Şeirləri ilə portretini yaradan şair
İlk şeiri “Xatirələr” olan Çingiz Əlioğlu indi özü qələm yoldaşlarının, onu tanıyanların dilində bir xatirəyə çevrildi. Amma bu xatirələrdə bir əsas nüans daha çox önə çıxır: Çingiz Əlioğlunun insanlığı, dostluğa sədaqəti, səmimiyyəti, insanlara münasibəti…
Çingiz Əlioğlu dünyadan köçdü... İndi onunla bir vaxtda, eyni ədəbi mühitdə yol gedən, dostluq edən, söz-söhbətini, yaradıcılığını, xarakterini yaxından tanıyan qələm yoldaşları, ədəbiyyat adamları onu kövrək hisslərlə xatırlayırlar. Hər kəsin yaddaşında mərhumla bağlı ayrı bir xatirə, ayrı bir söz, ayrı bir Çingiz Əlioğlu var.
İlk şeiri “Xatirələr” olan şairin indi özü qələm yoldaşlarının, onu tanıyanların dilində bir xatirəyə çevrildi. Amma bu xatirələrdə bir əsas nüans daha çox önə çıxır: Çingiz Əlioğlunun insanlığı, dostluğa sədaqəti, səmimiyyəti, insanlara münasibəti…
“Çingiz tərcümeyi-halını özü yazmışdı”
Yazıçı-dramaturq Seyran Səxavət “Mən təkcə qələm dostumu deyil, həm də uşaqlıq dostumu itirmişəm”- deyə təəssüflənir: “Biz 4-5 yaşından bir yerdə böyümüşük. Üstümüzün-başımızın bulaşıq vaxtı, torpaqda birgə eşələnmişik. Çingiz mənim üçün əziz adam idi. O şeirləri ilə heç kəsə oxşamırdı. Çingizin şeirləri ancaq Çingiz Əlioğluna bənzəyirdi. Özü də ancaq öz şeirlərinə oxşayırdı. Əgər şeirləri insan sifətinə çevirmək mümkün olsaydı və Çingizin şeirlərini çevirsəydik, onun portreti alınardı”. S.Səxavət uşaqlıq dostunun təbiət etibarı ilə də qeyri-adi olduğunu deyir: “Çingiz oturub-durmalı oğlan idi. Yaxşı ailəsi vardı. Ocağında iki ağıllı oğlu var. Həyat yoldaşı Südabə xanım onun bütün nazını, əziyyətini çəkdi. Biz onunla çox qaynayıb-qarışmışdıq. Çingiz fərqlənməyi xoşlayırdı. İddialı, hikkəli idi, amma bu xüsusiyyətlərinin də bəraəti vardı. Kimsə özünü ona oxşatmaq istəyəndə xoşlamırdı. Bu xüsusiyyətləri ilə Çingiz hamıdan fərqlənirdi. Şair və yazıçılar var ki, anadan olmamış tərcümeyi-halları masanın üstündə hazırdır. Ancaq Çingiz tərcümeyi-halını özü yazmışdı. Heyf …”.
“Elə bil dünyamız kiçilir…”
Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Elçin Hüseynbəyli hələ gəncliyindən, yeniyetmə vaxtlarından Çingiz Əlioğlunun poeziyasını sevdiyini deyir: “Çingiz müəllim televiziyada veriliş aparırdı. Biz tələbə olanda bir neçə dəfə bizi verilişinə çəkmişdi. Ancaq mən Yazıçılar Birliyinə gələndən sonra onunla daha çox yaxınlaşdım. O, öz siması, yaradıcılığı, boy-buxunu, danışığı ilə ədəbiyyat adamı idi. Yaradıcılığında bütün şairlər kimi sevgi motivlərinə üstünlük verirdi, ancaq onun poeziyasında hər şey vardı: həm vətənlə bağlılıq, həm ictimai mövzulu şeirlər…” E.Hüseynbəyli son zamanlar bizim çox görkəmli şair və yazıçılarımızın dünyadan köçdüyünü təəssüflə bildirir: “Elə bil dünyamız kiçilməyə, ədəbiyyatımız itirməyə başlayıb. Elə bil oxucu qıtlığı dövrü gəlib çatıb ki, kütləviləşmək, populyarlaşmaq mümkün olmadığına görə onların yeri də boş görünür. Çox təsiredici və təəssüfedici haldır ki, bu cür böyük insanlarımız gedirlər, onların yerini doldura biləcək şair və yazıçılarımız olsa belə, böyük oxucu auditoriyasına malik deyillər. Digər tərəfdən, heç kim heç kimi əvəz edə bilməz - nə insanlıqları, nə də yaradıcılıqları ilə. Biz yalnız onların xatirələri ilə, qoyduqları izlərlə yaşaya bilərik…”
“Onu düşündürən nə vardısa yazırdı…”
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli “Çingizin ölümü bütün ədəbiyyat adamları kimi məni də sarsıtdı və həyəcanlandırdı”, - deyə xatirələrini bölüşür: “Çingizlə mənim münasibətim 80-ci illərdən başlayır. Onun yaradıcılığı haqqında bir neçə məqalə də yazmışam. Çingizin özünəməxsus fərdi ifadə tərzi, üslubu vardı. O, heç kimə oxşamırdı. 1985-ci ildə “Ulduz” jurnalında bir-biri ilə dost olan, eyni ildə ədəbiyyata gələn 3 şair - Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı və Çingiz Əlioğlu haqqında yazmışam. Hər birinin ayrıca üslubu vardı. Çingiz həm heca, həm sərbəst vəzndə şeirlər yazırdı. O, Rəsul Rza poetik məktəbinin davamçısı idi. Amma onu təkrar etmirdi. Çingiz bütün mövzularda - onu düşündürən nə vardısa yazırdı. Çingiz əslən Füzuli rayonundan idi. İlyas Əfəndiyevin bacısı oğlu idi. Amma onun yaradıcılığında bir qarabağlı kimi regionçuluq hiss edilmirdi. Son illər xəstə olduğunu bilirdim. Aramızda münasibət yaxşı idi. O məni bir tənqidçi kimi, mən də onu bir şair kimi qəbul edirdim. Ədəbiyyatımız onun simasında istedadlı və layiqli bir şairi itirdi…”
“Elə bil dünyam uçdu…”
“Mən Çingiz Əlioğlunun ölüm xəbərini eşidəndə sanki böyük bir dünyam uçdu” - deyə ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangir kədərini bölüşür: “Çingiz Əlioğlunun yaradıcılığı üçün dillə, sözlə modern münasibət səciyyəvi idi. O, Rəsul Rza ənənələrini davam və inkişaf etdirən bir şair idi. Onun şeirlərinin əsas qəhrəmanı istehsalat qəhrəmanı, tarixi qəhrəman, kommunist partiyasının rəhbəri, fəhlə və ya kəndli deyildi. Çingiz Əlioğlunun əsas qəhrəmanı insan idi. Onun daxili duyğuları, hissləri, əzabı, problemləri idi. Bu nöqteyi-nəzərdən onun Vaqif Bayatlı Ödər, Adil Mirseyid, Ramiz Rövşən kimi 60-cı illərdə ədəbiyyata gələn şairlər arasında özünəməxsus dəst-xətti vardı”. Ə.Cahangir Çingiz Əlioğlunu insani xüsusiyyətləri ilə fərqləndiyini deyir: “Məsələn, o, gənclərin yaradıcılığına böyük qayğı və həssaslıqla yanaşırdı. Çünki özü də 60-cı illərdə poeziyaya gələndə yaşlı nəslin nümayəndələri tərəfindən müəyyən təpkilər görmüşdü. O, gənclərin belə təpkilərlə qarşılaşmasını istəmirdi. Gənclərin yaradıcılığını oxuyurdu, izləyirdi. Lazım biləndə onlar haqqında yazılar yazır, onlara mənəvi dəstək dururdu. Evi olmayan, həyatında problem olan gəncləri mənəvi cəhətdən qanadı altına alırdı. Mədəniyyət Nazirliyində kitab-poliqrafiya şöbəsinin müdiri işləyəndə məni dəfələrlə işə dəvət eləmişdi. Düzdür, getmədim, Yazıçılar Birliyində qalmağa üstünlük verdim. O, imkanı çərçivəsində perspektivini gördüyü gənclərə qayğı göstərmək istəyirdi. Çingiz Əlioğlu özünün həm yaradıcılığı, həm də insanlığı ilə ədəbiyyatımızda və xatirələrimizdə daim yaşayacaq”.
Təranə Məhərrəmova