AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ədəbi tənqid pul gücünə yaranmamalıdır

Ədəbi tənqid pul gücünə yaranmamalıdır

18 May 2020, 14:15 518
Natalya Pavlovna Yestafyevna: "Sosial şəbəkələrdə əksəriyyət özünü peşəkar, mütəxəssis hesab edir”
 
Müsahibim Natalya Pavlovna Yestafyevnadır. O, bu yaxınlarda 215 illik yubileyini qeyd edən V.N.Karazin adına Xarkov Milli Universitetinin Rusiya ədəbiyyatı tarixi kafedrasının dosenti, filologiya elmləri namizədidir.
 
– Siz Xarkov Milli Universitetində Rusiya ədəbiyyatı tarixindən dərs deyirsiniz. Gəlin tədris etdiyiniz fənnin əhəmiyyətindən danışaq.
– Hesab edirəm ki, müasir insanın şəxsiyyət kimi fomalaşmasında klassik ədəbiyyatın hansı rolu oynadığını biləndən sonra artıq ədəbiyyat haqqında danışa bilərik. Təəssüf ki, Ukraynanın siyasi arenasında baş verən hadisələr, hərbi durum rus ədəbiyyatının qavranmasına, həmçinin də əlçatan olmasına təsirsiz ötüşə bilmədi. Universitetimizdə bəzən  rus ədəbiyyatını ya  heç oxumayan, ya çox az tanış olan tələbələrlə rastlaşıram. Və mühazirələr zamanı biz ixtisas üzrə bu əsərlər haqqında danışırıq. Onlar maraqlanmağa başlayırlar və çalışırlar ki, tövsiyə olunmuş ədəbiyyat siyahısından daha çoxunu oxusunlar. Və rus klassik ədəbiyyatının  ədəbiyyatdakı mühüm yerini dərk etməyə başlayırlar. İlk növbədə Dostoyevski, Çexov, Tolstoyu mütaliə etməyin vacibliyini dərk edirlər. Çünki bu yazıçılar, həqiqətən də, rus ədəbiyyatının klassika epoxasının nümayəndələridir.  Əsərlərində insan həyatında ola biləcək, baş verəcək praktiki olaraq hər bir şey öz əksini tapıb. Onlar ona görə də mütləq şəkildə vacibdirlər və heç vaxt da aktuallıqlarını itirmirlər.  Tolstoyun qərb mədəniyyətində, Avropa ədəbiyyatında bu gün də məşhur və dəbdə olması onunla izah olunur ki, öz müasirlərindən modernist və postmoderistlərdən düşüncəsi ilə daha qabağa gedə bilib.
 
Müasir rus ədəbiyyatının həmin bu klassik rus ədəbiyyatı nümunələrinə nə qədər uyğundur sualına konkret bir cavab vermək olmaz. Bunun bir neçə səbəbi var. Birincisi biz elə bir dövrdə yaşayırıq ki, sivilizasiyanın, mədəniyyətin elə bil dövrünə çatmışıq ki, hər şey orta səviyyədə olub.  Bu cür ədəbiyyatda müəllif elə bir süjet qurur, elə bir obrazlar yaradır, elə bir situasiyalar düşünür ki, o ümumi kütlə üçün nəzərdə tutulur.  Bunun yaxşı tərəfi odur ki, çox sayda insanı cəlb edir. Ona görə də desək ki, insanlar indi çox az oxuyur, məncə, səhv olar. Düşünürəm ki, sadəcə indiki oxucu mütaliə gərginliyinə hazır deyil. Ona görə ki, indi kütləvi ədəbiyyat bolluğudur. İllah da rus ədəbiyyatından danışırıqsa, Akuninin adını çəkə bilərik. Çox məşhurdur. Əsl adı Georgi Çxartişvilidir. Bildiyim qədərincə o, Rusiyada yaşamır hazırda. Amma buna baxmayaraq, əsərləri çox sevilir, oxunur. Və müasir rus yazıçısı hesab olunur. Bundan başqa Avropada və bizdə də məşhurdur. O, tarixə çox diqqət və incəliklə yanaşır. Tarixi  süjetlər, tarixi şəxsiyyətlər, tarixi hadisələri götürür, onları özünəməxsus şəkildə "oranjeman" edir. Və bu görünür ki, oxucuların çox xoşuna gəlir. Məsələn, onun "Erast  Fadorinin macəraları” əsəri çox məşhurdur. Erast Fadorin yazıçının tarixi detektiv seriyasının baş qəhrəmanıdır. O, müxtəlif stillərdə – konspitativ detektiv, casus detektivi, etnoqrafik detektiv tərzində əsərlərini yazıb. Bax bunları nəzərə alıb  deyərdim ki, indi mütaliəyə maraq azalmayıb, sadəcə, marağın istiqaməti dəyişib. Yəni indi bu cür ədəbiyyata daha böyük həvəs var. Ədəbi zövq yüksək səviyyədən orta səviyyəyə düşüb. Yəni dəbdə yüngül ədəbiyyat – melodramlar, detektivlər və s.dir. Sorokin, Pelevin, Dmitri Bıkov da bu cür yazçılardandır. Bıkov haqqında fikrimi tez-tez soruşurlar. Mən deyərdim ki, onun əsərləri bədii yox, yarıbədii, yarıfilolojidir. O, müxtəlif düşüncəli, müxtəlif fikirli insanlara müəyyən bir şey haqqında çox maraqla danışa bilir. 
 
Əsərləri çoxdur. Onlar həyatdakı hadisələrdən olduğu üçün insanlara maraqlıdır. Düşünürəm ki, müasir fikrə, düşüncəyə, mədəniyyətə malik insanın tələblərinə uyğundur əsərləri. O çox mürəkkəb şeylər haqqında çox asan, rahat tərzdə danışa bilir.  Mütaliə edən istənilən insana dünyagörüşündən və xüsusi mütaliə səviyyəsi olmayan istənilən insana maraqlı məlumat verəcək, müasir mədəniyyəti aşılayacaq material təqdim edə bilir.  Hesab edirəm ki, bu da öz növbəsində vacib məqamdır. Yəni o müasir insanın tələblərinə uyğun maraqda mətnlər yazır.
 
Bundan başqa, həyatımızın digər vacib bir məqamı da var. Biz buna etinasız yanaşa bilmərik. Müasir dünya  şifahi mədəniyyət və avanqard vuzual mədəniyyətlə xarakterizə olunur. Bu, əlbəttə ki, internetdir, mediadır.  Bu yaxınlarda təsvirin vizuallaşmasından danışılan bir mətnə resenziya yazırdım. Məqalədə söhbət bundan gedir ki, mətnin müəllifi, yəni oxucunu səyahətə aparan yazıçı vizual mətn yaradıb, o müxtəlif adlardan, qeydlərdən istifadə edərək sözçülüyü minimalistləşdirib. Lakin vuzual tərəfini çox genişləndirib, üzərində çox işləyib. Və əsər sanki bir fototəsvir, fotosəyahət kimi alınıb. Bu da mədəniyyətdəki müasir tendensiyalarla bağlıdır. Bunun özü də şifahiləşdirməkdən yaranır, müasir insanların mütaliəyə marağının aşağı düşməsi ilə əsaslandırılır. Vizual poeziya anlayışı da yaranıb. Biz buna hansısa qiyməti verə bilmərik. Sadəcə bu həyatımız, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımızla yanaşı gedən bir şeydir. Biz bunu sadəcə olduğu kimi qəbul etməliyik. Məhsulun keyfiyyəti isə tamam başqa məsələdir. Ona görə də indi müasir tendensiyalara uyğun əsərlər yaranır. Onlar müasir medianı özünəməxsus şəkildə istifadə edirlər.  Məsələn, Ukrayna yazıçısı Mark Dendyuku götürək. Onun böyük Avropa və Amerika təcrübəsi də var. İnternet resurslardan geniş istifadə etməklə əsərlər yazır. Bu, internet-kitab deyil, bu, tamam başqa söhbətin mövzusudur. Bu, sanki çap olunan sözlə çap olunmayan sözün birləşməsidir. Əsərin içində kod yazır. Kodla internetə daxil olub, həmin resurslarla ordan tanış olmaq olur. O sanki kitabla internet arasında bir əlaqə qurur. Bu sadəcə informasiya, məlumat üçün göndərmə deyil. Bu inteqrasiyadır. İnternet resursun bədii ədəbiyyata inteqrasiyasıdır. Tamam yeni bir janrdır. Ona görə də mən deyə bilmərəm ki, ədəbiyyata maraq həddindən artıq azalıb. Sadəcə ədəbiyyatın özü dəyişir, onu yazmaq və dərk etmək üsulları dəyişir. O, indi daha çox müasir insanın şüuruna uyğun istiqamətlənir. Yeni eranın iyirmi ilini artıq geridə qoyan müasir insan özündən əvvəlkilərdən xeyli fərqlidir. Hətta XX əsrin ikinci yarısında çox müasir, aydın düşüncəli insandan belə əsaslı şəkildə fərqlənir. Və mən yenidən əvvələ qayıtmaq istəyirəm ki, başlanan bütün yeni proseslər transformasiyalar, bizi əhatə edən media-resursların ədəbiyyata daxil olması, bəşəriyyətin, insanlığın yaddaşında  klassik ədəbiyyatın yüksəkliyini, mərtəbəsini dəyişmir. Axı ola bilməz ki, insan daha Höteni oxumasın, Baxı dinləməsin. Bunu təsəvvürümə belə gətirə bilmirəm. Mənə elə gəlir ki, müasir ədəbiyyatda hansı reaksiyaların, proseslərin getməsindən asılı olmayaraq, nəticədə mədəni irslə əlaqələnir.
 
İndi insanlar sərhədlərlə məhdudlaşdırılmır. Bu da vacibdir. Mənbələrə əlçatanlıq daha çoxalıb. Çünki internetə daxil olub hər hansı bir musiqi  əsərini, onun haqqında informasiyanı tapmaq, dinləmək an məsələsidir. İnterneti açıb istənilən muzeydə sərgilənən rəsm əsərlərini görmək mümkündür. Marağı olan istənilən insan bunun öhdəsindən asanlıqla gələ bilər. Burda çətin heç nə yoxdur.  Əsas maraqdır. Əvvəllər belə şeylər əlçatan deyildi...
 
– Gənclər daha çox internet şəbəkələrində vaxt keçirir. Sizcə, yazəlı ədəbiyyat internetə uduzubmu?
– Mənə elə gəlir ki, internetdən nə qədər və hansı şəkildə istifadəni insanın şəxsiyyəti tənzimləyir. Əlbəttə ki, bir çox insanlar internet oyunlara, aşağı səviyyəli şeylərə qapılırlar. Onlar üçün bunlar maraq predmetinə dönür. Amma, məncə, internet kitabı, ədəbiyyatı əvəzləməməlidir. Məsələ burasındadır ki, internetin istifadəsindən də çox şey asılıdır. Ondan da lazımı şəkildə istifadə etmək mümkündür. Elə insanlar var ki, oxuduğu kitab da sadəcə vaxt öldürmək, əylənmək üçündür. Yəni ondan heç nə əldə edə, inkişaf edə bilmir. Ona görə də demək çətindir ki, internetdə vaxt keçirmək yaxşıdır, yoxsa  kitab oxumaq. Hər ikisindən səmərəli istifadə etmək daha məqsədəuyğundur. Yəni internet dəyərli bir informasiyanı, məhsulu da insana təqdim edir.  Əsas məsələ budur ki, sən ondan necə istifadə edirsən.  Hesab edirəm ki, biz internetdən düzgün istifadə edə bilən insanlar yetişdirməliyik. Axı dediyimiz romanları, hekayələri də elə internetdən oxumaq olar.
 
– Müasir dövrdə özünüinkişaf kitabları çox dəbdədir. Bu barədə nə düşünürsüz?
– Yenə də söhbət keyfiyyətin üzərinə gəlir. Kitabın keyfiyyəti, müəllifin peşəkarlığı çox vacib bir məsələdir. Mənə elə gəlir ki, insanların ədəbi zövqü məktəbdən formalaşdırılmalıdır. Bu, insanın  ümumi inkişafından ötrü çox vacib bir faktordur. Hazırda bir başqa böyük problem də var. Bu nəşriyyatlarla bağlıdır. İndi axı pulun bahasına istənilən mətni çap etdirmək mümkündür. Ona görə də bəzən biz bir çox mənada savadsız ədəbiyyatla – mətnin aşağı səviyyəli olmağından tutmuş, nəşrin keyfiyyətsiz olmağına qədər müxtəlif neqativ hallarla  rastlaşırıq. Bəzən kitabın nə redaktoru olur, nə korrektoru. Müəllifin yazdığını necə var, elə o cür də çap edirlər. Və nəticədə bu cür səviyyəsiz kitablar bazara çıxır. Əlbəttə ki, bütün bunlar ziyandır. Lakin  bir şey də var ki, düşünürəm, gənc adama həyatın bütün hallarına uyğun bir resept vermək də mümkün deyil. Əsas budur ki, savadlı insan yetişsin. Bunu isə uşaq bağçasından başlamaq lazımdır. Uşaqlarla düzgün dildə danışmaq, doğru istiqamətləndirmək, inkişaf etdirmək lazımdır. Məktəbi bitirən şagird, lap heç ali təhsil almasa da belə, humanitar və dəqiq elmlərdən ümumi məlumatlı olmalıdır.
 
Mənə elə gəlir ki, uşaqlar indi məktəbi hazırlıqsız bitirirlər. Onlar şüurlarına hücum edən müxtəlif informasiyaları dərk etməyə, qəbul etməyə hazır olmur və nəticədə ortalıqda çaş-baş qalırlar. Həqiqətən də, uşağın hansı ailədə, hansı cəmiyyətdə böyüməsi də vacib şərtlərdən biridir. Cəmiyyət daha çoxtərkibli anlayışdır, nəinki ailə. Ailədə ən azından hansı kitabın oxumalı olduğunu uşağa göstərməli, istiqamətləndirməlidirlər. Ona görə də istənilən uşağın tərbiyəsi böyük çətinlik, əziyyət tələb edir. Sovet dönəmində əlbəttə ki, bunlar da birmənalı deyildi. Dildən savadlı istifadəni daha yaxşı öyrədirdilər. Amma başqa tərəfdən məhdudiyyətlər də həddindən artıq idi. Ədəbiyyata qoyulan senzuranı götürək elə.  Onu daha çox siyasiləşdirmişdilər. Elə bir dövrdə azad, müstəqil düşünən insan yetişdirməyin özü də çox çətin bir məsələ idi. Yəni o dövrün özünün çətinliklər vardı. Məsələn,  senzura altında olan, təyin olunmuş ədəbiyyatdan kənara çıxmaq qəliz idi. Fəlsəfə ilə bağlı olan kitabları oxumaq mümkün deyildi. Kulturologiyanın inkişafına imkan verilmirdi. Elə ədəbiyyat və ədəbiyyatşünaslıq da adekvat deyildi. Yazılan əsərin çapdan çıxması üçün keçməli olduğu sensuza vardı. O da bir çox dəyərli əsərin üzə çıxmasına mane olurdu. 
 
– Hər gün auditoriyalarda onlarla tələbiylə üz-üzə olursuz. Sizcə, gənclər ədəbiyyat haqqında nə və necə düşünürlər?
– İndiki dövrdə insanların hər hansı bir kitabı oxuyandan, musiqini dinləyəndən, tamaşanı seyr edəndən, sərgiyə baxandan sonra təəssüratlarını bölüşməyə nə həvəsi, nə vaxtı olur. Tez smartfonundan onun haqqında məlumat alır. Məsələn, tələbələr də universitetdə hər hansı bir əsər haqqında öz fikrini belə düşünməyə cəhd göstərmir, dərhal internetdə əsər haqqında məlumat əldə edir. Bu, ona çox rahat gəlir. Mənə elə gəlir ki, bax olmaması gərək olan budur. Mənim fikrimdə məktəbdən başlayaraq, fərqi yoxdur hansı ədəbiyyat – istər milli, istər xarici olsun, insanın əsərlə şəxsi rabitəsi yaranmalıdır. Yəni onun haqda özünün düşüncəsi olmalıdır. Bunu dərk edən şüurun işə düşməsi üçün üçüncüyə ehtiyac yoxdur.  İnsanın öz beynində və daxilində əsəri oxuduqda keçirdiyi hislərdən təəssüratları doğmalıdır. Bu baş verəndə, bəlkə də, insan internetdə daha vaxt keçirmək istəməyəcək. Əksinə, oxuduğu mətndən hansısa bir abzası yenidən oxuyacaq ki, onu daha yaxşı dərk eləsin. Yəni insanın öz təəssüratı, düşüncəsi çox vacibdir.  Bəlkə də, bundan sonra o, özü fikirlərini internetdə bölüşə bilər.
 
– İnternetdən necə istifadə edirsiz?
– Mən internetdə müxtəlif səbəblərdən çox az vaxt keçirirəm.  Məni bilirsiniz nə qıcıqlandırır? Müəyyən hallarda, xüsusən də, pis, neqativ bir şeylə bağlı hallar olanda insanların çoxu özünü sanki bu haqda fikirlərini kobud şəkildə bildirməyə haqlı sayırlar. Bilirsiz, qiymətləndirməyə haqqı olmayan adamlar başlayırlar qiymət verməyə, fikirlərini deməyə. Bax, bu çox ciddi bir məsələdir. Bir çox adekvat tərbiyə ala bilməyən insanlar buna heç fikir vermirlər və onlar ədəbsizləşirlər. Özlərini zövq qanunvericisi hesab edirlər.  Sosial şəbəkələrdə əksəriyyət özünü peşəkar, mütəxəssis hesab edir. Bu bir az da məsələni iyrəncləşdirir. Onlar özlərini məsələyə dəyər verməyə, qiymət verməyə haqlı sanırlar.
 
Müzakirələr arasında Peterburqdan olan ədəbiyyatşünas Arkadi İppolitovun "Sadəcə Roma” adlı kitabı haqqında məlumat vardı. Çox gözəl kitabdır. Kitab həm mətninə, həm də mətnin verilmə tərzinə görə çox orijinaldır. Oxudum, mənə çox maraqlı gəldi. İnsanların bu kitab haqqında yazdıqlarını da nəzər yetirdim. Kitab haqqında ya "çox yaxşıdır” yazıblar, ya da "çox pisdir”. Diqqət etdim ki, onlar demək olar ki, kitab haqqında hər hansı bir sualı eşitmək istəmirlər. Bu kitab çox maraqlı və dərin kitabdır. İtaliya və Roma haqqında orda çox maraqlı şeylər var. Burda həm ədəbiyyat, həm arxitektura, həm incəsənət, həm də siyasət var. Bu gözəl  kitabla bağlı o qədər gözəl müzakirə aparmaq olar ki. Lakin insanlar bunu qoyub, ümumi şeylərdən danışırlar. Heç kimi başqa bir oxucunun fikri, düşüncəsi, mövqeyi maraqlandırmır. Hər kəs özünü daha ağıllı, daha savadlı sayır. Bu da böyük bir problemdir. İnsanlar belə şeyləri də şouya çevirirlər. Düşünürəm ki, hər hansı bir ədəbiyyat, mətn haqqında fikir bildirməkdən ötrü buna hazırlıqlı olmaz lazımdır. Təəssüf ki, sosial şəbəkələrdə qızğın müzakirələrdə iştirak edən adamlarım bir çoxunda təhsil və tərbiyənin yoxluğu, kasadlığı buna imkan vermir.
 
– Hansı müasir yazıçıların əsərlərini oxuyursunuz?
– Bu yaxınlarda Entonu Dorrun "Görünməyən işıq" romanını oxudum. Bu müasir ədəbiyyatdır. Müəllif  onu çox böyük həssaslıq və incəliklə yazıb. Gözəl əsərdir. Mən elə gəlir ki, bu kitabla maraqlanan az adam var. Fransız yazıçısı Paskal Kinyarı çox bəyənirəm. O, həm ədəbiyyatşünas, həm musiqiçi olmaqla mədəniyyətin elə bir qütblərini ələ alır ki... Əsər üçün çox maraqlı fabula qura bilir. Tələbələrimə də onu oxumağı məsləhət görürəm. Mənə elə gəlir ki, onun romanlarının baş qəhrəmanı musiqidir. Çox maraqlı yazıçıdır, mətnləri də dərindir. Bu mətnaltıları başa düşən oxucu intellektualdır, hazırlıqlıdır.  Həmin oxucu bu auradan zövq alacaq. Amma bu mətləbləri tuta, qavraya bilməyən oxucuya, əlbəttə ki, roman maraqsız gələcək. O sadəcə ərindən ayrılan, həm də bəstəkar olan bir qadının taleyi haqqında bir hekayə oxumuş olacaq. Bu da onun üçün özlüyündə maraqlıdır.
 
– Bu gün ədəbi tənqid Ukraynada hansı səviyyədədir?
– Mən həmişə hesab etmişəm ki, tənqid lazımdır. İntəhası tənqid də gərək tənqid ola. Məhz dürüst ədəbi tənqid oxucunun zövqünü formalaşdırır, tərbiyə edir. Söhbət, əlbəttə ki, doğru-düzgün tənqiddən gedir. Bilirsinizmi, tənqid oxucuya, seyirçiyə və dinləyiciyə əsərə dəyər verməkdə köməklik göstərir. Tənqid kommersiya əsasında olmamalıdır. Təəssüf ki, bu indi çox dəbdədir və çox pis haldır. Bu tənqid deyil, başqa bir fəaliyyət növüdür. Belə tənqidçilər PR strategiyasındadırlar. Onların məqsədi də başqadır. Son dövrdə – ədəbiyyat və elə mədəniyyətin digər sahələrinin də sürətlə inkişafı, yeni terminlərin, janrların, formaların yarandığı bir dövrdə tənqidçi öz fikirlərini oxucuya təlqin etməməli, əksinə ona düzgün fikir yürütməkdə köməklik etməlidir. Yəni özünə tənqidçi deyən insan bu yolda heç bir məqsəd güdməməli, qərəzli olmamalıdır. Bilirsinizmi, indi ədəbiyyat və mədəniyyət çox rəngarəngdir. Və kultoroloqların diliylə desək, ümumiləşdirəndə XX əsrin son 30 ili mədəniyyətin dağılması dövrünü keçir. Yeni yollar açılır və bu yollarla yeni mədəniyyət, yeni terminologiya ortalığa çıxmağa başlayır. Hələ ki, heç adlandırılmayan janrlar, cərəyanlar yaranır. Ən əsası isə insan bu rəngarənglik okeanında özünü itirir. Və ona köməklik etməkdən ötrü əsər haqqında fikirləri, düşüncələri sırımaq lazım deyil, əksinə bu yeni mətni ona qəbul etməyə, dərk etməyə köməklik etmək lazımdır. Bundan ötrü tənqidə ehtiyac var.
 
Tənqidçi çox informasiyalı, bilikli bir insan olmalıdır. O, əsərə öz qiymətini verməli deyil, əsəri dərk etmək üçün sanki bir sistem qurmalıdır. Ona əsasən insan incəsənətin yeni növünü başa düşməlidir. Tənqidçinin işi "sən yaxşı yazırsan, sən pis yazırsan" demək deyil. Tənqidçinin yazısından oxucu da, yazıçı da özünə nələrisə əxz etməlidir. Ədəbi tənqid pul gücünə yaranmamalıdır.
Yenə də hesab edirəm ki, insanların ədəbi zövqünü kiçik yaşlarından formalaşdırmaq lazımdır. Ən vacibi və başlıcası budur.
 
Söhbətləşdi: Xanım Aydın