• cümə, 27 Dekabr, 10:02
  • Baku Bakı 10°C

Büdcəyə yenidən baxılmalıdırmı?

18.05.16 10:33 2029
Büdcəyə yenidən baxılmalıdırmı?
Dünya bazarında Azərbaycan neftinin qiymətinin 50 dolları keçməsi 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılmasını zəruri edə bilər. Belə bir təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov çıxış edib. O, "Report”a açıqlamasında xatırladıb ki, neftin qiyməti dövlət büdcəsində 25 dollardan götürülüb: "Hazırda isə neftin qiyməti 50 dolları keçib. Qiymətin təxminən iki dəfə artması dövlət büdcəsinə əlavə vəsaitin daxil olması ilə nəticələnəcək. Məsləhət olsa, may-iyun aylarında büdcəyə yenidən baxıla bilər. Ancaq baxılmaya da bilər, çünki əlavə vəsait ola bilsin ki, Dövlət Neft Fonduna yığılsın və oradan transfer edilsin. Büdcəyə yenidən baxılsa belə, burada qanuna zidd heç nə yoxdur”.
Qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti daha 1,20 dollar qalxıb və yaxud 2,44% bahalaşıb. Beləliklə də "Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 50,30 dollara bərabər olub. Belə bir məqamda büdcəyə yenidən baxılmasının nə dərəcədə zəruri olmasını ekspertlərlə müzakirə etdik. Onlar hələ ki belə addıma ehtiyac olmadığını düşünürlər. Amma göstərdikləri səbəblərə rəğmən, büdcəyə yenidən baxıla bilməsini istisna da etmirlər.
Bu haqda fikirlərini "Kaspi” ilə bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili neftin qiymətinin artması və ya azalmasının Dövlət Neft Fondunun gəlirlərini artıra və ya azalda biləcəyini söylədi. Qeyd etdi ki, Dövlət Neft Fondundan büdcəyə köçürmənin həcmi artıq müəyyən olunub: "Neft gəlirlərinin artımı təbii ki, əlavə imkanlar yaradacaq. Bu imkanlardan isə ehtiyac yarandığı təqdirdə iqtisadiyyatın daha da inkişafına istifadə oluna bilər. Amma ümumilikdə qəbul olunmuş büdcə kifayət qədər sosialdır və reallıqlara uyğundur. Ona görə də büdcəyə yenidən baxılmasına lüzum görmürəm”.
İqtisadçı ekspert Samir Əliyev də indiki məqamda büdcəyə yenidən baxılmasına tərəfdar deyil. Düşünür ki, hazırda neftin qiyməti 50 dollara yaxınlaşsa da, orta qiymət bu deyil. "Qara qızıl”ın son bir neçə ay ərzində aşağı qiymətə satılması nəticə etibarı ilə indi onun orta qiymətinə təsir edir və hazırda orta qiymət 38-39 dollardır: "Bir neçə ay ərzində neftin qiyməti 40 dollardan aşağı olub. Ona görə də orta qiymət heç 40 dollara da çatmır. Bundan sonra bir neçə ay ərzində neft davamlı şəkildə 50 dollara olmalıdır ki, orta illik qiymət 50 dollardan hesablansın. Bu baxımdan indi büdcəyə yenidən baxılmasına ehtiyac görmürəm. Bu, çox tez atılmış addım olar. Növbəti aylarda neftin qiyməti ilə bağlı hansı tendensiyaların müşahidə olunacağını bilmirik, qiymətin hansı həddə olacağını konkret demək olmur. Düşünürəm ki, qiymət dəyişikliyi mümkündür. Neftin qiyməti qısamüddətli qalxmış ola bilər. Hələ ki, kəskin bahalaşma ilə bağlı konkret gözləntilər yoxdur. Ona görə də bir müddət gözləməyin tərəfdarıyam”.
Ekspertin fikrincə, büdcədə neftin qiymətini müəyyən qədər artırmaq olar: "Məsələn, neftin qiymətini 30-35 dollara qaldırmaq olar. Amma bu, nə nəticə verəcək? Buna cavab vermək çətindir. Ona görə də büdcəyə yenidən baxılmasına ehtiyac görmürəm. Düşünürəm ki, bu qərar indiki dövrdə real deyil. Bəlkə sonrakı aylarda bu haqda düşünmək olar. Çünki indi büdcəyə yenidən baxılmasını tez atılmış addım hesab edirəm. Məsələ ondadır ki, neftin qiyməti sabit deyil. Qeyd etdiyim kimi, bu gün neftin aylara görə orta qiyməti 50 dollar deyil, 40 dollardan da aşağıdır. Qiymət sabit qalsa, "qara qızıl” bundan sonra da 50 dollara olsa belə, orta qiymət 40 dollar olacaq. Neft 50 dolları keçməlidir ki, orta illik qiymət 50 dollar səviyyəsində müəyyən edilsin. Həmçinin neftin qiyməti cəmi bir neçə gündür ki, 50 dollara çatıb. Artıq ucuzlaşma müşahidə etmişəm. Göründüyü kimi, qiymət sabit deyil. Ona görə də 50 dollara arxayın olub büdcəyə dəyişiklik edilməsinin tərəfdarı deyiləm. Bu, çox riskli addım olar”.
İqtisadçı ekspert Qalib Toğrul bunun mümkün ola bilən addım olduğunu desə də, belə qərarı təqdir etmədiyini bildirdi: "Vahid Əhmədovun sözlərində həqiqət var. Doğrudan da neftin qiyməti yüksələn trend nümayiş etdirir və heç kimin gözləmədiyi halda qiymət iki dəfəyə yaxın qalxıb. Necə ki, neftin son bir ildən artıq müddətdə düşməsini heç kim gözləmirdi, planlaşdırılmamışdı, indi də heç kim neftin qiymətinin 50 dollara qalxacağını gözləmirdi. Bilirsiniz ki, ilin əvvəlində neftin qiyməti az qala 20 dollara düşürdü. İndi isə artıq 50 dollara çatıb. Ona görə də büdcəyə yenidən baxılması mümkün ola bilər. Amma məsələnin başqa tərəfi var. Bu da ondan ibarətdir ki, bu ilin əvvəlində artıq bir dəfə büdcəyə baxılıb və lazımi dəyişikliklər olunub. Mənim şəxsi fikrimə görə, yenidən büdcəyə baxılmasına ehtiyac yoxdur. Çünki bunu qeyri-ciddi addım hesab edirəm. Bir neçə aydan bir büdcəyə yenidən baxılması kənardan yaxşı görünmür. Burada başqa bir faktor da var. Neftin qiymətinin yüksələn trend nümayiş etdirməsi onun dayanıqlı olacağına zəmin yaratmır. Bu vəziyyətin nə qədər davam edəcəyini hələ ki, bilmirik. Bunu planlaşdırmaq çox çətindir. Deyirlər ki, may-iyun aylarında büdcəyə yenidən baxıla bilər. Ola bilər ki, mayın sonlarında, ya da iyunun əvvəllərində neftin qiyməti yenə də düşsün. Prinsipcə, büdcəyə yenidən baxılması mümkündür. Amma şəxsən mənim fikrim odur ki, belə bir addım qeyri-ciddilik olardı. 6 ay tamam olmamış büdcədə dəyişiklik olması qəribə səslənir. Əsas məsələ də odur ki, neftin qiymətinin bu cür qalacağına təminat yoxdur”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər