Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir

Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir

İdman
21 Mart 2019, 18:00 358
Aprelin 26-28-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar yarışın təşkilatçısı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) trekin üzərinə düşən mərkəzi küçələrdə təmir-tikinti işlərini davam etdirir.
BŞH-dən AZƏRTAC-a bildiriblər ki, Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol martın 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasındakı yol hissəsi martın 27-dən aprelin 8-dək asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Lakin Hökumət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.
Bundan əlavə, Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi martın 22-dən 26-dək, Bülbül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi martın 27-dən aprelin 8-dək, Xaqani küçəsinin Puşkin küçəsi və Bülbül prospekti ilə kəsişməsi aprelin 1-dən 8-dək qismən bağlanacaq.
Qeyd edək ki, göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.