• şənbə, 14 Noyabr, 02:59
  • Baku Bakı 13°C

Qeyri-adi yumor, sevgi və pul oyunu

14.11.26 01:09 31
Qeyri-adi yumor, sevgi və pul oyunu

“Pullu komediya” milli kolorit, ailə münasibətləri, pul və sevgi ətrafında dolaşan komik hadisələri səhnəyə gətirir. Tamaşadakı gözlənilməz vəziyyətlər, qarışan planlar tamaşaçıya həm gülüş, həm də tanış həyat mənzərələri vəd edir.

Teatrın qapısından içəri girən tamaşaçı gündəlik qayğılarını bir neçə saatlıq unutmaq istəyir. Dövlət Milli Gənc Tamaşaçılar Teatrında premyerası keçirilən “Pullu komediya” tamaşası da məhz belə bir ovqat yaratmağı hədəfləyir. Klod Manyenin məşhur “Oskar” pyesi əsasında Xanım Aydının səhnələşdirdiyi əsər Nicat Kazımovun quruluşunda Bakı mühitinə köçürülərək milli kolorit, ailə münasibətləri, pul və sevgi ətrafında dolaşan komik hadisələri səhnəyə gətirir. Tamaşadakı gözlənilməz vəziyyətlər, qarışan planlar və insanın özünün qurduğu tələyə düşməsi tamaşaçıya həm gülüş, həm də tanış həyat mənzərələri vəd edir.

Fransız komediyasından Bakı əhvalatına

Xanım Aydının təbdilində əsas dəyişiklik qəhrəmanların sadəcə başqa dildə danışması deyil. Tamaşada əhvalatın coğrafiyası və nəfəsi dəyişir. Fransız məişətinin içində doğulan komik vəziyyətlər Bakı mühitinə köçürülür, personajların davranışları və münasibətləri yerli tamaşaçının tanıdığı həyatın içində yeni məna qazanır.

Quruluşçu rejissor, Əməkdar artist Nicat Kazımov da bu məqamı xüsusi vurğulayır: “Pullu komediya” əslində Klod Manyenin çox məşhur “Oskar” əsəri əsasında Xanım Aydının azərbaycanlaşdırdığı bir əsərdir. Xoşuma gələn cəhət odur ki, hadisələr bizim mentalitetimizə uzaq olan Fransada deyil, məhz Bakıda baş verir”.

Bu yanaşma tamaşanın əsas üstünlüklərindən biridir. Çünki klassik əsəri milli mühitə uyğunlaşdırmaq yalnız adları və ünvanları dəyişməklə bitmir. Burada mühüm olan əsərin ruhunu qorumaqla yanaşı, onun içindəki münasibətləri yerli həyatın təbii bir hissəsinə çevirməkdir. Tamaşaçı səhnədə özünə yad bir dünyanın müşahidəçisi olmur, tanış davranışlara, ailə münasibətlərinə, pul və məhəbbət ətrafında yaranan anlaşılmazlıqlara gülür.

Əhvalatın Cəbiş müəllimin nəvəsinin evində baş verməsi də bu baxımdan maraqlı seçimdir. Bir vaxtlar tamaşaçıya tanış olmuş nəslin davamçısı indi sabun fabrikinin direktorudur. Vəzifə, maddi imkanlar və şəxsi arzuların kəsişdiyi bu evdə baş verənlər göstərir ki, zaman dəyişsə də, insan münasibətlərinin dolaşıq düyünləri çox vaxt əvvəlki kimi qalır.

Pul, sevgi və insanın qurduğu tələ

Tamaşanın adından da göründüyü kimi, pul hadisələrin hərəkətverici qüvvələrindən biridir. Ancaq pul burada sadəcə maddi sərvət deyil. O, insanın arzularını böyüdən, münasibətlərini sınağa çəkən, bəzən də ən ağıllı görünən adamı gülünc vəziyyətə salan vasitəyə çevrilir.

İnsan istədiyinə çatmaq üçün müxtəlif yollar axtarır, hər şeyi əvvəlcədən hesabladığını düşünür. Lakin həyatın öz hesabı var. Bir anlaşılmazlıq digərini doğurur, kiçik bir sirr böyük qarışıqlığa çevrilir, personajlar isə vəziyyətdən çıxmağa çalışdıqca daha mürəkkəb vəziyyət yaranır. Komediyanın dinamizmi də buradan yaranır.

Xanım Aydın tamaşa haqqında fikirlərini bölüşərkən onun əsas məqsədinin yalnız güldürmək olmadığını vurğulayır:
“İstəyirəm ki, tamaşaçı teatra daxil olduğu andan etibarən bir neçə saatlıq gündəlik həyatın problemlərindən uzaqlaşsın. Məncə, bu gün insanın ən çox ehtiyac duyduğu şeylərdən biri də məhz budur - bir neçə saatlıq da olsa, özünü problemlərdən azad etmək və ürəkdən gülmək”.

Bəzən sənət insanı ağır suallarla üz-üzə qoyur, bəzən isə sadəcə onun nəfəsini açır. “Pullu komediya” ikinci yolu seçir, amma bunu məzmunsuz əyləncəyə çevirmədən, insan münasibətlərinin gülməli tərəflərini ön plana çıxarmaqla etməyə çalışır.

Musiqi, ritm və aktyor ansamblı

Komediyanın uğuru çevik ritmdən, aktyorların bir-birini duyumundan və musiqinin səhnə ilə vəhdətindən asılıdır. “Pullu komediya”da “Libertango” və Nina Rotanın Hollivud filmləri üçün bəstələdiyi musiqilərin Bakı üslubunda yenidən aranjiman olunması tamaşaya xüsusi dinamika qatır. Nicat Kazımovun sözlərinə görə, premyerada tamaşaçıların gülüşü və alqışları yaradıcı heyətin arzuladığı ovqatı yaradıb. Premyera günü tamaşada Cəbiş obrazını Anar Seyfullayev, həyat yoldaşı Suğranı Əməkdar artist Kəmalə Müzəffər canlandırırlar. Mənfəət rolunda Mətləb Abuşov, Gümrah rolunda Müşfiq Elmanoğlu, Zərqələm rolunda Əməkdar artist Mehriban Abdullayeva,  Duru rolunda Aygün Fətullayeva çıxış edirlər. Səfiyyə obrazını Fəridə Qurbanova, Tanya obrazını Mehriban Hüseynova, İlqar obrazını isə Sənan Kazımov ifa edirlər. Rəngarəng aktyor heyəti, musiqi və hadisələrin sürətli axarı tamaşanın canlı atmosferini formalaşdırır. Hər obrazın ümumi mənzərəyə öz rəngini qatması komik situasiyaları daha təsirli edir və tamaşaçı ilə səhnə arasında canlı ünsiyyət yaradır.

“Cəbiş, ümumiyyətlə, çox maraqlı, rəngarəng və özünəməxsus obrazdır. Onu səhnədə canlandırmaq mənə xüsusi zövq verir. Belə tamaşalar təkcə tamaşaçılara deyil, aktyorlara da yüksək əhval-ruhiyyə bəxş edir. Səhnədəki o enerji, yumor və qarşılıqlı ünsiyyət insana ayrıca bir sevinc yaşadır”, – deyə Anar Seyfullayev qeyd edir.

Gülüşün arxasındakı xoş ovqat

Bəli, pərdə enir, amma tamaşanın yaratdığı təbəssüm tamaşaçı ilə birlikdə teatrdan çıxır. “Pullu komediya”nın tamaşaçıya bəxş etmək istədiyi də elə budur - doğma Bakı yumorunun müşayiəti ilə bir neçə saatlıq xoş ovqat və ürəkdən gələn gülüş.

banner

Oxşar Xəbərlər