AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu gün futbol üzrə Azərbaycan çempionatında XVIII tura start verilir

Bu gün futbol üzrə Azərbaycan çempionatında XVIII tura start verilir

İdman
22 Fevral 2020, 14:30 1334
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilir.
AZƏRTAC Peşəkar Futbol Federasiyasının saytına (PFL) istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura fevralın 22-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Neftçi” oyunu ilə start veriləcək. Saat 15:00-da başlayacaq görüşü Əliyar Ağayev idarə edəcək.
Hazırda turnir cədvəlində "ağ-qaralar”ın 30, "qırmızı-qaralar”ın isə 13 xalı var. Paytaxt təmsilçisi ilk iki dövrədə keçirilmiş oyunların hər birində rəqibinə böyük hesabla qalib gəlib. Qəbələdəki matçda 3:0 hesablı qələbə qazanan "Neftçi” Bakıda oynanılan son qarşılaşmada da 3 xala sevinib - 4:1.
Komandalar indiyədək çempionatda 46 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 16-da "Qəbələ”, 21-də "Neftçi” üstün olub. Doqquz oyun isə heç-heçə yekunlaşıb. Top fərqi də "Neftçi”nin xeyirinədir - 65:58. Flaqman 11 oyundur meydanı qolsuz tərk etmir. Paytaxt təmsilçisi son üç matçda 3 və ya daha çox qol vuraraq qalib gəlib.
Həmin gün baş tutacaq "Keşlə” – "Zirə” matçı saat 17:00-da başlayacaq. "ASK Arena”da oynanılacaq oyunun baş hakimi Rauf Cabbarov olacaq.
Günün digər matçında "Keşlə” klubu "ASK Arena”da "Zirə”ni qəbul edəcək. Hər iki komanda son iki turda məğlub olub. Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv 26 xalla 3-cü, "qartallar” isə 20 xalla 5-cidir. Birinci dövrədə "Keşlə” rəqibini 2:0 hesabı ilə məğlub edibsə, ikinci dövrədəki görüş "Zirə”nin qələbəsi ilə başa çatıb - 3:1.
Rəqiblər Premyer Liqada 18 dəfə üz-üzə gəliblər. Hər iki komanda eyni sayda - 5 dəfə qələbə sevinci yaşayıb. Səkkiz matçda isə qalib müəyyənləşməyib. Topların fərqində "Zirə” öndədir - 20:18. "Keşlə” son 3 matçda meydandan qolsuz ayrılmayıb. "Zirə” isə son 4 səfərdə qol buraxıb.
Fevralın 23-də "Bank Respublika Arena”da keçiriləcək "Sabah” – "Səbail” oyununda baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Matç saat 16:00-da başlayacaq.
Tura həmin gün keçiriləcək "Qarabağ” - "Sumqayıt” oyunu ilə yekun vurulacaq. Vüqar Həsənlinin idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək.
Turun bütün görüşləri "CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, 17 turdan sonra turnir cədvəlinə 38 xalla "Qarabağ” klubu başçılıq edir. Aktivində 30 xal olan "Neftçi” ikinci, "Keşlə” isə 26 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq, "Sumqayıt” (22), "Zirə” (20), "Sabah” (19), "Səbail” (18) və "Qəbələ” (13) komandaları yer alıblar.