• çərşənbə axşamı, 19 mart, 07:09
  • Baku Bakı 8°C

Mövcud dəyərləri dağıtmaqla mənasız boşluq yaradır

23.07.19 14:00 40484
Mövcud dəyərləri dağıtmaqla mənasız boşluq yaradır
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki filologiya üzrə fəlsəfə doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Mehman Həsəndir. Onun sevdiyi əsər Çingiz Aytmatovun "Əbədi gəlin” əsəri romanıdır.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Çingiz Aytmatovun "Əbədi gəlin” əsəri sizin sevdiyiniz əsərdir?
– Çingiz Aytmatov "Əbədi gəlin” və ya "Dağlar çökəndə” romanını ölümündən bir neçə il öncə yazmışdır. Roman Çingiz Aytmatovun yaradıcılığının məntiqi yekunu və deyərdim ki, manifestidir. Yazıçı sanki ölümü hiss edib, onun yaxınlaşdığını duyub. Doğrudur, Çingiz Aytmatovun yaradıcılığının zirvəsində "Gün var əsrə bərabər” romanı dayanır. E.M.Remark E.Hemenqueyin "Qoca və dəniz” əsəri haqqında bəhs edərkən yazırdı ki, o, bu əsərlə öz Tanrısını tapıb, arzuladığı qəhrəmanını yaradıb. Bu baxımdan "Gün var əsrə bərabər” və onun qəhrəmanı Yedigey Ç.Aytmatovun "Tanrısını tapması”dır. Amma, ancaq və lakin Çingiz Aytmatovun özünəməxsus yazıçı texnikası, sehri onun bütün əsərlərinə sirayət edib və məncə, onları sevməmək qeyri-mümkündür. Ç.Aytmatov kiçik hekayələrlə başladığı yaradıcılığa povestləri ilə dünya miqyasına çıxdı və 1980-ci ildən etibarən – "Gün var əsrə bərabər” romanı ilə, – romançı kimi dünya ədəbiyyatına qədəm qoydu və qəbul olundu. Bəli, Çingiz Aytmatov türk xalqlarının dünya miqyasında ən uğurlu romançılarından biridir. Gələk "Əbədi gəlin” romanına. Aytmatov bu romandan əvvəl yazdığı "Kassandra damğası” romanında yunan mifologiyasına müraciət edərək ənənədən fərqli əsər yazdı. "Əbədi gəlin”də yenidən qırğız mifinə – Əbədi gəlin əfsanəsi və Qar bəbirləri ilə bağlı mifik mətnlərə qayıdır. Çingiz Aytmatovun bütün yaradıcılığının mahiyyətində duran insanın qisməti, alın yazısı, bəxti məhz bu romanda aydın şəkildə ifadə olunur: "Taleyin sirr olması özü bir taledir”. Yazıçı yer səthindən 3000 metr hündürlükdə yaşayan qar bəbiri Caabarsla meqapolisdə yaşayan jurnalist Arsen Samançinin taleyi arasında paralel aparır və bu paralellik bir mağarada sonlanır. Çingiz Aytmatov elə bir yazıçıdır ki, daima öz yazı texnikası, ustalığı üzərində çalışıb. İlk əsərlərindən ömrümün sonuna qədər bu inkişaf amplitudasını izləmək mümkündür. Yazıçılığa sırf realist üslubda başlayan Çingiz Aytmatov daha sonra modernist və nəhayət postmodern prinsipləri uğurla mənimsəyib. "Əbədi gəlin” romanında həmin postmodern elementləri də görmək mümkündür. Əsərin epiloqunda roman qəhrəmanı Arsen Samançinin "Öldürmək-öldürməmək” hekayəsi təqdim olunur. Müəllif əsərə daxil olur, "Öldürmək-öldürməmək” hekayəsi Arsenin mövzudan kənar müstəqil əsəridir.
– Bəxt, tale haqqında yazan bir çox yazıçılar daha çox xaosdan yazırlar. Onların yazısında həyat insana qarşı xaotik və düşmənsayağıdır. Çingiz Aytmatovda isə belə deyil. O, taleyin qarşısında baş əyir və onun ədalətinə inanır. Sizcə, bu inam Çingiz Aytmatovda hardan qaynaqlanır?
– Çingiz Aytmatov dünyanı xaos kimi qəbul etmir. Ümumi prosesin sürətlə quyunun dibinə, xaosa doğru getməsinə rəğmən geridönüşə çağırış edir. Ç.Aytmatovun sonu esxatoloji sonluqla bitən romanlarında da bir ümid, çağırış motivi var. Bu da təbii ki, Ç.Aytmatovun mifoloji dünyagörüşü ilə bağlı idi. Ç.Aytmatov uşaqkən nənəsi Aymxanla birlikdə qırğız çöllərini gəzmiş, qırğız şifahi mətnlərini mənimsəmişdir. Daha sonralar həmin mətnləri professional şəkildə tədqiq etmişdir. Onun yaradıcılığı da məhz bu kontekstdədir. Onun romanlarının birinin adı "Qiyamət” adlanır. Qiyamətlə bağlı ayrı-ayrı dünya xalqlarının mifoloji mətnlərində, eləcə daha sonrakı dövrlərin məhsulu olan dini kitablarda məqamlar vardır. Çingiz Aytmatov isə onlara paralel olaraq öz konsepsiyasını irəli sürür. Onun əsərləri dünyanın kiçik modelidir. "Qiyamət” romanının sonunda da nəslin davamçısı, – yazıçının təsvir etdiyi modeldə dünyanın, – oğlan uşağı və qurd, – türk mifologiyasına görə xilaskar, – insan tərəfindən öldürülür. Yəni, dünyanın sonu-qiyamət başlayır. Lakin əsərdə İsa peyğəmbərlə Avdinin taleyi arasında paralellik var. Yazıçı inanır ki, iki min ilə yaxın müddətdə öz ölümü ilə insanı xaosdan yayınmağa, kosmosa çağıran İsa peyğəmbərin missiyasını saksaul ağacına bağlanaraq yandırılan Avdi icra edəcəkdir. Çingiz Aytmatovun nəsrində dünyanın xaos kimi dərki yoxdur. O, nizamın tərəfdarıdır və bu ideya əsərlərinə yansıyıb.
Yaxınlarda Orxan Pamukun sonuncu romanı olan "Qırmızı saçlı qadın”ı oxuyanda bəxt, taleyin oyunları bir daha Çingiz Aytmatovu xatırlatdı. Əsərdə Mahmud usta heç kəsin taleyindən qaça bilmədiyindən danışır və Cem öz ustasını quyunun dibində köməksiz qoyub qaçır və 30 il sonra öz oğlu tərəfindən həmin quyunun yanında öldürülür. Eyni motiv "Əbədi gəlin” romanında var. Bir-birindən xəbərsiz iki canlının taleyi onları bir mağaraya gətirir. Yəni taledən qaçmaq qeyri-mümkündür. Edip dastanında krala oğlunun faciəli taleyi ilə bağlı xəbərdarlığa rəğmən uşağı meşəyə atmaqla taleyindən yayınmağa çalışır, amma, olan olur. Və ya Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib” əsərində Yusif Sərracın əhvalatı, Ernest Hemenqueyin "Qoca və dəniz” povestində Santiaqounun şagirdinə mövcud olmayan torlarla bağlı tapşırıq verməsi, Orxan Pamukun əsərində Cemin ustasını yaralı qoyub qaçdığı quyuya 30 il sonra öldürülərək yuvarlanması kimi taledən qaçma motivlərinə nümunələr göstərmək olar. XX əsr modernist estetika dövrün təbəddülatları fonunda zəngin prinsiplərlə meydana çıxdı. Təbəddülatların dərinliyi ədəbiyyata sirayət etdi və nəticədə böyük əsərlər yarandı. İnsanın taleyini onun seçimləri müəyyən edir. "Əbədi gəlin” romanında Caabars qocaldığı üçün vəhşi təbiətin qanunlarına uyğun olaraq sürüdən, cütləşmədən uzaqlaşdırılır. Ov ovlaya bilmədiyi üçün səssiz sonuna, ölümünə doğru sakit mağaraya gedir. Mağarada onun taleyi kapital cəmiyyətinin sərt qanunlarından qaçan, ona üsyan edən Arsenlə birləşir və onlar eyni taleyi-ölümü birlikdə qarşılamalı olurlar. "Hər zaman və hər kəs üçün dəyişməz olan bir həqiqət var: Heç kim öncədən taleyini, başına gələcəkləri bilmir; sadəcə həyat onu göstərir. Tale başqa necə ola bilərdi ki? O hər zaman belə olub. Dünyanın yaranmasından, cənnətdən qovulan – bu bir tale deyilmi? – Adəm və Həvvadan günümüzə qədər hər dəqiqə, hər saat, hər gün, hər əsr, hamımız üçün taleyin sirri, əbədi bir tapmaca olaraq qalmaqdadır”.
Romanın sonunda Brüsseldə Eles Caabarsovanın nəşrə hazırladığı Arsen Samançinin "Öldürmək-öldürməmək” hekayəsi də tale ilə bağlıdır. Sergey Varontsov Saratovdan müharibəyə yollanan gəncdir. Onun gələcək taleyi ilə bağlı xəbərdarlığı stansiya boyu arxasınca qaçan bir qaraçı qadın verir. "Üzərinə qan bulaşmamış sadəcə günəş qalacaq və at çaparsız qaçıb gedəcək... Sən ölümsüzsən!” Hekayədə Sergey seçim qarşısındadı. Atası müharibədə sağ qalmağın yeganə yolunun öldürməkdə, anası isə əksinə bütün insan öldürənlərin qatil olduğunu və oğluna heç kimi öldürməməyi bildirməkdədir.
– Romanda dünya harmoniya içindədir və təsadüfi olan heç bir şeyin olmadığı görünür. Siz necə düşünürsünüz, Çingiz Aytmatov dünyanı harmoniya içində təsvir etməklə oxucusuna nələri çatdırmaq istəyir?
– Ç.Aytmatov bədii yaradıcılığı ilə yanaşı, bir intellektual kimi daim dünyanı narahat edən qlobal problemlərlə bağlı müxtəlif kontekstlərdə çıxışlar edib. O, 1985-ci ildə Beynəlxalq İssık-göl forumunu təşkil etməklə dünyanın diqqətini narkomaniya, biomüxtəlifliyin məhvi və s. kimi qlobal problemlərə yönəltmişdir. Harmoniyaya ciddi cəhdlə çağırış Çingiz Aytmatov düşüncəsinə hakimdir. "Hamımız bir gəminin sakinləriyik” deməklə, əslində, dünyaya ən böyük mesajını vermişdir. Çingiz Aytmatov dünyanı harmoniyaya, qlobal problemlərin, insanlığı təhlükə altında qoyan zərərli davranışlara qarşı mübarizəyə səsləyir. "Əbədi gəlin” romanında isə yazıçı qəribə şəkildə bundan imtina edir. Arsen ölür və onun əsəri yazıçının uzun müddət səfir işlədiyi Brüsseldə sevgilisi tərəfindən çap olunur. Çox qəribədir, deyilmi? Qeyd etdiyim kimi romanda yazıçı, sanki, o xəbərdarlığı duyub, ölümün yaxınlaşdığını hiss edib.
– Ümumiyyətlə, əsərin "sətraltı”sında nə var? Çingiz Aytmatovun belə bir romanı yazmaqda məqsədi nə olub?
– Çingiz Aytmatov qloballaşan dünyada, kapitalist münasibətlərinin mədəniyyəti, dəyərləri məhv etməsini qəbul edə bilmir. Arsen Samançinin dirənişi və sonunda ölümlə bitən taleyinin təsvirində yazıçı məhz bu məqama diqqət yetirmək istəyir. Eyni zamanda Aytmatov təbiətin mükəmməlliyinə inanır. Bəşəriyyətin milyon illər boyu təkamülü nəticəsində yaşadığımız ekosistem formalaşıb. Çingiz Aytmatov təkamül zəncirinin zirvəsində dayanan insanın və onun şüurunun ekosistemə qarşı durmasını, onu məhv etməyə çalışmasını qəbul edə bilmir. Yazıçı varlı ərəblərin dağlarda bəbir ovuna gəlməsini kapitalizmin vəhşi təzahürü kimi təsvir edir.
– Sizcə, Aytmatov bu əsərdə həyat triadasını təşkil edən səma, dağ və torpaq anlayışlarını bir araya gətirməklə nə demək istəyib? Yəni onun məqsədi nə olub? Ümumiyyətlə, bu simvolları ayrı-ayrılıqda aça bilərsinizmi?
Məncə, bu sualın cavabını Çingiz Aytmatovun böyüyüb boya-başa çatdığı Şəkər kəndində və onun təbiətində axtarmaq lazımdır. Uşaqlıqda bizi əhatə edən coğrafi mühit, ətrafımızda baş verənlər bizim şüuraltımıza yerləşir. Zaman-zaman davranışımızda, düşüncəmizdə, yaratdıqlarımızda həmin yaşantılar ifadəsini tapmağa başlayır. Karl Qustav Yunq bunu kollektiv şüur adlandırırdı, Yuval Noah Harari buna inter-subyektiv adını verir. Bayaq qeyd etdiyimiz kimi Çingiz Aytmatovun ruhu, onun yaradıcılığı ekosistemlə, təbiətin mükəmməl qanunlarıyla harmoniyadadır. Gələk həmin triadaya, yəni səma, dağ və torpaq anlayışlarına. Çingiz Aytmatova görə, göy məğlubedilməzdir, – "Çingiz xanın ağ buludu” povesti, – torpaqla su daim savaşdadır və insan torpağı seçib həmişə, – "Dəniz kənarıyla qaçan alabaş” povesti, – və dağ, bir çox əsərində təsvir etdiyi əzəmətli Tyan-şan dağları. Qırğızlar bu dağlara Ala-too dağları deyirlər. Çingiz Aytmatovun əsərində səma, dağ və torpaq ekosistemin bir parçasıdır.
– Dağ obrazını bu əsərdə tale, bəxt simvolu adlandırırlar. Sizcə, bu doğrudur? Əgər doğrusudursa, bunu siz nəylə əsaslandırırsız?
– Əsərin əsas qəhrəmanlarından biri Caabarsın taleyi dağlarla bağlıdır. Caabarsın mənsub olduğu dağ bəbirləri dünya faunasının nadir növlərindən biridir. Qar bəbirlərinin yayıldığı coğrafiyalardan biri də də Tyan-şan dağlarıdır. Qırğız-qazaxlarda qar bəbirləri ilə bağlı mifoloji mətnlər də vardır. Onlar yüksək dağ zirvələrində təxminən 3000 metr yüksəklikdə yaşayır və ov edirlər.
– Əsərdə sizin üçün ən təsirli dialoq, məqam və ya bədii detal hansıdır?
– Arsenlə Caabarsın eyni mağarada can verməsi və Sergeylə qaraçı qadının dialoqu, məncə, romanın ən təsirli hissələrindəndir.
– İstərdim ki, oxuculara aydın olsun deyə "Əbədi gəlin” əfsansini də xatırlayasınız. Həmin əfsanəsinin əsərə yerləşdirilməsini necə qiymətləndirirsiniz?
Çingiz Aytmatovun əsərlərində "Manas” təfəkkürü, qədim miflər aparıcı rol oynayır. Belə intermətn "Əbədi gəlin” romanında da yer alıb. "Əbədi gəlin” bir mifik əfsanədir. Həmin əfsanəni Arsen Aydana ilə birlikdə Almaniyaya səfər etdikləri vaxt ona danışır. Aydana opera solistidir. Əfsanəyə görə, "Yüksək dağların bağrında saxladığı bir kənddə çox yaraşıqlı, atdığını vuran bir ovçu yaşayırmış. Bu gənc dağın ətəklərində yaşayan bir qıza aşıq olur. Ailələrinin xeyir-duası ilə bu iki gənc nişanlanırlar. Yaxşı ovçu olan gənc, nişanlısına və onun ailəsinə dəyərli kürklər gətirirmiş. Onların xoşbəxtliyinə ətrafdakılar qibtə edərlərmiş. Nişan günündə adətə görə, atla dördnala çapan gəlini nişanlısı tutub atdan düşmədən öpməliymiş. Ovçu oğlan bu adəti tam şəkildə yerinə yetirmiş və çay buna şahidlik etmişdir. Pis niyyətli insanlar qızı qaçırmışlar. Kənddə dedi-qodu yayılmış ki, guya qız başqasına qoşulub qaçıb. Bunları eşitdikdən sonra gənc həyatdan küsərək dağlara çəkilmiş, ancaq qız onu qaçıranların əlindən özünü hər şeyə şahidlik edən çaya ataraq xilas olmuşdur. Kəndə geri dönəndə nişanlısının getdiyini eşidərək onu səsləyib çağırmış, səs gəlmədiyini görəndə quşa çevrilib sevgilisini axtarmağa başlamışdır.
– Roman Caabarsın dağdakı hakimiyyətinin başa çatması ilə başlayır. Sizcə, bu cür başlanğıc əsərdə hansı mənanı ifadə edir?
– Qeyd etdiyimiz kimi Çingiz Aytmatov təbiətin nizamına, onun mükəmməlliyinə az qala inanc kimi yanaşır. Bu, bir tərəfdən Aytmatovun təhsili ilə bağlıydı. Çingiz Aytmatov gəncliyində Zoobaytarlıq Texnikomunu, daha sonra isə Kənd Təsərrüfatı İnstitutunu bitirmiş və bir müddət ixtisası üzrə işləmişdir. Çingiz Aytmatovun əsərlərində təbiət təsvirləri, ayrı-ayrı heyvanların obrazıları və onların bir peşəkar mütəxəssis kimi xüsusiyyətləri təsvir edilir. Eləcə də bu romanda Qar bəbirlərinin peşəkar zooloq kimi şərhi verilir. Roman Caabarsın dağdakı hakimiyyətinin başa çatması ilə başlayır. Qar bəbirləri Tuyuq Car dağlarının qeyri-şərtsiz hökmdarları hesab olunurlar. Dəniz səviyyəsindən 3000-5000 metr hündürlükdə yaşayan bu nadir heyvan növünə dünyanın az-az ölkələrində təsadüf edilməkdədir. Bu nadir heyvan növünün yaşadığı coğrafi məkanlarından biri də Tuyuq Car dağlarıdır. Qırğız və qazax folklorunda qurd, ana maralla yanaşı qar bəbirləri haqqında da mifoloji mətnlərin mövcudluğu da məhz bu coğrafi məskunlaşma ilə bağlıdır.
Qar bəbiri Caabars artıq qocalıb, təbiətin qanununa uyğun olaraq artıq yeni cavan bəbirlər dağlarda ağalıq etməkdədirlər. Cütləşmək üçün başladığı bütün mübarizələrdə məğlub olmuş, sürüdən ayrılmaq məcburiyyətində qalmışdır. Bir vaxtlar rəqib tanımayan Caabars üçün artıq vaxt ötüb, buna görə o, başını götürüb dağın zirvələrinə doğru gedir. Amma çox da irəliyə getməyə gücü çatmır. Beləliklə, taleyin hökmü olan ölümünü bir mağarada gözləyir. Dağın zirvəsindəki Caabarsla şəhərin ortasında yaşayan əsərin digər qəhrəmanı, müxbir Arsen Samançin də eyni taleyi yaşamaqdadır. Bir zamanlar hər kəs tərəfdən rəğbətlə qarşılanan müxbir artıq öz şöhrətini itirmişdir.
– Əsərdə bəzən dərin, bəzənsə üst qatda kapitalizmin tənqidi var. Sizcə, müəllif yaşadığı dövrə qarşı niyə belə bir sərt mövqe tutmuşdur?
– Çingiz Aytmatov sovet dövründə yazdığı əsərlərində dövrün, quruluşun sətiraltında da olsa tənqidi vardır. Məsələn, "Fujiyama” və ya "Sokratı anma gecəsi” pyeslərində bu tənqid üst qatda təsvir edilir. Yazıçı hər iki pyesdə o qənatə gəlir ki, sovet quruluşunun yaratmaq istədiyi insan modeli saxtadır, yalanlarla doludur. Maraqlısı bundadır ki, Çingiz Aytmatov Sovet imperiyası çökdükdən sonra da yaranan yeni münasibətləri tənqid edir. Məncə, kapitalist münasibətləri intellektualıq baxımından o qədər də yüksək olmayan cəmiyyətlərdə əks təsirə malik olur. Mövcud dəyərləri dağıtmaqla mənasız boşluq yaradır.
– Ersan Kurçal baş qəhrəman Arsenin sevdiyi qadını – Aydana Samarovanı əlindən alır. Arsenin arzusu Aydananın "Əbədi gəlin” operasını ifa etməsidir, ancaq Ersan Kurçal onu şənlik müğənnisinə çevirir. Müəllif Ertaş Kurçalın gücünü nə üçün kapitalizmin gücü kimi göstərir?
– Bayaq qeyd etdiyimiz kimi Çingiz Aytmatovun təsvir etdiyi modeldə yeni münasibətlər sistemi mədəniyyətin, sənətin inkişafından daha çox ona qarşı yönəlir, dağıdıcı fəaliyyət göstərir. Ertaş Kurçal əsərdə həmin metamorfozaya uğramış gücün əksidir. Zəif aktyor varlı təşkilatçıya çevrilir. Etaşın formalaşdığı sel özü ilə istedadlı müğənni Aydana Samarovnanı, Arsenin arzuladığı "Ədəbi gəlin” operasını və nəhayət, Arsenin özünü də öz ağuşuna alaraq aparır. Pulun cəmiyyətdə bütün dəyərləri məhv etməsini yazıçı qəbul edə bilmir. Arsen də bu baxımdan bir "Don Kixotdur”. Onun mübarizəsi taleyini müəyyənləşdirir.
Əsərdə yazıçı get-gedə qloballaşan, kiçilən dünyada böyük sərmayələrin cəmiyyət üzərindəki hakimiyyətini, pulun gücü qarşısında əzilən insanın taleyini və onun məğlubiyyətlə sonlanan mübarizəsini təsvir etmişdir. Çingiz Aytmatovun əsərdə gəldiyi qənaət budur ki, güc anlayışı vəhşi təbiətlə şüurlu insanların yaşadığı cəmiyyətdə eynidir. Hər iki aləmdə gücsüz, zəif olan məhv olmağa məhkumdur. "Tale əsərin hər iki qəhrəmanına qarşı oyun qurmuşdur. Təbii ki, onlar bir-birilərinin varlığından xəbərsizdir. Əksi mümkün ola bilərdi? Çünki biri əhali sıxlığından, basırıq küçələrdən və kabab qoxan restoranlardan tüstüsündə boğulan milyonluq müasir şəhərdə, digəri isə sıx ardıc ağaclarının yetişdiyi, ilin altı ayının qarlarla örtülü olan yüksək dağların ayaq dəyməyən sərt qayalıqlarında yaşayırdı”.
– Arsenə əmisi tapşırır ki, Tuyuq Cara bəbir ovlamağa gedən ərəblərə kömək etsin. Amma o, ora gedəndən sonra ərəbləri ordan qovur ki, bizim dağlardan əl çəkin, öz yaşadığınız yerlərə gedin, müqəddəs yerlərimizi korlamayın. Ancaq onun da aqibəti qar bəbirilə bir yerdə tamamlanır. Süjetin birdən-birə belə kəskinləşməsi sizcə, hansı ehtiyacdan doğur?
– İnsan irrasional varlıqdır. Onu sona qədər dərk etmək qeyri-mümkündür. Modernist ədəbiyyatın əsas prinsiplərindən biri də bu idi. Yəni tam mənasıyla müsbət və ya əksinə, bütün mənfiləri, yaramazlıqları özündə birləşdirən qəhrəman yoxdur. İnsanın keyfiyyətləri sınaq qarşısında üzə çıxır. Onu sona qədər dərk etmək mümkün deyil. Marsl Prustun "İtmiş zaman axtarışında” romanlar silsiləsinə daxil olan "Albertinin qeybi”ndə obraz öz hisləri üzərində sanki bir əməliyyat aparır, arxeoloqun ehmalca bir abidəni qazması kimi. Lakin nə qədər çalışırsa belə sona vara bilmir. İnsan tam mənasıyla dərkolunmazdır. Arsenin kəndə getdikdən sonra həyatı da yoluna düşmüşdü. Eles Caabarsova ilə arasında yaşanan sevgi ona Aydananı da, Ertaşı da, lap "Əbədi gəlin”i də unutdurmuşdu. Qeyd etdiyimiz kimi Çingiz Aytmatov bir az da öz taleyini təsvir edib. Arsen hardasa Çingiz Aytmatovun özüdür. Yazıçı sanki öz ölümünü də duyub və belə bir əsər yazıb.
Söhbətləşdi: Fərid Hüseyn
banner

Oxşar Xəbərlər