Orda xorda oxuya bilərəm, amma istəmirəm. Belə-belə fikirlər məndən əl çəkmirdi. Oxuduğum musiqi məktəbi Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrına yaxın idi. Bir dəfə yanından keçəndə divara vurulmuş elanı gördüm. Rejissor Marsel Səlimcanov Teatr Məktəbinin aktyorluq kursuna qəbul elan edib. Səlimcanov SSRİ Xalq artisti idi. O vaxtlar belə ad almaq, xüsusuilə də, avtonom respublika vətəndaşının belə ad alması olduqca mürəkkəb bir iş idi. O, nəhəng istedad idi. Və mən payızda ora daxil oldum. Oxudum, orda da işləməyə başladım. İki il çalışandan sonra K.Tinçurin adına Tatarıstan Dövlət Dram və Komediya Teatrına dəvət aldım. İşləyəndə hamıya, hər şeyə diqqət edirdim. Aktyorlar rol davası edəndə, təyinat gedəndə mən tamaşadakı, əsərdəki əskikləri düşünürdüm. Düşünürdüm ki, mən bunu belə yox, belə yazardım, bunu tamamilə çıxarardım, bunu əlavə edərdim. Elə-elə düşüncələrə dalıb, bir gün özüm yazmaq qərarına gəldim. Bütün düşüncələrimi toplayıb yazdım. Qələmə aldığım üç pyes ard-arda tamaşaya qoyuldu.
Düzü, bu, elə də rahat başa gəlmədi. Mən çətinliklərlə üzləşdim. Əvvəlcə pyesimi tamaşaya qoymaq istəmədilər. Həmişə hər yerdə pis adamlar olur. Əngəl olmağa çalışanlar vardı. Lakin tətildən qayıdanda teatrın rejissoru dedi ki, yay uzunu qırx pyes oxumuşam, sənin əsərini çox bəyənmişəm. Pyesini tamaşaya qoyuram. Sabahdan məşqə başlayırıq. Sonra da bir-bir pyeslərim tamaşaya qoyulmağa başladı. Elə olurdu ki, hər il tamaşaya qoyulan premyeralardan biri mənim pyesim olurdu. İndiyə qədər otuzdan çox pyesim səhnələşdirilib. Rusiyanın, Tatarıstanın, Dağıstanın bir çox teatr səhnələrində əsərlərim oynanılıb. Hətta Rusiya Federasiyası Mədəniyyət Nazirliyi mənim iki pyesimi satın almışdı. Bu, mənim üçün böyük uğur idi.
– "Bəyazid” pyesinizdə yazıçı öz pərisi ilə danışır, onunla məsləhətləşir. Sizcə, Pəri – ilham pərisi var?
– Əlbəttə, var. Yaradıcı insan İlham pərisiz yaza bilməz. Bu, mümkün deyil. Bilirsiniz ki, əvvəllər senzura, müəyyən qaydalar vardı: nəyi yazmaq olar, nəyi yazmaq olmaz məsələsini onlar müəyyənləşdirirdi. Bəzən yazıçı fikirlərini üstüörtülü, ötəri yazırdı. Çox çətin idi. Yazıçı bəzən özü-özü ilə ziddiyyətə düşürdü, qarşı-qarşıya dayanırdı. Müxtəlif səbəblərdən yazıçı istədiyini tam yaza bilmirdi. Bax onda pəri yazıçının qarşısına keçir, niyə ürəyindəkini yox, beynindəkini yazdığına görə məzəmmət edir. "Bəyazid”də də eynən o cürdür. Pəri, Bəyazidi müəyyən şeyləri ürəyindən keçən kimi yox, ağlında emal edib yazdığı üçün danlayır.
– "Bəyazid”də qəhrəman hey keçmişini xatırlayır. İtirdiyi övladlarını, xanımı Xatirəni xatırlayır. Demək olar ki, əsər boyu onu xatirələri müşayiət edir. Siz necə, keçmişinizi çoxmu xatırlayırsınız? Ümumiyyətlə, xatirələr sizin üçün nə anlam daşıyır, yoxsa, ancaq gələcəyə baxırsınız?
– Xatirələrsiz insan olarmı? Olmaz! İnsan gələcəyə doğru addımladıqca, etdiyi səhvləri təkrarlamamaq üçün keçmişini yada salmalı, səhvlərini başa düşməlidir. Kənddə atam-anam hələ sağ idi, amma şəhərə oxumağa gələndə heç nəyim yox idi. Çox çətin idi. Amma məqsədim vardı, ona görə möhkəm idim. Evim-eşiyim də yox idi. Kirayədə qalırdım. İndi oturub həmin günləri xatırlayıram. Atamı, anamı, tələbəlik illərimi xatırlayıram. Kövrəlirəm. Bəzən gözümdən yaş da axır (kövrəlir).
– Qəhrəmanınız Bəyazidi yazıçı kimi narahat edən məsələlərdən biri də gələcəkdə bugünkü əsərlərin oxunub-oxunmayacağıdır? Hey düşünür: "Onlar kiməsə lazım olacaqmı? Kimsə onların yolunu davam edəcəkmi?" Bəyazid sizin yazıçı qəhrəmanınızdır. Bəlkə də, elə siz özünüzsünüz. Bəs sizcə, sizi və dövrümüzün digər yazıçılarını gələcək nəsillər oxuyacaqmı? Ədəbiyyat kiməsə lazım olacaqmı?
– Bilirsinizmi, kino meydana çıxanda dedilər ki, teatr sənəti batdı, daha heç kimə lazım olmayacaq. Amma teatr ölmədi. O, tamam başqa şeydir, başqa aləmdir. Yaşayır, yaşayacaq!
Biz dəmir pərdələr arxasında böyüyürdük, dünyadan xəbərimiz yox idi. Sərhədlər açılandan, SSRİ dağılandan sonra xaos yarandı. Hər şeyə maraq artdı. Birdən-birə informasiya axını gəldi üstümüzə. İndi telefon, planşet, kompüter dövrüdür. Uşaqların kitaba, teatra marağı azdır. Amma yenə də nə olursa-olsun, ədəbiyyat, kino, teatr ölməyəcək. Gələcək nəsillər bunu sevəcək. Tatar xalqı teatral xalqdır. Tatar seyrçisi səs-küylü, coşqun, qaynar səhnələri sevir. Tamaşalar o cür olanda anşlaq olur. Məsələn, dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan”ı bu gün də bizdə – Tatarıstan teatrlarında tamaşaya qoyulur, həm də çox sevilir.
İnsanlar fərqlidir. Kimlərsə komediya sevir, kimlərsə faciə. Hərə bir cürdür. Bir dəfə teatrda səhnəyə hansısa komediya qoyulacaqmış. Görünür, camaat gülmək həvəsindəymiş. Lakin aktyorlardan xəstələnən olub, səhnəyə çıxa bilməyib. Həmin gün direktor səhnəyə çıxıb tamaşaçılardan üzr istəyir və bu gün səhnədə həmin komediyanın yox, "Bəyazid”in oynanılacağını elan edir. Bəziləri əvvəlcə narazı olsalar da, tamaşa bitdikdən sonra çox məmnun qaldıqlarını və gözəl əsər olduğunu bildiriblər.
– "Qəribə adam” pyesinizdə baş qəhrəman kordur. Sizcə korluq nədir?
– Orda qız anasından soruşur ki, ana, sənin ən xoşbəxt günün hansı olub? Anası da istehza ilə deyir ki, sənin kor atana ərə getdiyim gün. Bax, insanlar əlinin altında, böyür-başında olan xoşbəxtlikləri, gözəllikləri, sevincləri bəzən görə bilmirlər. Nəsə böyük xoşbəxtliklər axtarırlar. Amma həyat o qədər gözəldir ki... Hər şeydə bir gözəlik tapmaq olar, görmək olar. Əgər istəsək. Baxın, indi gözdən əlil insanlar zərrə boyda işığa həsrətdirlər. Əslində, bütün bu gözəllikləri görə bilməyən insanlar kordur, onlar yox.
– Tatarıstanda indiki zamanda yazıçı əməyi ilə yaşamaq mümkündürmü?
– Bu gün yəqin ki, yox. Əvvəllər dramaturqlar aldığı qonorarla normal dolanırdılar. Qonorarlar yüksək idi. Elə mən də əsərlərimə görə yaxşı pul alırdım. Amma indi qonorarlar ya yoxdur, ya da olduqca azdı. Onunla dolanmaq mümkün deyil. Mütləq yazıçı başqa işlə də məşğul olmalıdır. Yəni ayrı gəlir yeri olmalıdır.
– Siz uğurlu yazıçısınız. Sizcə bu uğurun sirri nədədir?
– Yazıçının geniş dünyagörüşü olmalıdır. Mütləq olmalıdır. Həm kənd həyatına, həm şəhər həyatına, adət-ənənələrə, müxtəlif həyat tərzlərinə bələd olmalıdır. Mən kənddə doğulub böyümüşəm, şəhərdə oxuyub püxtələşmişəm. Kənddə də, şəhərdə hər cür tipaj, hər cür obraz var. Mən həmişə onları diqqətlə izləmişəm. Sözlərinə, hərəkətlərinə, xüsusiyyətlərinə fikir vermişəm. Bunları yaddaşıma yığa-yığa sonralar məndə süjetlər, obrazlar yaranmağa başlayıb. Məncə, elə budur mənim uğurumun sadə sirri.
– K.Tinçurin adına Dram Teatrında bir müddət aktyorluq etmisiniz. Sizcə, necə aktyor idiniz, tamaşaçıların rəğbətini, sevgisini qazana bilmişdiniz?
– Özümü tərifləmək kimi çıxmasın, yaxşı aktyor olmuşam. Həmişə də xarakterik obrazlar yaratmışam. Tamaşaçılar məni seviblər. Buna görə çox şadam. Hətta "Biz kənd uşaqları” tamaşasına dostlarımı dəvət etmişdim, onlar səhnədə məni tanımamışdılar. Mən hər zaman tamaşaçıların sevgisini duymuşam. Nə yaxşı ki dramaturgiyaya aktyorluqdan gəlmişəm. Çünki mən yazanda bütün obrazları ayrı-ayrılıqda oynaya-oynaya yazıram. Onları hiss edirəm. Hiss etməsəm, oynamasam yaza bilmərəm. Həm də yazacağım pyesi əvvəlcədən kinolent kimi görürəm. Onu tam şəkildə gözümdə canlandırandan sonra yazıram.
– Bəs daxilinizdə bu proses necə gedir. Necə bilirsiniz ki, artıq bu əsər hazırdır. Onu yaza bilərəm?
– Yazacağım hansısa əsər məni rahat buraxmır. O qədər beynimdə, ürəyimdə qaynayır, qaynayır, qaynayır ki... Axır tam hazır olanda yazıram. Məsələn, "Arvad deyil, iblisdir” pyesimi bir gecəyə – əvvəl qaralamada yazdım, sonra ağartmaya köçürdüm. Köçürəndə heç bircə vergülü də dəyişmədim. O pyesim səkkiz teatrda səhnələşdirilib. Pyeslərimin redaktəsini də özüm edirəm. Yazanda, bircə sakitlik istəyirəm. Əsasən də gecələr yazıram. Zəhmətimi isə həyat yoldaşım çəkir. Tez-tez qəhvə dəmləyib gətirir. Yazı vaxtı qəhvə içməyi sevirəm.
Söhbətləşdi: Xanım AYDIN
banner

Oxşar Xəbərlər