AZE | RUS | ENG |

Bu kitabının çapına on il mane olublar

Bu kitabının çapına on il mane olublar
Azad Qaradərəli: “Elə bil, insanlar arasında sevgi tükənib”

"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının çox sevdikləri əsərlər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz yazıçı Azad Qaradərəlidir. Azad müəllimin sevdiyi əsər Sabir Əhmədlinin "Dünyanın arşını” romanıdır.
 
– Sabir Əhmədlinin "Dünyanın arşını” romanı hansı məziyyət və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
– Bu əsər həqiqət yükünə, yazıçı manevrinə və ələlxüsus da zamanında yazılan və zamanın özünə qarşı çıxan əsər olduğu üçün mənimçün qiymətlidir. Yanlış anlaşılmasın: Sabir Əhmədli azadlıq carçısı-filan deyil, gərçi indi dəbdir Sovetin yağ-balını yeyib, özünü "dissident yazıçı” adlandırmaq. Yaxud, Sovet vaxtı partiyadan yazanlar, müstəqillikdən sonra Rəsulzadədən, peyğəmbərdən yazdılar və sair. Sabir bəy bir Sovet yazıçısı, əqidəli kommunist idi və inandığı kommunist ideologiyasını kəskin tənqid edirdi ki, irəli sürdüyü şüarlara, manifestlərə, proqramlara əməl etsin. Yəni, Sabir Əhmədli bir gerçəkçi yazıçı idi və bu romanında da həmin gerçəyə sadiq qalmışdı.
Sadəcə bir məlum həqiqət var: əsrin, zamanın övladı olan yazıçı, bəzən özü də bilmədən yazdıqlarında daha irəli gedir, balası olduğu mövcud rejimin kökünü qazıyır, 20, 30, bəzən 50 il zamanı qabaqlayan ismarıclar verir. İ.S.Turgenevin "Ərəfə” əsərində olduğu kimi. Nə yazıqlar ki, "Ərəfə”ni qiymətləndirən N.A.Dobrolyubov var idi, "Dünyanın arşını” isə hələ də öz tədqiqatçısını tapmayıb.
 
– Əsərin lap başlanğıcında – Arifin evə qayıtmasının nəqlində pəncərədən görünən mənzərə ala-torandır, aydın deyil. Bu detal sizin üçün nə deyir? Arifin qayıtdığı mühitin hələ də gün üzü "görmədiyinimi”?
– Mənim Sabir müəllimlə bu əsər haqda bir neçə dəfə mükalimə etmək imkanım olub. Deyim ki, bu əsər haqda danışmağı heç sevmirdi. Amma elə ki, danışmağa başladı, onda da dayanmaq bilmədən, həvəslə danışırdı. Axı, bilməmiş deyilsən: bu əsər müəllifinə böyük şöhrət gətirsə də, onun yolunda böyük bir maneəyə də çevrilmişdi. Tam bu kitabın çapına on il mane olublar, hətta Moskvada, digər müttəfiq respublikalarda planda olan kitablarını çap maşınının ağzından alıb məhv ediblər. Yaxşı, nəyə görə bunu etdilər? Hətta Azərbaycan Mərkəzi Komitəsinin Plenumunun qərarına salındı. Qərarda deyilirdi: "Əsərdə ciddi ideoloji sapıntılara yol verilmişdir”. Bax, Fərid bəy, sənin dediyin o alatoran, aydın olmayan – toranlıq yazıçının baxışlarındakı sarsıntının ifadəsi idi. Onda inandığı Sovet quruluşuna qarşı bir şübhə yaranmışdı. Hətta o yeni düşüncəyə gəlib çıxmaqdaydı. Qorxulu düşüncəyə! O qədər qorxulu ki, bunu embrioloqların dili ilə deməyə məcbur idi: "Embrioloqlar maraqlı hal müşahidə etmişlər. Ayrı-ayrı üzvləri, hissələri yaradan hüceyrələr sonra birdən özləri ayrıca, müstəqil varlıqlara çevrilmək istəyirlər. Elə bil, dünyanın içində ayrıca dünyalar törənir. Əvvəlcə tamı yaratmaq, tamın hissəsi olmaq üçün könüllü birləşirlər, sonra özlərini itirdikdə elə bil ayılıb, ayrılmaq qəsdinə düşürlər. Qəribədir, hər birləşmədə ayrılmaq həsrəti, hər yüksəlişdə enmək ehtiyatı!” Təsəvvür edirsiniz? Bu sətirləri 1966-67-ci illərdə yazırsan və özün də Yazıçılar İttifaqının partiya təşkilat katibisən!
 
– Əsərdə maraqlı bir detal var: Susuzluqdan yanan Arifin səhvən marqanslı suyu içməsi. Sizcə, müəllif bununla nəyi izah etmək istəyirdi? Çaydanda olan marqanslı su formaca ailəyə bənzəyib, içi "zəhərlə” dolu obrazları əvvəldənmi nişanə verirdi?
– Maraqlı məsələyə toxundun. Qoy bir şeyi deyim, sonra buna qayıdaram. Yəqin bilməmiş olmazsan, mən bu əsər haqda bir neçə dəfə yazmışam. Sonuncu essem "Azərbaycan ədəbiyyatını silkələyən əsər” saytlarda və "Renessans həsrəti – 2” kitabımda da gedib. O essedə bir yer var. Deyirəm ki, müəllifdən soruşdum: "Sabir müəllim, romanda avtobioqrafik yerlər çoxdurmu?” O da cavab verir: "Bəlkə, deyəsən ki, avtobioqrafik olmayan yerlər var?” Sonra da əlavə edir: "Yazıçı yaxşı bilmədiyi şeydən yazmamalıdır”. Və son nöqtə: "Amma bu o demək deyil ki, yazıçı elə özündən, ailəsindən yazmalıdır. Bu onu bitirər”.
Bu yeri niyə xatırladım? Sabir müəllimin qardaşı Vaqif bəy, Cəbrayılın birinci katibi idi. Bir qardaşı isə alman faşizminə qarşı döyüşdə qəhrəmancasına həlak olaraq Sovet İttifaqı Qəhrəmanı olmuşdu. Əsərin qəhrəman Arif də eynən belə bir ailədəndir. Və bu ailənin ən özəl keyfiyyəti, bəlkə də, keyfiyyətsizliyi biçimsiz, ailəyə yaraşmayan, arvadına xəyanət edən ata obrazıdır. Əlbəttə, oxucu bu obrazı – Arifin atasını Sabir Əhmədlinin atası ilə qarışıq salmasın. Bu biçimsiz ata ailəyə uyuşmayan, yöndəmsiz, bəlkə də uyumsuz birisi olmaqla təkcə ananın deyil, oğlanlarının da qanını qaraldır. Bu Sovet ailəsi deyilən bir ailənin nə qədər dayanıqsız olmasına, Sovet cəmiyyətində başçının yerində olmamasına bir işarəydi. Belə yerdə su da marqans dadar...
 
– Romanın gedişatında hiss etmək mümkündür ki, hər kəs sevgi istəyir, lakin ailənin heç bir fərdi digərinə qayğı göstərmək fikrində deyil. Hətta, belə demək mümkündürsə, əsərdəki yeganə emosional detal sonda Bənövşənin qardaşını qucaqlayıb ağlama səhnəsidir. Bu ziddiyyətin səbəbi nədir?
– Əsərdə dediyim kimi, ailə bağlarının zəiflədiyi, hətta öləzidiyi, daha geniş olan kolxoz ailəsinin dağılmaq üzrə olduğu geniş boyalarla verilib. Atanın dərdi ayrıdır, qardaş rəhbərlik elədiyi rayonun problemlərini ailəyə yükləmədən keçə bilmir, bacı da öz dərdində. Ən böyük dərd isə ananındır. Cəbhəyə oğul göndərib, o heykəl kimi qayıdıb. İndi Arif gedib Polşada qardaşlıq məzarında qəhrəman qardaşının məzarın tapıb, bunları anaya deyə bilmir – amma elə buna görə gəlməmişdimi Bakıdan? Yad ölkədə rastlaşdığı rahibənin – onun gözləri qardaşının gözlərinə necə oxşayırmış – baxışları ilə deyir demək istədiyini: "...Qapınıza uzaqdan, çox uzaqdan qərib quşlar gəlsə, su verin, dən tökün, uşaqlara tapşırın daş atmasınlar. Onlar həlak olanların ruhudur, quş olub uçurlar”
Arif bacısı Bənövşənin ailə dərdi ilə yanaşı, qardaşının məktubları üçün əldən-ayaqdan getməsini, az qala şəhid qardaşının özü kimi o məktubları qorumasını düşündükcə kədərlənir. Atasının Arifə üz tutub "Qardaşına tapşır ağılla işləsin” deməsi də onu üzür. Daha böyük ailə olan kolxozçuların az qala üsyana qalxması, "mən, mənə rəhbərlik edəni niyə özüm seçməyim ki?!” deməsi də böyük birliklərin bağlarının qopmasından xəbər verir. Elə bil, insanlar arasında sevgi tükənib. Yadlaşıblar. Yazıçının son qənaəti budur: "hara getsək, kökümüz burdadır”.
 
– Əsərin adına nəzər salaq: "Dünyanın arşını”. Müəllifin ad seçimi barədə nə deyə bilərsiniz? Bu ad bəzən ölçüyə gəlməyən dünyanın 10-15 günlük məzuniyyətə və balaca bir kənddəki əhvalatlara sığdığınımı bizə izah edirdi?
 – Bu barədə bir dəfə yazmışam. Bir hekayəm vardı. "Dünyanın əhəd, yaxud əhləd daşı” adlanırdı. Sabir müəllim adı dəyişdi, əsərin qəhrəmanının adı ilə – "Müstəcəb kişi” – çap etdi. "Bu ad heyfdir, bu adla bir roman yazarsan gələcəkdə” dedi. O kişidə mətnin olumlu adına bir tutqu vardı.
Düzü, sözügedən əsərin adı o qədər ağırdır, bəlkə, romanın özündən də ağır. Burada hər kəsin öz arşını var. Hərə dünyanı öz arşını ilə ölçür. Romandakı əyni-başı tökülən muzeylik çoban da – təəssüf ki, əsərin çapı zamanı "Azərbaycan” dərgisinin baş redaktoru C.Məmmədovun təkidi ilə romanın üçdə biri ixtisar olunan zaman həmin çobanla bağlı mühüm yerlər də pozulub – müəllif bunu yana-yana etiraf edirdi, – qardaşının qəbrini tapdığını anasına demək üçün kəndə gələn, amma heç vəchlə bunu deyə bilməyən filosof Arif də, rayonda yaxşı işlər görsə də, içində xudpəsəndlik bəsləyən katib qardaş da, ailədə əvvəlki hökmünü itirən ata da, özünü qardaşlarının yanında sındırmasa da içində qırğın Bənövşə də, o üsyankar kolxozçu da özünü haqlı bilir – hərənin əlində bir arşın var, bildiyini dədəsinə də verməz!
 
– Əsərdə, sanki, bir az keçmişə aludəlik, nostalgiya hissi qüvvətlidir. Və biz yalnız keçmiş vasitəsilə bu ailənin nə zamansa bir-birinə sevgi ilə bağlı olduğuna şahid oluruq. Bu barədə nə düşünürsünüz?
– Romanda yadlaşma, pedantlaşma, sevgisiz yaşama kimi hisslər tünd boyalarla verilib. Qəribədir, yazıçı sanki bugünkü ağır insani mənzərələri həyəcan təbili çalaraq bizə qandırır: bu gün ər-arvad əllərində telefon bir-birindən nə qədər uzaqdırlar, qardaş-bacı da elə, qohum-qardaş da elə. Texnikanın inkişafı insanları manqurtlaşdırır sanki. Romanda bir detal var: katib qardaş bacısının evindəki qonaqlığa getmir. Bu təkcə qardaş-bacı yadlaşması deyil, həm də ailə bağlarının, yuxarıda dediyim kimi, qopmasına işarədir. Duyğuları, hissləri rəqəmlər və faktlar əvəz edəndə belə olur. Yazıçı yarım əsr sonrakı Azərbaycan ailəsini yarım əsr qabaqkı ilə qarşılaşdırır sanki. O ki qaldı keçmişə nostalgiya, bu da var. Sanki, yazıçı demək istəyir ki, insanlar kasıb olanda, yavan çörək şirin olanda daha yaxın, daha doğma idilər.
 
– Əsərdə Araz çayı detalının verilməsi də olduqca maraqlıdır. Sadəcə iki dəfə adı çəkilən, lakin arxa fonda səssiz-səssiz axan Araz çayı ailənin, ümumiyyətlə, rayonun iki hissəyə ayrıldığınamı işarədir?
– Bu bizim ümummilli faciəmizin kökündə dayanan nəsnədir: təkcə bölünən torpağımız deyil, millətimizdir, taleyimizdir. Araz bir çay kimi nə qədər faydalıdırsa, bir o qədər də ayrıc kimi, sərhəd kimi "ziyanlı”dır. "Bir qədər yuxarıda Sınıq körpü dayanırdı. Körpü, yatağından tərpənə bilməyən, illər xəstəsi təkin ağappaq ağarmış, solmuşdu, saçı-birçəyi elə bil tökülmüş, sümükləri çıxmışdı... Arazın suyu azalmış, ağlayıb-ağlayıb kirimişdi...”
Yazıçı Arifin dili ilə yenə tarixi iyirmi il qabaqlayır. Sökülən sərhədləri – millətimiz arasından götürülən məftilləri, sökülən sərhəd dirəklərini bizə göstərir. 20 il sonra milli azadlıq hərəkatının öncüllərindən olacaq Sabir Əhmədli uzaqgörənliyi burada da boy göstərir: "...bir vaxt gələcək və gəlməlidir ki, məzar sükutuna qərq olan, məzarıstan otlarına bürünmüş körpülərin üstündən o taydan bu taya, bu taydan o taya gedən nişan, toy karvanının şadlığı Arazın şaqqıltısına qarışacaq...”
Bu gün yazıçının arzuları tam olmasa da, qismən həyata keçib – xalqımız bir bikir kimi Bakıdan Təbrizə, Təbrizdən Bakıya gedib gələ bilir, könül, dil bağlarımız bərkiyir. Bunun daha yaxşı variantının da gələcəyinə inanırıq.
 
– Romanda sizinçün xüsusi məna kəsb edən detal, məqam və dialoq varmı?
– Bu əsər bir meyardır, bir çəki-tərəzidir, bir aynadır. Oxu, düşün, özündəki naqislikləri islah et, millətinin, ölkənin, dünyanın dərdlərini bil və çarəsini bul. Arif bir filosof kimi hər dərdin əlacını tapmaq, gücü çatana çarə qılmaq, çatmayanı da haray çəkərək düzəltməyə cəhd edən bir islahatçıdır, bir yenilikçidir. Əsərdə kolxoz və onun sədri haqqında bir detal var. Yeri gəlmişkən, bu əsərə görə bir çox yazıçılar müəllifdən danos yazmış, əsər haqqında o zamanki "KKB”-yə məlumat ötürmüş, çuğulluq etmişdilər. Hətta Əli Vəliyev açıqca demişdi: "Mən imkan verə bilmərəm ki, Sabir Əhmədli mənim qurduğum kolxozu dağıtsın”.
 Filosof Arif kolxozçuların məclisində danışır: "Camaatı dolandırmaq lazımdır... əvvəllər başqa cür idi. Amma indi xalq... Qətiyyən yol vermir ki, təsərrüfatın, kəndin taleyi onun başı üzərindən həll edilsin... Sədr yerində yoxdu. Onun eşiyə çıxdığını görən olmamışdı. Arif onun əyləşdiyi yerə bir də diqqətlə baxdı. Orada yalnız sədrin kölgəsi sayıla biləcək çox pozuq bir surət vardı...
 
– Romanı oxuduqca qarşımıza çoxsaylı fəlsəfi fikirlər çıxır. Sizcə, əsərin belə filosafanə "ruhu” birbaşa Ariflə əlaqəli nüansdırmı?
– Mən bu barədə çox düşünmüşəm. Əsasən realist üslubda yazan müəllifə burada bir az fəlsəfəyə bürünəcək məqamlar gərək olub. Yoxsa fikrin apaydın ifadəsi, onsuz da tez-tez tənqid olunan yazıçının işini daha da çətinləşdirərdi. Zatən belə də oldu.
 Folkner deyirdi ki, yazıçı olma, yazı ol. Məncə, bu əsərdə Sabir Əhmədli özü də mətnə, yazıya qarışıb, yazı olub. Yazıçı bu əsərdə özünün yazıçı manifestini də elan edir sanki: Azərbaycan romançılığında bir Sabir Əhmədli arşını boy verir və həm yazıçının gələcək əsərləri, həm ondan sonra gələn nəslin yazdıqları bu arşından keçməlidir.
"Bir səhər, bürkülü avqust günündə qəsəbəmizin ortasından qoşun keçdi” cümləsi romanı oxuyanların yadındadır. Bu nə qoşun idi, hara gedirdi, missiyası nə idi? Qoy müsahibəni oxuyan oxucular ən azı bu suala cavab tapmaq üçün gedib romanı oxusunlar. Xalqımızın, ölkəmizin taleyüklü məsələsinə çevrilən o cümlədə həm də bəşəriyyətin taleyi həll olunur – dünyada iki şər imperiyasının üz-üzə gəldiyi müharibədə qədim Azərbaycan xalqının və Azərbaycan torpaqlarının taleyi o qoşunun əməllərindən çox asılı olub...
 
Söhbətləşdi: Fərid Hüseyn
 
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9097
GEL 1 1 Gürcüstan larisi 0.6164
GBP 1 1 İngiltərə funt sterlinqi 2.131
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1794
CHF 1 1 İsveçrə frankı 1.7038
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2896