AZE | RUS | ENG |

Gender bərabərliyinin formalaşmasında medianın maarifləndirici rolu - Fotolar

Gender bərabərliyinin formalaşmasında medianın maarifləndirici rolu - Fotolar
Kütləvi informasiya vasitələri gender bərabərliyinin inkişafına həm təkan verə, həm də onu əngəlləyə bilər

Gender dedikdə, ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadın münasibətlərinin sosial cəhəti başa düşülür. Gender bərabərliyi isə qadın və kişilərin hüquq bərabərliyi, bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar, onların cəmiyyətdə bərabər sosial vəziyyəti deməkdir. Bərabər imkanlara gəlincə, burada insan hüquqlarının həyata keçirilməsində qadınlar və kişilər üçün yaradılan bərabər şərait, təminatlar nəzərdə tutulur. Azərbaycanda gender bərabərliyi "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunla tənzimlənir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənərək qüvvəyə minən bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Bu qanunun 5-ci Maddəsində "Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri”, 6-cı Maddəsində isə "Gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələri” açıq şəkildə göstərilib. Qeyd olunub ki, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilərlə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət müxtəlif tədbirlər görür. Qanunvericilikdən irəli gələn tədbirlərin həyata keçirilməsi sayəsində hazırda ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizə çatıb. Buradan göründüyü kimi, ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının sayı artmaqdadır. Təbii ki, bu, yazının əvvəlində qeyd etdiyimiz Qanunun başlıca tələblərindən biridir. Bəs bu tələbin reallaşmasında, gender balansın stimullaşdırılmasında media hansı rolu oynayır? Dördüncü hakimiyyət adlandırılan media bu sahədə öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilirmi?
 
 
 
Qadınların təhsil problemi ilə maraqlanmaq gərəkdir
 
Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli bildirdi ki, kişilərlə qadınların hüquq və ictimai fəallıq bərabərliyinin əldə edilməsi cəmiyyətin dinamik inkişafının vacib şərtlərindəndir. Onun sözlərinə görə, buna nail olmaq üçün bütün sosial institutların, o cümlədən medianın üzərinə mühüm vəzifələr düşür. Professor vurğuladı ki, jurnalistlər ilk növbədə gender balansının mahiyyətini açmağa, bu sahədə dünyada mövcud olan qabaqcıl təcrübəni öyrənib yaymağa çalışmalıdırlar: "Ölkəmizdə son vaxtlar gender problemlərinə diqqət artırılsa da, həm iqtisadiyyatda, həm də biznesdə qadınların iştirak payı hələ istənilən səviyyədə deyil. Kütləvi informasiya vasitələri mütəxəssislərlə birlikdə bunun səbəblərini araşdırmalı, çıxış yollarını müəyyənləşdirərək lazımi instansiyalara və ictimaiyyətə çatdırmalıdırlar. İlk olaraq qadınların təhsil problemi ilə maraqlanmaq gərəkdir. İqtisadiyyat və bizneslə bağlı dərin bilik verən əsas təhsil müəssisələri ödənişli olduğundan, bir çox ailələr maddi çətinliyə görə birinci növbədə oğlanların müvafiq təhsil almasına üstünlük verirlər. "Qızlara bir qismət çörək verən tapılar”, - psixologiyası bizdə hələ də güclüdür. Hətta ali təhsil almış qızlarımızın bir çoxu müxtəlif səbəblərdən ictimai-faydalı əməklə məşğul ola bilmir. Media, ilk növbədə teleradio kanallar və internet saytları, qəzetlər bu səbəbləri açıb göstərməli, onların aradan qaldırılması üçün tövsiyələr irəli sürməlidirlər”.  
 
 
 
Media əvvəlcə özünü təftiş etməlidir
 
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, gender bərabərliyi, mediada gender balansın stimullaşdırılması barədə hər hansı iş görmək istəyən şəxs "Gender bərabərliyinin təminatları haqqında” Qanunla tanış olmalı, onun müddəalarını ciddi mütaliə etməli, üzərinə düşən vəzifəni, məsuliyyəti dərindən anlamalıdır. O qeyd etdi ki, sözügedən qanunun tətbiqi araşdırılmalıdır: "Bu sahədə mövcud qanun öyrənilməli, qanunun tətbiqi araşdırılmalıdır. Fikrimcə, media əvvəlcə özündən başlamalıdır. Yəni, özünütəftişdən. Media mənsubları yazılarına, araşdırmalarına diqqət etməli, bu mövzuda son dərəcə həssaslıq nümayiş etdirməlidir. Ümumiyyətlə, media bu mövzuda nə isə yazırmı? Axı bu, təkcə qadın və kişilərin say balansını aparmaq deyil. Ona görə də hesab edirəm ki, media bütün sahələr üzrə bu qanunun necə tətbiq olunduğunu incələməli, ictimailəşdirməlidir”.
 
 
 
Bu istiqamətdə Azərbaycanda vəziyyət ürəkaçandır
 
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov mövzu barədə qəzetimizə açıqlama verərkən, cüdo üzrə Azərbaycanın ilk qadın beynəlxalq hakiminin bu yaxınlarda mətbuata verdiyi müsahibəyə diqqət çəkdi. Qeyd etdi  ki, bu faktın özü mediamızın qadınların ilk baxışdan beyinlərdə kişilərin plasdarmı kimi assosiasiya olunan sahələrdə qazandıqları uğurların təbliğinə nə dərəcədə önəm verməsinin əyani göstəricisidir: "Bu kimi faktlar az deyil. Mən qadın taksi sürücülərinin həyat hekayəsi ilə bağlı da mediada maraqlı materiallar oxumuşam. Nəzərə alaq ki, Azərbaycan müsəlman Şərqində qadının seçki hüququnu tanıyan ilk ölkədir. Yəni, indiki mənzərə hardasa ənənəvilikdən də qaynaqlanır”.
 
 

Millət vəkili Ə.Amaşov medianın prinsip etibarilə cəmiyyətin inkişafı və tərəqqisi baxımdan vacib olan məsələlərlə bağlı stimullaşdırıcı faktor olduğunu vurğuladı: "Bilirik ki, klassik anlamda gender balansı ictimai strukturlarda qadınların və kişilərin bərabərliyi kimi başa düşülür. Əslində bu istiqamətdə Azərbaycanda vəziyyət ürəkaçandır. Qadınlarımız ictimai təşkilatlarda, dövlət qurumlarında təmsil olunurlar, rəhbər vəzifələr tuturlar. Hesab edirəm ki, media bu kimi faktları daha çox təbliğ etməlidir. Az əvvəl qeyd etdiyim kimi, mediamız mahiyyət etibarilə qadın uğuru formulunun təqdimatında maraqlıdır. Digər tərəfdən, biz gender balansı məsələsinə kompleks yanaşmalıyıq. Çünki, bəzən bu balansın pozulması digər problemləri də qabardır. Məsələn, elə sahələr var ki, orada kişilər az təmsil olunurlar. Fikrimcə, mediamız məsələyə bu aspektdən də yanaşmalıdır”.
 
 
 
Media vasitəsilə gender bərabərliyini təşviq etmək
 
Avropa Şurasının "Azərbaycanda Gender bərabərliyi və media azadlığı” layihəsinin rəhbəri Pərvanə Bayramova "Kaspi”yə bildirdi ki, gender bərabərliyinin reallığa çevrilməsində medianın rolu əvəzedilməzdir. Layihə rəhbərinin sözlərinə görə, media gender bərabərliyinin inkişafına həm təkan verə, həm də onu əngəlləyə bilər: "Medianın potensialı böyükdür. O, cəmiyyətdə ideyaların, münasibət və davranışların formalaşmasında aparıcı rol oynayır. Məhz bu səbəbdən Avropa Şurası gender bərabərliyi və media sahəsində bir sıra standartlar və bələdçilər hazırlayıb. Onların içərisində Avropa Şurası Nazirlər Komitəsinin gender bərabərliyi və mediaya dair Tövsiyəsinin (CM/Rec(2013)1) implementasiyasına dair Bələdçini və Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan üzv dövlətlər və media iştirakçıları üçün Media və Qadının imajına dair hesabatı xüsusi qeyd etmək istərdim. Bu gün Avropa Şurasının Azərbaycanda həyata keçirdiyi "Gender bərabərliyi və media azadlığı” layihəsi isə Avropa Şurasının bu sahədə  həyata keçirdiyi ilk layihədir. Layihənin əsas məqsədi Azərbaycanda mediada və media vasitəsi ilə gender bərabərliyini təşviq etməkdir. Azərbaycanda bu mövzuda bir layihənin keçirilməsinin özünü əhəmiyyətli təcrübə olaraq xarakterizə etmək olar. Hesab edirik ki, layihə öz pozitiv bəhrəsini verəcək”.
 
 

P.Bayramova mediada gender bərabərliyinin stimullaşdırılması istiqamətində xarici ölkələrin təcrübəsindən də söhbət açdı: "2013-cü ildə Estoniyada Sosial Məsələlər Nazirliyi "Stereotip” layihəsini  həyata keçirmişdi ki, onun əsas məqsədi gender stereotipləri ilə mübarizə aparmaq və onun iş və karyera seçimində neqativ təsirini göstərməkdən ibarət idi. Həmin mövzuda çəkilmiş 7 video klip mütəmadi olaraq televiziyada göstərilir və internetdə də yerləşdirilmişdi. Eləcə də, yenə 2013-cü ildə İtaliyada Əmək və Sosial Siyasət Nazirliyi Anlaşma memorandumu imzalamışdı ki, həmin sənəddə qadına qarşı zorakılığı təqdim edən və ya ona təhrik edən imajlardan istifadə edilməməsi, gender stereotiplərini əks etdirilməməsi və sair kimi  müddəalar ifadə olunurdu”.
 
 
 
Bəzi hallarda media stereotiplərin dərinləşməsində rol alır
 
Media eksperti, hüquqşünas Ələsgər Məmmədli isə təəssüflə qeyd etdi ki, Azərbaycanda gender stereotiplərinin formalaşmasında media çox da maarifləndirici rol oynaya bilmir. Onun sözlərinə görə, bəzi hallarda media bu stereotiplərin dərinləşməsində rol alır: "Mediada qısa təhlil aparsaq, görərik ki, "Qadın sürücü qəza törətdi” kimi başlıqlar altında müxtəlif kriminal xəbərlər saytlarda yer alıb. "Kişi sürücü qəza törətdi” başlıqlı xəbərə rast gəlmək mümkün deyil. Belə olan halda, qəza törədən sürücünün törətdiyi hadisə deyil, qadın olduğu üzə çıxır, sürücünün qadın olması qabardılır. Yaxud, "Qadın oğurluq başında yaxalandı”, "Övladına işgəncə verən qadın tutuldu” kimi başlıqlarla xəbərlər verilir. Bu kimi hallarda media hadisələrin təqdimatında ayrı-seçkiliyə yol verir, qadın amilini önə çıxarır. Beləliklə də, cinslərarası gender bərabərliyini, bərabər yanaşma prinsipini pozur. Əslində isə bu məsələdə media duyarlı, həssas olmalıdır. Medianın birinci funksiyası xəbərləmək, yəni xəbər çatdırmaqdır. Amma bu zaman kimisə, kimlərisə diskriminasiyaya məruz qoyaraq xəbər çatdırmaq olmaz. Əgər cəmiyyətdə "qadın sürücülər kobud qanun pozuntusuna yol verir” stereotipi varsa, media, "Qadın sürücü qəza törətdi” başlığı altında xəbər yayıb buna dəstək verməli deyil. Belə olarsa, media bu stereotipləri ənənə halına gətirir. Cəmiyyətdə belə bir rəy hakim olur ki, ən çox qəza törədən sürücülər qadınlardır. Hansı ki, bu, belə deyil. İl ərzində sürücülərin törətdiyi qəzaların statistikasına nəzər salsaq görərik ki, 100 qəza hadisəsinin 95-ni kişilər, 5-ni qadınlar törədib. Amma nədənsə qadınların qəza törətməsi daha çox qabardılıb. Bu baxımdan bəzi hallarda media gender məsələsinə bilməyərəkdən, qeyri-peşəkar yanaşır. Düzdür, burada qəsd yoxdur. Lakin qəsd olmasa belə, məsələyə fundamental yanaşmaq lazımdır. Hesab edirəm ki, media, xüsusən də jurnalistlər gender bərabərliyinin işıqlandırılması, gender bərabərliyi ilə bağlı əlavə maarifləndirici təlimlərə cəlb olunmalıdırlar. İctimai rəyi yaradan media, jurnalistlər bu sahədə bilgilərini daha da dərinləşdirməlidirlər”.
 
 
 
Azərbaycan mediasında "bu qadındır, olmaz” deyə, bir yanaşma yoxdur
 
"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev də bizimlə söhbətində dedi ki, müasir Azərbaycan mətbuatı xəbər istehsalında və digər məsələlərdə gender balansını qorumağa çalışır. Onun sözlərinə görə, ümumiyyətlə, həyatımızın bütün sahələrində çalışan fərdlərə, fərqi yoxdur bu kişi də ola bilər, qadın da, münasibət birmənalıdır: "Azərbaycanda bir çox sahələr var ki, orada qadınların təmsil olunma səviyyəsi daha çoxdur. Təhsil, səhiyyə və son vaxtlar medianı da bura əlavə edə bilərik. Son illər biz davamlı olaraq bu və ya digər kateqoriyadan olan insanlara cinsinə görə deyil, iş qabiliyyətinə və potensialına görə müraciət edirik. Xüsusən də fəaliyyətində daha çox nailiyyətlər əldə edən tələbə xanımlar, sahibkar qadınlar, həkimlər, müəllimlər, millət vəkilləri hər zaman medianın diqqət mərkəzindədir. Son günlər qəbul imtahanlarında yüksək nəticə əldə edən tələbə qızların həm internet, həm də yazılı mediada daha çox təbliğ olunmaları buna bariz nümunədir. Əslində bu nümunə gender bərabərliyinin stimullaşdırılmasına deyil, qızların təhsilə maraqlarının artırılmasına hesablanmışdı. Azərbaycan mediasında "bu qadındır, olmaz” deyə, bir yanaşma yoxdur, yalnız müsahib var. Düşünürəm ki, gender balansının stimullaşdırılması məqsədilə bu ənənə davam etdirilməlidir”.
 
 
 
Proqram siyasətlərində gender bərabərliyinə diqqət ayrılır
 
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri, fəlsəfə doktoru Təvəkkül Dadaşov da "Kaspi”yə bildirdi ki, gender bərabərliyi məsələsi ölkəmizdə ən ali səviyyədə - Konstitusiya və qanunlarda öz təsdiqini tapıb. O qeyd etdi ki, gender bərabərliyinin qorunmasında medianın da kifayət qədər rolu var: "Media bu sahədə maarifləndirmə və informasiya funksiyaları vasitəsilə gender bərabərliyi mədəniyyətinin təbliğində mühüm vəzifələrin öhdəsindən gəlmək imkanına malikdir. Bu işdə xüsusilə populyar KİV-lər olaraq televiziya və radio öz audiovizual üstünlüyündən istifadə edə bilər. Onlar verilişlərində, hazırladıqları xəbər buraxılışlarında gender problemlərinə diqqət ayıra, bu sahədə çətinlikləri qabarda bilərlər. Bu da ümumi işə öz töhfəsini vermiş olar. Ədalət naminə qeyd etmək lazımdır ki, hazırda yerli televiziya və radiolarımız proqram siyasətlərində gender bərabərliyi məsələlərinə diqqət ayırırlar. Onlar öz fəaliyyətləri əsnasında gender bərabərliyini bir prinsip olaraq rəhbər tutmaqla fəaliyyət göstərirlər. Biz bu gün yayımlanan verilişlərə, sosial, hüquqi, tibbi və sair proqramlara diqqət yetirsək, burada həm kişi və qadınların problemlərinə, onların mövqelərinə yer verildiyinin şahidi olarıq. Yəni verilişlərdə kişi və qadınlara bərabər imkanlar yaradılır, cinsi mənsubiyyətə görə ayrı-seçkilik hallarına yol verilmir. Adicə, verilişlərin aparıcılarından tutmuş dəvət olunan qonaqlaradək, gender aspektlərinə riayət edilməsi diqqəti cəlb edir. Yayımçıların efir simalarına, aparıcılara diqqət yetirsək, onlar arasında da gender bərabərliyinin qorunduğunu deyə bilərik. Yəni, aparıcılar arasında həm qadınlar, həm də kişilər çoxluq təşkil edir”.
 
 
 
Elmi işçilərin 56 faizini qadınlar təşkil edir
 
Ekspertlərin fikrinə əlavə olaraq, ölkəmizdə gender bərabərliyi ilə bağlı bir statistikanı xatırlatmaq da yerinə düşər. Dövlət Statistika Komitəsinin cari ilin əvvəlində yaydığı məlumata görə, Azərbaycanın ümumi təhsil müəssisələrində müəllimlərin 79,8 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin 65,7 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi qızlardır. Elmin inkişafında da qadınların müstəsna rolu var. Elmi işçilərin 56 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi alan qadınların sayı 1,5 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən 12-si qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,5 faiz, sahibkarlar arasında 21,5 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 41,7 faizi qadınlardır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artıb. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16,1 faizə çatıb. İlk bələdiyyə seçkilərinə nisbətən, son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Halbuki, bu göstərici ilk bələdiyyə seçkilərində 4 faiz təşkil edib. Sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2017-ci ildə 6,7 faizədək artıb. Onu da əlavə edək ki, 10 milyona yaxın Azərbaycan əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir.
 
 
 
Qlobal gender bərabərliyi üçün hələ 100 ildən çox zaman lazım olacaq
 
Sonda onu da əlavə edək ki, Dünya İqtisadi Forumunun (DİF) "Global Gender Gap Report 2015” ("Qlobal gender bərabərsizliyi 2015") sərlövhəli hesabatına görə iş dünyasında, təhsildə və siyasətdə gender bərabərliyinin tam təmin edilməsi üçün hələ 100 ildən çox zaman lazım olacaq. Dünya ölkələri bu məqsədə çatmaq imkanını yalnız 2133-ci ildə əldə edə bilərlər. 2015-ci il hesabatına görə, Gender Bərabərliyi İndeksində əvvəlki illərdə olduğu kimi, birinci yerdə İslandiya dayanıb. Sonrakı yerləri Norveç, Finlandiya, İsveç və İrlandiya tutub. Kiçik Şərqi Afrika ölkəsi olan Ruanda illərdən bəri gender məsələləri ilə bağlı əldə etdiyi nümunəvi irəliləyiş sayəsində altıncı pilləyə qədər yüksələ bilib. İlk onluqda Filippin, İsveçrə, Sloveniya və Yeni Zelandiya yer alıb. Almaniya on birinci, Amerika Birləşmiş Ştatları isə səkkiz pillə geriləyərək 28-ci yerdə qərarlaşıb. 145 ölkədə aparılan analizlərdə standart meyarlarına uyğun olaraq, əsasən əməkhaqları, rəhbər vəzifələrdə çalışma, ali təhsil və siyasi fəaliyyət, eləcə də sağlamlıq və sosial həyat kimi sahələrdə gender fərqləri araşdırılıb.
 
 
Rufik İSMAYILOV
 
Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində "Gender hüququ: gender balansın stimullaşdırılmasında  medianın rolu” mövzusunda jurnalistlər arasında elan olunmuş müsabiqəyə təqdim olunur
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176