• cümə, 26 Aprel, 09:37
  • Baku Bakı 12°C

Dilin ritminə hər zaman uyğunlaşmağa çalışıram

04.04.16 11:16 1327
Dilin ritminə hər zaman uyğunlaşmağa çalışıram
Culia Otsuka Kaliforniya ştatında doğulub-böyüyüb. 30 yaşında fikrini birmənalı şəkildə dəyişib hekayə yazmağa başlamazdan əvvəl Culi Yel Universitetində incəsənət fakültəsində təhsil alıb və uzun illər rəssam kimi fəaliyyət göstərib. Kolumbiyada incəsənət sahəsi üzrə magistr təhsili alıb. Otsuka “PEN/ Faulkner mükafatı”nın, “Asiya Amerika Ədəbi mükafatı”nın, Amerika Kitabxanalar Assosiasiyasının “Aleks”, “France Prix Femina”, “Los Angeles Times Book Prize”, “The International IMPAC Dublin” ədəbi mükafatı və “National Book Award”un sahibidir.
Onun ilk romanı 2002-ci ildə “Knopf” nəşriyyatında işıq üzü görüb. “İmperatorluq parçalanarkən” (“When the Emperor Was Divine”) adlı roman İkinci Dünya müharibəsi illərində ev həbsinə məhkum edilmiş yapon-amerikan ailələrinin həyatından bəhs edir. İlk kitabı ilə beynəlxalq nüfuz qazanan Otsuka 11 dilə tərcümə olunur. Debüt əsəri ilə “New York Times Notable Book”, “San Francisco Chronicle Best Book of the Year”, “Barnes & Noble Discover Great New Writers” kimi əhəmiyyətli qurumların siyahılarında yer alır. Müəllifin öz ailəsinin hekayəsi əsasında yazılmış bu əsər elə Otsukanın birbaşa şahidlik etdiyi hadisə ilə - Pörl Harborun partladılması, anası, dayısı və nənəsi ilə birgə Utah əyalətinin, Topaz şəhərində yerləşən düşərgəyə sığınmaları – başlayır. “The New York Times” dərgisində adıçəkilən əsər bu cür təqdim edilib: “Rezonans doğuran və mükəmməl nüanslarla işlənmiş”. “USA Today”də isə Otsukanın əsəri – “Ədəbiyyatın cövhəri sayılacaq və tarixin ən canlı hadisələrini təsvir edən əsərlərdən biri” – kimi təqdim edilir. Ölkənin 100-ə yaxın kollec və universiteti Otsuka ilə görüşlər və imza günləri təşkil etdikdən sonra bu əsər ABŞ kitabxanalarında “kütləvi oxuma” kateqoriyasına əlavə edilir.
Otsukanın ikinci romanı da təsirlilik və uğur baxımından birincidən geri qalmır. Müəllifin “Tavan arasındakı Budda” (“The Buddha in the Attic”) adlanan ikinci romanı da “Knopf”-da ərsəyə gəlir. 2011-ci ildə işıq üzü görən roman müəllifin ədəbi nüfuzunu daha da möhkəmlədir, ona saysız-hesabsız ədəbi mükafatlar - “National Book Award”, “International IMPAC Dublin Literary Award”, “National Book Award” və s. – qazandırır. Əsər 1900-cü illərdə Amerikadan gələn şəkillər və görkəmli, valehedici sevgi məktublarının işığı ilə Yaponiyadan okeanın o tayına üzən qadınların faciəsindən bəhs edir. Onlarla mükafata layiq görülən “şəkilli gəlinlər”in hekayəsi “Tavan arasındakı Budda” 22 dilə tərcümə olunmaqla, müəllifin ədəbi gücünə güc qatır. “Vogue” dərgisinin “2011-ci ilin 10 ən yaxşı romanı” siyahısına məhz Otsukanın ikinci uğurlu romanı başçılıq edir. Bu roman ədəbiyyat tarixində bənzər mövzuya həsr edilmiş ikinci romandır. Otsukadan əvvəl bu mövzuda Martin Amis “Zaman oxu” (“Time’s arrow”) əsərini yazıb. Lakin adıçəkilən əsər “şəkilli gəlinlər”in hekayəsi qədər uzunmüddət xatırlanan əsər olmayıb.
Otsukanın hekayələri “Granta”, “Harper’s” kimi dərgilərin hekayə toplularında yer alıb. Müəllifin “100 ilin ən yaxşı amerikan hekayələri”, “2012-ci ilin ən yaxşı qısa amerikan hekayələri” toplularında sevilən hekayələr arasında yer alan yazılarından bəziləri də “PRİ”da “Seçilmiş qısa hekayələr” və BBC-nin “Yuxu vaxtı üçün kitab” saatlarında səsləndirilib. Culia Otsuka hazırda Nyu-Yorkda yaşayır və yazmaq üçün hər gün günortalar evinin yaxınlığında yerləşən kafeyə gəlir. Ədib yaradıcılığı, ikinci uğurlu romanı, bu romanın ideyasının necə yarandığı kimi mövzularla bağlı fikirlərini “Granta” nəşriyyatının ədəbi redaktor assistenti Patrik Ryanla bölüşüb.
-“Tavan arasındakı Budda”nın əsas qəhrəmanı, aparıcı surəti, ümumiyyətlə, yoxdur, yoxsa bir neçə baş qəhrəmanı var? Bu haqda nə deyə bilərsiniz?
-Bu əsərin bircə baş qəhrəmanı var – hamı, kollektiv, biz yəni. Biz hamımız bir nəfər kimi onun əsas qəhrəmanlarıyıq. Burada heç kimin “Mən” anlayışı başqalarının kəsb etdiyi dəyər və əhəmiyyətdən daha önəmli, üstün deyil.
-Sizcə, yazıda hər şeyi “biz” olaraq, bir şəxsin cəmində işlətmək əsərin üslubuna nə qədər müsbət təsir göstərdi? Bu halda məktubla sifariş olunmuş gəlinlərin dünyasına girib, özünüzü də onlardan biri kimi təqdim etmiş olursunuz. Bu roman yazarlarının çox nadir hallarda işlətdikləri stilistik vasitədir.
-“Biz” ifadəsini işlətmək mənə daha geniş bir hekayə danışmaq imkanı yaratdı, əks halda da yaza bilərdim, amma başqalarının hekayəsi kimi yazılan əsər belə dərin alınmazdı. Əvvəlcə, istədim bunu bir nəfərin hekayəsi kimi qələmə alım, amma bu cür yanaşmanın çox dar və məhdud ola biləcəyini düşünüb, fikrimdən daşındım. Axtarışlar nəticəsində o qədər cəlbedici, insanı özünə bağlayan hekayə ilə qarşılaşdım ki... Hiss etdim ki, bu hekayələrin hamısını danışmaq istəyirəm. “Biz” ifadəsini işlətmək mənə bu hekayələrin hamısını bir yerə qatmaq fürsəti verdi. Bu çox yeni və qeyri-məhdud şəkildə genişləndirilə biləcək ifadə idi (biz ədəbiyyatda yeni ifadə idi və biz şəklində yaranmış qəhrəmanlar toplusu ilə romanın ideyasını istədiyin qədər genişləndirə bilərsən). Hər cümlə sənə başqasının həyat pəncərəsindən boylana bilmək üçün giriş təqdim edirdi. Həmçinin, Yaponiya qrup-mərkəzli (ailə, nəsil, qohum, qəbiləpərəst) mədəniyyətə malik ölkədir. Burada sanki qəbilə psixologiyası hökm sürür. Bu mənada, İkinci Dünya Müharibəsindən sonra Yaponiyadan köç edənlər üçün “Amerika Yaponiyanın əksidir” fikri hökmran idi. Həm də məhz bu tərəfdən yanaşdığım üçün “şəkilli gəlinlər” kollektiv olaraq, təsvir edildi.
-Əvvəldən təyin edilmiş şəkildə siz bu qadınlardan hər hansısa birini əsas qəhrəman kimi təqdim etməli idiniz. Yazdıqca hansısa qəhrəmanı - kollektivi özündə tamamilə əks etdirən birini - tapdınız?
-Romanın əvvəllərində, qadınlar Amerikaya çatanda, hamısı bütün dünyanın milyonlarla qadın arasından seçə biləcəyi “tipik” yapon qadınıdır – səssiz, səbirli, şikayət etməyən, itaətkar, hörmətdə və qulluqda qüsuru olmayan, bir sözlə, mükəmməl ev xanımı və ya xadim. Lakin Amerikada müəyyən zaman keçirdikdən sonra hər biri individuallaşmağa, fərqlənməyə başlayır. Bəziləri ömürlərinin sonuna kimi yuxarıda sadaladığım xüsusiyyətlərlə yaşayan yapon qadını kimi qalsa da, bəziləri yüksək səslə danışan, kobud davranan, vulqar geyinən qadınlara çevrilir. Bir çoxları Amerikada keçən qısa müddət sonra ərlərindən ayrılır – gizli bank hesabları olan kim, Amerikaya onu görməyə gələn valideynlərindən imtina edən kim...
Mənim uşaqlıq illərimdən də yapon qadınlarına aid miskin bir tablo var zehnimdə: düşərgədə yaşayan qadınlar ən dəyərli, bəzəkli çay servislərini yol kənarlarına düzür, onları ağdərili qonşulara satıb, əvəzində zəruri şeylər alırdılar. Onlara pis rəftar edilsə də, ailədən kənar kiməsə üzündə hansısa mimika ilə baxmaq eyib hesab edildiyindən qadınlar əsla qəzəblərini hiss etdirməzdilər. Yaponlar üçün üzü və ifadələri gizləməyə çalışmaq, utancaqlıq ən saf insani davranışlardandır.
Həm də ki Amerikaya doğru yol alan qadınlar getdikləri yerdə daha cəsur, daha qoçaq davranmalı olduqlarını bilirdilər, onları bu başlanğıca macərapərəst ruhları sürükləmişdi. Yaponlar üçün tərk etmək, yenidən başlamaq tipik vəziyyətdir.
-Bizə bir qədər bu qadınların belə bir başlanğıc seçməkdəki ümidlərindən danışa bilərsinizmi? Amerikaya gəldilər, böyük yalan və hiylələrlə qarşılaşdılar, həyat yollarını necə dəyişdilər?
-Əksəriyyəti bu səyahətə olduqca böyük ümidlərlə çıxmışdı – yaraşıqlı və maddi imkanları yerində olan birisi ilə evlənəcək, ömrün geridə qalanını rahatlıq və əyləncə içində keçirəcəkdilər. Çünki onlara göndərilən məktublarda belə vəd edilirdi. Evliliyin alınmayacağı ehtimalını düşünənlər də yaxşı işə girib, xeyli pul toplamağı, sonra Yaponiyaya qayıdıb özünə rahat həyat qurmağı xəyal edirlər.
Amma Amerikadakı həyat onların gözlədiklərindən çox fərqli idi. Daha ağır hadisələr bir-birini əvəzləyirdi. Bəziləri aldadıldıqlarını elə Amerikaya çatan kimi öyrəndi, ərləri yaşları, maddi vəziyyətləri ilə bağlı yalan demişdi. Qadınların çoxu Amerikaya çatdıqdan bir neçə gün sonra yamaclarda çiyələk yığmalı oldu, bəziləri şəhərin ağgünlü, ağdərili xanımlarının evində xadimə kimi işləyib, gecələri isə miqrant hamballar düşərgəsində yatmalı oldu. Dəfələrlə evlənməyə məcbur olan, dünyaya qeyri-qanuni uşaq gətirən, istəmədiyi şeylərə məcbur edilən... Amerika onları aldatmışdı, sözünün üstündə durmamış, xəyanət etmişdi.
-Bu və bundan əvvəlki romanınızda tez-tez cümlə qruplarının təkrarlanmasına (iki-uc cumle romanın bir neçə yerində təkrarlanır) rast gəlirik, bu sizdə təkrarlanan dəbdir, amma hər biri getməli olduğu tərəfə gedir (lakin bu təkrarlanan cümlələr hər dəfə yazını başqa istiqamətə aparır). Hətta xırda yazılarınızı da oxuyanda, başqalarının adına danışa bilmərəm, amma məndə meditasiya, hipnoz effekti yaradır. Çəkilmək, aralaşmaq olmur. Bu tip yazı üslubundan şüurlu istifadə edirsiniz? Yoxsa sizi də xüsusi ritm cəlb edir? Və yaxud da... Yoxsa bu elə sadəcə öz-özünə baş verir?
-Bir növ hinoz və ya meditasiya, bunu sevdim. Bir dəfə bir tanışım demişdi ki, əgər sənin yazdıqların üçün bir musiqi seçmək lazım olsa, bu mütləq Stiven Rayx (XX əsrdə yaşamış amerikalı bəstəkarİ) bir şey olmalıdır. Dərhal düşündüm ki, bəli, doğru deyir. Hipnotik ritmlərlə insanı trans halına salan musiqi.
Mən dilin ritminə hər zaman uyğunlaşmağa çalışıram, bu romanı yazarkən də buna xüsusi diqqət etmişəm. Yazdıqdan sonra hər şeyi yüksək səslə oxuyur, cümlələrin aksentinə, tempinə fikir verirəm, ritmin harada pozulduğunu axtarıram. Əksər hallarda hər cümlənin sonu özündən sonrakı ilə ritm, uyğunluq içində olur. Bu zaman da iş çətinləşir, həm uyğun, həm dəqiq ifadəni axtarmalı oluram.
Amma yazdıqlarımın çoxu intuitivdir, yəni “sadəcə belə alınıb” kateqoriyasına aiddir. Məncə, elə yazmağın ən mükəmməl üsulu budur. Mənə elə gəlir ki, beynin bu işlə məşğul olan hissəsində nəsə mistik hava ilə işləyən zona var, hər şey orada bilmədiyimiz formada bir araya gəlir.
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər