Bu dahiyanə əsərin hər səhifəsindən türkə rəğbət hissi duyulur
"Sevdiyim
əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında
söhbət açırıq. Budəfəki həmsöhbətimiz
yazıçı, dramaturq Firuz Mustafadır. Onun sevdiyi əsər Mixail Şoloxovun "Sakit
Don” romanıdır.
– Mixail Şoloxovun "Sakit Don” romanı hansı
məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
– Təbii ki,
sevdiyim əsərlər arasında ən müxtəlif janrlarda qələmə alınmış sənət nümunələri
az deyildir. Bu sıraya hətta, bir çox elmi-fəlsəfi əsərləri də əlavə etmək
olar. Məsələn, Kantın "Təmiz zəkanın tənqidi”,
Hegelen "Ruhun fenomenologiyası”, Haydeggerin "Varlıq və zaman”, Şpenğlerin
"Avropanın qürubu”, Rasselin "Qərb fəlsəfəsi tarixi” ... mənim sevdiyim fəlsəfi
əsərlərdir. Amma indiki halda söhbət ədəbi əsərlərdən gedir və mən "Sakit Don”
romanını özümün uzun "siyahımda” ön yerlərdən birində görürəm.
Əvvəlcə, bu romanın "taleyi” ilə bağlı bir neçə
kəlmə demək istəyirəm. Təsəvvür edin, "Sakit Don”un ilk hissələri, daha doğrusu
ilk iki cildi kitab şəklində və "Oktyabr” jurnalında çap olunanda Şoloxovun cəmi
22-23 yaşı vardı. Elə həmin vaxtdan ədəbi aləmdə bu ramanla bağlı şayiələr
meydana gəlməyə başladı. Əvvəlcə, romanın müəllifinin elə həmin o "Oktyabr”
jurnalının redaktoru Aleksandr Serafimoviç olduğu iddia edilməyə başladı.
Sonralar bir çox tənqidçilər bu əsərin əsl müəllifinin rus tənqidçisi və inqilabçısı
Sergey Qolouşev olduğunu "sübut etməyə” çalışdılar. Düzdür, Qolouşevin eyni adlı yol qeydləri var, amma həmin
qeydlər publisitikadan başqa bir şey deyil.
Əsər şöhrətləndikcə Şoloxovun düşmənlərinin və
paxıllarının da sayı artırdı. İş o yerə çatdı
ki, "Pravda” qəzetinin nəzdində komissiya yaradıldı. Komissiya romanın əsl müəllifini
üzə çıxarmalı idi. Həmin dövlət komissiyası Sovet hakimiyyətinin qurucusu hesab
edilən Leninin kiçik bacısı Mariya İliniçna Ulyanovanın təşəbbüsü və hamiliyi
ilə yaradılmışdı ki, ona da Serafimoviç
rəhbərlik edirdi. Şoloxov komissiyaya romanın ilk üçcildliyinin əlyazmasını
təqdim etdi. Ədəbi ekspertlər rəy verdilər. Komissiya üzvləri yekdil qərara gəldi:
əsərin müəllifi Şoloxovdur. Sonralar müharibə başladı, "Sakit Don”un əlyazması itirildi. Və bunu
"günahını” yenə Şoloxovda görməyə
başladılar.
Uzun illər ərzində məşhur rus yazıçısı, Nobel
mükafatı laureatı A.Soljenitsın də əsərin
müəllifinin Şoloxov deyil, başqa bir yazıçı, yəni Fedor Kryukov olduğunu israr
edirdi. Uzun axtarışlardan sonra 1999-cu ildə əsərin bütün cildlərinin əlyazması
tapıldı. Məlum oldu ki, romanın əlyazması Şoloxovun həmkarı, müharibədə həlak
olmuş yazıçı Vasili Kudaşevin zirzəmisində qalıbmış. Yazıçının yüzilliyi qeyd
edilən dövrdə Rusiya EA-nın təşəbbüsü ilə "Sakit Don”un əlyazmasının faksimili
nəşr olundu.
"Sakit Don” və onun əsl müəllifi haqqındakı
uydurmalar bu gün də ayaq tutub yeriməkdədir. Hətta, Sovet dövlətinin
süqutundan sonra bu cür "tədqiqatlar” meydana gəlməyə başladı. Məsələn, həmin
"axtarışlardan” birinin müəllifi Aleksey Qolovindir. Qolovin iddia edir ki,
epopeyanın müəllifi məşhur Nikolay Qumilyovdur.
İndi isə yuxarıda
sualı verilən cavablandırmaq istəyirəm. "Sakit Don”u mən həm yüksək bədii sənətkarlığına,
həm orada epoxal hadisələrin geniş "nəfəsinə”, həm də obrazların psixoloji aləminin
təsvir gücünə görə bəyənirəm. Yazıçı ötən yüzilliyin, yəni 20-ci əsrin ilk
onilliklərində Don kazaklarının həyat və məişətini, mühüm bir dövrün sosial və
siyasi mənzərəsini bir ailənin həyatı ilə çarpaz şəkildə çox böyük ustalıqla təqdim
edə bilmişdir. Əslində, Melexovların həyatı elə həmin dövr Rusiyasının anoloji ədəbi-tarixi
ekvivalentidir. Bu əsərdə baş verən hadisələr azərbaycanlı oxucu üçün də maraq
kəsb edir. Çünki məhz həmin hadisələr arasındakı determinist əlaqələr heç də
bizdən yan keçməyir. Bu mənada Qriqori Melexov təkcə mənsub olduğu xalqın
deyil, o cümlədən, "bizim” də qəhrəmandır. Və elə buradaca qeyd etməyi lazım
bilirəm ki, dünyanın bütün byük yazıçıları həm də "başqalarına” məxsusdur. Bu mənada
Şoloxov da istisnalıq təşkil etmir.
Digər bir məsələyə
də toxunmaq lazımdır. Epopeyada göstərilir ki, kazak Prokofi Melexov Türkiyə
müharibəsindən özüylə arvad da gətirmişdi. Xutorda öz dəliqanlılıqları,
yaraşıqlı görünüşləri ilə seçilən Melexovlara "türklər” deyirdilər. Sonra.
Bütün bunlardan başqa, hadisələrin baş verdiyi, qəhrəmanların yaşadığı xutor
"Tatarsk” adlanır. Zənninmcə, bunlar təsadüfi, ötəri "təsvirlər” deyil, mahiyyətə
varan nüanslardır. Bəli, bu dahiyanə əsərin hər səhifəsindən bir türk nəfəsi və
türkə bir rəğbət hissi duyulur.
– Ədəbi tənqidçi İ.Qrinber hesab edirdi ki, əsərdə hadisələrin tarixi
gedişatının məntiqi ilə Melexovun şəxsi həyatının toqquşması romanın əsas faciəvi
konfliktidir. Sizcə, o nə qədər haqlıdır?
– Qrinberqin dediklərində qeyri-adi heç nə
yoxdur. Bütün dahiyanə əsərlər kimi Şoloxovun bu əsəri də ən müxtəlif
rakurslardan təhlil olunub. Hətta, Şoloxovu ağqvardiyaçılara rəğbətdə də
günahlandırıb. Yeri gəlmişkən, bir faktı da xatırladım: böyük ədibin düşmənləri
onun barəsində Kremlə donoslar yazırdılar. Məktubların bir çoxunda Şoloxovun əksinqilabçılarla
oturub-durduğu, yeyib-içdiyi göstərilirdi. Şoloxovu zaman-zaman müdafiə edən
Stalin bu cür "tənqidlərə” cavab verərək demişdi ki, Şoloxov hər bir kəslə ünsiyyət
saxlaya bilər, çünki o, yazıçıdır və öz əsərlərində yaratdığı mənfi obrazların
prototiplərini də yaxşı tanımalıdır.
Bu mənada,
Qrinberqin dedikləri əsasən doğrudur.
– Şoloxova qədər kazakların həyatı bir çox
yazıçıların əsərlərində əks olunub. Və sanki onların hamısı Tolstoyun, Qoqolun
yaratdığı şablon üzrə təsvir olunurdu. Şoloxovun yazdığı kazak həyatı
onlarınkından nə ilə fərqlənirdi?
– Bəli, rus ədəbiyyatında
bir "kazak mövzusu” var. Lakin adını çəkdiyiniz və çəkmədiyiniz digər
yazıçıların hər birinin məhz "öz kazakı” olub. Amma Şoloxovun "kazakları” fərqlidir.
Əvvəla, digərlərindən fərqli olaraq Şoloxov bütün ömrü boyu kazaklarla bir yerdə,
bir məkanda yaşayıb. İkincisi də "Sakit Don”da təkcə bir nəfərin yox, bütöv bir
sosial qatın taleyi ön plana çəkilib. Əgər digər yazıçıların əsərlərində əsasın
lokal səciyyə daşıyan ziddiyyətlər təsvir olunursa, burada – "Sakit Don”da
epoxal kolliziyalar təhlil və təsvir olunur.
– Əsərdə xüsusi sevdiyiniz detal, dialoq və
ya məqam hansıdır?
– Aksinyanın ölümü
və bu sevimli qadının Qriqori tərəfindən dəfni. Zənnimcə, həmin epizodu ən
soyuqqanlı adam belə həyəcansız oxuya bilməz.
– Tənqidçilərin fikrincə, Şoloxov "Sakit
Don”u yazanda Tolstoyun "Hərb və Sülh”ün ən yaxşı xüsusiyyətlərini götürüb.
Sizcə, bu iki əsərin hansı oxşar və fərqli
cəhətləri var?
– Bəli, adətən bu
iki yazıçının iki nəhəng əsərini tez-tez qarşılaşdırır, müqayısə edirlər. Düz də
edirlər. Vaxtilə başqa bir qraf, yəni qraf Aleksey Tolstoy hər iki əsərin
ümumi, oxşar məziyyətlərini qeyd edərkən yazırdı ki, "Sakit Don”da torpağın ətri hiss olunur, insan qəlbinin dərinliklərinə
nüfuz olunur, tarix və tarixi hadisələr geniş spektrdə verilir. "Hərb və Sülh”
də, Sakit Don” da dünya ədəbiyyatının imciləridir. Hər iki əsərin yüksək bədii
dili də ki, öz yerində...
–
"Sakit Don”dakı Listnitskilərin ailəsi "Hərb və Sülh”dəki Bolkonskilər
ailəsinin sanki "alçaldılmış” fomrasıdır. Evgeni Anderey Bolkonskinin romantik əyləncələrinə
sanki bir parodiyadır. Bu barədə nə düşünürsünüz?
– Yevgeni
Nikolayeviç Listinski bu əsərdəki orijinal obrazlardan biridir. O, yalnız öz
peşəsi, çini, vəzifəsi cəhətdən Anderey Bolkonskiyə bənzəyir. Yəni bu, zahiri bənzərlikdir.
Əsl mahiyyətdə isə hər iki obraz bir-birindən çox fərqlidir. "Sakit Don”da o da
vurğulanır ki, Listinski 1812-ci ildə
Napoleon ordusuna qarşı cəsarətlə vuruşan zabitlərin nəslindəndir. Bir çox
hallarda tədqiqatçı və tənqidçilər ədəbi əsərlərdə "görünən” tərəflərin təsvirinə
uyurlar. Halbuki, ədəbiyyatşünasların əsas vəzifələrindən biri də "görünməzləri”
üzə çıxarıb göstərməkdir. Bu cəhətdən Listinski hansısa obrazın "surəti”,
hansısa əyləncələrin "parodiyası” hesab oluna bilməz, çünki o, yazıçının digər
personajları kimi canlı və təbiidir.
– Hər iki əsər müharibə mövzusundadır. Lev
Tolstoy əsərini müharibədən 50 il sonra, Şoloxovsa "isti-isti” yazıb. Sizcə,
yaxın-uzaq müddət məsələsi əsərlərdə özünü necə büruzə verib?
– Düzdür, dahilər
üçün "gördükləri” və ya "görmədikləri” tarixin qələmə alınmasının elə də həlledici
əhəmiyyəti ola bilməz, çünki bir çox hallarda ədəbi həqiqətlə tarixi həqiqət
üst-üstə düşməyə bilər və düşmür də. Amma bu cür "zaman məsafəsinin” hansısa
bir məqamda təsirsiz ötüşdüyünü də israr etmək olmaz. Yəni fakt budur ki,
Tolstoy öz romanında təsviri verilən hadisələr dövründə, yəni 1812-ci ildə hələ
dünyaya gəlməmişdi, amma bundan fərqli
olaraq Şoloxov öz əsərində təsvir etdiyi hadisələrin bilavasitə iştirakçısı
olmuşdu.
– Aksinya və Qeorginin münasibətləri
Tolstoyun "Anna Karenina”sını xatırladır. Sizin fikrinizcə, onların ümumi və fərqli
cəhətləri hansılardır? Və ümumiyyətlə siz, onlarda bir oxşarlıq görürsünüzmü?
– Dahiyanə əsərlərdə
təsvir olunan bütün əsl sevgilər hansısa mənada bir-birinə bənzəyir. Bu mənada
"Anna Karenina” ilə "Sakit Don”un qəhrəmanları və onların sevgi macəraları
arasında da paralellər tapmaq olar. Amma orası da var ki, Aksinya ilə
Qriqorinin sevgisi öz ədəbi "həllinə”, təsvir və təsir imkanlarına görə fərqlidir.
Ərli qadının və ya kişinin başqasına vurulması nadir hadisə deyil. Bu cür
"sevgi üçbucağı” çox əsərlərdə var. Əsas məsələ obrazların psixoloji aləminin və
baxışlarının necə təqdim olunması və onun bədii həllidir. Bu mənada hər iki əsər
öz orijinallığı ilə fərqlənir.
– Ədəbi
tənqidçilərin Mixail Bulqakovun "Ağ qvardiya” əsərində də, "Sakit don”da da
"ev” məfhumu var. Bu "ev”lərin oxşar cəhəti
nədədir?
– Mixail
Bulqakovun "Ağ qvardiya”sı ilə Mixail
Şoloxovun "Sakit Don” romanları tez-tez müqayisə olunur. Əslində, bu əsərlərdəki
"oxşarlıqlar” da zahiri mahiyyət daşıyır. Melexovları və Turbinləri yalnız
konkret zaman birləşdirir. Onlar psixilogiya, mənəviyyat, həyat və düşüncə tərzi
ilə bir-birlərindən çox uzaqdırlar. Trubinlərin malik olduqları simvolik "ev” ədəbi
tənqiddə, adətən sakit, "ziyalılıq” keyfiyyətləri ilə müşayiət olunur,
Melexovların "evi” isə onların öz taleləri kimi sədaqətli, narahat, faciəvidir.
– Mişka Koşevoyla Qriqori Melexov əsərin əvvəlində
dost olsalar da, sonradan vətəndaş müharibəsi zamanı düşmənə çevrilirlər. Sizcə,
Şoloxov dostları niyə qarşı-qarşıya qoymuşdu?
– Şoloxov təkcə
epoxal hadisələri deyil, həm də məişət hadisələrini ustalıqla qələmə alan
yazıçıdır. Düzdür, Mişka Mixail, Koşevoy "Sakit Don”un aparıcı obrazlarından
deyil. Amma onu "təsadüfi” sima da adalandırmaq olmaz. O da Qriqori kimi
Tatarsk xutorundandır. Adi kazak sonra "qırmızılar” tərəfə keçir, bolşevik
olur. Koşevoy əsərdə amansız, qəddar bir obraz kimi yaradılıb. Təsəvvür edin,
bolşevizmin ən "bərkgedən” vaxtında şanlı bolşevik sərt şəkildə tənqid olunur.
Yazıçının bu qəhrəmanı karikatura və ya şarj deyil, həyatən özü kimi canlı və
inandırıcıdır.
– Amerikanın məşhur "New York Herald
Tribune” qəzetində şair Babetta Deyç məqaləsində yazırdı: "Sovet şahlığı
haqqında nəhəng freskasıdır… Amma əsərdə Şoloxovun Don kazaklarında Tolstoyun
humanizmi çatmır...” Siz bu fikirlə nə qədər razısız?
– Bu da bir
baxışdır. Amma bu əsərdə təsvir edilən, qabardılan humanizm motivləri haqda da kifayət qədər fərqli
və əks fikirlər də var. Adətən, "Sakit Don” haqda söz açan tədqiqatçılar "sərt
nəsrin” alt qatında humanizmini xüsusi vurğulayırlar. Yeri gəlmişkən, əsərin bu
keyfiyyətini onu əlyazması şəklində oxuyan böyük yazıçı Maksim Qorki də qeyd
etmişdir. Bir məqama da diqqət yetirmək pis olmazdı: məhz Qorkinin təşəbbüsü ilə
ötən əsrin 31-ci ilində əsərin ilk cild və variantlarını oxuyan Stalin romana
bütövlükdə bəyənsə də öz əsaslı iradlarını bildirmişdi. Və proletariatın "əbədi
rəhbərinin” həmin iradlarından biri
Kornilov obrazının inandırıcı olmaması ilə bağlı idi. Sonralar bu badədə söhbət
açan Şoloxov yazırdı ki, Stalin ondan çar generalının nə üçün belə yumşaq,
humanist xarakterli adam kimi təsvir olunmasının səbəbi ilə maraqlanıb. Şoloxov
cavabında "Kornilov Rusiyanı subyektiv olaraq sevirdi”, desə də, sonralar
generalın obrazı üzərində yenidən işləyib.
Yeri gəlmişkən əsərin
sonuncu, dördüncü kitabı çapdan çıxdı və geniş ictimai müzakirəyə çıxarıldı.
Əslində, bu əsərdə "sosializm gerçəklikləri” barədə heç nə yox idi. SSRİ YB-də
təşkil edilmiş müzakirədə çıxış edənlər roman barədə yüksək fikir söyləməyə
ehtiyat edirdilər. Məsələn, Viktor Şklovski "Sakit Don”u daha çox məişət romanı
kimi qiymətləndirdi. Əsər haqda ən obyektiv qiyməti Aleksandr Bek verdi; o,
çıxışında vurğuladı ki, bu, misilsiz bir əsərdir, amma... "sosialist romanı”
deyildir. Məşhur "Sement” romanının müəllifi Fyodr Qladkov isə deyirdi ki,
Şoloxovun kazak həyatını ideallaşdırır, bolşevikləri sevmir, sosializm
realizmini qəbul etmir. Az sonra, səhv etmirəmsə 1941-ci ildə "Sakit Don”un
Stalin mükafatına layiq görülməsi onun düşmənlərinə ünvanlanan bir mesaj oldu.
Amma bütün
bunlara baxmayaraq əsərlə bağlı dedi-qoduların, tənqidi fikirlərin arası üzün
müddət kəsilmədi. "Sakit Don” bu gün də
müzakirə olunan, oxunan, mübahisə doğuran bir əsərdir.
–
"The Nation” jurnalının 1934-cü il iyulunda tənqidçi Mark Van Dorren
yazırdı: "Şoloxovu qəhrəmanları vəhşidirlər. Elələri nə tarixə, nə ədəbiyyata məlumdur”.
O, müəllifi "inqilabı dönəminin əclaflığını” yazmaqda ittiham edərək yazırıdı:
"İnqilab haqqında olan bir roman kimi, məncə, "Sakit Don” çox uğursuz alınıb.
Sizcə, amerkanlı tənqidçi fikirləri nə qədər haqlıydı?
– Xeyr, Şoloxovun
qəhrəmanları vəhşi deyil. Sadəcə olaraq əsərdə amansız, qəddar, xaotik bir
mühitin real mənzərəsi əks olunub.
– Ədəbi tənqidçi və sovet ədəbiyyatşünası
B.Valbenin fikrincə, Şoloxov "möhtəşəm” məqsədlərinin arxasınca qaçaraq özünü
koloritini kənarda qoyub. Müharibə və inqilab hadisələri salnamədə o qədər geniş və müxtəlif cür verilib ki, bu
romanın kompozisiya sistemini deformasiyasına gətirib çıxarıb. Siz bu fikirlərlə
razısınızmı? Sizcə, Şoloxovun qələmi həqiqətənmi o yerlərdə zəifləyib?
– Bu, əlbəttə,
düzgün yanaşma deyildir. Əsərin bitkin süjeti, sistemli kompozisiyası var. Bu
barədə onlarla, yüzlərlə tədqiqat əsəri yazılıb.
Yeri gəlmişkən
Şoloxovla bağlı bir təəssüratımı da bölüşmək istəyirəm. Yazıçının demək olar
ki, bütün əsərlərini diqqətlə oxumuşam. Onun "İnsanın taleyi” adlı povesti barədə
hələ tələbə ikən esse yazmışam. Həmin yazı o vaxt Tələbə Elmi Cəmiyyətinin
konfransında səslənmiş, mətbuatda dərc edilmişdi. Yazı ali məktəb rəhbərliyinin
təşəbbüsü ilə tərcümə edilib Şoloxovun ünvanına göndəriləndən az sonra Vyoşenskdəki məşhur ünvandan, Şoloxovun katib-köməkçisindən məktub da göndərilmişdi.
Yazıçının digər əsərləri,
habelə "Sakit Don”la bağlı da bir çox qeydlərim vardır və onlar da müxtəlif
dövrlərdə dərc edilib.
–
Romanın hissələri üslubuna görə bir-birindən fərqlənir. Amma əsəri
oxuyanda bu fərq bilinmir. Sizcə, Şoloxov niyə əsərini başqa-başqa üslublarda
yazıb? Və fərq niyə oxuyanda duyulmur?
– Əsərin vahid
süjeti vardır. Bunu inkar etmək qeyri-mümkündür. Yazıçı əksər qəhrəmanlarının
taleyini sonacan, yəni "lazım olan məsafəyəcən” izləyir.
– Əsərin qəhrəmanlarından biri Qriqori
mübarizədə niyə xalqın yanında olmadı? Sizcə, bu onun faciəsi idimi?
– Vaxtilə bu
romanı tənqid edənlər məhz belə bir mühakimə yürüdürdülər ki, Melexov xalqdan
aralı düşüb. Bu, əlbəttə, cəfəng fikirdir. Əslində Qriqori elə xalqın, daha
doğrusu, xalq həyatının bir parçası kimi təqdim edilib.
– Şoloxov "Sakit Don” əsərində çoxlu sayda misallar və atalar sözlərindən
istifadə edib. Sizcə, Şoloxov niyə fikirlərini əsaslandırmaq üçün tez-tez
onlara müraciət edirdi?
– Çünki bu əsər az qala xalq epopeyası səviyyəsində
bir əsərdir. Onun qəhrəmanları xalqın köksündən qopub ədəbiyyara gəlmiş
obrazlardır.
– Əsərdə belə bir şeir var:
Bizim şanlı torpağımız ağac şumla
xışlanmışdır
Bu torpaq at dırnağıyla şumlanıbdır
qarşış-qarış
Bu torpağa toxum deyil kazak başı səpilmişdir
Bizim sanki Donumuzu dul qadınlar bəzəmişdir.
O sakit don yetimlərin al qanıyla boyanır
Ata-ana göz yaşları Donda dalğalanır.
- Bu şeirdə əsərin adına işarə edilir. Amma
ümumən əsərin "Sakit don” adlandırılmasının səbəbi nədir?
– "Sakit Don” əslində
sakitlikdən, ətalətdən uzaq bir zamanın bədii inikasıdır. Bu ad, təbii ki,
hadisələrə obrazlı yanaşmanın təzahürüdür. Öz sakit axarı ilə baş alıb gedən
Donun üzərində baş verən sosial təlatüm, fırtına və qasırğalar insanların
taleyindən izsiz ötüb keçmir. Bəli, ona məhz "qanlı Don” da demək olar.
– Əsərdə
obrazların faciəli sonluğu barədə nə deyə bilərsiniz?
– Düşünürəm ki, bu, məhz belə də olmalı
idi. Çünki obrazlar faciəvi bir dövrün vətəndaşlarıdır.
– Qriqorinin dəyişməsində Qarajanın rolunu nədə görürsünüz?
– Bəli, romanda Andrey Qaranca adlı
zahirən diqqəti o qədər də cəlb etməyən bir obraz vardır. Bu, ümumiləşmiş bir
bolşevik surətidir. Bu keçmiş dəmirçi, yeni inqilabçı Qriqorinin baxışlarında
bir təkamül yaradır. Amma Şoloxov Qarancanı "ideal” kommunist obrazı kimi
yaratsaydı Şoloxov olmazdı ki... Qaranca da digər obrazlar kimi həyatın özündən
gəlir. Heç də təsadüfi deyildir ki, bu epopeya dünyanın əksər dillərinə
çevrilib, 350 dəfə nəşr olunub, milyon tirajlarla yayınlanıb. Mərhum tərcüməçi
Cahanbaxş romanı dilimizə çox yüksək səviyyədə tərcümə edib.
Sonda yekun olaraq bir daha onu deyə bilərəm
ki, Şoloxovun "Sakit Don” romanı dünya ədəbiyyatının
ən qüdrətli əsərlərindən, şedevrlərindən biridir. Bu əsərin ən başlıca qəhrəmanlarından
biri, bəlkə də lap elə baş qəhrəmanı zamandır.
Söhbətləşdi: Fərid
Hüseyn