• cümə, 29 Mart, 17:01
  • Baku Bakı 14°C

“Alnımda Azərbaycana qulluq etmək yazılıb” - Soydaş

09.09.14 11:11 10113
“Alnımda Azərbaycana qulluq etmək yazılıb” - Soydaş
O, adını böyük idmanın tarixinə yazanlardandır. Əməkdar idman ustası, dördqat dünya və beşqat Avropa çempionu Natiq Bağırov uzun illərdir ki, Belarus respublikasında yaşayır. Azərbaycan-Belarus xalqları arasında dostluğun möhkəmləndirilməsi işinə layiqli töhfələrini verən həmvətənimiz, həmçinin Belarusda Azərbaycan İcmaları Konqresinin sədridir. 2006-cı ilin martında Azərbaycan prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. 50 illik yubileyini Bakıda, doğmaları arasında qeyd edən görkəmli idmançı «Kaspi»nin də qonağı oldu.
Üzgüçülükdən başlayan yol
Natiq Bağırov Bakıda doğulub. Orta məktəbi, ali məktəbi burada bitirib. Böyük idmanda qazandığı ilk uğurlar da Azərbaycanın adı ilə bağlıdır. Belarus respublikasına gedənə qədər Azərbaycanın idman şərəfini qoruyub, müxtəlif yarışların qalibi olub: «Məndə idmana maraq oyadan valideynlərim olub. Uşaqkən üzgüçülüklə məşğul olurdum. Ancaq bir gün məşqə 5 dəqiqə gecikdiyimə görə məşqçi məni hovuza buraxmadı. Bu hadisədən sonra sambo üzrə Azərbaycan çempionu olan yaxın qohumum Orxan Cavadov məni «Dinamo» cəmiyyətində cüdo bölməsinə yazdırdı. Əslində üzgüçülükdə cəzalanmağım mənim idmanın cüdo bölməsində uğurlarımın başlanğıcı oldu. Elə o vaxtdan idmanın sambo və cüdo növləri üzrə məşğul olmağa başladım”. Uşaqkən peşəkar idmançı olacağını da düşünməyib. Sadəcə, məşq edib və bu, onun xoşuna gəlib. Çox keçmədən N.Bağırov cüdo üzrə Bakı birinciliyinin qalibi olub. Bundan sonra da dəfələrlə həmin yarışların qalibi adını qazanıb. Ölkənin yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak edib. Məktəblilər arasında keçirilən spartakiadaların, SSRİ xalqlarının spartakiadalarının, SSRİ çempionatlarının, gənclər arasında keçirilən turnirlərin iştirakçısı və qalibi olub. Tale elə gətirib ki, sambo üzrə SSRİ xalqlarının spartakiadasının Azərbaycandan ilk qalibi də Natiq Bağırov olub. Həmin yarışlarda bürünc medala layiq görülüb. Respublikada bu növ üzrə ilk beynəlxalq dərəcəli idman ustası normasını da o, ödəyib.
N.Bağırov Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirəndən sonra mühəndis kimi Elmi Tədqiqat İnstitutunda çalışıb. Amma idmana olan sevgisi ixtisasına olan məhəbbətini üstələyib. «İdmanla mühəndislik düz gəlmirdi. 1987-ci ildə dostlarımın təklifi ilə peşəkar idmançı karyeramı dava etdirmək üçün Minsk şəhərinə köçməli oldum. Bir çox respublikalardan dəvət alsam da, Belarusu seçdim. O zaman bütün respublikalar SSRİ-nin tərkibində idi və mən bir şəhərdən başqa bir şəhərə köçdüm. Belarusa köçəndə fikirləşirdim ki, ya iki, ya da üçillik köçüb qayıdaram. Çünki özümü Azərbaycansız təsəvvür edə bilmirdim” - deyə xatırlayır.
N.Bağırov Belarusda elə ilk yarışlardan uğur qazanmağa başlayıb. SSRİ kubokunu qazanıb. 1989-cu ildə Avropa çempionatında qalib olub. Dəfələrlə SSRİ kubokunu başı üzərinə qaldırıb. SSRİ çempionatlarının mükafatçısı kimi fərqlənib. Beləcə, 4 dəfə dünya, 5 dəfə Avropa çempionatının, dünya kuboklarının qalibi olub. Belarus respublikasının əməkdar idman ustası adına layiq görülüb: «Atlanta olimpiadasında iştirak edəndə 32 yaşım vardı. Amma mən yaşımı hiss eləmirdim. «Bugün-sabah idmanı tərk etdikdən sonra Vətənə qayıdacam» - desəm də, 37 yaşına qədər idmançı kimi tatami üzərinə çıxdım”.
Natiq Bağırov iki olimpiya oyunlarının iştirakçısı olub. Hər bir idmançının karyerasında ən böyük zirvə sayılan olimpiya çempionu adını qazanmağın bir addımlığında olsa da, bir sıra səbəblərdən Atlanta və Sidney olimpiadalarında bu titulu qazana bilməyib: «Əvvəllər elə fikirləşirdim ki, mənim mükafatlarımın arasında olimpiya oyunlarından başqa bütün yarışların mükafatı var, təkcə olimpiya oyunlarının mükafatı yoxdur. Amma indi fikirləşirəm ki, Atlanta olimpiya oyunlarında medal qazansaydım, əminəm ki, idmanı tərk edəcəkdim. Ancaq mən bu oyunlardan sonra 4 il idmançı kimi çıxış etdim və çox nəticəyə nail oldum. Ancaq o medalı qazansaydım, bu uğurlardan məhrum olacaqdım. Düzdür, olimpiya oyunlarının qalibi olmaq hər bir idmançı üçün ən yüksək arzudur. Çox olur ki, dünyanın ən güclü idmançıları dünya çempionatının qalibi olsalar da və olimpiya oyunlarında dəfələrlə çıxış etsələr də, heç bir nəticə qazanmırlar. Çünki bu yarışlarda tamamilə fərqli psixoloji hazırlıq olmalıdır. Bu, ya Allah vergisidir, ya da böyük təcrübənin nəticəsi. Bu, həm də Tanrının qismətidir və hər adama nəsib olmur».
N.Bağırova görə idmanda bəxt həmişə güclünün tərəfindədir, təsadüfən qazanılan qələbə yoxdur. İdmanda subyektiv səbəbləri də, hakimlərin ədalətsizliyini də, qisməti də qəbul edir, amma ona görə güclü həmişə qalib gəlir: “Əvvəllər mən də elə fikirləşirdim ki, hansısa oyunda mənə qarşı ədalətsizlik oldu. Ancaq zaman keçdikcə anladım ki, tatami üzərinə çıxanda idmançı dərk etməlidir ki, o, təkcə rəqibi ilə deyil, həm də hakimlərlə güləşir. Ədalətsizlik xalça üzərində olsa da, idmançı həmişə özünü təqsirkar bilməlidir. Onda o, uduzduğu anları daha asan qəbul edəcək və gələcəkdə bu məqam onun güclü olmasına və qalib gəlməsinə kömək edəcək. Mən 10-cu sinifdə oxuyana qədər yarışlarda uduzanda ağlayırdım. Mən ağrıya, ədalətsizliyə görə yox, sadəcə, uduzduğuma görə ağlayırdım. Məğlubiyyəti qəbul edə bilmirdim. Amma ondan sonra daha səylə məşq etməyə başladım. Pilə-pillə qalxaraq istədiyim nəticələri əldə etdim. Həmin yarışların gözəl, yaddan çıxmayan məqamları olub”.
Məşqçiliyi hər insan bacarmır
N.Bağırov idmanı tərk etdikdən sonra cüdo üzrə Belarus yığma komandasının baş məşqçisi vəzifəsinə dəvət alıb: “Mən idmanı rahat tərk etdim. 7-8 il cüdodan kənarda qaldım. Bir neçə ildən sonra yenidən mənə idmanda fəaliyyətimi davam etdirməyi təklif etdilər. Belarus yığmasının nəticələri bir qədər aşağı enmişdi. Biz o zaman Avropa və dünya çempionatlarından bir neçə mükafatla qayıdırdıq. Məni yığma komandanın baş məşqçisi kimi dəvət etdilər. Hazırda bu vəzifədə çalışıram. Bəlkə də idmana qayıtmazdım. Ancaq kiçik oğlum Arif idmanla ciddi məşğul olur. Belarus yığma komandasının üzvüdür. Artıq gənclər arasında sambo üzrə dünya çempionu, böyüklər arasında Avropa çempionudur. Hazırda milli komandada güləşir”. N.Bağırov baş məşqçi işlədiyi dövrdə də heç bir yarışdan medalsız qayıtmayıb. Tələbəsi İqor Makarov Afina Yay Olimpiya oyunlarından çempion kimi dönüb.
Ömrünü-gününü idmana həsr edən Natiq Bağırov idmandan ayrılmağın asan olmadığını söyləyir. Deyir ki, idmanı tərk etmək çox çətindir. Cüdo və sambo növü üzrə idmanı tərk edən ən yaşlı idmançılardan biri olmasına, 36-37 yaşına qədər yarışmasına baxmayaraq, hələ də hesab edir ki, az güləşib. Onun üçün məşqçilik idmançı kimi tatami üzərinə çıxmağın boşluğunu doldura bilmir: “Tələbələrim xalça üzərində hansısa fəndi düz etməyəndə, “bəlkə gələn yarışların birində çıxıb bir-iki oyun da güləşim və göstərim ki, necə güləşmək lazımdır” fikri ürəyimdən keçir. Baxmayaraq ki, əvvəlki dözüm yoxdur, bacarıq olsa da fiziki hazırlıq buna cavab vermir... Buna görə özümə təskinlik verə bilirəm. Ancaq bu hisslər məni həmişə tatami üzərinə çəkir».
N.Bağırov hesab edir ki, hər hansı bir yarışda idmançının uduzmasına görə, həmişə məşqçini qınamaq düzgün deyil: “Məşqçilərin çoxu məğlubiyyəti öz üzərinə götürsə də, hər şey onlardan asılı deyil. Yəni idmançının yerinə xalça üzərinə və ya futbol meydanına məşqçi çıxan deyil. Məşqçi öz biliklərini öyrədə, psixoloji baxımdan onlara təsir göstərə bilər. Ancaq meydanda əsas iş idmançının öz üzərinə düşür. İdmançının uduzmasında məşqçinin təqsiri yoxdur. Məşqçidən çox şey asılıdır, ancaq hər şey asılı deyil. Məşqçiliyi hər insan bacarmır, ancaq çox adam da məşqçi kimi fəaliyyət göstərir. Məşqçilik işində bacarıq, bilik və Allah vergisi olmalıdır. Məşqçi öz üzərində çalışmalıdır. Yüksək səviyyədə çalışan məşqçi hərtərəfli inkişaf edən şəxsdir. 7 illik musiqi məktəbini bitirən çoxdur. Onların hamısının içindən yaxşı bəstəkar və ya musiqiçi çıxmır. Əsrdə bir dahi bəstəkar yetişir. Hər bəstəkar da Motsart, Bethoven olmur. Məşqçilik də belədir”.
Yarışlarda qalib olmağın sirrini açıqlamaq isə müsahibim üçün asan deyil. Deyir ki, bu uğurun min cür sirri var: “Bu, mozaika kimidir və yüzlərlə tapmacadan ibarətdir. Həm fiziki, həm texniki, həm psixoloji durum, həm dözüm, həm qismət, həm də böyük əziyyət olmalıdır. Elə insanlar tanıyıram ki, onlar uzun illər ərzində çox əziyyətlər çəkiblər. Ancaq Allah onlara böyük yarışların yüksək mükafatlarını nəsib etməyib. Bu mozaikada hansısa tapmaca olmasa, insan qələbə qazana bilməz».
Şeir, musiqi, ictimai iş...
N.Bağırov idmanın ağır bir növü ilə məşğul olsa da, bu sərtlik onun təbiətinə təsir etməyib. İlhamı gələndə qəlbindəki zərif duyğuları sözə çevirməyi, kağıza köçürməyi də bacarır. Şeirləri ailə sevgisi, dostluq, Vətən, insanlar arasında ünsiyyət haqqındadır. Onları heç vaxt çap etdirməsə də, yalnız qeyd dəftərlərində yazsa da, ailə üzvləri yubileyi münasibəti ilə onun üçün gözəl bir sürpriz hazırlayıb: Şeirlərini ilk dəfə çap edərək ona hədiyyə ediblər. İndi bu kitab qazandığı karyera qədər ona əzizdir. Natiq Bağırovun həmçinin gözəl musiqi duyumu var. Dost məclislərində, müxtəlif tədbirlərdə mahnılar da oxuyur: «Öz üzərimdə işləmişəm. Rusların bir məsəlində deyilir ki, «daşı tərpətməliyik ki, su axsın». Yəqin ki, bu həvəsimin əsasında valideynlərimin mənə verdiyi tərbiyə durur”.
Natiq Bağırov, həmçinin Azərbaycan İcmaları Konqresinin sədri kimi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda fəallıq göstərir. Orada keçirilən tədbirlərdə ölkəmizdə baş verən inkişafdan, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərdən danışır. Məhz onun rəhbərliyi ilə ölkədəki diaspor təşkilatı Belarus və Azərbaycan arasında ünsiyyət əlaqələrini daha da genişləndirib: «Azərbaycan həmişə bizim qəlbimizdədir. Ona görə də mən və ətrafımda olan insanlar çox fəal çalışırıq. Vaxtilə biz Azərbaycan səfirliyinin funksiyasını qeyri-rəsmi yerinə yetirirdik. Artıq bir neçə ildir ki, Belarusda bizim səfirliyimiz fəaliyyət göstərir və biz çox sıx işləyirik».
Söhbətimizin sonunda müsahibə boyu məni düşündürən bir sualı - “Azərbaycana həmişəlik qayıtmaq haqqında düşünürsünüzmü?” sualını isə həmsöhbətim təbəssümlə qarşıladı: “Bu 28 il ərzində demək olar ki, mən hər il «bu işi qurtarım, idmanı bitirim, köçürəm» - deyirəm. Artıq 28 ildir ki, bu sözlə yaşayıram. Amma ən azı Olimpiya oyunlarına qədər çalışmalıyam. Buna baxmayaraq, mən tez-tez Bakıya gəlirəm və özümü çox xoşbəxt hesab edirəm. Bu şəhərdə mənim doğmalarım, əzizlərim, dostlarım var. Ən əsası, bura mənim vətənimdir”.
N.Bağırov layıq görüldüyü “Şöhrət” ordeninə görə ölkəmizin başçısı İlham Əliyevə minnətdardır: «Bu, yəqin ki, mənim bu illər ərzində göstərdiyim fəaliyyətimin qiymətidir. Mənim alnımda Azərbaycana qulluq etmək yazılıb. Mənim həyat amalım millətimə, Vətənimə qulluq etməkdir».
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər