"Kaspi” qəzeti AYB-nin katibi, "525-ci qəzet”in
baş redaktoru, şair Rəşad Məcidlə yeni çıxan "Qələmsiz yazılanlar” kitabı ilə
bağlı müsahibəni təqdim edir. Kitabda müəllifin son 10 ildə yazdığı status-esseler və
SMS-esselər toplanıb.
– Rəşad
müəllim, kitabın ideyası necə yarandı? – Mən on ildir feysbukdan istifadə edirəm. İlk
vaxtlar o qədər də fəal deyildim. Hadisələri susaraq, kənardan, sakitcə müşahidə
edirdim. Sosial şəbəkələr təzə-təzə yarananda onun qəzetləri, yazılı mətbuatı
sıxışdıracağını düşünmürdüm. Ancaq zaman keçdikcə gördüm ki, hadisələrə operativ
ictimai münasibət bildirmək baxımından qəzet feysbuka uduzur. Ondan sonra feysbukdan
fəal istifadə etməyə başladım. Baş verən müxtəlif hadisələrə hərdən ciddi, hərdən
ironik, sarkazmla fikir bildirdim. Mən, adətən, kitablarımı beş ildən bir nəşr
etdirirəm. 40, 45, 50 yaşlarımda kitablarım çıxıb. 55 yaşda da kitab nəşr
etdirməyi düşünürdüm. Qərara gəldim ki, haqqımda yazılanları, sevgi şeirlərimi
və sosial şəbəkələrdə yazdıqlarımı ayrı-ayrlıqda kitab halında çap etdirim. Bu
qərara gələndən sonra tez-tez statuslar paylaşdım, feysbukdan daha fəal istifadə
etdim. Kitabda da qeyd etmişəm, orada yazılan statusların bəziləri Kamal
Abdulladan təsirlənmədir, bəziləri ədəbi fikirlərimi çatdırmaq üçün
yazılanlardır, səfər təəssüratlarıdır, yazıçı dostlarım haqqında dediklərimdir.
Birinci hissəni status-esselər adlandırdım. İkinci hissə SMS-esselərdir və burada
çox yaxın bir adamla yazışmalarım toplanıb. Bu həm də özümlə etdiyim söhbət
idi. O söhbətlərdən bəzilərində şikayətlənmişəm, bəzilərində
yazacağım mətnlər haqqında danışmışam – sənət söhbətləridir. – Bu
ideyanızı ilk kimlər dəstəklədi? – Dünya ədəbiyyatında bu cür kitablar var. Bunun üzərində
qurulan romanlar da var. Mənə stimul verən isə akademik İsa Həbibbəyli oldu.
Dedi ki, sən ədəbiyyata yeni janr gətirirsən. İsa müəllim kitaba yazdığı ön
sözdə bu barədə elmi nümunələr gətirib. Həmin ön söz Türkiyə mətbuatında, dərgilərdə
çıxıb, yaxın günlərdə bizim mətbuatda da dərc olunacaq. Artıq bununla bağlı ciddi
mühitdə müzakirələr gedir. Gənc dostumuz Qismət də öz fikrini bildirdi, dünya ədəbiyyatında
olan bu tipli mətnlərdən danışdı. Yəqin o da bir yazı yazacaq. Düzü, əvvəl-əvvəl
bu məsələyə bir az qeyri-ciddi, zarafatyana yanaşmışdım, ancaq sonra belə bir
kitaba çevrildi.
– Sosial şəbəkələrdən
istifadə həm də sizin işinizi asanlaşdırır sanki... – Mən gənclərdən daha stajlı feysbuk istifadəçisiyəm.
On ildən çoxdur sosial şəbəkələrdəyəm. İnsanları daha rahat və olduğu kimi
müşahidə edirəm. İstər AYB katibi kimi gənclərlə əlaqə yaratmaq məsələsində,
istərsə də qəzet redaktoru, Mətbuat Şurasının üzvü kimi işimdə feysbuk mənə çox
kömək edir. Əslində, feysbuk mənim gündəlik iş yerimdir. Bax, sənə başlıq da
verdim (gülür). Feysbukun mənə insanları müşahidə etməyə, yazılarının səviyyəsini
aydın görməyə çox yardımı dəyir. Yazdığı bir statusdan adamın istedadlı
olub-olmamağını aydın eləmək mümkün olur. Bu baxımdan feysbukda mənim ən gözəl
kəşfim İkinci Mahmud olmuşdu. Ruhu şad olsun. – Lyosanın
"Ədəbiyyatsız dünya” essesini xatırladım. Yeniləşən dünya bədii ədəbiyyatı
sıxışdırır. Bu kitab bədii mətnlərin sosial şəbəkələrə uduzmağına işarə deyil
ki? – Bu kitab sənin dediyin o təhlükə qarşısında olan ədəbiyyatı
saxlamaq cəhdidir. Dövrümüzdə qalın romanları oxumurlar. Biz oxusaq da,
oxucular daha lakonik mətnlər istəyirlər.
– Bu
ideya yazıçılar arasında necə qarşılandı? – Ustad müəllimimiz, mərhum professor Şirməmməd Hüsyünovdan
tutmuş, Anar müəllimə, Fikrət Qocaya, Elçin müəllimə qədər hamı öz fikirlərini
bildirib. Deyirlər, sən feysbuk mətnlərini ədəbi janra çevirdin. Mənim istədiyim,
əslində, sosial şəbəkələrdə ciddi bir aura yaratmaq idi. Bu həm də feysbuku
qeyri-ciddilikdən, yüngüllükdən qurtarmaq arzusundan irəli gəlirdi. Mən Azərbaycan
şriftlərindən istifadə məsələsini həmişə qabartmışam. Cümlə qura bilmirsiniz,
heç olmasa, korrekturasını düzgün edin, "ə” yerinə "e”, "ş” əvəzinə "w” yazmayın. – Bizim
yazarlarımızın çoxu çağdaş dünyaya uduzur. Hələ də keçmiş ənənələrlə, keçmiş
dünyanın qaydalarıyla yazırlar, müasirləşə bilmirlər... – Bəzi adamlar var ki, ayaqlaşa bilmirlər. Məsələn,
Şirməmməd müəllim telefon yeni çıxan dövrdən ondan istifadəni öyrəndi, amma bəzi
yazarlarımız öyrəşə bilmədi (Bu anda elə
feysbukdan gələn bildiriş söhbətimizə fasilə verir). Hə, Şirməmməd müəllimdən danışırdım. O vaxt hələ nə Anar müəllimin, nə
də yaşlı nəslin çoxu mobil telefondan istifadə etmirdi. Bir də gördüm hansısa
mobil telefona zəng gəldi, zəngin səsindən bildim ki, mənimki deyil. Baxdım Cahangir müəllimin üzünə ki, yəqin
onun telefonu olar, gördüm bu da qımıldanmadı. Bir də gördüm, Şirməmməd müəllim
telefona cavab verdi. Mənə bir ləzzət elədi ki.
Dedim, Şirməmməd müəllim, nə yaxşı bu yaşda mobil telefondan istifadə
edirsiniz? Dedi, bu texnologiyalarla ayaqlaşmasan, geri qalarsan.
– Vaqif
Səmədoğlu də məşhur idi feysbukda... – Vaqif Səmədoğlu feysbuka girəndə, deyirdi ki, bura
keçmiş çayxananı əvəz edir – virtual çayxana.
Vaqif Səmədoğlunun dostluğunda çoxlu gözəl qızlar vardı, amma şeir yaza bilmirdilər, mən də onlarla
danışanda tənqid edirdim, mədəni, kübar dildə deyirdim ki, "sizlik deyil də bu
iş”. Onlar mənə bilirsən nə deyirdilər?! (gülür)
– Nə?! – Deyirdilər ki, sən bəyənmirsən,
amma Vaqif Səmədoğlu bizi bəyənir. Soruşurdum, harda bəyənir. Cavab verirdilər
ki, feysbukda yazılarımızı göndəririk, bəyənir. Dedim, ay Vaqif müəllim, niyə
belə edirsiniz? Gülə-gülə cavab verdi ki,
mən qoca kişiyəm, deyirəm ki, qoy könülləri xoş olsun da, qəşəng qızlardır (gülür). Ümumiyyətlə, Vaqif müəllim yeni proseslərə açıq adam idi. Feysbuka
təzə girəndə çətin olur. Xofu adamı basır, əvvəl-əvvəl uyğunlaşa bilmirsən,
yeni mühitdir, fərqli adamlardır, hər cür insan var orda. Ona görə də hər adam üçün çətin olur. Sonra adət elədim və
indi heç onsuz dura bilmirəm. Sonra Votsapı da yüklədim, gördüm, onun üstünlükləri
daha da çoxdur. Sonra ümumiyyətlə, telefon zənginə bir az ironiya ilə baxıram
ki, Votsap, Messencer ola-ola adamlar niyə zəng edirlər ki?
– İnstaqrama
da girirsiniz... – İnstaqramdan bu gün daha çox istifadə olunur.
İnstaqramı "bazar” adlandırmışdım,
kitabda da yazmışam, bütün qarışıq malların satıldığı yer demişəm. İnstaqrama
daha çox özlərini reklam edirlər - bəziləri özünü, bəziləri gördüklər işi, bəziləri
də çeşid-çeşid malları. Feysbuku daha səviyyəli yer çevirmək mümkündür. Adamlar
var ki, zaman keçdikcə görəcəklər ki, onların sərsəm fikirləri artıq reaksiya
doğurmur. Bu cür fikirlər, bu cür sərsəm düşüncələr insanlarda bir-iki dəfə
maraq doğura bilər, amma sonra adiləşir, insanlar daha ciddi, daha istedadlı,
daha fərqli olan fikirlərə, ideyalara diqqət yetirilər.
– SMS-esselərdən
danışmaq istəyirəm. Orda daha çox sənət, bir də öz yazacağanız yazıların sanki
anonsunu verirsiniz bizə naməlum adama... Bu dövrdə, xüsusilə feysbukda elə
söhbətlərlə qarşıdakı adamların diqqətini çəkmək nə dərəcədə aktualdır? Ümumiyyətlə, varmı? – İndinin özündə də hərdən gənc yazar xanımlarla
yazışıram, tövsiyələrimi verirəm, motivasiya edirəm. Yazmaq haqqında, oxumaq
haqqında maraqlı söhbətlər olur. Bəzi yazışmalar var ki, kiçik bir hekayədir,
essedir. Onunla həm öz fikrimi çatdırıram, deyirəm, həm də nümunə göstərirəm,
yazmağın qayda-qanunlarından danışıram. Giley də var, narazılıq da var, həmin
doğma adamdan hirs də var, qəzəb də var, sevginin ən yüksək məqamları da var. Bundan
əlavə, kiçik hekayələrlə öz ovqatına təsir etmək də var. Belə qarışıq, fəqrli mətnlərdir...
– SMS-esselər
mənə Martin Pajın "Yazı və yaşam kitabı”nı xatırlatdı. O da bir gənc xanımla
olan sənət haqqında söhbətlərini kitab halına salmışdı... – Ümumiyyətlə, bu, yazıçıların əksəriyyəti üçün keçərlidir.
Dəfələrlə demişəm ki, gənclərin sevgisi, səmimi münasibəti, dostcasına rəftarı yaşlı birinə, xüsusən də yaradıcı adama stimul verir. Eyni şeylər gənclərə də aiddir.
Özündən öncəki nəsillərin diqqətini, qiymətini görmək xoş olur. Vaxtilə belə
söhbətlər məktubla olurdu, epistolyar janrda yazılar qələmə alınırdı. Amma indi
SMS, mesaj, filan... Növbəti kitabda mənə
gələn SMS-lər, minnətdarlıq, heyranlıq və sevgi mesajlarından ibarət yazıları
toplayacam. İlk sənə dedim bunu. Formasını düşünürəm kitabın, necə edim,
romanamı salım, yoxsa adi mesaj kimimi verim, bilmirəm hələ.
– Feysbukdan
izlədiyim qədəri ilə son oxuduğunuz müəllif Harari olub. O, yeni
texnologiyaların artıq süni duyğular yaradacağı haqqında yazırdı. Və ya İlon
Mask beynə yerləşdirəcəyi çiplərdən danışdı. Bütün bunlar süni intellektin
artıq hegemonluğu deməkdir. Sizcə, bədii ədəbiyyata necə təsir edəcək? – Düzü, Hararinin kitabını oxuyanda mən çox
pessimist oldum. Hətta Şahbaz Xuduoğludan da soruşdum ki, bu kitabı çap eləmək
kiminsə ideyası olub, yoxsa onun şəxsi təşəbbüsüdür? Adətən, bu tip kitabları
dünyanın böyük gücləri qəsdən yayır. Mən Almaniyaya gedəndə də gördüm, bu müəllif
çox satılırdı. İnsanlarda xeyli dərəcədə pessimistlik yaradır. Gələcəkdə insan
lazımsız bir məfvuma çevriləcək. Sanki bizi öz yaratdıqlarımızdan heç nə ilas
edə bilməyəcək. İnsanın ən ali üstünlüyü duyğularıdır, onu da əlimizdən
alsalar, heç nə olacağıq. Buna görə narahat oluram bəzən.
Yenə bir qədər fasilə yaranır. Elə bil, Rəşad Məcid
də, mən də Hararinin yazdıqlarına artıq uduzmuş kimiyik. – Rəşad
müəllim, Qarabağ müharibəsindən sonra azərbaycanlılar kitabdan ayrı düşdü və hələ
də yazarlar oxucu-milli mətn münasibətlərini yaxşılaşdıra bilməyiblər. – Sən gəncsən, o illəri görmədin. İnsanların maddi
vəziyyəti çox pisləşmişdi, çətin idi. Adamlar kitab almaq, roman oxumaq hayında
deyildilər. Ədəbi jurnallar, qəzetlər çıxmırdı. Yazıçılar da ruhdan düşmüşdü.
90-cı illərin ortasında "525”də ədəbiyyat çap etməyə başlayanda mənə irad da tutmuşdular.
Ramiz Rövşən demişdi ki, sən qəzeti batıracaqsan, camaat siyasətlə məşğul olur.
Zaman göstərdi ki, yox, biz ədəbiyyatla qəzeti saxlaya bildik, getdikcə ədəbi
mühit qaynamağa, yeni dərgilər, qəzetlər çıxmağa başladı. Qaldı ki böyük ədəbiyyatın
yaranmasına, bəli, mən inanıram və görürəm
ki, bizdə istedadlı cavanlar çoxdur. Rahat bir mühit olan kimi hamısı öz
potensiallarını göstərə biləcək.
– Kitab
tirajları çox aşağıdır və xarici ədəbiyyata uduzuruq... – 30 il qabaq Türkiyə bizə həsəd aparırdı. Kitabların tirajı yüz minlərlə
idi bizdə. Ancaq indi əksinədir. Nəşriyyat sistemi, ümumi kitab satışı şəbəkəsi
düzgün qurulmayıb, demək olar ki, yoxdur. Bazar prinsiplərini qoruyan və
oxucularla dil tapan yeganə nəşriyyat "Qanun”dur. "TEAS Press” də yaxşıdır,
ancaq o, standartları çox yuxarıdan götürdü. "Qanun” kimi beş-on nəşriyyat
olsa, vəziyyət düzələr, bəlkə. Rəqabət mühiti vacibdir.
– Son olaraq AYB-nin
qurultayı və gənclərin namizədliyi haqqında nə deyərdiniz? – Anar müəllim də dedi, qurultay gələn ilə nəzərdə tutulub. Namizəd olan gənclərə
gəldikdə isə, mən həmişə gənclərin təəssübkeşi olmuşam, təşəbbüsü, üsyanı normal qəbul etmişəm və
demişəm ki, 20 yaşında üsyankar olmursansa, sənin ürəyin yoxdur, 40 yaşında
üsyankar olursansa, ağlın yoxdur. Elə o uşaqlara müzakirələrdə fikirlərimi
demişəm. Sadəcə, fikirləşirəm ki, birinci növbədə ədəbi əsər yaratmalısan,
özünü təsdiq etməlisən. Onların özünə də dedim ki, sizin sonuncu yekəxana bəyanatınızdan başqa diqqət çəkən nəyiniz
var? Deyir, Anar müəllim məni tanımır. Anar müəllimin səni tanıması üçün nəsə
yazmalısan axı. Mənə elə gəlir ki, bunu diqqət çəkmək üçün edirlər. Vaxt göstərər,
əvvəl qurultay nümayəndəsi seçilərlər, sonra da qurultayda öz namizədliklərini
verərlər, onda görərik neçə nəfər səs verəcək onlara.