• çərşənbə, 02 Aprel, 01:41
  • Baku Bakı 12°C

BİZ GEDƏCƏYİK – SƏNƏT YAŞAYACAQ...

20.04.15 05:40 3353
BİZ GEDƏCƏYİK – SƏNƏT YAŞAYACAQ...
Gözəl aktrisa, istedadlı mügənni Səmayə İsmayılovanın ömür yolunu əks etdirən bu müsahibə qəlbi vətən həsrətilə çırpınan bir sənətkarın həyat tarixçəsi fonunda bütöv bir yaradıcı kollektivin – doğma yurd-yuvalarından didərğin salınmış Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin V ə t ə n adlı nisgili, harayı, hayqırtısıdır...
-Səmayə xanım, gəlin söhbətimizə belə bir sualla başlayaq: Həyatda əldə etdiyiniz uğurlara görə ən çox özünüzü kimə borclu hesab edirsiniz?
-Qərbi Azərbaycanın Pəmbək dağlarının ətəyində yerləşən Qarakilsə mahalının yalnız türklər yaşayan Hallavar kəndində doğulmuşam. Mən babamın ocağını hər zaman çal-çağırlı görmüşəm. Atamın əmisi Həsən, qohumumuz aşıq Məhərrəm mahalın məşhur aşıqları olublar. Babamın evinə Azərbaycandan, Borçalıdan nə qədər sənətçilər gələrdilər; hamısı bu evdə yerləşər, axşamlar ozan məclisləri qurulardı. Körpə yaşlarımdan aşıq mahnıları, deyişmələr eşitmişəm bu evdə. Saz və söz məclislərinin, dastan gecələrinin, nağıllı axşamların əsrarəngizliyi körpə yaşlarımdan məni valeh edərdi. Eşitdiyim şeirləri, türküləri qeyri-ixtiyarı əzbərləyərdim. Belə sənət gecələrində məni də oxudardılar. O mahalda eşitdiyim bütün türkülər yazısız, pozusuz, dəftər-qələmsiz yaddaşıma yazılardı. Babamın qonaqlarının ən çox sevdikləri və mənə dönə-dönə oxutduqları mahnı isə “Ay duman, gəl-get bu dağlardan” aşıq mahnısı idi. Bu mahnının hər kəlməsi qan yaddaşıma yazılıb.
Mənim sənətə ilk pasportumu rəhmətlik babam imzaladı. Ona görə də ömrüm boyu o böyük insanın ruhu qarşısında baş əyirəm. Sonra səsimi atam eşitdi. Bir gün gördüm ki, atam radio alıb gətirib evə. 1960-cı illər idi. O zamanlar heç bir evdə radio yox idi. Atam radionu qoşdu və dedi: qızım, sən buna tez-tez qulaq as, mahnıları dinlə, bir müddət sonra isə plastinkalı radioqəbuledici aldı evimizə. Kənddən Bakıya gələndə Rübabə Muradovanın, Zeynəb Xanlarovanın, Sara Qədimovanın, Şövkət Ələkbərovanın mahnıları yazılmış valları alıb gətirirdi. Tapşırırdı ki, diqqətlə qulaq asıb o mahnıları öyrənim.
Yadımdadır, babam bir dəfə mənə dedi ki, sənin səsində torpagımızın bərəkəti, bulaqlarımızın saflığı, camaatımızın qəlbinin hərarəti, nəslimizin qeyrəti, obamızın mərdanəliyi var. Sonra üzünü atama tutdu: bu qızı mütləq oxut, o gələcəyin böyük sənətkarı olacaq.
Mənsə həmişəlik bu sənətin aşiqinə çevrildim. Bu eşq mənim yolumu Bakıya yönəltdi. 1972-ci ildə sənədlərmi İncəsənət İnstitutuna verdim. İmtahanı Rza Təhmasib, Mehdi Məmmədov, Mais Salmanov, Rəhilə Cabbarova, Qulu Əsgərov qəbul edirdilər. Mais Salmanov soruşdu: nə oxuyacaqsan? Dedim – “Qatar”. Başladım oxumağa, hamı susub dinlədi. Sən demə İnstitutun rektoru mərhum Rahib Hüseynov dəhlizdə gəzişərək imtahanların gedişinə nəzarət edirmiş. Mənim ifamı eşidəndə maraqlanıb ki, bu kimin səsidir. Göstəriş verib, bu qıza kömək edin keçsin imtahanlardan, qəbul olunsun. Allah Rahib müəllimə rəhmət eləsin, indi sənət aləmində nə qədər istedadlı sənətkarlar varsa, Rahib müəllimin rektor olduğu illərdə o sənət ocağında təhsil alıblar. Onun üçün bir meyar vardı – istedadı olan burada oxumalıdı. Nə isə... Daxil oldum bu sənət məbədinə, musiqili komediya aktyorluğu fakultəsinə. Dünyanın ən xoşbəxt adamı idim. Dərslərimiz başladı. İlahi, bizə kimlər dərs deyirdi – Mehdi Məmmədov, Tofiq Kazımov, Səftər Turabov, Qulu Əsgərov, Mais Salmanov, Rəhilə Cabbarova. Aktyor sənəti dərslərini isə üçüncü kursdan başlayaraq Nəsir Sadıqzadədən öyrənirdim.
- Bəs aktrisa kimi ilk rolunuz hansı olub?
- Səhnədə ilk böyük rolum beşinci kursda diplom tamaşası üçün hazırladığımız “Qaynana” tamaşasında Qaynana rolu olub. Çox uğurla keçdi tamaşamız, bizi o qədər təriflədilər, o qədər alqışladılar ki, o anlarda dünyanın ən xoşbəxt insanı idim. Elə bu hiss də aktyorluq sənətinə məhəbbətimi qüvvətləndirdi və məndə özümü böyük səhnələrdə sınamaq istəyi yarandı.
O dövrdə efirə çıxmaq çətin iş idi. Jürinin tələbləri qarşısında hər kəs dayana bilmirdi. Tələbəlik dövründən görkəmli səhnə ustası Gülxar Həsənova ilə isti münasibətimiz vardı; o, mənim səs diapazonumun opera səhnəsinə uyğunluğunu vurğulayırdı. Deyirdi ki, sən mütləq Opera və Balet Teatrına gəlməlisən, Ərəbzəngi oynamalısan, sənin səsin, boy-buxunun, fakturan bu rolu oynamağına inkan verir. Gəl səni Ərəbzəngi roluna hazırlayım.
Mən Gülxar xanım və tarzən Əlikram müəllimlə birgə Ərəbzəginin məşqlərinə başladım. Amma çox-çox tələbələrin arzusunda olduğu belə bir sənət məbədində çalışmaq qismət olmadı mənə. Atam İrəvan Teatrının tələbnaməsi əsasında məni vətənə aparmağa gəldi. Çox pərişan halda idim. Beləliklə də, o böyük səhnədə Ərəbzəngi kimi gözəl, möhtəşəm rolu ifa etmək bir arzu olaraq həmişəlik qəlbimdə qaldı.
-Yenidən İrəvana qayıtmağınızın səbəbi nə oldu?
-Vətən torpagı məni çagırdı və 1977-ci ilin sentyabr ayından taleyimin bir parçası olan İrəvan Azərbaycan Dövlət Teatrında fəaliyyətə başladım. O vaxt İrəvan Dövlət Azərbaycan Dram Teatrı fəaliyyətinin çox ağır illərini yaşayırdı. Erməni hökumət dairələri hər vəchlə mədəniyyətimizin məhv olması, yaddaşlardan silinib getməsi üçün əllərindən gələni edirdilər. Böyük tarixi ənənələri olan bu teatr düşmənlə qabaq-qənşər hər zaman döyüşüb və bu döyüş bu günə kimi də davam edir. Teatrın direktoru Hidayət Orucov və baş rejissor Tofiq Ağayev məni sevinclə işə qəbul elədilər və çalışmaq üçün yaxşı şərait yaratdılar.
- Amma bütün bunlara rəğmən ağır dövr yaşayırdınız, hər an ölümlə üz-üzə qalırdınız...
-1988-ci ilin mart ayının ortalarından evlərimizin qapılarına kağız yapışdırırdılar ki, rədd olun burdan, getməsəniz bayramınızı qana bələyəcəyik. Payıza kimi bir təhər dözdük, oktyabr ayının 6-sı maşına minib kənddən çıxdıq. Bakıya gələndən sonra yenidən Azərbaycan Konsert Birliyinə müraciət etdim, məni yüksək kateqoriyalı müğənni kimi işə qəbul etdilər. Müxtəlif ansambllarda konsert fəaliyyətimi davam etdim, əsas fəaliyyətim isə cəbhə bölgələri idi. Qarabağ müharibəsi zamanı Füzulidə, Murovda döyüşən əsgərlərimiz qarşısında tez-tez konsertlər verirdik.
Biz belə günlər yaşamışıq, həyat heç zaman üzümə gülməyib – bircə amalım olub – vətənə, elə, xalqımıza xidmət. 2007-ci ildə teatrın direktoru İftixar Piriyevin təkidli dəvətilə yenidən İrəvan Dövlət Azərbaycan Dram Teatrına qayıtdım və bir-birinin ardınca müxtəlif rollar ifa etdim: Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında Gülçöhrə, bir müddət sonra Cahan Xala, “Son müəllim” pyesində Katibə, A.Abdulinin “On üçüncü sədr” dramında Xarisova, Nəbi Xəzrinin “Əks-səda” pyesində Çinarə, M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasında Ziba xanım, İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” dramında Gövhər xanım, A.P.Çexovun “Ayı” əsərində Popova, S.Rəhmanın “Hicran” komediyasında Fatoş, U.Şekspirin “Axırı yaxşı olar” əsərində Dul qadın, “Ah, əsəblər, əsəblər!!!” tamaşasında Sanitarka, İ.Əfəndiyevin “Atayevlər ailəsində” pyesində Zabitə, Ə.Əbubəkrin “Şuburumda qalmaqal” komediyasında Xoca Əlinin arvadı, Ə.Əylislinin “Vəzifə” pyesində Nənə, A.Rəhimovun “Əsgər anası”nda Yalqız, Ü.Hacıbəylinin “O olmasın, bu olsun” komediyasında Sənəm, İ.Məlikzadənin “Subaylarınızdan görəsiniz” tamaşasında Mailin anası, A.Babayevin “Xilaskar” pyesində Sədr, Hidayətin “Vətəndən ağırdı Vətənin yükü” pyesində Poçt müdiri, M.F.Axundzadənin “Mürafiə vəkilləri”ndə Zibeydə, İftixarın “Soyqırımı tarixinin dastanı” pyesində İxtiyar ana kimi səhnə obrazları yaratdım.
-Səmayə xanım, mən sizi 1975-ci ildən, yəni ömrün ən xoş növraqı, bəzəyi olan tələbəlik illərimizdən tanıyıram. Tədris teatrının səhnəsində kurs tamaşasında oynadığınız Qaynana rolunuzu da yaxşı xatırlayıram. Teatrşünaslıq fakültəsində təhsil aldığımız üçün bizi diplom tamaşalarına baxmağa dəvət edirdilər. Bu gun otuz il əvvələ - o bənzərsiz, o qayğısız tələbəlik illərimizə boylansaq, nə deyərdiz o illərin Səmayəsinə?
-Mən öz sözümü oxuduğum mahnılarımla, oynadığım rollarımla, böyütdüyüm övladlarımla demişəm. Hər halda çəkdiyim zəhmət göz önündədir. Bu gün o xatirələr yaşadır məni...
-Səmayə xanım, qürur duyulası yaradıcı ömür yaşamısınız; keşməkeşli həyat yolunuza çıraq sənət aşiqliyiniz, sənət sevginiz olub. 40 illik yaradıcılıq ömrü sizə nə verdi, sizdən nəyi aldı? Dönüb keçmişinizə baxarkən, o illərdən hansı nisgil qaldı qəlbinizdə?
-Bu suallar məni daha da kövrəltdi. Sənətkar kimi o qədər gözəl günlər yaşamışam... Mən heç bir vaxt şan-şöhrət, pul-para dalınca qaçmadım. Allahın verdiyi səslə ruzumu qazandım, şükür etdim. Əzablı, ağrı-acılı günlərimi bir-birinə calayıb ailəmi, övladlarımı qorudum. Əslində bu əzabları elə bir yerdə yaşadıq, bir qarnı ac, bir qarnı tox, obaları, kəndləri, şəhərləri gəzdik – uşaqlar böyrümdə, konsertlərə gedəndə avtobusun oturacaqlarında, qastrol tamaşaları zamanı rekvizit yeşiklərində yatıb-dururdular. Qaldı aktrisalıq fəaliyyətimə - etiraf edirəm – mən teatr səhnəsində öz sözümü istədiyim kimi deməmişəm, illər boyu arzuladığım rolu oynaya bilmədim.
-Bu hansı roldur ki?
-Yuxarıda söyləmişdim, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Ərəbzəngi, “Xanəndə qız” operasında Xanəndə qız və bir də... ən böyük nisgilim olan, tələbəlik illərimdən ürəyimin başında gəzdirdiyim “Arşın mal alan” operettasında Telli obrazı... İnanın, bir ömür boyu Tellini oynamaq, oynamaq yox, yaşamaq arzusu ilə çırpınmışam. Qismət olmadı, daha düzünü desəm, o rolu mənə vermədilər. Teatrımızda oynanılan “Arşın mal alan” operettasında Gülçöhrə rolunu verdilər (hərçənd ki, bu, mənim fakturama uyğun obraz deyildi), amma Tellimi vermədilər, vermək istəmədilər. O rolda çox şey deyəcəkdim tamaşaçıma. İllər ötəndən sonra isə bu, artıq arzu yox, qubar oldu ürəyimdə. Deməyim odur ki, çox vaxt teatrda arzuladığım rolu almamışam. Oynadığım rollar içərisində ən çox sevdiyim isə M.F.Axundzadənin “Mürafiə vəkilləri” əsərindəki Zibeydədir.
Daha bir maraqlı rolum isə Bəhram Osmanovun quruluş verdiyi Ağarəhim Rəhimovun “Əsğər anası” pyesindəki Yalqız obrazıdır. Tamaşada Azərbaycanın XX əsrin son onilliklərində üzləşdiyi ən böyük ağrı-acıları, Qarabağ dərdi, torpaqlarımızın işğal altına düşməsi, cəbhədəki mərd oğullarımızın qəhrəmanlığı, arxa cəbhədə olan ədalətsizlik, eyni zamanda sosial bərabərsizlik və bundan törəyən problemlərlə qabardılır. Mən bu əsərdə teatrımızın istedadlı aktyoru Niyaməddin Səfərəliyevlə tərəf-müqabil idim. Xarakterimə uyğun olmayan obraz idi, amma necə oynamışdımsa, qohumlarım və tanışlarım dəhşətə gəlmiş və teatrda olduqlarını belə unutmuşdular. Bax, sənət budur, əzizim! Biz gedəcəyik – amma sənət yaşayacaq...
Bütün həyatı və yaradıcılığı həqiqi vətəndaşlığın gözəl nümunəsi olan sənət aşiqi Səmayə xanım ömrü boyu Azərbaycan musiqisi, Azərbaycan səhnəsi və mədəniyyəti üçün fədakarcasına çalışmışıb. Əsl sənət kimi, sənətkar da əbədiyaşardır. Sönməyən ulduzu olmaq səadəti Səmayə İsmayılovanın da qismətinə nəsib olub. Səsindəki həzinlik, melodiklik, qəriblik - qoyub gəldiyi dağları, dərələri, elləri, obaları, digər bir vətən torpağını canlandıran zərif bir qüvvədir. Arzu edirik ki, səsinin yanğısı ilə qərib qəlblərə hərarət gətirən Səmayə İsmayılovanın vətən sevgisi, sənət eşqi, sənətkar təəssübkeşliyi hər zaman onu ucalıqlara səsləsin.
NƏRMİNƏ AĞAYEVA
Sənətşünaslıq üzrə fəlsəfə dokroru, dosent
banner

Oxşar Xəbərlər