Zəfər günü teatr səhnələrində
Mədəniyyət ocaqlarımız – teatrlarımız da bu tarixi günə xüsusi hazırlaşırlar. Həm Bakıda, həm də bölgələrimizdə yerləşən teatrlar bayram ərəfəsində igidlərimizin qəhrəmanlıqlarından bəhs edən tamaşalar nümayiş etdirəcəklər.
Qarabağ savaşı Azərbaycanın çoxcildli tarixinin əsas kitablarından biridir. 44 günlük İkinci Qarabağ savaşı isə Zəfər sevinci və təntənəsi ilə bu kitabın ən vacib fəsli, ən önəmli səhifəsidir. Bu savaş bizi dünya qarşısında alnıaçıq, üzüağ etdi, mənəvi kimliyimizi yenidən təsdiq etdi, xor baxanların gözünə dik baxdırdı. Bu tarixi savaşın möhtəşəm qələbəsi – Zəfər gününün ərəfəsindəyik. Məlumdur ki, bu qalibiyyət günü ilə bağlı bütün ölkə boyu müxtəlif tədbirlər keçiriləcək. Bəs mədəniyyət ocaqlarımız – teatrlarımız bu tarixi günə necə hazırlaşır? Gəlin birlikdə virtual səyahət edək.
Dram Teatrında “Zəfər yolu”
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bayram ərəfəsində “Zəfər yolu” tamaşası təqdim olunacaq. Bu barədə teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verdi: “Bu tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır”. Baş rolun ifaçısı respublikanın Xalq artisti Nurəddin Mehdixanlıdır. Tamaşa bayram ərəfəsi 3 gün oynanılacaq.
Qəhrəman analarına "Bir nəfəs qədər" yaxın
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova teatrın səhnəsində Zəfər günü ilə əlaqədar şəhidlər, qazilər, əsgərlər və müharibə iştirakçılarının analarına həsr olunan "Bir nəfəs qədər" tamaşasının oynanılacağını bildirdi: “Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artistlər Leyla Ağayeva və Zakir Ağayev, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur”.
Dövlət Gənc Tamaşaçılar Teatrında “İnanıram”
Bayram ərəfəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da səhnəsi boş qalmayacaq. Teatrın mətbuat katibi Hüsniyyə Quliyeva bildirdi ki, gənc yazıçı Ülviyyə Heydərovanın “İnanıram” mono-pyesi əsasında eyni adlı tamaşanın nümayişi gözlənilir: “Quruluşçu rejissoru, səhnə və musiqi tərtibatçısı Elşad Rəhimzadə olan bu tamaşada şəhid anasını sevilən aktrisamız Zemfira Əbdülsəmədova oynayacaq”.
44 dəqiqə davam edən “Cənnətə bilet”
Bakı Uşaq və Gənclər Teatrı da digərlərindən geri qalmır. Teatrın direktoru İntiqam Soltandan aldığımız məlumata görə, onlar da Zəfər gününə töhfə vermək niyyətindədirlər: “44 günlük müharibəyə həsr olunan iki tamaşa göstərmək istəyirik. Şəhidlərimizə, qazilərimizə həsr olunan “Cənnətə bilet” adlı tamaşa simvolik olaraq 44 dəqiqə davam edir. Bundan başqa, “Vətən” adlı tamaşamız da var. Biz onu sözə ehtiyac olmayan tamaşa, yəni sözsüz tamaşa adlandırırıq. Yəni tamaşada vətənpərvərliyi göstərmək üçün heç bir sözdən istifadə olunmur, sadəcə hərəkətlər var. Bir başqa layihə üzərində də işləyirik. Aktyorları qrim edərək Üzeyir Hacıbəyov, Soltan Hacıbəyov, Xan Şuşinski, Qarabağ xanı, Haqverdiyev, Natəvan, Bülbül, Müslüm Maqomayev və digərlərinə bənzədib, açıq havada yazdıqları, yaratdıqları, ifa etdikləri əsərlərlə tamaşaçılar qarşısına çıxarmaq istəyirik. Bunu hələ ki, bir dəfə etməyi nəzərdə tutmuşuq. Layihəni aktyorları evakuatorla şəhər boyu gəzdirərək etmək istəyirik. Düşünürəm ki, maraqlı bir layihə olacaq”.
Şəki igidləri konsertlə anılacaq
Zəfər günü ilə bağlı tamaşa və tədbirlər bölgələrdə yerləşən teatrlarda da olacaq. Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimlidən aldığımız məlumata görə, orada teatr və Şəki mədəniyyət işçilərinin iştirakı ilə konsert proqramı təşkil ediləcək: “Şəhid ailələri və qazilərimizin iştirak edəcəyi bu tədbirdə tarixi zəfərin əldə edilməsində Şəki igidlərinin rolundan danışılacaq”.
Lənkəranda “Haqqın 44 günü”
Bayram günlərində Lənkəran Dövlət Dram Teatrı da boş oturmayacaq. Teatrın mətbuat xidmətinin rəhbəri Ağəddin Babayevin verdiyi məlumata görə, Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr, rəşadətli ordumuzun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar, zəfərimizin şanlı yollarından bəhs edən “Haqqın 44 günü” tamaşası göstəriləcək: “Tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Bundan başqa, Kamal Abdullanın "Casus", Əli Əmirlinin "Sehirli alma" və İlqar Fəhminin "Qanlı namə" tamaşalarının premyeraları da gözlənilir”.
Xanım Aydın