• cümə, 26 Aprel, 18:45
  • Baku Bakı 22°C

Mən silahı sevmirəm

09.10.18 10:00 713
Mən silahı sevmirəm
Qonağımız tanınmış türkiyəli kinoaktyoru, "Qurdlar vadisi” seriyalının əsas qəhrəmanlarından biri, Memati rolunun ifaçısı Gürkan Uyqundur. Necati Şaşmazdan fərqli olaraq Gürkan Uyqun həyatda ekranda göründüyü kimi sərt və qəddar deyil, olduqca canayaxın və səmimi bir insandı. Onunla maraqlı söhbət etdik:
– Adınız "Qurdlar vadisi”, "Qurdlar vadisi İraq” və "Qurdlar vadisi Pusu” serial və filmində yaratdığınız Memati xalqın ürəyini elə yol tapdı ki, artıq əsil adınızın Gürkan olduğunu unudublar. Memati olana qədər keçdiyiniz sənət yolundan bəhs edərdiniz.
–1990-cı ildə İzmit şəhərindəki teatr dərnəyinə getdim. Teatrla ilk tanışlığa həvəskar aktyor kimi başladım. Üç il orada çalışdım. Sonra sənədlərimi İstanbul Dövlət Konservatoriyasının teatr bölümünə verdim və çox şükür ki, qəbul olundum. Təhsil aldığım illərdə, 1994–1995-ci illərdə "Doğmən” teatrında professional aktyor kimi səhnəyə çıxdım. 1998-ci ildə televiziya macəramız başladı və mən "Tatlı kaçıklar”, "Böylemi olacaqdı”, "Şapkadan babam çıkdı” seriyallarına çəkildim. 2003-cü ildə " "Qurdlar vadisi” seriyalına dəvət aldım.
– Əslində, "Qurdlar vadisi” serialının baş qəhrəmanı deyilsiniz. Serialda ilk başlarda Süleyman Çakırın yaxın adamı, sonra isə Polad Ələmdarın yanında yer aldınız. Yaratdığınız obraz demək olmaz ki, müsbət surətdir. Bu obrazın bu qədər sevilməsinin səbəbi nədir?
– Əsas səbəbi – dostluq, sevgi, hörmət, düzgünlük, sədaqətdir. Yanında olan insanlara göstərdiyi sədaqətinə görə Mematini etibar ediləcək bir insan kimi, ailədən biri kimi, qardaşları kimi görürlər. Çünki insanlar özlərinin görə bilmədikləri işi başqasında görəndə onu sevir və ona rəğbət bəsləyirlər. Bu da bir serial, bir xəyal gücüdür. Memati obrazı sərt cizgilərlə görünsə də, yaxşı işlər görür. Haqsızın qarşısında haqlını müdafiə etdiyi üçün insanlar ona inanırlar. Hər insan yanında etibar edə biləcəyi bir dostunun olmasını istəyər, o dost da Memati olduğu üçün, bu obraz əsas qəhrəman kimi sevirlər.
– Oynadığınız rolu izləyərkən bizə elə gəlir ki, siz özünüzü oynayırsınız. Həyatdakı Gürkan ilə obrazdakı Memati arasında oxşar cəhətlər varmı?
– Həyatdakı Gürkan Uyqun Mematinin tam tərsidir. Sədaqət, dostluq kimi bəzi dəyərlərimiz ortaqdır. Mən silahı sevmirəm. Memati qədər sərt və dəlisov biri deyiləm. Ancaq mən də praktik insanam, mənə bir iş tapşırılarsa, onu yerinə yetirirəm. Təbii ki, Memati qədər ölüm saçan bir insan deyiləm. O xarakteri yaradarkən öz hisslərimdən faydalanıram.
– "Qurdlar vadisi” serialından sonra həyatınızda nə kimi dəyişikliklər baş verdi?
– Müsbət mənada dəyişikliklər oldu. İnsanlar məni tanıdılar, mənə dəyər verdilər. Sevilmək gözəl bir hissdir, sevgidən zərər gəlməz. Məşhur olmağın bəzi çətinlikləri olur. Maddi və mənəvi olaraq həddindən artıq qazanc əldə etdim. Obrazı canlandırarkən başqalaşıram, insanlar məni obrazdakı kimi tanımağa başlayır, çünki onlar mənim həyatda kim və necə bir insan olduğumu bilmirlər, mən də özümü tamamilə o obraza həsr edirəm, onunla yaşayıram. – Yolda sizin tanımadığınız, amma sizi Memati kimi tanıyan insanlar sizə qarşı necə münasibət göstərdi? – Hər kəs məni qəbul etdi, sevdi. İnsanlar məni gördükləri zaman elə bil qardaşlarını görürlər.
– Necə bir ailədə dünyaya göz açmısınız?
– Sakaryada, çox uşaqlı bir ailədə dünyaya göz açdım, dörd qardaş, bir bacıyıq. Uşaqlığım yayda kənddə fındıq toplamaq, qışda isə təhsil almaqla keçib. On doqquz yaşına qədər ailəmlə bir yerdə yaşamışam. Babamın gözəl əl qabiliyyəti vardı, fındıq ağacının budaqlarından hörmə səbət düzəldərdi. Ondan mənə bəzi qabiliyyətlər keçib, yaxşı rəsm çəkirəm, kiçik heykəllər düzəldirəm.
– Sərt insan təsiri bağışlayırsınız, amma eşitdiyimə görə həyatda zarafatcıl bir insansınız.
– Həyata Memati qədər sərt baxan bir insan deyiləm. Danışmadığım zaman üz cizgilərim sərt olduğu üçün elə bir təsir bağışlayıram, elə bir qorxu yaratdığımı da bilirəm.
– Hobbiniz nədir?
– Klarnet çalmaq və musiqi dinləmək.
– Həyat yoldaşınızla necə tanış oldunuz?
– Biz bir gecə klubunda tanış olduq.
– Sərtliyiniz onu qorxutmadı ki?
– O, serialdakı hərəkətlərimi görmüşdü, bilirdi. Bildiyi halda mənimlə evləndi. Çünki mən həyatda qorxulu bir insan deyiləm.
– Həyat yoldaşınız hansı işlə məşğuldur?
– O, bir geyim mağazası açıb, ticarətlə məşğuldur.
– Qızınıza çox gözəl bir ad qoymusunuz – Balım. Qızınız dünyaya gələndən sonra həyatınızda nə kimi dəyişikliklər oldu?
– Daha cəsarətli oldum.
Söhbətləşdi: İntizar İsmayıl
banner

Oxşar Xəbərlər