• şənbə, 20 Aprel, 08:00
  • Baku Bakı 14°C

Zibilxanaya çevrilən “su anbarı” - PROBLEM

20.05.23 04:30 1695
Zibilxanaya çevrilən “su anbarı” - PROBLEM

Masazır sakinləri vaxtilə burada inşa edilən su anbarının məişət tullantıları poliqonuna çevrilməsindən şikayətçidirlər. Yerli qurumlar problemin yaranmasında vətəndaşları, sakinlər isə mövcud vəziyyətə görə qarşı tərəfi ittiham edirlər. 

Abşeron rayonu Masazır kəndi Məmməd Səid Ordubadi küçəsi və 56 saylı Kəlbəcər məktəbi yaxınlığındakı ərazidə vaxtilə inşa edilən su anbarı məişət tullantıları poliqonuna çevrilib. Bu barədə bir qrup Masazır sakininin redaksiyamıza ünvanladığı elektron müraciətdə qeyd olunub. Vətəndaşların iddiasına görə, müstəqilliyin ilk illərində bu ərazidə təxminən futbol meydançası böyüklüyündə su anbarının tikintisinə başlanılıb.

Antisanitar vəziyyətin yaranmasına səbəb

Masazırın ən hündür ərazisi tikinti üçün ona görə seçilib ki, perspektivdə yaşayış məntəqəsi genişlənəndə su təbii axınla hər kəs üçün əlçatan olsun, sakinlərin su təminatı yaxşılaşsın. Bu məqsədlə ərazidə qazma işləri aparılıb, anbarın aşağı hissəsinə və dörd bir tərəfinə monolit beton döşənib ki, anbarda toplanan su itkiyə getməsin, torpağa sızmasın. Sakinlərin sözlərinə görə, hələ o vaxtlar vətəndaşlara bildirilib ki, su anbarı istismara veriləndən sonra ətrafda park salınacaq, müxtəlif ağaclar əkiləcək, ümumən ərazi yaşıllıq zolaqları ilə əhatələnəcək. Lakin naməlum səbəblərdən tikinti tam başa çatdırılmayıb, yarımçıq qalıb. Verilən vədlərin əksinə olaraq, hazırda bu yarımçıq tikili zibilxanaya çevrilib. Ətrafdakı bəzi sakinlər əllərinə keçən zibili, inşaat materialı tullantılarını buraya atır, ətrafda antisanitar vəziyyətin yaranmasına səbəb olurlar.

Quraşdırılan çənlər tələbatı ödəmir

Müraciət müəllifləri iddia edir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti anbarı tikib sona çatdırmaq əvəzinə, ərazidə iki böyük dəmir çən quraşdırıb, fasilələrlə Masazırdakı evlərə bu çənlərdən su verməyə başlayıb. Yaşayış sahəsi böyük, məskunlaşma çox olduğundan, hazırda iki su çəni tələbatı ödəmir. Fasiləli qaydada və yüksək təzyiqlə verilən su Masazırın nisbətən yuxarı hissəsindəki mənzillərə çatmır. Aşağılardakı mənzillərin su boruları isə yüksək təzyiqdən partlayır, içməli su yola dağılaraq israf olunur.

Yerli qurumlardan reaksiya

Masazır sakinlərinin şikayətini araşdırmaq üçün ilk növbədə Masazır Bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyənin xanım əməkdaşı bizi dinlədikdən sonra sədrin hazırda ərazidə olduğunu bildirdi. Qısa müddətdə sorğumuzun cavablandırılacağı bildirilsə də, heç bir reaksiya olmadı.

Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov bildirdi ki, sözügedən ərazinin zibilxanaya çevrilməsində elə oradakı bəzi sakinlər günahkardırlar. Onun sözlərinə görə, dəfələrlə sakinlər arasında maarifləndirici söhbətlər aparılıb, tullantıların bələdiyyə xətti ilə daşınmasının nə cür təşkil olunduğu, sakinlərin hansı qaydada davranması, bu işə necə köməklik göstərmələri izah edilib.

Ərazi qısa zamanda tullantılardan təmizlənəcək

İcra nümayəndəsi vurğuladı ki, qeyd edilən ərazi qısa zamanda tullantılardan təmizlənəcək: “Məişət tullantılarının daşınması Masazırda təşkil olunub. Bunun üçün aylıq cüzi ödəniş var və əksəriyyət bunu ödəyir. Toplanan bu vəsait tullantıların daşınmasına, texnikanın saxlanmasına, tullantıların daşınmasını həyata keçirən fəhlələrin və sürücünün aylıq məvacibinə xərclənir. Təmizlik işçiləri hətta zibilpulu verməyən sakinlərin də evinin qarşısındakı zibili götürüb aparırlar. Amma təəssüflə qeyd etməliyəm ki, bəzi sakinlərimiz bu işdə bizə dəstək olmaq istəmirlər. Su anbarı kimi təqdim edilən ərazini pandemiya dövründə və ondan sonra bir neçə dəfə təmizləmişik. Sakinlərdən də xahiş etmişik ki, zibili buraya atmasınlar, antisanitar vəziyyət yaratmasınlar. Görünən budur ki, kimlərsə yenə öz əməlindən geri qalmır. Biz yenə də öz əməkdaşlarımızı əraziyə təhkim edəcəyik, oranın təmizlənməsini həyata keçirəcəyik”.

Burada su anbarı tikilməyəcək

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı isə qəzetimizə açıqlamsında bildirdi ki, Masazırda “Cantəpə” kimi tanınan ərazinin yuxarı hissəsində təmsil etdiyi qurum tərəfindən hər hansı su anbarı tikintisi həyata keçirilməyib. Onun sözlərinə görə, sakinlərin nişan verdiyi ünvan boş bir ərazidir, gələcəkdə oranın su anbarı olması barədə də hər hansı plan yoxdur: “Sözügedən ərazidə “Azərsu” layihəyə uyğun olaraq iki ədəd metal çən quraşdırıb. Əhalinin su təminatı bu yolla həyata keçirilir. Ərazidə quruculuq, yeni tikililərin miqyası genişdir. “Azərsu” tərəfindən orada şəbəkə qurulub. Şəbəkənin bir hissəsi mərkəzləşdirilmiş, digər hissəsi isə vətəndaşlar tərəfindən fərdi qaydada çəkilmiş xətlərdir. Qrafiklə su verilən zaman fərdi xətlərdə qəzaların, su axıntılarının baş verməsi halları yaşanır. Belə olanda vətəndaşlar dərhal “Azərsu”nun 955 “Qaynar xətti”nə məlumat verir, Rayon Sukanal İdarəsinin əməkdaşları da gedib o problemi yerində həll edirlər. Su borularından hava axınının olmasına gəlincə, qeyd olunan ərazidəki evlərə fasiləli rejimlə su verilir. Su verilib dayanandan və növbəti dəfə nasoslar işə düşəndən sonra relyefcə yüksəklikdə yerləşən mənzillərin su xəttində su gələnə qədər qısamüddətli hava axını yaranır. Bu, təbii prosesdir və bilavasitə fasiləli rejimlə əlaqədardır”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər