• şənbə, 27 Aprel, 00:17
  • Baku Bakı 14°C

Mən onu öldürmək istəmirdim, o, özü-özünü qatarın altına atdı

01.11.18 10:15 1776
Mən onu öldürmək istəmirdim, o, özü-özünü qatarın altına atdı
"Sevdiyim əsər”layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət edəcəyik. Budəfəki həmsöhbətimiz Əməkdar Elm xadimi, filologiya üzrə fəlsəfə doktoru, professor, dostoyevskişünas alimMəmməd Qocayevdir.Məmməd Qocayevin sevdiyi əsərLev Nikolayeviç Tolstoyun "Anna Karenina”romanıdır.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Lev Tolstoyun "Anna Karenina” romanı sizin sevdiyiniz əsərdir?
– "Anna Karenina” roman janrında yazılmış ən kamil əsərdir. Bu fikri mənə qədər də deyənlər olub. Mənim eyni düşüncədə olduğum başqa birini soruşsanız Osvald Şpenglerin adını çəkə bilərəm. O da, belə düşünürdü.
Öz tipinə görə "Anna Karenina” Avropa tipli romandır, amma Avropa yazıçılarının əsərlərindən kamilliyinə görə çox yüksəkdir. Bir neçə il əvvəl bu romanı yenidən ingilis dilinə tərcümə edib bir milyon tirajla yayımlayıblar. Bu qədər tirajla isə ancaq "Bibliya”nı nəşr edirlər.
– Roman ilk cümləni xatırlayaq: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hər biri özünə görə bədbəxtdir”. Bu cümlə ilə Lev Tolstoy sanki əsərdəki obrazların taleyini irəlicədən bəyan edir, siz necə düşünürsünüz?
– Ailə mövzusu bu romanda əsas məsələdir. Özü də ailə məişət yox, fəlsəfi məsələdir. Tolstoy yazır ki, mən "Hərb və sülh” romanında xalq ideyasını sevmişdim, "Anna Karenina”da isə ailə ideyasını sevdim. Gələk ilk cümləyə: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hər biri özünə görə bədbəxtdir”. Tolstoy hesab edir ki, həqiqət birdir, ancaq o həqiqətdən yayınma, düz yoldan sapma müxtəlifdir. Düz yolu tapanların hamısı eyni yoldan gedirlər. Əlbəttə, burada Allaha etiqad, din, ailə müqəddəsliyi məsələsi də nəzərdə tutulur. Bütün düz yolda olan adamlar eyni cür xoşbəxtdirlər, çünki onlar həqiqəti tapıb ona doğru gedirlər. Həqiqətdən yayınma isə müxtəlif cürdür. Tutalım Stepan Arkadiç Oblanskinin ailəsində ailə müqəddəsliyi bir cür pozulur, ancaq Anna Kareninanın ailəsində başqa cür. Onların hər ikisi bədbəxtdir, ancaq hərəsi bir cür bədbəxtdir.
– Roman Obloniskilərin evlərindəki xəyanətlə başlayır – Stepan Arkadiç Oblanski uşaqların mürəbbiyəsi ilə arvadına xəyanət edir. Sonra növbəti xəyanətlər – Anna Kareninanın ərini atması və Vronskinin Kittidən ayrılması – bir-birini izləyir. İstərdim əsərdəki xəyanətlərdən danışasınız...
– Xəyanət həm məhəbbətin ölümüdür, həm də ailə müqəddəsliyinin pozulması. Ailə elə bir müqəddəs varlıqdır ki, o insandan asılı deyil. Ailə ilk baxışdan sanki insanlar tərəfindən qurulur, ancaq, əslində, ailə Allah tərəfindən yaradılır. Ailə quranda təkcə bir-birinin deyil, həm də Allahın qarşısında sədaqət andı içilir. Bu qanun – sədaqət qanunu pozulanda, ər-arvad Allahın qarşısında da cavab verməli olurlar. Anna ərinə olan sədaqətinə xəyanət elədi – başqa bir kişini sevdi, bununla təkcə ailəsinin, cəmiyyətin yox, həm də Allahın qarşısındakı borcunu yerinə yetirə bilmədi. Bax, bu çox ağır İlahi qanunun pozulmasıdır. Ona görə də avropalılar başa düşmürlər ki, Anna özünü niyə öldürdü? Axı onun hər şeyi var: cavan qadındır, gözəldir, sevdiyi kişi yanındadır, ərini atıb gedib onunla yaşayır, onunla xoşbəxt ola bilər, bəs nə idi onu özünü öldürməyə məcbur edən? Anna rus qadını kimi – provaslav əqidəsiylə düşünürdü deyə özünü öldürdü. O, bir rus qadını, xristian, pravoslav olaraq dərk edirdi ki, o təkcə ərinin, övladının, cəmiyyətinin yox, həm də Allahın qarşısında günahkardır və o günahını öz ölümüylə yumaq istədi.
– Anna Karenina arvadına xəyanət edən qardaşı Stepanla onun xanımı Dollini barışdırır. Ancaq həmin ərəfədə özü Vronskiyə vurulur və beləcə yeni bir ailə xəyanətin əsası qoyulur. Sanki bir bədbəxt ailə başqa bir ailənin də bədbəxtliyinə bais olur...
– Tolstoy məsələni elə qoyur ki, Anna özgədən tələb etdiyini sonradan özündən tələb etməli olur. Annanın qardaşı xanımına xəyanət edib və ər-arvad küsüşüblər. Anna qardaşının arvadına deyir ki, xəyanət etmiş kişini bağışlamaq lazımdır, onda o, qadınını daha çox sevər. Qardaşı arvadı Dolli ondan soruşur ki, bəs sən belə vəziyyətdə ərini bağışlayardınmı? Anna "bağışlayardım” deyir. Anna bu sözləri həmin anda söyləyir, fəqət onun məhəbbət macərası hələ qabaqdadır. Amma o, ərini atıb Vronski ilə yaşayandan, sevdiyi insanda ona qarşı soyuqluq yaranandan sonra, hiss edəndə ki, daha o, əri tərəfindən əvvəlki kimi sevilmir, onda həyat yoldaşını qısqanmağa başlayır, bağışlaya bilmir. Tolstoy yazır ki, o, ərini hansısa başqa qadına qısqanmır, Anna sadəcə həyat yoldaşının məhəbbətinin azalmasını qısqanır. Ərindən əvvəlki alovlu məhəbbəti görməyəndə Anna taleyi ilə barışa bilmir. Onda Dollinin Annadan soruşduğu sual yada düşür: "Bəs sən bağışlaya bilərdinmi?” Anna nəinki xəyanəti, heç biganəliyi belə ərinə bağışlaya bilmir. Bəs nə üçün bir müddət əvvəl özü bacarmadığı bir şeyi başqasından tələb edirdi? Tənqidçilər deyirlər ki, məhəbbət məsələsində Anna Karenina maksimalistdir. Yəni o, sevdiyi kişidən həddindən artıq çox şey tələb edir. O tələb edir ki, Vronski yalnız onun üçün, məhəbbət üçün yaşasın, onun başqa işi, maraqları olmasın, əri tam şəkildə özünü məhəbbətə və sevdiyi qadına həsr eləsin. Bu isə mümkün deyil. Əgər belə olması mümkünsüzdürsə, bəs niyə ərinə qarşı maksimum tələbkarlıqla yanaşır? Məncə, ona görə ki, Annanın bu məhəbbətdən başqa daha dünyada heç nəyi yoxdu, o, hər şeyi bu sevgiyə qurban verib – oğlunu da, ərini də, ad-sanını da, cəmiyyəti də. Bu qədər böyük qurbanların qarşısında qoyulan tələb də böyük olur.
– Əsərin əvvəlində belə bir epiqraf var: "Мне отмщение, и аз воздам”. Bu fikir "İncil”dəki məşhur frazadır. "Qisas almaq mənə məxsusdur, əməllərin cəzasını mən verərəm (dedi Rəbb”) (Romalılara müraciət. XII fəsil, 19-cu sətir). Bu fikir, Allahın sözləridir. İstərdim romanın epiqrafının mahiyyətindən danışasınız.
– Anna Karenina bu qədər qınaqlara məruz qalır, cəmiyyət ondan üz döndərir. Din və Tolstoy hesab edir ki, heç kəsin bir başqasını qınamağa, nədəsə günahlandırmağa haqqı yoxdur. Niyə? Ona görə ki, hamı insandır, hər kəs qüsurludur. Qüsursuz insan yoxdur ki, başqasını qınasın. Bu haqq – ittiham etmək və cəzalandırmaq yalnız Allaha məxsusdur. Anna Kareninanı cəzalandırmaq lazımdırsa, bu işi cəmiyyət, ətrafındakı insanlar yox, Allah etməlidir.
– Anna Moskvadan Peterburqa qayıdanda onu qatar stansiyasında qarşılamağa gələn əri Kareninin qulaqlarına fikir verir, onların necə eybəcər olduğunu görür, bədəninin əyrimçəliyinə diqqət kəsilir. Annanın 8 yaşlı oğlu var, ancaq hələ indi özündən 20 yaş böyük ərinin eybəcərliyinə diqqət edir. Sanki o, qəfildən ərinin eybəcərliyinin fərqinə varır. İstərdim bu detaldan danışaq.
– Karenin mənfi qəhrəman və pis insan deyil. Əsərin bir yerində Anna hətta onu "müqəddəs” adlandırır. Bir insan kimi Anna Karenina ərini çox yüksək qiymətləndirir. Ancaq eyni zamanda o ərinə nifrət edir. Nə üçün? Çünki o ərini, əri də onu sevmir, onların aralarında məhəbbət yoxdur. Anna Karenina məhəbbət hərisidir, o, sevmək istəyir, ancaq ərini sevə bilmir. Sevgi olmayan yerdə nifrət yaranır. Nitşenin belə bir fikri var. Deyir ki, maqnit dəmiri özünə çəkmək istəyir, ancaq çəkə bilmir, ona görə də maqnit dəmirə nifrət edir. Anna Karenina çox istərdi ki, əri onu sevsin, qoy Karenin Annaya sonradan vurulan Vronskini dueldə o dünyalıq etsin, lap onun özünü öldürsün, ancaq təki arvadını sevsin. Niyə Moskvadan gələndə ərini eybəcərliyin fərqinə varır? Çünki Moskvada Vronskiyə vurulur, onun sevgi həyatı başlayır və Peterburqa qayıdanda isə yenidən onun sevgisiz günlərin gözlədiyini başa düşür və həmin həyatda əri onun gözünə eybəcər görünür. Sevmədiyi kişi qadın üçün həmişə eybəcərdir. Anna ərini sevmədiyinə görə ondan olan övladını çox sevir. Ümumiyyətlə, bu belədir, ərini sevməyən qadınlar övladlarını çox sevirlər. Çünki onlar ərinə qarşı olmalı məhəbbəti övladına yönəldirlər. Fəqət Anna Vronskidən olan qızını o qədər də çox sevmir, çünki Vronskini sevir. Annanın faciəsinin kökündə duran məsələ məhəbbətsizlikdir. Vronski Annanı sevir, o, Anna üçün böyük qurbanlar verir. Çünki onu hərbidə çox böyük gələcək gözləyirdi, fəqət o, Annanı seçir. Buna baxmayaraq Annanın bədbəxtliyinin baiskarı da odur. Anna Karenina da sevmək istəyir, ancaq o ərli qadındır, onun kimisə sevməsi yolverilməzdir. Vronski isə ərli qadını ələ alır. Anna neyləməlidi: ərinə olan sədaqətini qorumalıdır, yoxsa ailəsini? Puşkinin "Yevgeni Onegin”in də bu məqam var, amma nəticə fərqlidir: Tatyana Larina da Onegini sevirdi, hətta ərə gedəndən sonra da ona qarşı məhəbbət atəşi sönməmişdi. Ancaq onun qarşısında diz çökən Onegini qəbul etmir, onun məhəbbəti qəbul etmir, çünki o başqasının qadınıdır. Anna isə bunun əksini edir – əri ola-ola başqasını sevir və nəticədə də bədbəxt olur.
– Sizcə, Anna öz faciəsini tam şəkildə nə zaman dərk edir?
– Məhəbbət ilk günlərdə necəydisə, axıra qədər də əbədi olaraq o cür davam eləmir. Ailə qurandan sonra, övlad, məişət qayğıları yaranır və əvvəlki atəşin məhəbbət elə bil haradasa gizlənir. Anna Kareninada bu qayğıların heç biri yoxdur; Vronskidən sonra onun nə ailə, nə uşaq, nə ər qayğısı var – ona görə də o ancaq məhəbbət istəyir. Tolstoyun çox möhtəşəm və hər insanın reallaşdıra bilməyəcəyi məhəbbət fəlsəfəsi var. O hesab edir ki, məhəbbətlə şəhvət bir yerə sığmır. Onun fikrincə, şəhvət olan yerdə məhəbbət olmur, yaxud tədricən yoxa çıxır. Tolstoy şəhvətin tam əksinədir. Tolstoy şəhvəti yalnız qanuni ailə çərçivəsində məqbul hesab edir. Çünki ailədə fiziki həyat dünyaya övlad gətirmək məqsədi güdür. Övlad, ailə söhbəti olmayanda, həmin səbəblərdən kənarda qadınla kişi arasındakı fiziki yaxınlıq Tolstoyun dünyagörüşünə görə ən böyük qəbahətdir, ən böyük cinayətdir. Əsərdə belə bir səhnə var: Vronski ilə Anna görüşürlər, hər şey öz qaydasındadır. Tolstoy yazır ki, Anna ilə Vronski arasında kişi ilə qadın arasında baş verə biləcək o hadisə baş verdi. Yazıçı yataq səhnəsini təsvir eləmir, pornoqrafik lövhələr yaratmır. Bu hadisədən – cinsi aktdan sonra Tolstoy onları yenə təsvir edir: onlar başlayırlar bir-birini öpməyə, qucaqlamağa, nəvaziş göstərməyə.
Yazıçı deyir ki, onlar bu məqamda sanki iki cinayətkara bənzəyirlər, onlar kimisə qətlə yetiriblər, indi qətli gizlətmək üçün meyiti kəsib orda-burda gizlədirlər. Onların arasındakı meyit məhəbbətin meyitdir. Çünki onlar şəhvət vasitəsi ilə məhəbbəti öldürdülər. Fiziki yaxınlıqla onların arasındakı həqiqi məhəbbət bitdi. Yazıçını fikrincə, o məsələyə qədər, yəni cinsi münasibətəcən onlar bir-birinə tərəf gəlirdilər, o hadisədə bir-birinə çatdılar və bundan sonra isə tədricən uzaqlaşmağa başladılar. Bu vəziyyətdən xilas olmaq mümkün deyil. Ona görə də onlar sonra tez-tez dalaşırlar, ancaq tez də barışırlar. Onları barışdıran ehtirasdır. Onlar yenə də ehtirasın, şəhvətin zirvəsinə çatmaq üçün bir-birinə can atırlar. Daha onlar məhəbbətə can atmırlar. Ona görə də Anna deyir ki, məhəbbət qurtaran yerdə nifrət başlayır. Ürəkdə boşluq yoxdur – əgər qəlbdə məhəbbət yoxdursa, onun yerini nifrət tutur. Nifrətlə də yaşamaq mümkün deyil. Ona görə də Anna təbii şəkildə gəlib intihara çıxır.
– Annanın faciəsinə səbəb nədir: əxlaqın əbədi tələbləri, cəmiyyəti basdalayıb öz qaydalarını qoyanların aqibətinin faciəviliyi, yoxsa yanlış eşq seçimi, yersiz özünüqurbanvermə?
– Sadaladıqlarının hamısı haradasa səbəblərdir, ancaq onların heç birini Annanın faciəsinin əsas səbəbi hesab etmirəm. Tolstoyun fikrincə, əsas səbəb ailə qanunun pozulması, Allahın qarşısındakı sözün tutulmamağıdır. Əsərdə Anna tez-tez eyni yuxuları görür, hər dəfə də yuxudan ayılanda pis vəziyyətə düşür. O görür ki, onun iki əri var və Anna onların hər ikisinə nəvaziş göstərir, eyni vaxtda hər ikisini sevir. O ərlərdən biri Vronskidir, biri Karenin. Bax bu ikiərlilik – iki kişiyə xidmət etmək Annanı dəhşətə gətirir – onun kabusuna çevrilir. Onun ruhu ölənəcən bu kabusun – ikikişili, ikiərli olmağın əsirliyində qalır.
– Anna Vronskni cəzalandırmaq üçün canına qıymağa nə dərəcədə haqqı var, ümumiyyətlə onun yanlış hərəkətlərinə haradasa bəraət qazandırmaq mümkündürmü?
– Annanın yeganə bəraəti onun sevgisidir. Anna sevir – bu qanunsuz sevgidir, amma sevgidir. Anna deyir, neyləyim ki, mən məhəbbətsiz yaşaya bilmirəm. Axı təbiətin onu belə yaratması Annanın günahı deyil. Bu məqamda Tolstoy təbiətin tələbi ilə dinin, ruhun tələbini qarşı-qarşıya qoyur. Təbiətin insan qarşısındakı tələbi bir şeydir, dinin tələbi ayrı şeydir. Bunlar bir-birinə qarşı ziddiyyət təşkil edir. İkinci bir məsələ, bəzən Vronskinin özünə qəsdi məsələsini Annayla əlaqələndirilər, onu baiskar hesab edirlər. Ancaq Annanın bu məsələdə heç bir günahı yoxdur. Anna uşaq doğanda az qala həyatını itirmək təhlükəsiylə üzləşir və hamı da elə bilir ki, o öləcək. Bu məqamda Annanın yatağı qarşısında iki kişi dayanır, nifrət elədiyi Karenin və sevdiyi Vronski. Anna onlara baxır və onları başqa cür görür. Niyə? Çünki əvvəlcə Anna sağlam qadın idi, indi isə yarıölü haldadır – vücudu can hayındadır. Beləliklə, ruh vücudun məngənəsindən azad olub və həmin saf ruhun nəzərləri ilə Anna Karenina qarşısındakılara baxanda onları başqa cür görür. Anna Vronskiyə ərini – Karenini göstərərək deyir: o müqəddəsdi. Çünki Anna indi ərinə qadın gözüylə – ehtirasın pəncərəsindən yox, ilahi nöqteyi-nəzərindən baxır. Vronski eqosentrik şəxsiyyətdir – özünəvurğundur. O, bu əqidəylə də yaşayır, özüylə fəxr edir. Hesab edir ki, cəmiyyətin bir nömrəli adamıdır. Bu səhnədə isə dərk edir ki, o nəinki ən uca şəxsiyyətdir, hətta Annanın da, özünün də nifrət elədiyi Karenindən də aşağıdadır. Birdən-birə özü haqqında təsəvvürləri dəyişir. Düşünür ki, mən düşündüyüm mən deyiləmiş, mən bir heçəmiş. Gəlib evə özünü güllələyir, ancaq sağ qalır. Anna intihar edəndən sonra isə Serbiyaya müharibəyə yollanır. Elə bu da könüllü olaraq ölümə yollanmaq deməkdi. Çünki onun artıq yaşamaq həvəsi qalmayıb. O, özünə məhəbbətlə yaşayırdı, özünü sevirdi, o mərhələ bitdi, artıq Anna da ölüb – sevdiyi özgə biri də yoxdur. Sevgisiz isə yaşamaq isə mümkün deyil.
– Annanın xoşbəxtliyi Kittinin bədbəxtliyi üzərində qurulur: o mənada ki, Kitti Vronskini sevir, Anna Vronskiylə münasibətindən sonra onlar ayrılmalı olurlar. Halbuki evliliyin astanasında idilər. Annanın özünün də sonda bədbəxt olmasının bir səbəbi də xoşbəxtliyini başqa bədbəxtlik üzərində qurması deyilmi?
– Əsərdən belə bir nəticə hasil olmur. Axı Vronski özünü Kittiyə sevdirəndə onun heç düşünmürdü ki, onunla ilə həyatı quracaq. Sadəcə Vronski Kittini ələ almaq istəyirdi. Çünki müştəbeh, eqoist Vronski qadınlara özünü sevdirməyi özünə peşə eləmişdi. Bu cəhətdən o Lermontonun "Əsrimizin qəhrəmanı” romanındakı Peçorinə bənzəyir. Knyajna Meri gözəl qadındır. Peçorin əvvəlcə səy göstərir ki, Meri onu sevsin, ancaq əks tərəf aşiq olanda qəhrəman onu tərk edir. Bu baxımdan da heç kəs deyə bilməzdi ki, Anna olmasaydı Vronski Kittini atmayacaqdı. Ona görə də Annanı tam mənada Kittinin bədbəxtliyinə baiskar saymaq olmaz.
– Vronski qatar stansiyasında anasını qarşılamağa gələndə Anna Kareninayla tanış olur. Tanış olduqları ilk dəqiqələrdə bir nəfər başını sarıdığı, yaxud sərxoş olduğu üçün diqqətsizlikdən qatarın altına düşüb ölür. Anna soruşur ki, görəsən, onun ailəsi var, bu sözləri eşidən Vronski onun yanından ayrılır və mərhumun ailəsinə 200 rubl yardım edib qayıdır və gəlib verdiyi pul barədə Annanı xəbərdar edir. Bu addım – bu düşünülmüş xeyirxahlıq onların arasında mənəvi bağ yaradır. Stansiyada bu ölüm haqqında danışan adamlardan biri deyir: "Məncə, asan, adi bir ölümdür”. Bu sözlər Annanın diqqətini çəkir. Sonda öz aqibəti də elə olur – Anna özünü qatarın altına atır.
Həmin gün Vronskidən ayrılıb qardaşının faytonuna minəndə Annanı ağlamaq tutur, bir az əvvəlki ölümü xatırlayır: "Bu çox pis əlamətdir” deyir. Gəlin bu detalların – oxşar ölümlərin paralelliyindən söhbət açaq.
– Vaqonda Anna Vronskini gördü və onda əks cinsə qarşı məhəbbət yarandı. Anna Moskvaya gələndə belə bir faciə baş verir – bir nəfər dəmiryolu işçisi qatarın altında qalıb ölür və Annada belə bir fikir oyanır ki, onun məhəbbətinin axırı da bu cür faciə ilə nəticələnəcək. Bu ölüm, elə bil, Annaya İlahi eyhamdır, işarədir ki, sənin getdiyin yol düz yol deyil, – sonu itkidir. Həmin faciə – qatarın altında qalan dəmir yolu işçisinin ölümü Annanın təhtəlşüurunda yaşayır. Ona görə də Anna özünü öldürmək fikrini qətiləşdirəndə başqa bir intihar üsulu seçmir, şüuraltısındakı işarəyə doğru gedir və o işarə ona göstərir ki, neyləmək – özünü məhz qatarın altına ataraq öldürmək – lazımdır.
– Vladimir Nabokovun bu əsərin kompozisiyası barədə maraqlı bir müşahidəsi var: O, "Rus ədəbiyyatından mühazirələr” kitabında yazır ki: "Vronski-Karenin-Anna üçbucağı öz həyatını, Levin və tənha Kittidən daha sürətlə yaşayır. Bu romanın strukturunda əla bir detaldır: – cütlüklər tənhalardan daha sürətlə yaşayırlar”. İstərdim romandakı ikinci xətt – Ketti və Levin xəttinin Tolstoyun əsərin sonuna qədər aparmasının səbəbləri barədə danışasınız.
– Romanda iki xəttin olması tənqidçilər tərəfindən qüsur kimi qeyd edilir. Əsərdə vahid xətt yoxdur, iki xətt – iki sütun var: Anna Karenina və Konistantin Levin xətti. Ancaq Tolstoy ikinci xəttin əsərin sonuna qədər uzanması ilə bağlı iradlara cavab verəndə deyir ki, mən o iki sütunu elə birləşdirmişəm və üstündəki tağları elə ustalıqla qurmuşam ki, onların calaqlarını heç kəs görə bilməz. Beləcə Tolstoy iki sütunun üzərində möhtəşəm bir abidə yaradıb. Məlumdur ki, bir sütun üzərində abidə dayana bilməz. Tolstoy niyə iki sütun yaradıb? Çünki Tolstoyun bu romanda qoyduğu ailə qanunu bir xəttə – Anna Karenina tərəfindən pozulur, ikincidə – Levin xəttində isə əksinə, qorunur. Tolstoy hər iki xəttin qəhrəmanını ölümün astanasına gətirir: Levin də Anna kimi intihar eləmək istəyir. Levinin intihar etmək istəyinin səbəbi bu idi ki, o, həyatın mənası haqqında daim düşünürdü, çoxlu filosofların əsərlərini oxuyurdu, ancaq başa düşə bilmirdi ki, həyatın mənası nədir? Onun düşüncəsinə görə axı həyatın nə mənası ola bilərdi ki? İnsan bir gün yaranır və bir gün yox olur – ölür. Nə üçün yaranır insan, nə üçün yaşayır? Axı insanın axırı ölümdür və o, ölüm bir andır, əgər belədirsə onda həmin anın nə mənası ola bilər? Sonra da fikirləşir ki, bəs o mujiklər – kasıb kişilər səhərdən axşama qədər işləyirlər, bütün günü də danışıb-gülürlər. Bəs onlar niyə düşünmürlər ki, həyatın mənası nədir? Levin özü də onları qoşulub işləyəndə, fiziki əməklə məşğul olanda sanki "nə üçün yaşayıram” sualını unudur və ancaq boş vaxtlarında həmin sual onu yenidən narahat edir. Tolstoyun fikrincə, həyatın mənası yaşamaqdır. "Nə üçün yaşayırıq” sualı yersizdir, bu suala cavab vermək olmaz. Bu sualın cavabı yoxdur. Niyə? Çünki həyat elə bir şeydir ki, onu əqlin, dərrakənin gücü ilə təhlil edib həqiqəti üzə çıxarmaq mümkünsüzdür, ona inanmaq lazımdır. Ona görə də elm yoxsa din dilemması arasında Dostoyevski də Tolstoy da dinə üstünlük verirlər. Çünki din həyatı təhlil eləmir. Din yalnız inam tələb edir. Bu baxımdan insan həyatı üçün ən uyğun dünyagörüşü dindir. Elm, fəlsəfə deyil. Levin isə həyatı fəlsəfəylə dərk etmək istəyirdi. Əsərin bir yerində bir mujik başqa biriylə söhbət edir. Levin onun danışdıqlarını eşidir. O mujik – Platon Vakanoviç deyir ki, qəlb üçün, Allah üçün yaşamalıyıq, qarın üçün yox. Bu sözlər Levinin düşüncəsini tamamilə dəyişir. Çünki Allah üçün yaşayanda artıq insanın "nə üçün yaşayıram?” sualını verməyə haqqı qalmır. Həyatın müqəddəsliyinə inanmaq lazımdır. Bu həqiqəti anlayandan sonra Levin dərk edir ki, – o, bu həqiqəti sadə bir insandan – mujikdən öyrəndi – bu həqiqəti xalqın içində olanda tapa bildi.
Anna Karenina Peterburqda – paytaxt şəhərində yaşayır. O da nə etmək, necə yaşamaq haqqında düşünür, bəs o ətrafdan – kənardakı insanlardan nə eşidir? Anna qatarda gedəndə eşidir ki, bir nəfər deyir: "əgər baxmağa bir şey yoxdursa, şamı söndürmək lazımdır”. Bu fikri Anna anlaya bildiyi kimi yozur. Yəni yaşamağın – harasa baxmağın – mənası yoxdursa özünü öldürmək, – şamı söndürmək, – lazımdır. Bu cavabın həm də mühitin Annaya verdiyi cavabdır. Əslində, bu da xalqın verdiyi cavabdır. Beləliklə Levin və Annanın timsalında Tolstoy xalqın iki cavabını qarşı-qarşıya qoyur və göstərir ki, Rusiya ikili Rusiyadır. Biri dvoryan Rusiyasıdır, yad bir ruhun ifadəçisidir, bir də var əsl rus xalqı, rus əxlaqı – bunlar başqa-başqadır. Bir tərəf Avropasayağı yaşayır, digəri tərəfsə əsl rus kimi. İki xalq düşüncəsini ayrı-ayrı vəziyyətlərdə əks etdirməklə Tolstoy göstərir ki, həqiqəti filosoflardan yox, xalqdan öyrənmək lazımdır.
Levin də tez-tez arvadı ilə dalaşır. O etiraf edir ki, mən elə bilirdim ailə həyatı bayramdır, amma sən demə ailə qayğılar demək imiş. İlk övladı dünyaya gələndə körpəyə – o gücsüz vücuda baxıb düşünür ki, onu böyütmək, ona qayğı göstərmək lazımdır. Ailə qayğıdır, ailə bayram deyil, ailə özü üçün yox, başqası üçün yaşamaq deməkdir. Başqaları üçün yaşayanda insanın həyatı daha mənalı olur. Çünki başqaları həmişə var, insan özü isə daim yoxdur. İnsan özü üçün yaşayanda ölüm məsələsi onu az düşündürür.
– Bəs başqaları da bir gün ölüb gedir axı?
– Başqası həmişə var, axı həyat davam edir. Biri ölür, yerində başqa biri qalır. Həmin başqaları xalqdır, bəşəriyyətdir. Bəşəriyyət isə həmişə var. Əsərdə maraqlı bir məqam da budur: Levinin övladı olur, bir müddət əvvəl isə qardaşı ölür. Arvadı Kittinin uşağı olanda Levin onun üzünə baxır və ölən qardaşının siması yadına düşür. Levin ağır xəstə olan qardaşının yanına gedib. Romanın bütün fəsilləri adsız – nömrələrlə verilir, ancaq bir fəsli "Ölüm” adlandırılır. Niyə? Çünki ölüm doğumla yanaşı, iki böyük fəlsəfi mövzudur. Levinin qardaşı öləndən sonra onun sifətində bir rahatlıq, sakitlik görür. Hər şey bitdi... Evə qayıdandan sonra ki, Kitti uşağa yatır, arvadının əzab-əziyyəti, doğuş sancısı, iztirabları başlayır, bax onda ateist Levin Allaha inanmağa başlayır. Övladı dünyaya gələndən sonra Levin otağa girir və doğumdan salamat çıxmış arvadı Kittinin üzünə baxır, onun simasında da eynən rahatlıq, sakitlik görür. Ölmüş qardaşının üzündəki ifadə ilə uşağa yatmış qadının siması bir-birinə oxşayır. Ancaq həmin simaların ifadəsinin biri bu dünyadan o dünyaya köçməyin, digərisə o dünyadan bu dünyaya köçməyin ifadəsidir. Tolstoy bu məqamda olumla ölümü bir dialektik vəhdətdə birləşdirir. Bu da həyatın əbədiliyi deməkdir. Həyatın əbədiliyi yalnız bu cür mövcuddur. Bəşəriyyəti əbədi edən ailədir. Ona görə də ailə fəlsəfəsi dərin mənaya malik mövzudur. Yenə də Nitsşenin sözləri yadıma düşür, o deyir ki, "Kişilər tarixi yaradır, qadınlarsa tarixin özüdür”. Qadının yaratdığı tarix fərqli tarixdir. Kişinin yaratdığı tarix siyasi, ictimai tarixdir – çünki kişilər müharibə edir, cəmiyyəti dəyişir və s. Qadın isə bəşəriyyətin əbədiliyini təmin edir – dünyaya övlad gətirir. Kişilərsə həmin övladları qadınların əlindən alıb törətdikləri müharibələrə aparırlar.
– Anna özünü qatarın altına atanda peşman olur, geri çəkilmək istəyir, fəqət artıq gec idi, ancaq o, son fürsətdə Tanrıdan əfv diləyir: "Pərvərdigarə, hər şeyə görə məni əfv elə”. Anna özünü məkrindən – Vronskini cəzalandırmaq üçün öldürür. Məkr, peşmanlıq və əfv – məkr günaha – peşmanlıq – özünüdərkə, əfv isə Tanrıya təslim olmağa sövq edən məsələdir. Necə olur ki, Anna yalnız ölüm qərarı və intiharla – qısa zamanda bu qədər düşüncələrin içindən keçir?
– Ölüm elə bir məqamdır ki, o zaman kəsiyi sonsuzluq qədər mənalıdır. Yəni o məqam həyatdan ölümə keçid anıdır. Anna son məqamda qatarın altında geri çəkilmək istəyir, ancaq gec idi. Ona görə yox ki, o fikrini dəyişmişdi, axı həmin məqamda heç fikir dəyişməyə macal olmur. Bu cür geri çəkilmə sadəcə həyatın öz diktəsi idi. Çünki insanlara verilən həyat yaşanılmalıdır. Həyat heç vaxt ölümlə barışmır – ona görə də yaşamaq həvəsi sövq-təbii – şüursuz şəkildə onu ölümün əlindən almağa çalışır, amma bacarmır. Annanın Allahdan əfv diləməsinin səbəbi o idi ki, bu qadın mahiyyət etibarı ilə Allahın qarşısındakı günahkardır. Anna ərinin də, cəmiyyətin də, oğlunun da qarşısında günahkardır, fəqət onu ölümə aparan günah Allah qarşısındakı günahıdır.
– Annanı iki şey ölümdən döndərə bilərdi: Əgər məktub göndərib danışığa çağırdığı Vronski gəlsəydi və əlindən çıxarıb kənara tullamaq istədiyi çantası onu birinci qatarın altına atılmağını yubadanda peşmanlıq keçirsəydi. Ancaq o, birinci qatarın altına atılmasa da, ikinci – özü də yük qatarının altın atır özünü. Tolstoy əsər boyu lövhü-məhzufu, yazıya pozu olmadığını, insanın taleyin cızdığı çevrədən kənara çıxa bilməyəcəyini ayrı-ayrı detallarla vurğulayır. Söhbətimiz bu məqama – yəni Tanrının iradəsi məsələsinə yön alsa yaxşı olar.
– Yazıçı Anna Kareninanın ölümünü "yazıya-pozu yoxdur” ilə izhar eləmir. Tolstoy qəhrəmanın faciəvilik qanununu əsas götürür. Anna ərli qadın olaraq başqasını sevməklə faciəvi situasiyaya düşür. Faciəvi situasiya o situasiyadır ki, ondan çıxış yolu yoxdur. Faciə labüdlük deməkdir. Tolstoyu günahlandırırdılar ki, belə bir gözəl qadını əsərdə niyə öldürürsən? Tolstoysa cavab verirdi ki, mən onu öldürmək istəmirdim, o, özü-özünü qatarın altına atdı. Bu heç də gəlişigözəl söz deyil. Tolstoy bu fikriylə deyək istəyir ki, mənim istədiyim bir şeydir, hadisələrin məntiqi başqa şeydir. Yəni Anna Karenina faciə yolundadır, onu heç bir təsadüf xilas edə bilməz.
– V.Nabokov bu roman barədə bir məsələni də qeyd də edir ki, şüuraxını Cems Coysdan əvvəl Lev Tolstoy tərəfindən icad edilib. Annanın arabada gedərkən Vronski ilə son günlər baş verənləri xatırlayır, sonra isə qeyri-ixtiyari afişaları oxumağa başlayır: "İdarə və anbar. Diş həkimi. Bəli, mən hamısını Dolliyə danışacağam, Vronski onun xoşuna gəlmir. Xəcalət çəkəcəyəm, ürəyim ağrıyacaq. Ancaq hamısını ona deyəcəyəm. Dolli məni sevir və mən onun məsləhəti ilə iş görəcəyəm. Mən Vronskiyə tabe olmayacağam. Məni tərbiyə etməsinə imkan vermərəm. Filippov çörəyi...” Siz necə düşünürsünüz, göstərilən misalları şüuraxını adlandırmaq nə dərəcədə əsaslıdır?
– C.Coys özü də Tolstoydan, Dostoyevskidən, Qançorovdan bəhrələndiyini etiraf edir. Ziqmund Freydin psixoanaliz – dərinlik psixologiyası konsepiyası onlardan əvvəl Tolstoy və Dostoyevskinin yaradıcılığında var idi. O yazıçılar həmin vəziyyətləri alimtək yox, yazıçı kimi qələmə almışdırlar. Anna Kareninada daha çox təhtəlşüur güclü rol oynayır. Anna Karenina inanır ki, onun məhəbbəti ölür və belədə o, həyata nifrətin gözü ilə baxmağa başlayır. Bir səhnədə bir dəstə adam şəhərətrafında gəzirlər, onlar sevinirlər, gülürlər, Anna Karenina onlara baxır və ürəyində deyir: Nəyə sevinirsiniz, heç nə sizi xilas eləməyəcək, heç o yanınızdakı it də sizi xilas eləməyəcək. Yəni həyat puçdur, axırı yoxdur, sonu ölümdür. Sonra iki aşiq cavanı görür və düşünür: İlahi, bunlar necə də bir-birlərini aldadırlar. Annaya hər şey məhəbbətsiz, nifrət nöqteyi-nəzərindən görünür. Bir səhnədə vaqona gözəl bir qadın girir, həmin qadın çox bərli-bəzəkli, baxımlı olur. Anna həmin qadını xəyalən soyundurur və onun vücudu Annaya çox eybəcər görünür. Anna niyə qadını soyundurur: Çünki onun məhəbbətsiz qəlbi hər şeyi soyundurur, hər şeyin məğzinə varır, hər şeyi çılpaq görür. Annanın gördüklərində məna tapmamağı onu ölümə doğru aparır.
– Ömrünün böyük hissəsini Dostoyevskinin əsərlərinin tədqiqinə və tərcüməsinə həsr etmiş Məmməd Qocayevin nəyə görə ən sevdiyi əsər Lev Tolstoyun "Anna Karenina” romanıdır?
– Dostoyevsknin əsərlərini sevmək çətindir. Çünki Dostoyevski yaradıcılığına uyğun gələn estetik kateqoriya möhtəşəmlikdir. Möhtəşəmlikdə, gözəllikdən fərqli olaraq, neqativ bir qat vardır ki, bu da gizli və ya açıq qorxu duyğusu ilə bağlıdır. Məsələn, fırtına zamanı dalğaları cuşa gələn bir okean, ildırımlı yaz yağışı, qəzəblənmiş şir və s. Bütün bunlar estetik maraq doğuran şeylərdir və biz onları da bəzən gözəl adlandırırıq. Amma burda söhbət möhtəşəmlikdən gedir. Bir var Cıdır düzünün güllü-çiçəkli çəmənini seyr edəsən, bir də var Cıdır düzünün qaşına çıxıb o uçurumdan dərənin dibinə baxasan. Birinci mənzərə sevinc, ikinci isə qorxu duyğusu yaradır. Uçurumun dibinə baxanda səndə bir dəhşət hissi yaranır və istər-istəməz bir addım geri çəkilirsən. Amma bir azdan o uçuruma bir də baxmaq istəyirsən. Bax, insanı özünə cəlb edən bu maraq möhtəşəmliyin doğurduğu maraqdır. Bu da bəzən gözəllik duyğusundan da güclü ola bilir. Oxucunu əbədi olaraq Dostoyevskiyə bağlayan məhz möhtəşəmlik duyğusudur. Raskolnikov qarını öldürür, ancaq bir az keçəndən sonra həmin yerə bir də gəlir – sanki o, uçurumun kənarına gəlir və yerə bir də baxır. Raskolnikov üçün isə uçurum insan qəlbinin dərinlikləridir. Bütün bunlar çox ziddiyyətli məsələlərdir. Bu maraq məni Dostoyevskinin yaradıcılığına çəkdi, amma bu o demək deyil ki, mən Dostoyevski yaradıcılığını sevdim. Sevməyə uyğun gələn estetik kateqoriya gözəllikdir. Tolstoyun yaradıcılığında məhz gözəllik var.
– Sözün geniş mənasında bu əsər – "Anna Karenina” bəşəriyyətin mənəviyyatına nə verir?
– Çox maraqlı sualdır: Roman bəşəriyyətin mənəviyyatına nə verir? Ümumiyyətlə, ədəbiyyatın məqsədi, məramı nədən ibarətdir? Cavabım: Heç nədən. Ədəbiyyatın nə məqsədi, nə də məramı var. Yer üzündə həyat mövcuddur, amma o həyatı yerdə yaradan Günəşdir. Günəş olmasa həyat olmaz, amma bu o demək deyil ki, Günəşin məqsədi yerdə həyat yaratmaqdır. Günəşin məqsədi yoxdur, – o, sadəcə özü üçün göy üzündə yanır, ancaq yerdə də həyat yaranır. Ədəbiyyat qarşısına məqsəd qoymadan xalqa, bəşəriyyətə xidmət edir. Ədəbiyyat praqmatik, məqsədyönlü xidmət etmir. Ədəbiyyat dünyadır, özü də canlı dünyadır. Dünyanın hansısa məqsədi ola bilməz. Usta bir stul düzəldir, o bilir ki, əşya nədən düzəldir, nə üçün düzəldir, ondan harda istifadə olunacaq. Bu cansızlara aid haldır. Bir də var ana dünyaya uşaq gətirir. Ananın, sizcə, dünyaya uşaq gətirməkdə məqsədi nədir? Ananın uşaq doğmaqda heç bir məqsədi yoxdur. Ondan heç bunu soruşan da yoxdur. Ana istəsə heç o uşağın bir qaşını da düzəldə bilməz. Övlad özü təbii şəkildə dünyaya gəlir və qadını anaya çevirir. Bax, Qustav Yunq bunu "avtonom kompleks” adlandırır. Yunq yazır ki, "Faust”u Höte yaratmayıb, "Faust” Höteni yaradıb. Yəni əsəri müəllif yaratmır, əsər müəllifin qəlbində, ruhunda yaranır. İnsan qəlbi əsər yaranması üçün bir zəmindir. Ona görə də görürsən ki, şair bir şeir yazdı sonra da fikirləşdi ki, bunu mən yazmışam, niyə yazmışam, necə olub yazmışam? Heç nə başa düşmür. Çünki o şeir o şairin qəlbində yarandı, onu şair yaratmadı, şeir yazılmır, şeir doğulur. Doğulan şeylərin hər biri canlıdır. Canlı olan heç bir şeyin yaranmasında məqsəd ola bilməz.
– Şeir barədə dediyiniz son fikirlərinizi ədəbiyyatın və incəsənətin digər növlərinə də aid edə bilərikmi?
– Bu fikir romana da, təsviri sənətə də, incəsənətin digər növlərinə də aiddir. Amma bu cür əsərlər ədəbiyyat dünyasında bəlkə də 5 faiz təşkil edir, qalan əsərlər məqsədyönlü şəkildə müəlliflər tərəfindən yazılır. Məqsədyönlü müəlliflər də bilir ki, bu əsər niyə yazır, hansı məqsədlə yazır, kimin xoşuna gələcək və ya gəlməyəcək. Əsl ədəbiyyat mahiyyət etibarı ilə özü-özünü yardan – müəllifin qəlbində doğulandır. Əvvəlki sualına cavab olaraq deyim ki, Tolstoyun da bəşəriyyətə xidməti bu yöndədir – Tolstoy "Anna Karenina”nı yazanda qarşısına heç bir məqsəd qoymamışdı, cəmiyyəti hansısa bəladan xilas etmək, kiminsə bu romanı oxuyub islah olması onu düşündürmürdü. Sadəcə əsər Tolstoyun qəlbində yaranırdı, onun əliylə yazılırdı. Ona görə də müəllif deyir ki, "Anna Karenina özü özünü qatarın altına atdı, mən onu öldürmək istəmirdim”. Puşkin "Yevgeni Onegin” haqqında deyir ki, "Mənim heç bilməzim ki, Tatyana Larina ərə gedər”. Müəllif niyə bilmir ki, obrazı ərə gedəcək yoxsa yox? Çünki müəllif əsəri istədiyi səmtə çevirə bilməz, doğulan, özünü yaradan əsərlərin öz məntiqi ardıcıllığı olur. Ona görə də müəllifdən əsəri yazmaqda məqsədinin nə olduğunu, nə demək istədiyini ondan soruşmaq olmaz. Çünki o, bu sualın cavabın yüzə-yüz bilməyəcək. Qədir Rüstəmovdan soruşsaydın ki, "Sona bülbüllər” nə deməkdir, o cavab verə bilməzdi. Tolstoy bu əsəri yazanda roman bəşəriyyətə nə verəcəyini, insanlarda hansı mənəvi keyfiyyətləri aşılayacağını qarşısına məqsəd qoymayıb, amma roman bəşəriyyətin mənəviyyatına çox böyük təsir edib. O cür primitiv fikirdə deyiləm ki, insanlar bu əsəri oxuyub həyatlarında nələrisə dəyişiblər, o düşüncədəyəm ki, bu romanı mütaliə etməklə insanlar daha çox insanlaşıblar. Canlı şəkildə doğulan şeyləri oxuyub öyrənib axırına çıxmaq olmur, çünki onlar sonsuz, nəhayətsizdirlər. Fransada bir hüceyrənin tərkibi haqqında 300 cilddə kitab çap ediblər. Bir hüceyrənin tərkibini göz önünə gətirəndə kosmosdan böyük görünür. Bunu axırına çıxmaq, öyrənmək mümkün deyil. Canlı həyat sonsuzdur. Bu mənada "Anna Karenina”nı da oxuyub bitirmək mümkünsüzdür. Ona görə də bu cür əsərlər əbədidir. Dahilik elə bu deməkdir. Dahi hamıdan ağıllı olan insana demirəm. Dahi öz ağlı və ruhuyla yox, millətin fikri və ruhu ilə yaşayan, düşünən adamdır. Dahi danışanda elə bil millət danışır. O, millətin ruhunun ifadəçisidir. Millətin ruhu da sonsuzdur, çünki o da canlıdır. Bu mənada da Tolstoyun yaradıcılığını sonacan öyrənmək mümkünsüzdür. Əgər bir hüceyrə haqqında 300 cilddə yazıb onun barəsində hər şeyi demək mümkün deyilsə, bəs bir milləti, onun ruhunun ifadəsi olan əsərləri tam öyrənib bitirmək olarmı? Qətiyyən...
Söhbətləşdi: Fərid Hüseyn
banner

Oxşar Xəbərlər