• cümə axşamı, 21 noyabr, 10:59
  • Baku Bakı 10°C

Abxaz dəmir yolunun açılması baş tutmayacaq

19.08.23 04:00 30552
Abxaz dəmir yolunun açılması baş tutmayacaq

Rusiya ilə Ermənistanı birləşdirən və Abxaziyadan keçən dəmiryolu xəttinin açılması ilə bağlı müzakirələr yenidən intensivləşib. Bu məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatı aranı qarışdırıb. 


Rusiyanın işğalı altında olan Abxaziya ərazisindən Ermənistanla dəmir yolu əlaqəsini bərpa etmək istəyi yenidən gündəmə gəlib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Abxaziya vasitəsilə Ermənistanla dəmir yolu əlaqəsinin bərpası üzərində işlədikləri barədə bəyanatı aranı qarışdırıb. Mayın əvvəlində isə Rusiya Ticarət və Sənaye Palatasının prezidenti Sergey Katırin qondarma Abxaziya respublikası ərazisindən dəmir yolu tranzitinə başlamaq zərurətini bəyan edib. 

“Gürcü Arzusu” gizli danışıqlar aparır?

Abxaziya dəmir yolunun açılmasını gürcü müxalifəti Gürcüstanın dövlət maraqlarına xəyanət kimi qəbul edir və bu addımın yalnız separatçıların maraqlarına xidmət edəcəyini irəli sürür. Digər tərəfdən, hesab edilir ki, bu, ölkənin iqtisadiyyatını zəiflədəcək. Daha dəqiq desək, yolun açılmasının Poti limanı ilə həyata keçirilən ticarət dövriyyəsini azaldacağı vurğulanır. Bir faktı da yada salaq ki, “Gürcü arzusu” hələ müxalifətdə olarkən bu məsələni gündəmə gətirmişdi. Lakin hakimiyyətə gəldikdən sonra onun mövqeyi xeyli dəyişib, bu, prinsipcə, təəccüblü deyil - müxalifətdə olanda danışmaq olar - yəni, səslənən sözün məsuliyyəti olmur. Ancaq hakimiyyətdə olanda məsuliyyət olduğundan vaxtilə deyilənlər arxa plana keçir. Gürcü deputat Roman Qotsiridze “Gürcü Arzusu”na bu məsələ ilə bağlı bütün şübhələri aradan qaldırmağı təklif edib. “Zaxarova Rusiyanın rəsmi mövqeyini səsləndirib və Gürcüstan hökuməti bu məsələdə səssiz qala bilməyəcək. Belə bir şeyin olmadığı və planlaşdırılmadığı barədə dərhal açıqlama lazımdır. Bu yol Rusiyanın hərbi potensialını gücləndirəcək, ona avtoritar rejimlərlə birbaşa əlaqə yaratmağa imkan verəcək. Bu layihənin həyata keçirilməsi Rusiyanın aqressiv planlarına dəstək olacaq”, - deyə siyasətçi bildirib.

Yüz milyonlarla dollar, azı iki il vaxt

Gürcüstanın İnsan Hüquqları Komitəsinin rəhbəri Aluda Quduşauri hesab edir ki, Zaxarovanın dedikləri maraqlı deyil: “Dövlətimizin bu məsələ ilə bağlı dəqiq mövqeyi var, biz bunu bütün beynəlxalq platformalarda qeydə almışıq. Biz Gürcüstanın maraqlarına uyğun addımlar atmağa davam edəcəyik”. Millət vəkilinin ifadəsinin qeyri-müəyyənliyi müxalifətin şübhələrini daha da artırıb. Müxalifətçi deputat Tina Bokuçavanın sözlərinə görə, hakimiyyət öz nüfuzunu itirmək bahasına olsa belə, dəmir yolu əlaqəsini bərpa etməyə hazırlaşır. Politoloq Paata Zakareişvili isə bu arqumentlərlə razılaşmır və hesab edir ki, “Gürcü Arzusu” seçkilər öncəsi özünə zərbə vurmayacaq: “Dəmir yolunun Oçamşirdən Zuqdidiyə qədər olan hissəsinin yalnız xəritədə mövcud olduğunu nəzərə alsaq, tərəflər ortaq məxrəcə gəlsələr belə, marşrutun bərpası üçün yüz milyonlarla dollar və ən azı iki il lazım olacaq. Hazırkı şəraitdə bu amillər məsələ ilə bağlı danışıqları minimuma endirir”.
Bundan sonra Gürcüstanın baş naziri İrakli Qaribaşvili Abxaziya dəmir yolunun bərpası üçün heç bir danışıq aparılmadığını bəyan edib. O,  bəzi dairələrin ictimaiyyəti çaşdırmağa çalışdığını bildirib. 

Ermənistanın xəyalı reallaşmayacaq

Məsələdə maraqlı tərəflərdən biri də Ermənistandır. Uzun illər işğalçılıq siyasəti səbəbindən blokda vəziyyətinə salınan İrəvan hər vəchlə bu yolun açılmasına çalışır. Ölkə hazırda yüklərini Gürcüstanın “Yuxarı Lars” keçid məntəqəsi ilə həyata keçirir. Amma bu yol il boyu tıxaclar və pis hava şəraiti səbəbindən problemlidir. Bu səbəbdən də, Ermənistan yüklərin daşınması üçün Abxaziya ilə dəmir yolunun açılmasına ümid edir. Lakin bu arzu reallaşana oxşamır. Məsələ ondadır ki, Abxaziya ilə Rusiya Federasiyası və Ermənistan arasında dəmir yolunun açılması mövzusu 15 il əvvəl də müzakirə olunub, amma gürcü tərəfinin haqlı etirazı səbəbilə razılığa gəlmək mümkün olmayıb. Gürcüstan hesab edir ki, Abxaziya dəmir yolu sektoru, SSRİ illərində olduğu kimi, Gürcüstan dəmir yolunun Abxaziya sektoru adlanmalıdır. Abxaziya tərəfi isə buna razı deyil. 

Abxaziya müstəqillik tələb edir

Qeyd edək ki, Abxaziya tərəfi dəfələrlə dəmir yolunun açılması ilə bağlı debatlarda iştirak etməyib. Sanki dəmir yolu əlaqəsinin açılması məsələsi hamını - Tbilisini, İrəvanı, Moskvanı, Vaşinqtonu, Brüsseli maraqlandırır, tək abxazlardan başqa. Uzun illər də “bizə bu dəmir yolu qətiyyən lazım deyil, əgər ehtiyacınız varsa, müstəqilliyimizi tanıyın, o zaman bəlkə sizin xahişinizə baxarıq”, - deyə iddia ediblər. Lakin son vaxtlar Abxaziya tərəfi öz mövqeyini dəyişib. Bu, Abxaziya tərəfinin xüsusi “hökumət” komissiyasının iclasından sonra məlum olub. Bəs nədən abxazlar danışıqların mümkün olduğu qənaətinə gəliblər? Bu gözlənilməz mövqe dəyişikliyinin bir neçə izahı ola bilər. Məsələn, son vaxtlar Rusiyanın beynəlxalq təcridi fonunda Gürcüstandan tranzitin xeyli artması və abxazların asan pul qazanmaq iyini hiss etməsi faktı həlledici ola bilər. 

Bir faktı da qeyd edək ki, rəsmi Tbilisi bu dəmir yolunu açmaqla strateji səhvə yol verə bilər. Birincisi, bunu edərsə, Gürcüstan hakimiyyəti öz ölkəsinin ərazi bütövlüyünü şübhə altına almış olacaq. İkincisi, separatçı Abxaziyanı müstəqil subyekt kimi qəbul edir, bununla da, beynəlxalq miqyasda Abxaziyanın tanınmasına şərait yaradır. Üçüncüsü, Rusiyanın təzyiqləri qarşısında ölkəsinin suverenliyini və hakimiyyətinin müstəqilliyini şübhə altına qoyur. Dördüncüsü, bu, Gürcüstanın rəsmi Bakı ilə strateji münasibətlərinə zidd olardı. 

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər