çərşənbə axşamı, 05 iyul, 23:49

Baku Bakı 30°C

Ziyalılar Forumu hara yoxa çıxıb?

icon 1660 icon 28 avqust 2013 | 08:34 Ziyalılar Forumu hara yoxa çıxıb?

Hələ iki il əvvəl Eldar Namazov şəxsi zəmində incik düşmüş bir qrup ziyalını başına yığaraq Ziyalılar Forumu deyilən bir qurum yaratmışdı və demək olar ki, E.Namazov qəzet səhifələrində hər dəfə məhz onlarla birlikdə görüntülənirdi. Bununla da o və onun havadarları cəmiyyətdə intilgensiyanın narazılığını nümayiş etdirməyə çalışırdı. Həmin ziyalı Forumunun sayəsində gündəmdə qalmağı bacaran E.Namazov və R.İbrahimbəyov seçkilər yaxınlaşdıqca əvvəlki silahdaşlarını yumşaq deyilsə, unutmağa başlayıblar. Onlar artıq müxalifətlə işbirliyinə üstünlük verirlər, nəinki Ziyalılar Forumundakı inteligentlərlə toplantı keçirməyə.
Halbuki, ilkin mərhələdə ziyalılar müxtəlif mövzularda diskussiyalar təşkil etməklə geniş spektirli iclimai məsələləri qabardırdılar və bu da öz növbəsində müxalif siyasi partiyaları Forumla yaxınlaşmağa sövq edirdi. Hətta müxalifət təşkil etdiyi piketlərdə də onları tribunada önə çəkir, cəmiyyətə ziyalılarla birgə olduqlarını nümayiş etdirməyə çalışırdılar. Lakin bütün bunlar, sən demə görüntü imiş. Əslində isə müxalifətə nə ziyalı lazımmış, nə də onun fikri, rəyi. Bunu baş verən sonrakı proseslər sübut etdi.
Sonrakı proseslər həm də onu sübut etdi ki, «reneqat» siyasətçi E.Namazov və R.İbrahimbəyova, ümumilikdə isə müxalifətə ziyalılar yalınz və yalnız ictimai rəylə imitasiya etmək üçün gərək imiş. Əgər belə olmasaydı hazırkı siyasi proseslərdə Ziyalılar Forumunun da hər hansısa rolu hiss olunardı. Halbuki, yuxarıda qeyd olunduğu kimi, E.Namazov və R.İbrahimbəyov bir müddət öncəyədək siyasi proseslərdə daha çox ziyalıların yedəyində gedir, onları daha çox irəli verir və aparıcı qüvvə kimi cəmiyyətə təqdim etməyə çalışırdılar.
Siyasi proseslərin daha çox qızışdığı indiki dövrdə isə onların ziyalıları bu şəkildə unutmaları, oyundan kənar vəziyyətə salmaları bir sıra səbəblərlə də izah oluna bilər. Məlum olduğu kimi, Ziyalılar Forumunun üzvlərindən olan Əkrəm Əylisli məlum «Daş yuxular» əsəri ilə özünü əsil simasını tanıda bildi. Bu faktın Ziyalılar Forumuna vurduğu zərbəni isə heç kim vura bilməzdi. Bu mənada belə «ziyalını» siyasi proseslərdə irəli çəkməyin müxalifətə hansı «divident»i qazandıracağını müxalif siyasətçilər bilməmiş deyil.
Bundan başqa, müxalifətin indiki birliyi olan Milli Şuranın yaradıldığı ərəfədə Ziyalılar Forumunun üzvlərindən olan Rafiq Əliyev tərəfindən proseslə bağlı verilmiş açıqlama onun diskriminasiyası ilə nəticələndi və tezliklə proseslərdən uzaqlaşdırıldı.
Belə ki, Rafiq Əliyev müxalifətin birliyi olan Milli Şuranın yaradılması ilə bağlı prosesin uğursuzluğunu bəyan etmiş və ardınca E.Namazovun onun proseslərdən bixəbər olmasını açıqlamışdı. E.Namazovun bu açıqlaması ziyalıların artıq siyasi proseslərdən tədricən uzaqlaşdırıldığının ilkin siqnalları idi. Göstərilən bu iki fakt müxalif siyasətçilərin artıq siyasətdə naşı hesab etdikləri ziyalılardan can qurtarmağa çalışdıqlarını göstərir.
Bu yaxınlarda Eldəniz Quliyev isə verdiyi açıqlama ilə baş verənləri malalamağa çalışsa da, faktiki olaraq ziyalılar Forumunun öz fəaliyyətini dayandırması adı altında siyasi proseslərdən kənarlaşdırıldığını etiraf edib. O, Forumun əsas fiqurlarından olan Rafiq Əliyevin xaricdə olduğunu bildirib. Əldə edilən məlumatlara görə, Rafiq Əliyevin xaricə üz tutması onun küsdürülməsi ilə bağlı olub. Belə ki, özünü demokratik birlik kimi təqdim edən Forumda E.Namazov və R.İbrahimbəyovun fikirlərinə alternativ fikir bildirən R.Əliyev qınağa tuş gəlib və beləliklə də o, proseslərdən uzaqlaşmağa üstünlük verib.
Bir sözlə müxalif düşərgədə hesab edirlər ki, artıq ziyalılar onlara gərək deyil və bu səbəbdən də onlar tədricən siyasi proseslərdən uzaqlaşdırılır.
Müxalif siyasi düşərgədə baş verən prosesləri gözucu izləməklə də ziyalıların proseslərdən tamamilə kənarlaşdırıldığını və əsas aktorların yenə də elə köhnə qüvvələr olduğunu müşahidə etmək olar. Göründüyü kimi, müxalif düşərgədə daha çox «El» hərəkatı, Müsavat və AXCP funksionerləri gözə dəyir.
Ümumilikdə müxalifətin ziyalılardan siyasi proseslərdə alət kimi istifadə etməsi ilk hal deyil. Məlumdur ki, 2003-cü il seçkiləri öncəsi də müxalifət tərəfindən «Amal» ziyalılar hərəkatı adlı qurum yaradılmışdı. Müxalif siyasi qüvvələr müəyyən mərhələdə ondan öz siyasi maraqları üçün istifadə etdikdən sonrakı mərhələdə «Amal»ın taleyi hamıya məlumdur. «Ziyalılar Forumu»nun taleyi də ondan fərqli olmadı. «Amal» ən azı seçki gününədək yaşadısa, «Ziyalılar Forumu» heç seçki prosesi başlamamış artıq tarixin arxivinə göndərilib. Bu, bir daha onu təsdiq edir ki, artıq müxalif siyasətbazlar ziyalıların roluna ehtiyac görmürlər. Baş verənlər müxalif düşərgədə özlərini ziyalı hesab edənləri düşündürməlidir.
Fuad QƏHRƏMANLI