Xaricə gedənlər yoxlanılır, bəs daxildə satılanlar?
Xaricdən geri qayıdan məhsulların tərkibində əksərən, bitkiçilik üçün təhlükəli mikroorqanizmlər olur. Yəni, o hansı ölkəyə gedərsə, orada yayıla bilər. Ekspertlərin qənaətincə, bu mikroorqanizmlərlə mübarizə düzgün aparılmır.
Ötən həftə Azərbaycandan Rusiyaya ixrac olunan 47 ton pomidor və 14 ton çiyələk saxlanılıb. Ümumilikdə, ölkə ərazisindən Rusiyaya 61 ton bitki məhsulunun ixracı qadağan edilib. Tək pomidor və çiyələk deyil, tez-tez kartof və digər tərəvəzlərlə də bağlı belə hallarla rastlaşırıq. Müşahidələrimizə əsasən, xaricə göndərilən meyvə-tərəvəzin tərkibi ciddi şəkildə yoxlanılır. Bəs ölkə daxilində necə? Daxili bazarlarda satılan, bizim hər birimizin mətbəxini, süfrələrimizi bəzəyən meyvə-tərəvəz yoxlanılırmı?
Daxili bazarda təhlükəli nüans
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, daxili bazarda ən təhlükəli nüans yerli kənd təsərrüfatı məhsullarının zərərvericilərə yoluxmasıdır: “Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin (AQTA) əsasnaməsinə baxsaq görərik ki, qarşılarında çox hədəflər qoyulub. Onların vəzifəsi tək Azərbaycan istehlakçılarının qida təhlükəsizliyinin təmin olunması yox, eləcə də Azərbaycan mallarının xarici bazara çıxarılmasına yardım etməkdir. Lakin dəfələrlə məhsullarımız geri qaytarılıb. Burada ciddi məsələlərdən biri Azərbaycanın yerli kənd təsərrüfatı məhsullarının zərərvericilərə yoluxmasıdır. Xaricdən geri qayıdan məhsulların tərkibində əksərən, bitkiçilik üçün təhlükəli mikroorqanizmlər olur. Yəni, o hansı ölkəyə gedərsə, orada yayıla bilər. Təəssüflər olsun ki, bu mikroorqanizmlərlə mübarizə düzgün aparılmır”.
185 ölkə arasında 115-ci yerdəyik
Mütəxəssisin sözlərinə görə, ölkə bazarlarında satılan meyvə-tərəvəz məhsullarının keyfiyyəti istənilən səviyyədə yoxlanılmır: “AQTA-nın əsasnaməsində keyfiyyət barədə qeyd yoxdur. Qida həm təhlükəli ola bilər, həm də keyfiyyətsiz. Təhlükəli qida insanı bir anda öldürər. Təhlükəsiz və keyfiyyətsiz qida isə bunu bir neçə aya edər. Biz necə qidalandığımızı apteklərdə dərmanların satılmasında, xəstəxanalarda növbələrin çoxluğunda görürük. Ən əsası isə, Ümumdünya Səhiyyə Təşkilatının insan ömrünün uzunluğuna dair siyahısında 185 ölkə arasında 115-ci yerdəyik. Belə bir şəraitdə əlbəttə, Azərbaycanın əmtəə bazarında olan kənd təsərrüfatı məhsullarının tərkibində şübhələr yaranır”.
Bazarlarda açıq satılan məhsullar yoxlanılmır
Həmsöhbətimiz deyir ki, hər il rəhbərlik etdiyi birliyin xətti ilə sadə aparatlarla qarpız və yemişlərin tərkibi yoxlanılır. Bu tərəvəzlərin tərkibində nitratların miqdarı çoxdur: “Nitrat bağırsaq mikroorqanizmlərinin fəaliyyətində kəskin zəhər olan nitritə çevrilir. Alınan bu maddə orqanizmdə maddələr mübadiləsində iştirak edərək insan və heyvanlar üçün ciddi təhlükə yaradır. Nitrat suda, torpaqda və nəhayət, bitkinin bütün orqanlarında həddən artıq toplanır. Bu isə azot gübrəsinin torpağa tələb olduğundan artıq verilməsi ilə bağlıdır. Qarpız və yemişin tərkibində nitratlar ildən-ilə azalsa da, hələ istənilən səviyyədə deyil. İnsanlar hansı kənd təsərrüfatı məhsulunun tərkibində nə olduğunu bilmirlər. Onu yalnız laboratoriyalar araşdırır. Ona görə də vətəndaşlar nəinki daxili bazarda yoxlanmayan, hətta xarici bazardan da geri qaytarılan məhsulları tükədirlər. Bazarlarda açıq satılan məhsullar yoxlanılmır. Məsələn, Azərbaycanda daim fındıq və qozun tərkibində göbələklər olur ki, bu insan sağlamlığı üçün təhlükəlidir. AQTA ilə fermer təsərrüfatları sıx işləməli, güclü nəzarət olmalıdır”.
Bəs AQTA nə deyir?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən “Kaspi”yə verilən məlumata görə, AQTA qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri görülür: “Eyni zamanda, ölkəmizdən xaricə ixrac olunan qida məhsulları, eləcə də fitosanitar nəzarətinə aid olan bitkiçilik məhsulları üzərində zəruri nəzarət tədbirləri həyata keçirilir”.
Qurumdan verilən məlumata görə, məhsullar gömrük ərazisinə daxil olduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir: “Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər. Ölkəmizdən ixrac olunan məhsullar isə idxalçı ölkənin tələbləri nəzərə alınmaqla laborator analizlərə cəlb edilir və müşayiətedici sənədlər, ixrac sertifikatı ilə təmin olunur. Laboratoriyada məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq müayinə edilir, nəticələr normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi halda, idxal olunan məhsul geri çağırılır, məhv edilir və ya utilizasiya olunur, ixrac zamanı isə məhsullara ixrac sertifikatlarının verilməsindən imtina olunur”.
Həmçinin qurum sahibkarlarla tez-tez maarifləndirici görüşlər keçirdiyini, onlara qanunvericiliyin tələbləri izah olunduğunu bildirir.
Aygün ƏZİZ