AZE | RUS | ENG |

Acizlikdən Məhəmmədhəsən əmi kimi ağlamışam...

Acizlikdən Məhəmmədhəsən əmi kimi ağlamışam...
Tehran Əlişanoğlu: “Həqiqətə münasibətdə Mirzə Cəlil bu qədər cəsarətli və amansızdır...”

"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının çox sevdikləri əsərlər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Tehran Əlişanoğludur. Tehran müəllimin sevdiyi əsər Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” povestidir.
 
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” Sizin sevdiyiniz əsərdir?
– Əvvəla, sevdiyim əsəri bu qədər rəngarəng və yeni-yeni suallarla mühakiməyə çəkdiyinizə görə, minnətdaram. Yalnız şedevr mətnləri bu cür sorğulamaq olur; oxuduqca suallar bitməyir ki, bitmir. "Danabaş kəndinin əhvalatları” haqqında onlarla ciddi tədqiqat mövcuddur; amma sual verməkdə davam edirik, çünki daha da çox "Danabaş...” bizi sorğulayır, nəinki biz onu. Bu əsəri yeniyetməliyimdə ilk dəfə oxuyandan ədəbiyyatşünas kimi barəsində söz deyənəcən, dəfələrlə, hər zaman da ləzzətlə oxumuşam. Bədii baxımdan: mükəmməl, şedevr mətndir; özü özünü oxudur. Mündəricə baxımından: bizi bizə tanıdan əsərdir; həm fərdlərdə, ayrı-ayrı surətlərdə, həm də bütöv bir cəmiyyət olaraq özümüzü tanımaqda, dərk etməkdə kömək edir. Məqalələrimdən birini birbaşa "Danabaş kəndinin poetikası” adlandırmışam, əsərin poetikası yox. Hər birimizdə Mirzə Cəlil qədər həqiqətin gözünün içinə baxmaq cəsarəti olsaydı, nə vardı ki. "Danabaş”ı yazarkən, ədibin vur-tut 25 yaşı vardı...
 
– Fikrinizcə, Cəlil Məmmədquluzadə 1894-cü ildə yazdığı bu əsəri niyə ömrü boyu dərc etdirməmiş və onun ölümündən sonra işıq üzü görmüşdür?
– Əsərin yazıldığı dövrdə harda dərc etdirəydi bu əsəri? Ümumən, Azərbaycan dilində mətbuat yox idi. Olsaydı da, bu cəsarətdə olacaqdımı onu çap eləmək üçün? Sualdır. Akademik İsa Həbibbəyli "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyasında təfərrüatlı araşdırıb: 1890-cı illərdə Mirzə Cəlil istedadının inkişafı üçün Naxçıvanda kifayət qədər münbit maarifçi mühit olmuşdur, amma "Danabaş kəndinin əhvalatları”nın leqallaşması səviyyəsində yox. C.Məmmədquluzadənin özü də ömrünün sonunda qələmə aldığı "Xatiratım”da belə bir mühitin yoxluğunu göstərir. Bu illərdə yazıçı oxucusuna yol axtarırdı hələ; "Yazmaq istəyirdim, çox istəyirdim yazmaq. Amma bilmirdim niyə yazım və kimdən yazım? Çünki ümidvar deyildim ki, yazdıqlarımı çap eləməyə və intişara qoymağa hökumət izn verəcək...” sözlərini "Xatiratım”da deyir. Diqqət edibsinizsə, Mirzə Cəlil "əhvalatlar”dan yalnız "Eşşəyin itməkliyi” hekayəsini qələmə alıb, bir də qeydləri əsasında sonradan "Danabaş kəndinin məktəbi” pyesini. C.Məmmədquluzadənin ilk mətbu əsəri, bildiyiniz kimi, 1904-cü ildə "Şərqi-Rus” qəzetində dərc olunmuş "Poçt qutusu” hekayəsidir, sonra ömrünü həsr etdiyi "Molla Nəsrəddin” gəlir, "Ölülər” gəlir, "Anamın kitabı” gəlir, "Dəli yığıncağı” gəlir... Mirzə Cəlil elə ömrü boyu "Danabaş”ı yazıb da; həm də elə həmin "olmayan mühit”lə üz-üzə. İsa Həbibbəyli monoqrafiyasında göstərir ki, C.Məmmədquluzadə 1921-ci ildə əsəri yenidən hazırlayıb Maarif Komissarlığına təqdim etsə də, çap olunmur. Bu, bir daha "olmayan mühit”dən xəbər verir. "Danabaş kəndinin əhvalatları”nı ilk dəfə ədəbiyyatşünas Həbibulla Səmədzadə 1936-cı ildə nəşr etdirmişdir...
 
– Sizcə, Yekatirina Qabaşvilinin "Maqdananın Lurkası” hekayəsinin Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” hekayəsinə təsiri olmuşdu?
– Etiraf edim ki, belə bir əsərdən xəbərim yoxdur. Təsir məsələsinə gəldikdə isə müxtəlif zamanlarda C.Məmmədquluzadənin "Qurbanəli bəy”, "Ölülər”, "Dəli yığıncağı” və s. əsərlərində rus və dünya klassikasının təsirini və hətta təqlidini axtarmışlar. Bunu qara niyyətlə, guya Mirzə Cəlilin böyüklüyünə xələl gətirəcəkmişlər kimi edənlər ədəbiyyatın mahiyyətinə yarımçıq bələd olanlardır. Mövzu, motiv, süjet, estetika, hətta ideya bəhrələnməsi ədəbiyyat və sənətin yaşam tərzidir. Şükür Allaha ki, yaşadığımız dövrün postmodern fəlsəfəsi hətta yeni mətnlərin başdan-başa təkrarlardan, açıq və gizli sitatlardan ibarət olduğunu iddia eləyir. Əziz Mirəhmədov "Molla Nəsrəddin” monoqrafiyasında Mirzə Cəlilin oxu dairəsini araşdırmış, antik ədəbiyyatdan öz dövrünün rus və dünya ədəbiyyatınacan, Sokratdan Nitsşeyəcən kifayət qədər bələdliyini üzə çıxarmışdır. Elə bu kontekstdə də hər cür gizli və açıq təsirlənmələr məqbuldur. Ədəbiyyatın sirri milli ruhu, milli varlığı bu sıraya gətirmək, bu struktura oturtmaqdadır və bu baxımdan daha çox kök üzərindədir, nəinki təsirlənmələr. Mirzə Fətəlinin "Təmsilat”ı, M.Ə.Sabirin "Hophopnamə”si, Hüseyn Cavid teatrı qədər, Mirzə Cəlilin nəsri də bunu etmişdir. Cəlil Məmmədquluzadə Azərbaycan prozasını yaratmışdır, həm də heç bir kənar "mənbə” üzərində yox, divan ədəbiyyatı – Məhəmməd Füzuli və folklor – Molla Nəsrəddin – zəminində. Məqalələrimdə "Poçt qutusu”nu – bayatı, "Qurbanəli bəy”i – qoşma, Mirzə Cəlilin əksər  hekayələrini lətifə strukturu üzərində nəzərdən keçirmişəm; indi desəm ki, "Danabaş kəndinin əhvalatları” qəzəl strukturu üzərindədir, bu, görünməyən daha dərin təsirlənmə olar, nəinki hər hansı "görünən” motiv oxşarlığı.
 
– Əsərdə hansı məqam, dialoq və ya detal sizin üçün xüsusi əhəmiyyətlidir?
– Hər iki xətdə kulminasiya məqamı. 1) "...İnsafən Zeynəbin işi çox çətin yerə dayandı: çünki görürdü bu iş asanlıqnan qurtarmayacaq. Xudayar katda ordan o cür sifariş edib, Vəliqulu da bu tərəfdən başlayıb şıltağı və dava-mərəkəni"; 2) "Məhəmmədhəsən əmi bir-iki qədəm onların dalınca gəlib durdu və mat-mat gözünü dikdi bu gedən ağalara. Bunlar döngəni dönüb gözdən itdilər. Amma yazıq Məhəmmədhəsən əmi vaqeən ağladı. Vallah, billah, ağladı. Yəni necə ağladı? Uşaq kimi ağladı..." "Danabaş”da hər kəs belə bir çıxılmazlıq durumu ilə üz-üzə gələ bilər. Şəxsən olub ki, mən özüm, həqiqətimə özgələrini inandıra bilməyib, acizlikdən Məhəmmədhəsən əmi kimi ağlamışam...
 
– Əsərin girişində qəzetçi Xəlil bütün bu əhvalatları 1894-cü ildə qələmə aldığını qeyd edir. "Eşşəyin itməkliyi"nin  başlanğıcında da hadisənin 1894-cü ildə baş verdiyi qeyd olunur. "Xitamə"də isə final hadisəsinin üç ildən sonra baş verdiyi göstərilir, halbuki Xəlilin qeydinə əsasən, artıq qələmə alınmış bu əhvalatlar 1894-cü ildən kənara çıxmamalıydı. Siz Cəlil Məmmədquluzadənin zamana belə münasibəti barədə nə düşünürsünüz?
– Çox maraqlıdır, belə bir faktiki uyğunsuzluğa indiyə qədər tədqiqatçıların diqqət yetirməsi yadıma gəlmir. Həssas müşahidədir. Məncə, Mirzə Cəlil əsərə bir daha qayıtsaydı, "əhvalat”ın baş verdiyi zamanı ən azı 1891-ci ilə keçirərdi. İndiki halda isə – bilərəkdən, ya bilməyərəkdən – mətnin sonluğu təhkiyəçilərin – lağlağı Sadıq, qəzetçi Xəlil – sadəcə təxmin etdiklərini üzə çıxarır. Axı burda mətləb üç ildən sonra da və allah bilir hələ nə qədər sonra da, sosial kök və sosial münasibətlərin – "Danabaş”ın – zərrə qədər də dəyişilmədiyini xəbər verməkdir. Məhəmmədhəsən əmi sosial prizmadan bütün həyatını məhv etmiş Xudayar bəyə eşşəyi "eşşəkçi”dən – onu satandan – döyə-döyə alıb qaytardığına görə dua edir; çünki sosial dünyada yox, öz qəzavü-qədər fəlsəfəsinin içində yaşayır. Xudayar bəy də əbədən dəyişilməz olaraq həmənkidir; özgəsinin eşşəyini özününkü kimi sata bilər, döyüb geri ala bilər və s.
 
– ...qeyd edir ki, "Danabaş kəndinin əhvalatları" əsərinin əvvəlindəki epiqraf heç kimə deyil, birbaş Xudayar bəyin də, Zeynəbin də varidatını əlinə keçirəcək, sabahın adamı olan Qasıməliyə aiddir. Müəllifin fikrincə, gizli müəllif bütün bu mərəkənin baiskarı, daxili səsin, Sokrat iblisinin ən yaxşı dinləyicisi olan Qasıməli öz məqsədinə çatır. Bu barədə və əsərin çox müzakirələrə və zidd fikirlərə səbəb olmuş epiqrafı barədə nə deyə bilərsiniz?
– Epiqrafdan da  – sitatdan da göründüyü kimi: Mətn hər kəsi vicdanının  – "insaf”ın – səsinin ixtiyarına buraxır; "gizli müəllif” axtarırıqsa, mətn-yaradıcı başlanğıc məhz odur – Vicdanın səsi. Yox, əgər toplum həqiqətlərindən danışırıqsa, əsərdəki personajlardan hər biri – Xudayar bəy də, Qasıməli də, qazı da, karvansara sahibi Kərbəlayi Cəfər də, Məhəmmədhəsən əmi də və başqaları da, kiminin feodalizmi, ya kapital dünyasını, şəriəti, ya məzlum sinifləri təmsil etməsindən asılı olmayaraq, "Danabaş”ı birgə yaradır, təşkil edirlər. Bəlkə, bura bir Zeynəbi, qadın surətlərini aid etməmək olardı; çünki "Danabaş”da qadının sosial hüququ yoxdur, "qadın ərin kölgəsidir”. Amma sosial həyatın "Danabaş”da canını təşkil edən məişəti yada salsaq, burda "qadın motivasiyası”nın da tam yerində olduğunu görürük. Mirzə Cəlil "Danabaş”ı o qədər sosial-psixoloji dürüstlüklə mətnləşdirib ki, təkcə epizodik görünən Qasıməlinin mövqeyindən deyil, hər hansı personajın fərdi həqiqətindən yapışsan, "Danabaş”ı çözəcəksən. Bir diqqət edin. Əsərdə ən üsyankar surət Zeynəbdir; hətta etiraz səsinin böyüməsi, ictimailəşməsi səbəbindən, az qala onu Mirzə Fətəlinin "Mürafiə vəkilləri”ndəki öz hüququ uğrunda çarpışan Səkinəsi ilə eyniləşdiririk. Maarifçi mövqedən yanaşanda belə görünür. Amma Zeynəbin toplumla birbaşa savaşı yoxdur ki. Mətndən bilirik: Zeynəbin Xudayar bəyin təklifini rədd etməsinin birinci səbəbi hələ "ərinin bədəninin qəbrin içində bəlkə soyumaması”dırsa, başqa bir səbəbi Xudayar  bəydən zəhləsi getməsi, "adamaoxşamaz üzünə və iri burnuna” nifrət etməsidir. Belə çıxır ki, bu eybəcərlik olmasaydı, başqa cür də ola bilərdi? Özümdən demirəm, mətndə Xudayar bəyin dilindən Xalıqverdi bəyin adı əbəs səslənmir. "Kərbəlayı Heydər ölən kimi Zeynəbə iki ləyaqətli yerdən müştəri çıxdı. Biri Danabaş kəndinin mötəbəri və sayılanı Hacı Həmzə və biri də Çərçiboğan kəndinin qlavası Xalıqverdi bəy”. Bu ki, Mirzə Cəlil heç kəsin fərdi həqiqətindən hökm verməyə tələsmir, cəmisinin bir-birilə sıx bağlı olduğu "Danabaş”ı vicdan məhkəməsinə çəkir. Bu gün də mətnə girən hər bir oxucu bu məhkəmə qarşısındadır. Bir anlığa təsəvvür edək, "vicdanın səsi” deyir ki: əsərdə heç bir personajın yerində olmaq istəməzdik, amma sosiallıq baxımından "Danabaş” bizimdir, özgənin deyil... Heç kəs deməsin ki, Xudayar bəyin, ya Məhəmmədhəsən əminin yerində ola bilməz. Həqiqətə münasibətdə Mirzə Cəlil bu qədər cəsarətli və amansızdır...       
 
– Əsərə Platonun "Sokratın müdafiəsi” məntiqindən yanaşsaq, ümumi süjeti və müəllifin "İndi, söz yox, kənardan baxan Xudayar bəyi məzəmmət eləyir. Amma xeyr, burda əsla və qəti məzəmmət yeri yoxdur. Əgər duraq insafnan danışaq, haqqı itirməyək, gərək heç Xudayar bəyi günahkar tutmayaq” bu kimi fikirlərinə əsasən "Danabaş kəndinin əhvalatları”nı "Xudayar bəyin müdafiəsi” adlandırmaq doğrudurmu?
– Bəli, daha da amansız həqiqətə gedərək, lağlağı Sadıq və qəzetçi Xəlil üstəlik deyir: "Kim nə bilsin, bəlkə, Xudayar bəy ölsəydi, Kərbəlayı Heydər də onun övrətini istiyəcəkdi". Amma bu, "Xudayar bəyin müdafiəsi” deyil ki; göründüyü kimi, həqiqətin müdafiəsidir. "Danabaş”da ölmüş rəfiqinin övrətinə tamah salmaq, heç də "xilaf olmayan” bu hal o qədər adiləşib ki, qınağa, məzəmmətə yer qalmayıb. Daha böyük qınaq, əlbəttə, "Danabaş”ın özünədir ki, bu hissi oxucuda mətn oyadır... 
 
– Povestin əvvəlindəki qəzetçi Xəlil və lağlağı Sadıq barədə nə deyərdiniz?
– Akademik İsa Həbibbəyli monoqrafiyasında hər iki obrazın müəyyən prototipləri olduğunu üzə çıxarıb. Amma aydındır ki, hər ikisi ümumiləşmiş obrazlardır, mətndə funksiya daşıyır. Mirzə Cəlil əhvalatları müəllif təhkiyəsində deyil, "Danabaş”ın içindən daha iki vicdanı oyaq şəxsin dilindən verməklə, həqiqətə daha yaxın məsafədən, həm də daha da başqa baxış bucaqlarını cəlb etməklə nüfuz etməyə çalışır. Və demək artıqdır ki: buna nail də olur...  
 
– Bəzən Cəlil Məmmədquluzadəni öz xalqını birmənalı surətdə tənqid etdiyinə görə qınayırlar. Doğurdanmı, "Danabaş kəndinin əhvalatları”nda işıqlı heç nə yoxdur?
– Cəlil Məmmədquluzadə sadəcə tənqid etmir ki; təşrih edir, təhlil edir, analiz edir. Yaşar Qarayev yazır ki, C.Məmmədquluzadə realizmi təşrih edən, örtüləri götürüb, həqiqəti faş edən realizmdir. "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” manifestilə meydana atılan ədib xalqını necə pisləyə bilərdi? "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir” devizi ilə yazan yazıçının belə bir niyyəti ola bilərdimi? "Danabaş kəndinin əhvalatları” başdan-başa işıqdan ibarətdir; obrazlı desək, güzəştsiz bir projektordur. Hər əhvalata, epizoda, situasiyaya işıq saçmaqla yazıçı, təkrar edirəm, özümüzü tanımağımıza, ağrımağımıza, düşünməyimizə meydan verir.      
 
– Əsərdəki zəmanənin obrazını necə xarakterizə edərdiniz?
– Tarixi baxımdan olduqca dürüst, analitik-bütöv, XIX əsrin sonu Azərbaycan həyatının parlaq portreti kimi; fəlsəfi baxımdan dərin, insan mənzərələrinin daha bir əyaniliyi kimi.
 
– Cəlil Məmmədquluzadə niyə öz qəhrəmanını Məhəmmədhəsən adlandırır?
– Bu, təəccüblü deyil; obraz büsbütün – düşüncəsi, həyatı, inancları, inamı, arzu və əməlləri ilə müsəlman dini, şiəlik fanatizmi, qəzavü-qədər fəlsəfəsi içindədir, ad da buradan gəlir. Maraqlısı budur ki, əsərdə Məhəmmədhəsən deyil, "Məhəmmədhəsən əmi”dir. Burda bir doğmalıq var, həm də təkcə təhkiyəçilər – lağlağı Sadıq və qəzetçi Xəlil üçün deyil, hər bir oxucu üçün də. Təsəvvür edin, obrazı özümüzdən uzaqlaşdırıb "Məhəmmədhəsən” deyə bilmirik, o qədər ki, içimizə yaxındır...   
 
– Əsərdə eşşəyin itməsinin mistik və fəlsəfi mənası nədən ibarətdir və eşşək niyə iş işdən keçəndən sonra tapılır?
– Əslində, Məhəmmədhəsən əminin eşşəyi realistik detal kimi qiymətlidir; bu səviyyədən sonra metaforik də, mistik-fəlsəfi mənalar da çıxarmaq olar. Ulaq Məhəmmədhəsən əminin  bütün ömrünün bildiricisidir, atributudur, ifadəsidir; həm fiziki ömrünün, həm də mənəvi dünyasının, ziyarət istəyinin. Bu bir illüziyadır ki, eşşək itir və tapılır; reallıqda – mətndə biz görürük axı belə deyil. Mətn bizi həmin illüziyadan keçirir ki, "Danabaş”ı tanıyaq; həm sosial varlığını, həm də mənəvi mahiyyətini...
 
– Sizcə, Xudayar obrazı əsərdə nəyi simvolizə edir?
– Vətən kişilərini. Məqalələrimdən birində belə yazmışam: "Danabaş” – vətən kişilərinin iradəsi və idarəsi altında olan yerdir... Bayaq "Danabaş kəndinin əhvalatları”nın qəzəl strukturunda olduğunu söylədim. Burda əgər Məhəmmədhəsən əmi xətti bir, Zeynəb xətti beytin ikinci misrasını təqdim edirsə, bütün qafiyələr "Xudayar bəy” deyir, bütün beytlər "Xudayar bəy” məxrəci ilə tamamlanır. "Danabaş”ın "tərənnümü” Xudayar bəy üzərindədir...
 
– Əsər Zibanın ağlayıb kiriməsi epizodu ilə bitir. Sizcə, müəllif bunu gələcək nəsillərin ağlamalı durumu kimi canlandırıb?
– Həmin son epizodda mənə daha çox söz deyən başqa məqamdır; elə ki, Xudayar bəy Gülsümü ona deyil, Qasıməliyə verir,  əvvəl Vəliqulu "çox atılıb-düşür, ağlayıb-sızlayır”. "Bir az keçdi, hər bir şey yaddan çıxdı. Sonra Vəliqulu özü də başa düşdü ki, ona hələ hamısından vacib çörək qazanmaqdır...”. Bu, Vəliqulunu Məhəmmədhəsən əmiyə aparan yolun başlanğıcıdır. Məncə, gələcək nəslə mesajlar beləcə, ayrı-ayrı epizodlarda, məqamlarda deyil, bütövlükdə "Danabaş” həqiqətinin dərkinə dəvətlədir.
 
– Müasir dövrdə ziyarətə təyyarə, avtobusla  gedirlər. Ziyarətə getmək probleminin həll olunması ümumən "danabaşlıq problemi”ni həll edirmi?
– Açığı, "danabaşlıq” epiteti məni heç açmır; yoxdur belə bir keyfiyyət, yaxud qüsur. Var "Danabaş”, bu da problem deyil, sosial reallıqdır, ölçüdür, həqiqətin adıdır. Problem – ekzistensiya problemidir; onu da ki, nə ulaqla, atla, nə də avtobusla, təyyarə ilə gedib başa varmaq olmur. Məsələ belədir, məncə.
 
– Sizcə, bu əsərin özündənsonrakı nəsrimizə təsiri olmuşdur?
– Ümumən, Azərbaycan nəsrinin yaranmasında Cəlil Məmmədquluzadə hekayəçiliyinin payı çoxdur. İstər sosrealist yazıçılar, istərsə də 60-cılar realist təsvir ustalığını ən çox Mirzə Cəlildən öyrəniblər. Burda "Danabaş kəndinin əhvalatları”nın payı nə qədərdir, demək çətindir. Amma bütövlükdə milli varlığın dərki və təsviri baxımından ədəbiyyatımızda ikinci belə bir proza nümunəsi xatırlamıram.   Söhbətləşdi: Fərid Hüseyn      

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916