Ədəbiyyatın müasiri, klassiki yoxdur
Dünya ədəbiyyatında
modernləşmə çoxdan başlamış bir prosesdir. Yaranan irili-xırdalı axınlar bir
müddət sonra tarixə qarışır. Modernizm isə Yürgen Habermasın vurğuladığı kimi,
hələ də aktualdır. Qeyd edək ki, Azərbaycan ədəbiyyatında müşahidə olunan ədəbi
axınların modernizm qaydaları ilə uyğun gəlib-gəlməməsi də araşdırılmalı
məqamlardandır. Bir sıra yazarlarımız bu xüsusda çatışmayan boşluqları sezərək,
onları aradan qaldırmağa çalışıblar. Hümmət Şəhbazini də bu qəbildən olan
yazarlarımıza adi edə bilərik. O, mətnlərində həm tənqidçi mövqeyi ilə seçilir,
həm də bir yazar kimi yorulmadan, yalnız və yalnız yaradıcılıqla məşğul olur.
Bunu nəşr olunan kitabları da göstərir.
– Modern ədəbiyyat necə yarandı? Hansı
parametrlər onun yaranmasında zəmin rolunu oynadı? Bir sözlə, modern ədəbiyyat hansı özəlliklərə malikdir?
– Avropada renessans, sonra da aydınlanma
dönəmini xatırlayaq. Ümumiyyətlə, modern sözü, yeni və çağdaş anlamı verdiyinə
görə, bir durumun dəyişməsi və ya məhv olması, yaxud yenisinin yaranmasıyla
bağlıdır. Modernizmin əks cəbhəsi ənənələrdir. Bəzi aşırı modernistlərə görə, ənənə
bir yığıntıdır, onu bir kənara atmalıyıq. Amma bir nüansı unutmayaq: bütün yaranan
yeniliklər, müəyyən müddətdən sonra ənənəyə çevrilir, keçmişə dönür.
Bir çoxlarına
görə modernizm ədəbiyyatla başlayır. Bu fikir, heç də yanlış iddia deyil.
Toplumla ədəbiyyat hər zaman bir-birinə bağlı olub. Bunlardan hansı hansına
təsir edib, qəti bir söz demək olmaz. Fəqət bu da məlumdur ki, əvvəlcə fikir,
ardınca da yazıda dəyişiklik yarandı. Düşüncədə dəyişiklik yarandıqdan sonra
isə qadağalar bir kənara qoyulur və toplum inkişafa tərəf yönəlir.
– Bunun Azərbaycan ədəbiyyatında örnəkləri
varmı?
– Burada
ictimai inkişaf sənayeləşmədən qabaq, onun düşüncədəki modeli isə Mirzə Fətəli
Axundzadə ilə yarandı. Axundzadə "aydınlanma” dönəmimizin banilərindəndir. Onun
düşüncəsində ədəbi və ictimai inkişafın yolu iki cığırdan keçir: bilim və
tənqid. Ədib Qərb yaradıcı axınlarının bir neçəsini öz nəsrində cəm edir, bütün
boşluqları tanıyır. O, ilk ziyalılarımızdandır ki, ədəbiyyatdan özünü qırır.
Gördüyü işlərdə, irəli sürdüyü düşüncələrdə yalnız və yalnız ağıl hakimdir. Yəni
modernistlərin ən önəmli faktoru – rasionalizm təməl daşıdır. Azərbaycan
intellektual ədəbiyyatı tarixində onun kimi yığcam fikirli ikinci bir şəxs
tapmaq çətindir. O, nişan verdiyi yolun arxasınca, nümunə olacaq işlər də
görür.
– Modern ədəbiyyatın özəllikləri barədə də
danışaq.
– Tədqiqatçı
Piter Çayldz "Modernizm” əsərində bunu çox gözəl araşdırır. Onun fikrincə,
modern sənət (və eləcə ədəbiyyat) forma baxımından mürəkkəb, eyni zamanda
yığcamdır, dinə şübhə ilə yanaşır, dərin özünəqapanma, forma özəllikləri, zehni
əyləncə və oyunbazlıq, dil yenilikləri, satira, kinayə ilə yoğurulmuş lovğa
kütləni özündən uzaqlaşdıran bir ümidsizlik, inancın əldən getməsi və s.
məsələləri özündə cəmləyir. Modernizm hər şeyə öz istək prizmasından yanaşır.
Ona görə ev – yaşamaq üçün bir maşındır, şeir də eyniylə – kəlmədən düzəldilmiş
bir maşındır. Bu cərəyan istiarə və simvollara geniş yer verir, əl-ayağa
dolaşan forma, vəzn, qafiyədən yaxa qurtarır, harmoniya və ritmə dayanır,
şeirləri açıq və sərbəst ifadə edir. Motiv baxımından isə: ölüm, erotizm, dərin
dini və mistik duyğuları əks etdirməyi özünə məqsəd götürür. Demək olar ki
modernizm ən qarmaqarışıq, ən təzadlı ədəbi cərəyandır.
– Ümumiyyətlə, ədəbiyyatımız
modernləşmişdirmi? Azərbaycan ədəbiyyatında bu proses necə gedir, sizi qane
edirmi?
– Azərbaycanda
yeniləşməyə maraq bir çox millətlərdən daha əvvəl yaranıb. Bunun da səbəbi
Türkiyə və Rusiya kimi dövlətlərlə həmsərhəd olmasındadır. Türkiyə, Qərbi
Avropanın darvazasıdır, Rusiya isə Şərqi Avropanın. Yəni, təxminən, Avropadakı
"aydınlanma” dönəmindən yüz il sonra Azərbaycanda M.F.Axundzadə ilə oyanış
başladı. Biz modernləşmə mərhələsində artıq ədəbiyyat istehlakçısı idik. Ədəbiyyatın
təkcə şeir qolunda Əlirza Nabdillə modernləşirdik. Sonra uçurum yarandı.
Sistemli olaraq, modernləşmə 70-ci (Miladi təqvimlə 1990-cı illər) on illikdən
bu yana başladı. Həmid Şəhanqinin "Zəncirdə sevda”, Saleh Ətayinin "bəlkə daha
deyənmədim”, Hadi Qaraçay və İsmayıl Ülkərin şeirləri, Nasir Merqatinin
"Talanmış günəş” əsərləri bu dövrə aiddir. Mən indi də "Talanmış günəş” kimi
bir əsərlərin yaranmasına tamarzıyam, çünki o, modern şeirimizin ən
intellektual, ən centelmencə yazılmış nümunəsidir. Çingiz Aytmatov belə
deyirdi: həmişə tələbatları yüksək olan mədəni oxucunu göz önünə gətirərək
yazın. Məncə "Talanmış günəş” özü centelmencə bir şeir toplusu olduğu üçün
oxucuları da o cür olmalıdır. Unutmayaq ki bizim kütləvi oxuculuğumuz yoxdu.
Oxucularımızın bir çoxu ədəbiyyatla məşğul olmur. Bir çoxu da "Heydərbabaya
salam” kimi kütlə dilində yazılan şeirləri sevir. Təbii ki, bu kimi olan
oxucular "Talanmış günəş” kimi əsərlərlə maraqlanmayacaq. Modern şeirimizlə maraqlanan
oxucularımız azdır. Amma bu bizim üçün yaratmamağa bəhanə ola bilməz. Modern
şeirimizdə mövzu məhdudiyyəti yoxdur. Əgər şeirimiz mələklərin, pərilərin
əlindən çıxıb Yerdə məskunlaşıbsa, demək, böyük iş görülüb. Təbii ki bu, bəlkə
də qaneedici olmadı. Ancaq əvvəlki yerində durmayıb, durmayacaq da.
– Sizcə modern dünya ədəbiyyatı səviyyəsinə
necə çatmaq olar?
– Modern ədəbiyyatın skeleti dil yenilikləri üzrə qurulur. Dil
anlayışlarının genişlənməsi nəticəsində, sənətkarın da görüşləri yenilənir.
Yenə deyirəm, dil şeirdə bir maraq vasitəsi deyil. insanın içindən qopan
duyğuların səsidir. Yəni burada dil, nəyi deməklə əhəmiyyət qazanmır, necə
deməklə önəmli olur. Modern şeirdə də, ən önəmli faktor dildir. İndi İngiltərə
ədəbiyyatında Şekspirin dilini bugünkü ingilis dilinə tərcümə edirlər. Eyni ilə
Türkiyə ədəbiyyatında Tofiq Fikrətin şeirləri bugünkü türkcəyə çevirdiyi kimi.
Bizim modern şeirimizdə ən çatışmayan cəhətlərdən biri dil ehtiyatlarına
rahatca əl çatılmamasıdır. Yəni dilimizdə elə sözlər, kəlmələr, qavramlar var
ki, onları işlətmir, əvəzində başqa dillərin kəlmələrindən istifadə edirik. Bu
da şeir dilimizin potensialına pis təsir göstərir. Bu gün bizdə danışıq dili
əcnəbi media və ya dərsliklər vasitəsi ilə yenilənir. Yeni quruluş beynimizə
həkk olur, ana dilimizdəki kəlmələr isə yadlaşır. Onlar sanki istifadə
olunmayan anbarlara çevrilir. Şeirimiz dil ehtiyatlarına müraciət eləmir. Bu
problemi ortadan qaldırmaq üçün sözlükləri qarşına qoyub əzbərləmək lazım
deyil, sadəcə çoxlu mütaliə etməliyik.
– Ədəbi tənqidin indiki durumunu necə
dəyərləndirirsiniz?
– Ədəbiyyatımızın ən ağrılı yerinə toxundunuz. Bizim tənqidimizin ən
azından iki yüz illik keçmişi var. Ancaq bu sahədə ən tənbəl olanı da bizik.
İki yüz il məsələsini elə-belə demirəm. M.F.Axundzadənin "Nəzm və nəsr
haqqında” türkcə, "Kritika” adlı farsca yazdığı məqalə yeni tənqidçiliyimizə
böyük örnəkdir. Son yüz ildə barmaq sayı qədər belə tənqidi əsər yazılmayıb.
Düzünü desək, bu işi hamı tənqidçidən gözləyir. Ancaq uzağa getməyək, elə
Türkiyə ədəbiyyatına baxsaq görərik ki, orada tənqid işi təkcə tənqidçinin
üzərinə düşmür. Türkiyənin tanınmış yazar
və şairləri, həmçinin böyük tənqidçilərdir. Əhməd Haşim, Məlih Cevdət, Orhan
Vəlidən tutmuş Camal Süreya, Attila İlhan, İlhan Berk, Hilmi Yavuz, Ənis Batur,
Orhan Pamuka qədər. Yəni bunlar yaradıcılıqla yanaşı nəzəri cəhətlərə də diqqət
göstərirlər. Təəssüf ki, bizdə belə deyil. Hər şeyi tənqidçidən umuruq. Bəs
özümüz? Çıxan kitablar haqda fikir söyləmək çox çətindir? Səbəb də bir-birimizi
izləməməkdə, oxumamaqdadır. Heç kim inciməsin, bu gün hamımız, başda Hümmət
Şəhbazi olmaqla, bir-birimizi oxumuruq. Yeni nəşrlər haqqında bir abzas belə,
danışmağa sözümüz yoxdur. Oxuduqca suallar yaranar, bu isə tənqidçiliyin bünövrəsidir.
70-ci on illikdə mütaliəmiz daha professional idi. Təəssüf ki, o dönəmdə
yazıb-yaradanlar da bu günün xəstəliyinə düçar olublar.
Bu gün dünya
tənqidçiliyində "ədəbi tənqid” adında bir anlayış əvvəlki önəmini itirib. Hər
nə varsa, "nəzəriyə”dir. O anlayışın əvəzinə "nəzəriyə” sözündən istifadə olur.
Bunun da səbəbi var: bir əsərdən yazan və ya danışan şəxs yalnız o əsərin bədii
keyfiyyətləri ilə məhdudlaşmır, bununla yanaşı, fəlsəfədən, psixologiyadan,
sosiologiyadan bəhrələnir. Məsələn, Rolan Bartı oxuyanda konkret hansı sahədən
danışdığı bilinmir. O hər şeydən bəhs edir: ədəbiyyatın içində fəlsəfədən,
fəlsəfənin içində ədəbiyyatdan, müəyyən detallara sosioloji aspektdən baxır və
s.
– Dünya ədəbiyyatının tərcüməsi Türkiyə
ədəbiyyatına müsbət təsir göstərdi, onlar yeniliklərin fonunda öz
istiqamətlərini tapdılar. Bəs, bizdə vəziyyət necədir?
– Onların türkcəyə çevrilməsinin bizə iki qat xeyri var. Bəziləri Qərbə və
onun yeniliklərinə mənfi gözlə baxır. Əmin olun ki, Qərbin mənfi cəhətlərini
biz şərqlilərdən daha çox və daha əvvəl onların öz yazarları tənqid edirlər.
Gəlin Qərb modernizminə nankorluqla yanaşmayaq. Bu gün bir çox məziyyətlərə
görə Qərb ədəbiyyatına borcluyuq. Bayaq yeni tənqiddən danışdıq. O özü bir
estetikadır. Bir orijinal mətn kimi yeni tənqid də oxucuya dad verir.
– Çağdaş ədəbiyyatımızda maraqlı
tendensiyalar varmı? Yoxsa, hələ ki yalnızca tərcümə ilə kifayətlənək?
– Sualınızın
ilk bölümünün cavabı: həm hə, həm yox! Modernləşmə dönəmimiz M.F.Axundzadə,
C.Məmmədquluzadə, M.Ə.Sabirlə dirçəldi. Sonra başlayan siyasiləşmə dönəmi bu
prosesə mənfi təsir göstərdi. Pəhləvi rejimi, o tayda isə Sovetlər Birliyi
yaradıcı mühiti ikiyə parçaladı. O tayda yaradıcılıq var, özəlliklə nəsrdə, bu
tayda isə qorxu içində çırpınan bir ədəbiyyat yaranır. Əslində, bizim
yaradıcılığıq "məhsulumuz" hər millətdən qabaq yaranır, amma hamıdan
sonra üzə çıxır. Məsələn, sərbəst şeir yazmağa farslardan qabaq başlamışdıq,
ancaq çox sonralar üzə çıxdı. Modern nəsri biz tanıtdırırıq, ancaq
məhsulumuzdan başqaları yararlanır və nəticədə onların adı ilə bağlanır
Tərcümə
məsələsinə isə bir söyləm (diskurs) kimi baxıram. Alman filosofu H.Q.Qadamer
tərcüməni bir "yozum və təvil” kimi təqdim edirdi. Hətta deyirdi ki, tərcümə
yozumun kamilləşməsidirir və tərcüməçi gözünün qabağında olan kəlmələr vasitəsi
ilə bu işi görür. Qadamerə görə, qavrayış (fəhm), idrak olduğu yerdə, tərcüməyə
ehtiyac yoxdur. Ancaq biz başqa bir dili yaşaya bilmirik, o dildə yaşananları
öz dilimizə çevirməli oluruq və məhz bu zaman "qavrayış”a çatırıq. Başqa
insanların kültürü ilə tanış olmağın heç bir zərəri yoxdur. Əksinə, bilgi
dairəmiz artır. Digər tərəfdən isə, dilimizin inkişafına, paslanmamasına
yardımçı olur. Modern ədəbiyyatdan danışdıq. Məgər, biz bunu sadəcə tərcümə
yolu ilə mənimsəmişik? Sənayeləşmə özü bir Qərb mətnidir. Həmçinin, tərcümədə
də ehtiyacdır. Bu tərcümələr bizi günün mətnləri ilə tanış edir.
– Bəziləri yaradıcılığı əlacsızlıqlarına
çarə kimi dəyərləndirir. Belə ki, yazı mütləq gərgin durumlara düşmüş
yazıçılarda yaxşı alına bilər kimi bir fikir var. Bəs, siz yaradıcılığın
qaynağını nədə görürsünüz?
– Bu
düşüncənin üst-başından, farslar demişkən, "külligüyi” (ümumiyətlik) yağır.
Ədəbiyyatçı üçün hər iki durum, yəni "gərgin”lik də, "zəngin” də yaradıcılıq
qaynağı ola bilər. Avropa klassiklərində, ümumiyyətlə, ədəbiyyatı zənginlər
üçün yazmaq xüsusiyyəti var idi. Yazarların bir çoxu isə zəngin təbədən
deyildilər. Onlarla münasibət yox idi.
Bu gün
yaradıcılığın ən böyük əngəli vaxtı itkisidir. Keçmiş yazıçıların bugünkü qədər
məşğuliyyəti yox idi. Bu gün yazıçı işlə bərabər, başqa məşğuliyyətlərə də vaxt
sərf edir, internet də bu qəbildəndir. Məncə, həm bizdə, həm də dünyada,
ədəbiyyat dili texnologiya və bilim (elm) dili qarşısında geriləməyə başlayır.
Ədəbiyyat texnologiya dilindən bir vəsilə kimi istifadə etməməlidir, öz
yanaşması, öz münasibəti olmalıdır. Hətta şablonlaşmış, daşlaşmış anlayışlar
belə, yeni yanaşma tələb edir.
– "Yazıçının ən böyük qorxusu başqasının
təsirində qalmaqdır” deyə bilərikmi? Bunun yaradıcılığa təsiri hansı baxımdan
özünü göstərəcək?
– "Post quruluşçular”, "post-strukturalizm”,
özəlliklə, Yuliya Kristevanın önəm verdiyi bir nəzəriyyəyə, yəni "mətnlərarasılıq”a
nəzər yetirək. Bəzən bir yazarın mətninin başqa bir yazarın mətninə də
keçməsini "təsir” anlayışı ilə açıqlayırıq. Kristva "mətnlərarasılıq” termini
ilə bunu çözməyə çalışır. Doğrudur, bu nəzəriyyədə hər bir mətn özünəməxsusluğunu
qoruyur və işarə etdiyi mətndən müstəqil olaraq yaranır. Çingiz Aytmatov
deyirdi: yazıçılığın ilk anlarında yazarın zehnini bir növ duyğusal və romantik
bir həvəs məşğul edir. Müəyyən yazılar oxuyur və könlündən keçir ki, ona tay
nəsə yaratsın. Bu mərhələdə təqlid etmək və yaxud başqasının təsiri altında
yazmaq təbiidir. Nima Yuçic demişkən, təqlid özü də bir növ təşxisdir. Yazar bu
vasitə ilə öz yolunu tapır. Yavaş-yavaş bişir, təsirdən və başqasını təqliddən
yaxa qurtarır.
– Azərbaycanın dünya ədəbiyyatına verə
biləcək bir əsəri varmı?
– Təbii ki!
Nizamidən tutmuş Füzuli, Axundzadə, C.Məhəmmədquluzadəyə qədər dünya
ədəbiyyatına necə nəhənglər bəxş etmişik. Ancaq indi bizdə bütün cəhdlər gec
bəhrə verir. Onun da səbəbləri var. Birincisi, bizdə yaranan əsərlər, dünya
ədəbiyyatı üçün öncüllər sırasında deyil. İkincisi, bizim yaxşı əsərlərimizi
başqa dillərə tərcümə edən tərcüməçilərimiz yoxdur. Türkiyə ədəbiyyatı dünyada
tanınırsa, bunun səbəbi 1950-dən bu günə qədər davam edən tərcümə
nəticəsindədir.
– Qərb ölkələri texnika baxımından çox
güclüdür. Türkiyənin Orxan Pamuku, yaxud yapon yazıçısı Haruki Murakamı belə
bir dünyada Nobel ödülünü qazana bildilər. Bizdə belə əsərlər nə vaxt
yaranacaq?
– Folknerdən
soruşurlar ki, yaxşı yazıçı olmaq üçün düstur varmı? Belə cavab verir: "99 faiz
istedad, 99 faiz zəhmət” Adını çəkdiyiniz yazarlarda şübhəsiz bu faktorları
görəcəksiniz. Çoxları Nobel almağı bir yazar üçün, onun yaradıcılığının sonu
kimi dəyərləndirirlər. Zənn edirəm rəhmətlik Məmmədəli Fərzanənin xatirələrində
oxumuşam, Qulamhüseyn Səyidi ona deyir ki, xatirələrini yazsın. Ustad Fərzanə
ona öz sözləri ilə cavab verir: siz (yəni Saedi) hardasa demişdiniz ki, hər bir
yazıçı, xatirələrini yazmağa başlamaqla, yaradıcılığının sona çatmasına imza
atır. Pamukun "Nobel” almasını (özü də gənc çağında) da, yaradıcılığının sona
çatması kimi dəyərləndirirdilər. Ancaq belə olmadı. O, daha güclü əsərlər
yazdı.
Bu mərhələyə
yetişmək üçün Folknerin dediklərinə mən də bir kəlmə artırmaq istəyirəm: 99
faiz mütaliə.
– Nobeldən söz düşmüşkən, son zamanlar Nobel
ödülü nəsr əsərlərinə verilir. Şeir dünyada durğunluq dövrünü yaşayır. Belə
deyilmi?
–
Yaradıcılıq, yaradıcılıqdır. XX əsrin ortalarında, Avropada belə bir qənaətə
gəlmişdilər ki, artıq "roman”ın əsri sona çatıb, roman ölüb. Ancaq belə olmadı.
roman var gücü ilə qabıq tökdü. yeni, heyrətedici fəzalarla özünü yaşatdı. Şeir
də belədir. Yaradıcılığın yaxşısı janrından asılı olmayaraq özünü yaşadır.
– Azərbaycanda da poetik nümunələr nəsr
əsərlərinə nisbətən çoxdur.
– Başqa
millətlərlə müqayisədə, Azərbaycanda şeir heç də çox deyil. Bizdə nəsrin azlığı
bir bu fikri yayğınlaşdırır. Amma elə deyil. Sadəcə başqa janrlar kifayət qədər
işlənmir. Məsələn, bütün millətlərdən çox qabaq, "Əkinçi” qəzetinin zamanından
tutmuş, "Molla Nəsrəddin” jurnalına qədər, hətta Seyidcəfər Pişəvrinin
Azərbaycan qəzetində yayımlanan mətnlərinə qədər – köşənin aktual olduğu zaman
kəsiyi mövcud idi. Biz bunu davam etdirə bilmədik. Farslarda da bu janr
yetərincə seçilmir. Türkiyədə isə, köşə nəsrin güclü qollarından biri hesab
olunur. Tənqidçi Nurulla Ataç bu janrın həm modern banisi, həm də onu inkişaf
etdirən imzalardan biridir. Bu gün Türkiyənin ən parlaq yazar və şairləri həm
də məşhur köşə yazarlarıdır: Camal Süreya (diri ikən), Hilmi Yavuz, Ataol
Bəhramoğlu, Əlif Şafaq, hətta Orhan
Pamuk və... s.
– Bir az
özünüzdən danışaq. Ali təhsilə yiyələnmisiz, elə deyilmi?
– Bəli.
Təbriz Universitetində fars ədəbiyyatı oxumuşam. Özüm Muğanda boya-başa
çatmışam. İndi də buranın sakiniyəm.
– Bu durumda hansı səbəbdən Azərbaycan
ədəbiyyatına maraq göstərdiniz?
– Azərbaycan
ədəbiyyatına marağım universitetdə oxumamışdan əvvəl yaranıb. İlk şeirim
"Vətən” 1369-cu ildə (1990) çap olub. O zaman bir çox şairlər yaradıcılığa
farsca yazmaqla başlayırdılar. O vaxt türkcə kitab tapmaq çətin idi. Füzulinin
"Divan”ını tapmaq üçün hər yeri ələk-vələk eləmişdim. Gözümü Azərbaycan radio-televiziyasına
dikirdim ki, bəlkə hardasa bir müğənni mahnı arası bir qəzəl oxuyacaq. Tez
qələmi götürüb oxunan qəzəlləri yazırdım. Sinfimizdə belə gənclər çox idi.
Ramiz Taynur müğənnilərin oxuduqlarını yazıb bir dəftər şeir toplamışdı.
Füzuli
"Divan”ını kiril əlifbasından iki yüz səhifəlik bir dəftərə köçürmüşdüm. Onda
hələ universitetə getmirdim. Əmim nəvəsi Fərhad da ədəbiyyatçı idi, baxdı mənim
işimə, dedi ki, bu iş fil işidir. Biz bu sevgi ilə böyüdük. Ancaq universitet
mənim axdığım cığırı dəyişdi, çağdaş dünya ədəbiyyatı ilə tanış oldum. İstiqamətimi
dəyişən kitabları heç zaman unutmaram. Rza Bərahəninin kitabları, özəlliklə
"Qissənevis”in (təhkiyəçilik)" ilk 200 səhifəsini. Həftə içi beş kitab
oxumadan dincəlməzdim. Bütün kitabxanalara üzv olmuşdum. Təbriz Universitetinin
kitabxanasında işçilərdən biri bir gün mənə "sən dərsini qurtarıb getsəydin,
biz də rahat olardıq” dedi. Təbii ki, bunu acıqla demirdi, həmişə həvəslə mənə
kitab verirdilər.
Universitetdə
ədəbi yığıncaqlar da baş tuturdu. Onların çoxu 70-ci (90-cı) on illiyin ədəbiyyatını,
özü də modern ədəbiyyatını yaratdılar. "Azərbaycan şeirində modernizm” adlı
kitabımda onlardan bəhs etmişəm. Bu ədəbi yığıncaqlardan Hadi Qaraçay, Kiyan
Xiyav kimi imzalar çıxdı. Rəhmətlik Yəhya Şeydanın "Məhdi-Azadi” qəzetində
türkcə səhifəsini, həmin qəzetin "Adinə” səhifəsini çıxaran Qasım Türkan
cənablarının bu gənclərin tanınmasında rolları əvəzsizdir.
– Gələcək planlarınız barədə bilmək
istərdik. Yeni kitablarınız nə haqdadır? Hazırda hansı əsər üzərində
işləyirsiniz?
– Fəlsəfə və
nəzəriyyə baxımından boşluğumuz var. Buna əl qoymaq daha çətindir. Çünki fikrini
ifadə etmək üçün hər addımda yeni kəlmələr, terminlər lazım olur. Bəzən
keçmişdə işlənmiş hər hansı terminə yeni
anlayış verilir. Bunu bizim dildə ifadə etmək daha çətindir. Qarşılıqlı
terminlər tapmaq məşəqqətlidir. Türkiyədə işlənən terminlər məsələnin bir
qismini həll edir. Ancaq çox zaman özün kəlmə yaratmaq məcburiyyətində
qalırsan. Fəlsəfə və nəzəriyə, daha doğrusu, düşüncə baxımından boşluqları
gördükdə "modernitə və modernlik” kitabımı işlədim. Kitab yaxşı qarşılandı və
görünür mənim kimi oxucuda belə bir nəşrin acı imiş. Ardınca bu sahədə
"Post-modernizmin durumu” və "Post-modernizm sözlüyü” adlı iki kitab da
hazırladım. Bu arada klassik ədəbiyyatı da nəzərdən qaçırmamışam. Tələbə
vaxtlarımdan Azərbaycanın VIII əsrdə yaşamış hökmdar-şairi Qazi Bühanaddinin
tuyuqları diqqətimi cəlb eləmişdi. Tuyuq Azərbaycan şeirinə aid bir növdür.
Nəsiminin də yaradıcılığında bu şeir növünə rast gəlinir. Ancaq Bürhanəddinin
tuyuqları daha çox ictimaidir. Son kitabımda 70 səhifəlik ön sözlə Qazi
Bürhanəddini və tuyuq şeirini tanıtdırmışam. Kitabı "Buta” nəşriyyatı çap edəcək.
Hazırda məni
ən çox məşğul edən "Azərbaycan şeirində modernizm” adlı layihəmdir. Ümidvaram
ki, geniş və sanballı bir iş ortaya qoya biləcəyəm.
– Vaxt azlığına baxmayaraq, çox məhsuldar
insansınız. Çapa verdiyiniz kitablar Güneydə çox zaman satışda birincilərdən olub. Bu barədə nə
demək istərdiniz?
– Mənim
boşluqları tapmaqda səriştəm var. Vaxtında şeirimizdə tənqidin yoxluğunu
duydum. Yazmağa başladım, nəticədə 1383-cü ildə (2004) "Nəqd-i şeir-i müaser-e
Azərbaycan” (Çağdaş Azərbaycan şeirinin tənqidi araşdırması) çap oldu. Dünya
ədəbiyyatı incilərinin yerini boş gördüm, on il sonra (2014) bu xüsusda ikinci
kitabım çapdan çıxdı. T.S.Eliotun "Çoraq ölkə”sini; Lorkanın şeirlərini "Axşam
üstü saat beşdə” adı ilə çapa verdim. Uzun müddət şeirə vaxt sərf edəndən sonra
"Hekayənin imkanları” kitabmı işlədim,
bu sahədəki boşluqları tədqiq etdim.
– "Hekayənin imkanları" adlı
kitabınız, yazarlara peşəkar səviyyədə texniki yollar göstərir.
– Əsas məqsədim
də elə budur. Bəziləri belə fikirləşirlər ki, hekayə yazmaq, elə qədim nağıllar
kimi xam rəvayətləri bir-birinin ardınca düzməkdir. İndi təkcə "ravi”dən
danışmaq bir kitablıq söz tələb edir. "Hekayənin imkanları” kitabında daha çox
tənqidi məqalələr üzərində işləmişəm. Hekayələrin tənqidi oxucunu əməli
(praktik) bir tənqidlə üzbəüz qoyur. "Hekayənin imkanları” demək olar ki, "təlimi”
(pedaqoji yönümlü) bir kitabdır.
– Dünyanın tanınmış yazarlarından olan
Ernest Heminquey öz şagirdinə həyat boyu oxunması zəruri olan 15 əsərin
siyahısını verir. Son sualım bu barədədir, hansı əsərlərin mütaliəsi Azərbaycan
ədəbiyyatının inkişafına təsir göstərə bilər?
–
Dostoyevskinin bütün əsərləri, başda "Karamazov qardaşları” olmaqla. İtalo
Kalvinonun hekayələri. Şeirdə isə Eliotun "Çoraq ölkə"sini
vurğulamaqla yanaşı, ümumiyyətlə modern şeiri oxumağı faydalı görürəm.
Azərbaycan nəsrində Anarın əsərləri, özəlliklə kiçik hekayə və povestləri dünya
səviyyəli nümunələrdir. Anar, İsmayıl Şıxlı, Əkrəm Əylisli, İsa Muğanna, Elçin
Əfəndiyev. oxunmalı yazarlardır. Həmçinin Mövlud Süleymanlı və Kamal Abdulla
yeni cığır sahibidirlər. Bunlarla yanaşı ən çox sevdiyim Azərbaycan ədəbiyyatı
incisi "Kitab-i Dədə Qorqud”u mütləq oxumağı tövsiyə edirəm.
Yeni
nəzəriyyələr və tənqidi əsərlərlə tanışlıq da vacibdir. Bunlar bizi bayağı
metodlardan uzaqlaşdıracaq. Onları bilavasitə öz yazdığınız mətnə köçürmək
lazım deyil, sadəcə, necə yazmağı öyrənin, kifayətdir. Mixail Baxtin, Roman
Yakobson, Teodor Adorno və xüsusən də, Rolan Bartın yazıları ilə tanışlıq da
mütləqdir.
Ümumən isə
ədəbiyyatın müasiri, klassiki yoxdur. Ədəbiyyatın yaxşısı hər zaman yaxşıdır.
Söhbətləşdi:
Əfşin Şəhbazi