Bir neçə fəaliyyət sahəsini birləşdirən şəxsiyyət
"Cümhuriyyət ədəbiyyatı” layihəsi
çərçivəsində filologiya elmləri doktoru, tənqidçi, ədəbiyyatşünas və tərcüməçi
Cavanşir Yusifli ilə yazıçı, jurnalist və tərcüməçi Ceyhun Hacıbəyli haqqında
danışdıq:
– Cavanşir
müəllim Ceyhun Hacıbəylinin yaradıcılığına nəzər salanda, onun fəaliyyətini iki
dövrə ayırmaq olar: Birinci dövrdə gənclik illərində silsilə hekayələri ("Hacı
Kərimin səhəri”, "Zəruri şər”, "Hacı Kərim işdə”, "Hacı Kərim qonaqlıqda”,
"Hacı Kərimin romanı”, "Hacı Kərimin səfərə hazırlığı”), ikinci dövrdə isə
Parisdə, ömrünün son illərində yazdığı "Bir il xəyallarda... və bütöv bir
ömür" adlı əsəri görə bilərik. Əvvəlcə onun birinci dövr yaradıcılığından
danışardınız?
– Ceyhun Hacıbəyli və yaradıcılığı
müəyyən dərəcədə yaxşı araşdırılıb, haqqında dissertasiyalar, məqalələr
yazılmış, əsərləri tərcümə olunmuşdur. Onun ən mötəbər tədqiqatçılarından biri
– hörmətli Abid Tahirzadə bir məqaləsində "Hacı Kərim” povestindən bəhs edir,
qeyd edir ki, bu povesti müəllif 1909-1910-cu illərdə qələmə almış, 1911-ci
ildə rus, 1917-ci ildə 6 hekayədən ibarət kitab şəklində Azərbaycan dilində
nəşr etdirib. Kitabın yalnız fotoplyonka variantı M.F.Axundov adına Milli
Kitabxanada saxlanılırdı. Abid Tahirli 1995-ci ildə hekayələri fotoplyonkadan
köçürərək kitabı təkrar nəşr etdirmişdi. Təxminən on beş il qabaq mərhum Bayram
Ağayev Ceyhun Hacıbəylinin "Qarabağ dialekti və folkloru” kitabını fransız
dilindən çevirmiş və çap etdirmişdir. Nəhayət, 2017-ci ildə Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu özünün "Azərbaycan mühacirət ədəbiyyatı” seriyasının
ayrıca buraxılışını Ceyhun bəy Hacıbəylinin yaradıcılığına həsr etmişdir.
Birinci dövr yaradıcılığına təkcə
hekayələr deyil, müxtəlif mövzulu məqalələri, yəni jurnalist kimi coşqun
fəaliyyət məhsulları da daxildir. Bu yazılar mövzu etibarı ilə ədəbiyyat,
mədəniyyət, teatr, maarif və elə mətbuatın öz problemlərini əhatə edirdi. Bəzi
hekayələr, bədii mətnlər var ki, hazırlıq dövrü kimi mühacirətəqədərki müddəti
əhatə edir. C.Hacibəylinin hekayələri arasında da belələri var. Mütəxəssislərin
fikrincə, mövzu, toxunulan problem, ideya istiqaməti baxımından həmin əsərlər
bir-birindən kəskin fərqlənsə də, onlar arasında Çin səddi çəkmək olmaz. Yəni,
yazıçının ideyası, əqidəsi, həmçinin məxsusi dil, üslub xüsusiyyətləri bu
əsərləri bir-birinə daxildən bağlayır. Yazıçının bütün fəaliyyəti və həyatı
boyunca bir problemi olur: özünü tapmaq. Yaradıcılıq prosesi istənilən
mərhələyə bölünə bilər, başqa meyarlarla iki dövrü yarım mərhələlərə də ayırmaq
mümkündür. Ancaq bu "özünü tapmaq” nöqtəsi C.Hacıbəylinin bədii yaradıcılığında
"Bir il xəyallarda və bütöv bir ömür” adlı memuarında baş tutmuşdur.
1905-1919-cu illərdə qələmə alınan ilk bədii "toxumalı” əsərlərinə bəzi
felyetonları, "Pristav ağa”, "Barışmaz ata”, "Nümunəvi sübut”, eləcə də
ayrı-ayrı hekayələrdən ibarət "Hacı Kərim” povesti daxildir. İndi isə mühacirət
dövründə yazdığı hekayələrin adlarına diqqət yetirək "Baş tutmayan ziyarət”,
"Müəzzinin lənəti” və "Stalinin öpüşü...”. İki dövr yaradıcılığı arasındakı
dəruni əlaqə elə başlıqlardan da görünür. Daxili yaşantılar, müəllif obrazı,
təhkiyə prosesində dinamiklik, müəllifin (obrazının) diqqət mərkəzində
saxladığı obrazlar (deyək ki, "seyrdə” ilk əvvəl minarələri görməsi, təhkiyədə
hərəkətin məhz bu nöqtədən başlaması) yuxu janrı olan memuarlarda var. İntəhası
ikiqat üçqat,... onqat assosiasiya edilmiş, mətnin alt qatlarına çəkilmiş
formada. Mütəxəssislər deyir ki, "Pristav ağa” hekayəsi müəllifin hekayələri
arasında bir çox cəhətdən, deyək ki, toxunduğu mövzunun aktuallığı və tənqidi
pafosuna görə... fərqlənir. Şübhəsiz ki, bu tipli təqdimatlarda hekayələr
köhnəlmiş ədəbiyyatşünaslıq ritorikası ilə araşdırılır. Mətnin daxilindəki yaşantılar,
sirlər, üslubu keyfiyyətlər kənarda qalır. Yekun qənaət kimi bunu demək olar
ki, C.Hacıbəyli jurnalistlik fəaliyyəti içində qələmə aldığı hekayələrdə cavan
Azərbaycan nəsrinin poetik sistemi daxilində olmağa çalışırdı və buna öz
istedadı qədərincə nail olurdu.
Hər bir yazıçı ömrü və fəaliyyəti
etibarı ilə bədii təfəkkürünün, necə deyim, "kimliyini” də nişan verir. Birbaşa
deyək: Ceyhun Hacıbəyli istiqlalçı yazıçı idi. Bu, onu yazıçı və xadim, düşüncə
adamı kimi müəyyənləşdirən ən dəqiq təyinatdır.
– Hesab
edirəm ki, Ceyhun Hacibəylinin ikinci dövr yaradıcılığının məhsulu olan
"Bir il xəyallarda... və bütöv bir ömür" əsəri daha çox diqqəti
çəkir. Sizcə, buna səbəb nədir, peşəkarlıq yoxsa yaşanmış bir ömrün xatirələri?
– Əvvəlcə bu dövrdə fransız dilində
qələmə aldığı hekayələrdən bəhs etmək yerinə düşərdi, həm də iki dövr
yaradıcılığı arasında üzvi əlaqələri göstərmək baxımından. "Müəzzinin lənəti”
hekayəsi. Müəllif vətəndə olarkən gördüyü, bəlkə də şahidi olduğu və ya
eşitdiyi hadisələri yaddaşdan bədii əsərə köçürür. Necə? C.Hacıbəylinin irsinin
tədqiqatçılarına görə, hekayə hardasa keçən 50-ci illərində qələmə alınıb.
Hekayənin ekspozisiya hissəsi müəllifin təhkiyəsinin orijinallığından, həm də
poetik ənənəyə sadiqliyindən xəbər verir: "Günlərin biri, qonşusu Kərbəlayi
Əhməd molla Abdullaya yaxınlaşıb sakit səslə deyəndə ki, "Bilirsənmi, oğlun
"Allahsızlardandır”. Molla hirslə yerindən sıçradı və kəskin surətdə etirazını
bildirdi”: " Allahsız özünsən, bir də atandır!”
İlk cümlə təhkiyə "əyrisinin” istiqamətini
göstərir, yəni, hadisələr Azərbaycanda şura hökumətinin yarandığı ilk illərdə
baş verir. Kütləvi şüur, kütləvi psixoz, insanların kütləvi şəkildə
aldadılması, usta şəkildə dinə, inanc yerlərinə qarşı yönləndirilməsi. Yeni
ideologiyaya təşviq, bu yöndə bir qrupun qəsdən kölgədə saxlanılması, digər
qrup insanların onlara qarşı istehzasının gücləndirilməsi və beləliklə
cəmiyyətdə adda-budda şəkildə baş vermiş çatların birləşdirilməsi... Bəzi
pasajlarda müəllif bədii prinsipləri unudur, birbaşa publisist tonla təhkiyəyə
davam edir. Konflikt dövrün, zəmanənin, təzəcə meydana girmiş ideologiya və
rejimin yaratdığı konfliktdir, məhz bunun sayəsində ailədə ata, ana, oğul-uşaq
arasında çatlar yaranır, cəmiyyət, ölkə ev-ev dağılır. "Allahsız” oğulun müəzzin
atasını iki şəkildə – təbliğatla və sonda yalvararaq xilas etmə təşəbbüsləri
baş tutmur. Molla allahsızların, kommunistlərin zədələdiyi minarəyə qalxır və
ordan insanları namaza səsləyir. Minarə uçur.
"Bir
il xəyallarda və bütöv bir ömür” memuarı yazıldığı dövr C.Hacıbəylinin
yaradıcılığının ən gərgin qisminə təsadüf edir. Özü qeyd edirdi ki, bu dövrdə
bir yığın mövzulara toxunur, amma heç birinin üzərində dayana, fikrimi də tam
qurtara bilmirəm: "Kimsə mənə yeni bir mövzu danışır, mən onu təzəcə çəkib
qurtardığım balaca bir rəsm əsərinin, indicə tamamladığım balaca bir şəklin
içində qeyd edirəm... Memuarı qurtara bilməyim lap möcüzə olardı. Mövzu
müxtəlifliyi fikrimi yayındırır, üzür, dağıdır, diqqətimi toplamağa mane olur.
Elə ki, başlayıram bir mövzunun üzərində işləyəm, beynimin bir küncündə o biri
mövzular özlərini yadıma salmaq üçün məni qıcıqlandırmağa başlayırlar...”
– Əsərin bədii dəyərini necə
qiymətləndirirsiniz?
– Əvvəlcə əsərin adından başlamaq olar.
Fransız dilində "rêve” ilk öncə yuxu, xəyal, xülya... deməkdir. Mühacirət
ədəbiyyatında memuar (yaddaş janrı) aydın məsələdir ki, mühüm yer tutur.
İstiqlal mücahidlərinin min bir əzab və məşəqqətlə qürbətdə keçirdikləri ömür
doğrudan da zəngin faktlarla doludur və bunların araşdırılması çox əhəmiyyətlidir.
Ancaq C.Hacıbəylinin memuarı siyasi mühacirlərin gündəlik və xatirələrindən
bədii sistemə malik olması ilə fərqlənir. Onun haqqında şübhəsiz ki,
aşağıdakıları demək çox azdır: "...Bu memuar bir istiqlal aşiqinin
gündəliyidir, həyat dastanıdır. Əsərin ruhu, xəmiri, belə demək mümkünsə,
"Azərbaycan davası”ndan yoğurulmuşdur. İlk baxışdan yüzlərlə mövzunun pərakəndə
toplusu, lakin dərindən nüfuz etdikcə, vahid süjeti, ideya istiqaməti, məramı
olan bitkin bir əsərdir”. "Bir il xəyallarda... və bütöv bir ömür” zahirən,
doğrudan da, gündəlikdir, xatirələrdir, ancaq dərindən-dərinə ağrı ilə
yaşanmış, içəri çəkilmiş, bədii-fəlsəfi baxımdan, yuxu ilğımları içində
qavranılmış xatirələrdir.
– "Bir
il xəyallarda... və bütöv bir ömür" janr baxımından da maraqlıdır.
– Ceyhun Hacıbəylinin "Bir il
xəyallarda... və bütöv bir ömür” adlı
əsərinin janr xüsusiyyətlərini müəyyənləşdirmək üçün müasir dövr
ədəbiyyatşünaslığında geniş yayılmış "nitq janrı” anlayışına istisna etmək
lazımdır. Funksional stilistikanın bir sıra tədqiqatçıları nitq janrı haqqında
mətnin tipi kimi bəhs edirlər (E.U.Qrosse, V.Şmidt, B.Zandit, M.P.Brandes və
sair). Memuarlar "nitq janrıdır”, memuar janrında nitq funksionallığı var;
mətnin subyekt təşkili üzərində müşahidələr bir sıra mülahizələrə yol açır.
Ədəbiyyatşünaslıqda müxtəlif tip bədii
mətnlərin analitik və eyni zamanda şərhə əsaslanan təhlilinin zəngin və misilsiz təcrübəsi mövcuddur ki, bu
da həmin əsərlərin mənəvi, kulturoloji və estetik aspektlər baxımından dərkini
zaman keçdikcə dərinləşdirmişdir. "Yaddaş mədəniyyətin əsasıdır. Memuarlar isə
yaddaşın sözdə və sözlə əşyalaşmasıdır” (L.Qinzburq); tədqiqatçıların fikrincə,
o, (memuarlar...), "nəsillərin mənəvi varisliyinin vasitələrindən və cəmiyyətin
mədəni səviyyəsinin, onun öz keçmişinə şüurlu və analitik yanaşmasının
göstəricilərindən biridir”.
Başqa bir tədqiqatçıya görə isə memuar,
mənəvi həyatın xüsusi hadisəsi kimi həmişə intibah xarakterlidir. Çünki
memuarlarda şəxsiyyətin əqli inkişafının dönüş mərhələləri, onun "özünü dünyada”
və "dünyanı özündə” (A.Tartakovski) dərki əksini tapır. Memuar janrına aid
edilən "intibah xarakteri” nə deməkdir? Fikrimizcə, memuarların yazılması və oxunmasına şiddətli
marağın səbəblərindən biri tarixin dəyişməsidir. Bu amil, hadisələrin radikal şəkildə
inkişafı və bunun nəticəsində tarixin büsbütün dəyişməsi yazıçını, hətta yazıçı
olmayan şəxsləri zamanı sürəklə qeydə almağa məcbur edir. Tarix dəyişir, hadisə
seli insanların üstündən adlayıb keçir və keçmiş həyatın "süjetinin dəyişməsi”
geri dönməyi, daha doğrusu becid baxışla keçmiş və gələcəyi bir nöqtədə,
bəzənsə eyni anda fərqli kontekstlərdə mənalandırmağı tələb edir. Həyatın
axarının, bəzən dini görüşlərin, yaxud siyasi quruluşun dəyişməsi, insanların
nəfəs alıb yaşadıqları dəyərlərdən zorla qopardılması obyektiv tarixi faktın
subyektiv özünüifadəsinə gətirib çıxarır. Burada həm də, hadisələrin sürətlə
cərəyan etməsi səbəbindən "tarixin unudulması vahiməsi” də əsaslı rol oynayır.
Çünki bəzi siyasi rejimin və ideologiyanın tərkibində özünü hər şeyin, bütün
dəyərlərin üstünə qoymaq cəhdi var və bu, keçmişə memuar janrı ilə (nitq
janrı!) qayıdışı labüd edir. Kommunikativ aktda (rus dilçiliyindən fərqli
olaraq, Avropa funksional stilistikasında "akt janrı”) baş verən "kataklizm”,
bir qayda olaraq subyektin həmin
vahiməni yenib tarixin bədii şərhini ortaya qoymaq ehtirası ilə bağlı olur.
Beləliklə, memuarların qələmə
alınmasında həm də yazıçının keçmişə qayıtmaqla öz taleyinin, yaşadığı ömrün
vacibliyini dərk etməsi mühüm rol oynayır. Gerçəkliyin estetik qavrayışı
yazıçını sətir-sətir zaman vadisindən keçirir, iştirakçısı olduğu hadisələrdən
uzaqlaşdıqca zamanın dərki, onu qeydə almaq ehtirası daha da dərinləşir və
nəticədə Ceyhun Hacıbəylinin əsərində şəxsi-subyektiv, xronoloji və estetik
qavramalar üzvi əlaqə və mürəkkəb qovşaq yaradır. Bütün bu deyilənlər həm də
adı çəkilən əsərin təhkiyə strategiyasını şərtləndirir, irəli-geri hərəkətlərlə
müşayiət olunan "dolanbac” təhkiyə quruluşunda bir yay (yaxud bumeranq...)
effekti var; hekayətlər, hadisələr bitmir, əksinə, "qövr edir”, ayrı-ayrı
təhkiyə müstəvilərinə paylanır, sıxılmış yay "oturacağına” çatdıqda geriyə dönüş
yuxunun dərinliklərində itir və beləcə, yuxu ilə reallığın bir-birini
tamamlaması zahiri məsələyə çevrilir. Əslində, burada uyuşmaq və tamamlamaqdan
çox bir-birini dəf etmək gücü daha çox hiss olunur və bu stixiya təhkiyənin
məğzini təşkil edir. Beləliklə, nə yuxu reallığa çevrilir, nə də reallıq
yuxudan sıyrıla bilir. Bunların iç-içə olması, qonşuluğu elə bir gərginlik
sahəsi yaradır ki, bəzən təhkiyəçinin də səsi batır, öləziyir, yuxu özü
danışır, hər şey təkrar olunur, təkrir səviyyəsinə gəlir. Ceyhun Hacıbəylinin
adı çəkilən memuarında təkrarlanan detallar və əşyalar var: şar, qızılgül,
minarə, günbəz və sair. Mətndə onların işlənilmə kontekstləri ən müxtəlif
estetik anımların üzə çıxmasına şərait yaradır. Bu əşyalardan hər birinin
mətndə hərəkəti zahirən və məntiqi cəhətdən anlaşıqlıdır. Yəni, həmin hərəkəti
(deyək ki, müxtəlif məqamlarda şarın partlaması...) müəllifin taleyi, təsvir
etdiyi keçmişin xarakteri ilə azacıq müqayisə etdikdə nəyə işarə edildiyini
anlayırsan. Ancaq burada ayrıca götürülən sözün (detalın, onun hərəkətinin)
"mənası bütöv mətnin mənasından asılıdır” (A.Potebnya), yəni, bədii əsərin
şərhedici komponentlərini aşkara çıxarmaq üçün qoyulan vəzifədən asılı olaraq
onun müxtəlif səviyyələrinə nəzər salmaq lazımdır. Bu halda kontekst anlayışının
dövriyyəyə daxil edilməsi qanunauyğunluq təşkil edir. Çünki mətnlərin istənilən
şərhi, onların elmi dərki bu termini qaçılmaz edir. Kontekstin öyrənilməsi
əsərin məna dərinliyinə nüfuz etmənin şərtidir. Bədii əsərin kontekstinin
konkret sərhədləri olmur, onlar çox geniş və bəzən intəhasız olur. Məntiqi
şəkildə düşünmək olar ki, bir müəllifin qələmə aldığı bədii əsərlərin
kontekstləri (daha doğrusu bir müəllifdə kontekstlərin məcmusu) "böyük tarixi
zamanla axaraq” (M.Baxtin) yazıçının bədii yaradıcılığının vahid kontekstini
formalaşdırır.
Ceyhun Hacıbəylinin əsərinin janr
xüsusiyyətləri, bu özəlliklərin əsasında dayanan bəzi psixoloji-fəlsəfi anımlar
onun adekvat şəkildə şərhinə yol aça bilər. Memuar kimi təqdim edilən mətn
deyir ki, "bu günün yuxusu dünənin reallığıdır. Çünki yuxu canlı və hiss edilən
bir dünyadan gəlir. Məhdud şüur bu faktı bizim üçün aça bilməsə də, meditasiya
vasitəsi ilə şüurlu şəkildə bu və ya digər üstün dünyalara "sızmaq” mümkündür.
Bu dünyaların gerçəkliyini bizə arzularımız təlqin edir”. Yəni, burada bizim
yuxu adlandırdığımız nəsnə başqa bir dünyanın gerçəkliyidir. Başqa sözlə desək,
insanın gözlərinin görmədiyi, əllə toxuna bilmədiyi çox sayda dünya mövcuddur.
Yuxu da bu dünyalardan axıb gəlir. Fransız tədqiqatçısı belə yazır: "...Bəzi
yuxular canlı sahədə baş verir: onlar tez-tez qarışır, çünki burada sevincin
payı az olduğundan həmin yerə düşən işıq da öləziyir. İşıqlı olsa da
hissiyyatdan məhrum olan yuxuların əksinə olaraq hiss və həyəcanın daşlaşdığı
yuxular da var. Hissi və canlı dünyanın yuxusunda arasıkəsilməz hərəkət
müşahidə olunur. Bu elə bir döyüş səhnəsidir ki, hər şey qırılıb-tökülür, canlı
varlıqlar öldürülür...”
– Əsər
hansı zərurətdən yaranmışdı? Bəlkə oğlunun vaxtsız ölümü Ceyhun Hacıbəylini
xəyallar aləmə aparmışdı?
– Mühacirətdə, sürgündə olan adam, hər
gün iclas və konfranslarda qızğın, hər şeyin puç olduğu ortamda ümidli gün
keçirən adam əsl həqiqəti yuxu və ilğımlara bükərək yazmaq məcburiyyətində
qalır. Dünyada bundan da ağır və çəkilməz bir dərd olmaz ki... Bu qeydlərdə
arada yuxu dumanı çəkilir, araya qızıl-qırmızı yalanlar girir, vətəni
yağmalanmış mühacirləri bağrına basan siyasət dəllallarının saymazyana, adamın
gözündən içinə söylədikləri yalanlar... Ümidsə çox zaman insanı ölümə aparır,
aldadaraq...
Ceyhun Hacıbəyli oğlunun ölümünü bir ay
əvvəl yuxuda görür, mövzu – temanın janrın sərhədləri daxilində kilidləndiyi
(yuxudakı adam, ya başqa bir adamın çöhrəsində peyda olur, ya da çöhrəsi
gizlədilmiş halda "səhnəyə çıxır”) bir ortamda gecə impressariosu oyunu
gedir. "... Yuxu sizin həyatınızı gah
epizodik, qarmaqarışıq, bəzən fiqurlar formasında, alleqorik tərzdə, bəzən
eyhamlarla, üstüörtülü, bəzən təhrif olunmuş, üz-gözünü əymiş halda, lakin
bəzən də ən silkələyici bir reallıqla təqdim edir”.
Ceyhun Hacıbəylidən yuxarıda verilən
sitatın davamı: "...Bir binanın pilləkənləri ilə qalxıram. İkinci mərtəbədə
erməni çay salonu var; yuxarıda bir tamaşamı, yoxsa bir iclas zalımı var. Elə
bu zalda baş tutacaq maraqlı bir konfransda iştirak etmək üçün gəlmişəm.
Gecikməyim məni o qədər də narahat etmir, çünki ikinci iclasda iştirak etmək
fikrindəyəm. Bununla belə, birinci seansın tam başa çatmasını istəmədiyimdən,
qapını açıram; qapı cırıldayır və iştirakçıların narazılığına səbəb olur.
Nifrət dolu baxışlar mənə tərəf yönəlir. Oturmağa yer tapmayan dinləyicilərin
arxasındakı birinci arakəsməyə yaxınlaşıram, heç nə görmürəm; çıxış edənlərin
səsini isə eşidirəm.
...Divara söykənib musiqi alətində
çalıb-oxuyan iki kişi görürəm. Bunlar məruzəçilərdir. Konfransın mövzusu bundan
ibarətdir: bir çıxış edən digərinin oxuduğu notları açıqlamalıdır. O, qaraçı
romansı janrında nostalji bir mahnı oxumağa başlayır, ancaq davamını Duck
Ellingtonsayağı caz təqlidi ilə başa vurur. Bu, hardasa gördüyüm qarasaç cavan
oğlandır. O, rəqsəbənzər bir hərəkətlə şlyapasını havaya atır, şlyapa qayıdıb
adamların içində dayanan qardaşının başına düşür və şar kimi partlayır...”
Belə bir fakt məlumdur ki, mühacirətdə
olduğu zaman bütün çağırışlara, dəvətlərə rəğmən Ceyhun bəy heç zaman vətənə
qayıtmaq istəmirdi. Ceyhun bəy bunun özü
və ailəsi üçün nə demək olduğunu anlayırdı. Ancaq yuxularında hər gün qayıdırdı
və yuxuda belə hər dəfə qarşına bir əngəl çıxırdı. "...Vətənimə qayıtmağa
hazırlaşıram. Evimizə gedən yolda şar görürəm. Bilirəm ki, o, parisli qadına
məxsusdur. Götürmək istəyəndə bayağı görkəmli bir kişi peyda olub məni
qabaqlayır. Qaytarmağı tələb etməyə cəsarətim çatmır, gözləyirəm, görüm, şarla
nə edəcək. Kişi görünməz bir nərdivana dırmaşıb şarı özündən daha iri, daha
möhkəm bir şarın yanına məftillə bağlayır. Ancaq bu vaxt mənə çatır ki, bu kişi
lampaları qaydaya salan elektrik montyorudur. Öz-özümü inandırıram ki, məftilin
o biri ucu parisli qadının əlindədir və istədiyi vaxt şarı özünə tərəf çəkə
bilər...”
Mətndəki əşyalar. Yuxularda onlar
dayanıqlı deyillər, sürüşür, ölçülərini itirir, qeyb olub və başqa əşyalara
çevrilirlər, çünki yuxuda gördüyün aləm bir maketdir, köçəri çadırı kimidir,
burada dünyanın faniliyi əlbəəl hiss ediləndir. Bu həm də son nəticədə ruhun
qərarsızlığını, narahatlıq çənbərinə düşdüyünü bildirir. Yuxular insanın
vəziyyətini içdən, əşya və hadisələrin mürəkkəb kombinasiyaları çərçivəsində
ifadə edir və buna görə də onların şifrəsini yalnız müəyyən dərəcədə açmaq
mümkündür. Keçmişin içindən gələcəyi göstərmək cəhdi fantastik, bəlkə də
fantasmaqorik şərhlərə yol açır, insanın bəzən özünə də etiraf etmədiyi
nəsnələri güzgü qarşısına gətirir, güzgüyə dönür, səni güzgüyə çevirir,
ortasından çat xətti keçən ayna effekti yaradır, sən tam fərqli aləmə düşdüyün üçün
kosmonavt kimi çəkisizlik şəraitindəsən, həm nəsə edirsən, həm də buna tamaşa
edə bilirsən, belə bir ortam, belə bir ikiləşmə fasiləsiz dönüşlərə şərait
yaradır, gerçək aləmdə xəyal etdiklərin burda, həmin çəkisiz fəzada gerçəyə
çevrilir.
– Əsəri
şərti olaraq "yuxu janrı” adlandırsaq müqayisə etmək imkanı yaradır. Azərbaycan
ədəbiyyatında yuxu ilə bağlı olan əsərlərlə müqayisə oluna bilirmi?
– Ceyhun Hacıbəyli yuxularını deyil,
real həyat olaylarını yazsaydı, bu, adi bir publisistik yazı olardı və məhz Ceyhun
bəy qələmə alıb deyə, mühacirət tarixi kitabında bir önəmli sətrin yerini
tutardı. Ancaq yuxu janrında yazılan bu əsər həm onun ağrı və məşəqqətini,
vətənin istiqlalı uğrunda aparılan savaşa inancını, həm də reallığın özünü yeganə mümkün formada əks etdirmək baxımından
çox maraqlıdır və zənnimizcə, mühacirət ədəbiyyatı tarixində bunun analoqu
yoxdur. Ceyhun bəyin əsəri "susmuş forma” baxımından da unikaldır; bədii əsərdə
bir qayda olaraq, forma "danışır”, yəni mənaya yiyələndikdən sonra bu mənanın bitib-tükənməyən
şaxələri kimi ərzi, dünyanı tutur, dünyanı öz dil rakursuna salır, hər şey bir
əsərin süzgəcindən keçir, ordakı macəralara bələnib, onları dəyişdirir. Yuxu
janrında isə forma məhz "susur” (başqasının bizə gəlib çatmayan səsi kimi...),
içində, içinin dərin laylarında danışır, real olan nə varsa, bu gözişləməz
dərinliklərə batıb ordan qəlpələr şəklində üzə çıxır, reallığın ən müxtəlif
mövqelərdən şərhi üçün tükənməz imkanlar açılır, bir fakt, yaxud hadisə
irrealla kəsişmədə dəyərləndirilir. Və beləliklə, dövlət devrilib quruluş
dəyişdikdən sonra tarix dünyada baş verən olaylar çərçivəsində göstərilir.
Diqqət edin: "Kübar bir yığıncaqda xanımlara ingilissayağı "aradan çıxmaq”
ifadəsini izah etməklə məşğulam. Dinləyicilərim mənanı çox ləng başa düşən kimi
görünürlər. Nəhayət, xeyli vaxtdan sonra onlara başa sala biləndə, ifadə
inanılmaz bir uğur qazanır...
Oğlumla bir yerdəyik, ona maraqlı bir
şey göstərməliyəm. Kilsə qülləsindən gələn musiqi səsi eşidilir. İki alətin ifa
etdiyi musiqidir, alətin biri çox səs-küylüdür. Birdən atəş açılır və səsli
alət dərhal susur. Belə qənaətə gəlirəm ki, onu çalan yerindəcə həlak oldu.
Atəş minarədən gəlir, çünki oradan spiralvari pilləkənlə düşən bir kişini
görürəm. Bunu oğluma işarə edirəm, ancaq başa düşürəm ki, o da artıq görüb,
çünki o, durbinlə həmin kişini izləyirdi.
Atəş açılan minarənin görünüşü...”
Yuxuda adi bir əşya neçə-neçə yaranın
qaysağını qoparır, keçmiş indiki zaman kimi cilvələnib şüurda ən müxtəlif, həm
də aralarında məntiqi bağ olmayan hadisələri bir məcraya gətirir, bu
"kombinasiyalardan” məqsəd ömrünün, taleyinin yad şəhərindən qaçmaq, yaxa
qurtarmaq, millətinin alnına yazılan qədərə düzəliş etmək, cümhuriyyəti davam edir kimi hiss etmək və yaşatmaqdır. Həm də: minarədən açılan atəşin keçmişə
proyeksiyası, insanların fitnəyə qurban getməsi, kütləvi şəkildə qırılması, öz
yurd-yuvalarından didərgin düşmələri... baş verib bitmiş hadisələrin realdan
real şəkildə dəyərləndirilməsinə imkan yaradır.
Ancaq yuxu janrı insanı aldadır, tərs
bir yolun çəmbərinə salıb məhv edir.
Vaxtilə Kamil müəllimin (Kamil Vəli
Nərimanoğlu) kitabından oxumuşdum ki, məşhur ədəbiyyatşünas Şklovskinin yeganə
oğlu müharibədə həlak olur. Döyüş yoldaşı ona oğlunun hansı şəraitdə öldüyünü
danışmışdı. Şklovski zaman-zaman yuxuda oğlunu, onun vurulduğu səhnəni görür və
onu xilas etmək istəyir, ancaq hər dəfə sarsılır, bacarmır. Və yuxular ümidləri puç olmuş insanların
məskəni və məzarına çevrilir. Şeirimzidən keçən "bir deyil, on deyil məzarım
mənim...” ifadəsi bütün bu söyləm-diskursları içinə alıb onları keçmişdən
gələcəyə və yenidən keçmişə daşıyır, bəlli şərtlər daxilində başdan ayağa
həsrət və nisgilə dönmüş insanın külünü göyə sovurur, küləklərə tapşırır,
onlarsa bu külü vətən torpağına səpdikdə otların yaşılı, gül-çiçəklərin
al-qırmızısı solur. ..
– Bildiyimiz
kimi Ceyhun Hacibəyli daha çox maarifçi, jurnalist və redaktor kimi tanınıb.
Lakin ədəbi əsərləri də var. Sizcə, onu oxuculara jurnalist və redaktor kimi,
yoxsa yazıçı kimi təqdim etmək daha doğru olardı?
– Necə var, elə. Ceyhun Hacıbəyli
jurnalist, redaktor, tədqiqatçı və yazıçıdır. O dövrə xas olan sintez – bir
neçə fəaliyyət sahəsini birləşdirən şəxsiyyət.
Səxavət Sahil