• bazar ertəsi, 02 dekabr, 00:28
  • Baku Bakı 8°C

Ukraynalı uşaqlar Bakıda

05.08.23 00:45 31350
Ukraynalı uşaqlar Bakıda

Peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək. Onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərinə ekskursiyalar da təşkil olunacaq.

Ukraynadakı müharibədən əziyyət çəkmiş daha 30 nəfər ukraynalı uşaq Azərbaycana gətirilib. “Report” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi düşərgəyə cəlb edilən uşaqlar Bakı, Şamaxı Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaq. Peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək. Onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərinə ekskursiyalar da təşkil olunacaq.

Olqa Melnik: “Bütün təşkilatçılara çox minnətdaram”

Bakıya gətirilən ukraynalı uşaqları müşayiət edən Kiyev Vilayət Dövlət Administrasiyasının nümayəndəsi Olqa Melnik ukraynalı uşaqlara dincəlmək və ölkədə baş verən hadisələrdən uzaqlaşmaq imkanı verən təşkilatçılara minnətdarlığını bildirib. “Uşaqları ölkəmizdə baş verən hadisələrdən uzaqlaşaraq dincəlməyə gətirdik. Kiyev vilayəti elə bir bölgədir ki, çox atəşə tutulur, ondan uşaqlar əziyyət çəkir. Uşaqlarımıza dincəlmək və ölkəmizdə baş verən olaylardan uzaqlaşmaq imkanı verən bütün təşkilatçılara çox minnətdaram. Maraqlı ekskursiyalar, tanışlıqlarımız olacaq, Azərbaycan mədəniyyətini öyrənəcəyik”, - o qeyd edib. O, gətirilən uşaqların valideynlərinin cəbhədə döyüşdüyünü diqqətə çatdırıb. “Bizimlə bir qrup uşaq gəlib ki, onların ataları, anaları cəbhədə döyüşür, ölmüş, əsirlikdə olan, itkin düşmüş ataları var”, - o əlavə edib.

İki həftəlik proqram, rəngarəng və müsbət emosiyalar

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski də Azərbaycana gətirilən ukraynalı uşaqlarla bağlı paylaşım edib. Diplomat feysbukda yazıb: "Artıq ikinci ildir ki, biz azərbaycanlı dostlarımızla birlikdə Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində zərər çəkmiş ukraynalı uşaqların reabilitasiyası və istirahəti layihəsinin icrasını davam etdiririk. Bu dəfə qonaqpərvər Azərbaycana Ukraynanın suverenliyini və ərazi bütövlüyünü rus işğalçılarından müdafiə edən və ya təəssüf ki, Vətənimizin işıqlı gələcəyi naminə canlarından keçmiş şəxslərin uşaqları təşrif buyurdular. Qarşıda uşaqlarımızı zəngin iki həftəlik proqram, çoxlu rəngarəng və müsbət emosiyalar gözləyir".

banner

Oxşar Xəbərlər