• çərşənbə, 08 May, 07:32
  • Baku Bakı 13°C

Mənəvi keyfiyyətlərin cəmi xeyirxahlıqdır

08.10.18 15:45 1565
Mənəvi keyfiyyətlərin cəmi xeyirxahlıqdır
Uzaq Sibirin şimal-şərqində Saxa (Yakutiya) Respublikasında qanı qanımızdan, canı canımızdan olan türk əsilli saxa (yakut) xalqı yaşayır. Yakut türkləri əski türk geyim və yaşam tərzini bu günə qədər yaşadan xalqdır. Cəmi beş yüz min olmalarına baxmayaraq, qədim köklərinə söykənən adət-ənənələrinə hər zaman sadiqdirlər. Bu qədim xalqın da özünəməxsus yaradıcılığa malik yazıçıları, şairləri, rəssamları var. Onlardan biri Saxa (Yakutiya) Respublikasının Xalq şairi, Saxa (Yakutiya) Yazıçılar Birliyi İdarə Heyətinin başqanı, Rusiya Yazıçılar Birliyinin katibi, Saxa (Yakutiya) Respublikası Ruhani Akademiyasının akademiki Natalya İvanovna Xarlampyevadır. Natalya Xarlampyeva 20 şeir və publisistik kitabın müəllifidir. Onun şeirləri rus, ingilis, polyak, vyetnam dillərinə çevrilib, eləcə də Türkiyə, Qazaxıstan, Tatarıstan türkcələrinə çevrilib. Qeyd edim ki, şairin "Mənim rəfiqim aprel” adlı kitabı bu günlərdə Azərbaycan dilində çap olunub.
Bu işgüzar xanım Saxada jurnalist və nəşr işinin təşkilatçısı olaraq da tanınır. O mətbu fəaliyyətə "Severnaya trassa” qəzetində müxbir olaraq başlayıb; gənclər qəzeti olan "Eder kommunist” mətbu orqanının redaktoru, "Kıım” qəzetinin mədəniyyət şöbəsinin müdiri, "Saxa-Sire” qəzetinin baş redaktoru (1990-2012) kimi fəaliyyət göstərib. 1994-cü ildə ilk dəfə Saxa (Yakut) dilində işıq üzü görən "Dilbər Xotun” adlı qadın jurnalının redaktoru olub. 2012-ci ildən 2017-ci ilin iyun ayına qədər Saxa (Yakutiya) dövlət başçısının mədəniyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. Natalya Xarlampyeva Qazaxıstan Respublikasının "Alaş” ədəbi ödülü laureatıdır (1998). Həmçinin Rusiyanın Böyük Ədəbi Ödülünə (2003), Rusiya Yazıçılar Birliyinin və Smolensk vilayətinin Aleksandr Tvardovski adına ödülünə (2003) layiq görülüb. 2015-ci ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin sərəncamı ilə Puşkin medalı ilə təltif olunub. Bütün bunlar Natalya xanım haqqında çıx qısa bir məlumatdır. Əslində, onun zəhmətləri daha çoxdur. Bu günlərdə Natalya xanım Bakıya təşrif buyurmuşdu. Onunla görüşüb söhbətləşməyə imkan tapdım. Natalya İvanovna çox mehriban xanımdır. Söhbətimizə də, birbaşa elə yaradıcılığından başladı.
– Bu qədər ictimai işləriniz, məsuliyyət daşıdığınız vəzifələriniz var, bütün bunlarla bərabər, yaradıcılığa necə vaxt tapırsınız?
– Mənə elə gəlir ki, yaradıcılıqla ancaq öz istedadına ciddi və hörmətlə yanaşan adamlar məşğul olmalıdır. Və bunu ömrünün, taleyinin ən vacib işi hesab etməlidir. Elə insanlar var ki, ömrü boyu tamamilə başqa bir sahədə çalışıb, hüquqşünas, aviator, həkim və s. olub, yaşlananda, təqaüdə çıxan vaxtı hesab edirlər ki, yazıçı ola bilərlər. Düzdür, çox nadir hallarda gənc yaşlarında müəyyən səbəblərdən öz istedadını susduran, sonradan bu hissi, daxili tələbatı gizlədə bilməyib yazıçı, şair olan adamlar da var. Düşünürəm ki, ümumən, yazıçılıqla məşğul olan adamlar öz istedadına, vergisinə qarşı qayğı, sevgi ilə yanaşan, onu bir çiçək kimi sulayıb, böyüdənlərdir. Mən gündəlik çap olunan qəzetin baş redaktoru vəzifəsində çalışmışam. İndi düşünürəm ki, bəlkə də, bu işə çox vaxt itirmişəm. Bəlkə də, başqa bir yüngül işlə də məşğul olmaq mümkün idi. Amma o iş mənə çox maraqlı idi. Və mənim poeziyam da necəsə artıq bu qəzetin işi ilə uyğunlaşmışdı. Şeirlərimdə xalqımın həyatı, hadisələr həmişə görünürdü. Buna görə də mənə elə gəlir ki, işim mənim yaradıcılığıma mane olmurdu. Həmişə həyatım və poeziyam bir-birini tamamlayıb. İşdən başqa, ailə və yaradıcılığın da bir-birinə uyğunlaşması, mane olmamağı vacib şərtdir. Mənim üçün ailə, uşaq hər şeydən öndə olsa da, yaradıcılığım da çox önəmlidir. Ona yüksək dəyər verirəm və yaradıcılığıma çox ciddi yanaşıram.
– İstedadın mənbəyi barədə düşünübsünüz?
– Biz cəmi beş yüz min nəfər əhalisi olan kiçik xalq böyük – üç milyon kvadrat metrlik bir ərazidə yaşayırıq. Ətrafımızda pravoslavlar çoxdur. Amma biz Tenqri tanrıya inanırıq. Və mənə bu istedadı da, təbii ki, o verib – xalqın yaşantıları, həyəcanı, düşüncələrini dilə gətirmək üçün verib. Mən də şeirlərimdə bacardığım qədər torpağımızı, təbiətimizi, adətlərimizi, məişətimizi təsvir edirəm.
– İnanclarınızın poeziyanıza təsiri varmı?
– Hansısa mənəvi keyfiyyətlərin cəmi mənim üçün xeyirxahlıqdır. Yaşlılara hörmətdir, uşaqlara xeyirxahlığı aşılamaqdır. Onları normal, cəmiyyətə yararlı, gözəl bir insan kimi tərbiyə etməkdir, böyüklərə hörmət, qayğı, zəiflərə kömək və s. Bütün bunların hamısı xeyirxahlıqdır mənim gözümdə.
Bizim inancımız təbiətə sevgidir, təbiətə hörmətdir. Ona görə ki, biz çox sərt təbiət şəraitində yaşayırıq. Əgər biz təbiəti saymasaq, ona hörmətlə, sevgi ilə yanaşmasaq, təbiətin hər hansısa dəyişikliklərini hiss etməsək, bilməsək, ona qarşı çıxsaq, onunla pis davransaq bu sərt şərtlər altında yaşaya bilmərik. Ona görə də bizim dinimiz, inancımız, hər şeydən əvvəl təbiətə sevgidir, hörmətdir, təbiətin bütün qüvvələrinə təzimdir. Ümumiyyətlə, tayqanın sahibi, gölün sahibi, meşənin sahibi – hamısı xüsusi təzimə layiqdir. Hər bir yakut evində, ailəsində bunu yeni gələn nəsillərə öyrədir, aşılayır. Sovet dönəmində bununla çox böyük mübarizələr aparırdılar. İndi isə mübarizə aparan yoxdur. Və mənə elə gəlir ki, bu inanc bizi xeyirxah edir, bütün xalqlarla sevgi və sülh şəraitində yaşamağı öyrədir. Başqa xalqlarla bir səviyyədə, yanaşı dayanmaq üçün birinci, öz ürəyini açmağı, sevgini göstərməyi bacarmalısan! Bütün xalqlar belədir. Xeyirxah olmalısan, heç kimə qarşı laqeyd olmamalısan. Düşünməməlisən ki, əgər bu adam başqa dinə etiqad edirsə, biz bir-birimizi başa düşməyəcəyik. Bütün dinlər, bütün inanclar xeyirxahlığa söykənir.
– İyirmidən çox kitab müəllifisiniz, yazdıqlarınız sizə nə verir, niyə yazırsınız? Heç bu haqda düşünübsünüz?
– Mənim özümə verdiyim sual ən çox budur. Çox düşünürəm bu barədə. Əslində, bu gün öz ölkəmdə, öz xalqımın içində tanınmış, qəbul edilmiş şairəm, Xalq şairiyəm, şeirlərim dərsliklərə daxil edilib və s. Bütün bunlar çox yaxşıdır. Yəqin ki, mən yaradıcı taleyimdən çox razı olmalıyam. Lakin düşünürəm ki, şair, yazıçı başqalarından sabah yaza bilib-bilməyəcəyinə, yəni yaradıcılığını davam etdirə biləcəyinə əmin olmamağına görə fərqlənir. Bəs birdən bu istedad tükənsə, birdən daha yaxşısını yaza bilməsə necə olsun? Və bu həyəcan bu qorxu ruh adamının daim daxilində yaşayır. Mən də bu həyəcanı həmişə yaşayıram. Kitablarım bir neçə dilə tərcümə olunub. Demək olar ki, ölkəmizdə əsərləri başqa dillərə tərcümə olunan şair yoxdur. Bu, hər şeydən əvvəl mənə, xalqıma görə qürur verir. Biz çox kiçik xalqıq, ancaq belə tanına bilərik. Düşünürəm ki, yəqin, elə buna görə yazıram. Bu gün də məni sizə, yazdığım şeilər gətirib.
– İlham pərisinə inanırsınız?
– Bilmirəm. Bəlkə də, inanıram. Amma ilham pərisini konkret necəsə bir görünüşdə təsəvvürümə gətirə bilmirəm. İnananlar da çoxdur. Amma əminəm ki, yuxarıdan Tenqri mənə istedad verib və bunu düzgün istifadə etməyə borcluyam. Mən buna görə məsuliyyət daşıyıram.
– Yazı prosesinizdən danışmağınızı istərdim.
– Uzun illər şəraitim, ayrıca kabinetim, iş otağım olmayıb. Harda oldu yazmışam. Pəncərə taxçasında, təyyarədə, avtobusda, yolda. Əgər ürəyimə bir misra da gəlsə, ərinmədən onu dərhal qeyd edirəm. Bəzən olur ki, sonra hardasa sakit bir yerdə, özümlə baş-başa qalanda tamamlayıram. Əslində, şeir yazmaq üçün xüsusi bir şəraitə ehtiyac da yoxdur. Şeir istədiyi vaxtda gələ bilir. Ona görə də şeir harda, hansı şəraitdə səni yaxaladısa, gərək yazasan.
– Yeni nəslin mütaliəyə qayıtmasının yollarını nədə görürsünüz?
– Bu, çox böyük bir problemdir. Uzağa getmirəm, elə öz ailəmdən misal çəkəcəyəm. Mənim ikinci sinifdə oxuyan nəvəm var. Birinci sinfi bitirəndə onlara yay tətilində oxumaq üçün ədəbiyyat siyahısı vermişdi müəllim. O, bu vacib siyahının heç yarısını belə oxumadı. Çünki bütün yayı internetdə keçirir, oyun oynayır, əylənir. Bu virtual aləm, internet mütaliəyə maneə törədir. Mən başladım müxtəlif şeirləri, hekayələri ona nağıl etməyə. Məsələn, Puşkinin "Balıqçı və balıq” əsərini ona nağıl kimi danışdım. Ona maraqlı gəldi. Amma kitabdan özü oxumaq istəmir, maraqlı gəlmir ona. Ona "bəs sənin üç arzun hanısıdır?” deyəndə, düşünməyə başlayır. Nağılda hər dəfə maddi şeylər istəyən qarının əldə etdiklərinin sonda itirdiyi fikri üzərində düşüncəyə dalır. Məncə, uşaqları necəsə kitaba maraqlandırmaq, həvəsləndirmək lazımdır. Təəssüf ki, müəllimlərin vaxtı yoxdur, valideynlərinsə, ümumiyyətlə, vaxtı yoxdur. Və nəticədə hesab edirəm ki, bəlkə də, bu gün bu məsuliyyət nənələrin üzərinə düşür. Nənələr gərək nəvələrinə nağıl oxusun. Bununla da uşaqlarda maraq yaratsınlar.
– Bakıya ikinci dəfədir gəlirsiniz. Təəssüratlarınız necədir?
– İlk dəfə Bakıya 2010-cu ildə türkdilli xalqların konqresinə gəlmişdim. Cəmi iki gün burda oldum. Demək olar ki, heç hoteldən çıxmağa imkan olmamışdı. Ona görə də ilk dəfə heç bir təəssüratım olmamışdı. Amma bu dəfə çox maraqlı gəzintilərimiz oldu. İçəri şəhəri gəzdik, müasir Bakını gördük. Məsələ heç şəhərin qədimliyində, müasirliyində, fərqliliyində, arxitekturasında deyil. Məsələ burasındadır ki, hər bir xalqın öz daxili ritmi var. Sən bunu hiss edirsən. Məsələn, İngiltərəyə gedəndə insanlar üzünə güləcək, amma onlar çox soyuqqanlıdırlar. Çox dəqiq gün qrafikləri var. Məsələn, hər hansı bir tədbirə beş dəqiqə geciksən, sənə pis baxacaqlar, səni ciddi adam kimi qəbul etməyəcəklər. Monqolustanı götürək, onlar, ümumiyyətlə, vaxtı tənzimləyə bilmirlər. Məsələn, əgər orda sənə saat ikidə görüş təyin edirlərsə, deməli, bu görüş hardasa saat dörddə baş tutacaq. Bu ritm hər bir xalqa tarixindən, yaşantılarından hopur. Mən dünən Bakını gəzərkən fikir verdim ki, mənim ritmim Azərbaycan xalqının ritmi ilə üst-üstə düşür. Burada insanlar nə tələsmir, nə də gecikmir. Vaxtın çərçivəsini bilirlər. Tam özüm kimi. Bu, çox vacib bir amildir. Bu olmadan xalqın dilini, ruhunu başa düşmək olmur. Əgər uyğun gəlmirsə, özünü ya geridə qalmış hiss edirsən, ya da çox irəlidə. Yəni daxili tarazlıq ki, var, o pozulur. Burada hiss etdim ki, Azərbaycan xalqı ilə çox uyğunam. Mən özümü burda çox rahat, öz evimdəki kimi hiss etdim. Buradan çox xoş təəssüratlar və yenidən görüşmək ümidi ilə ayrılacağam...
Söhbətləşdi:
Xanım AYDIN
banner

Oxşar Xəbərlər