• cümə axşamı, 25 aprel, 05:54
  • Baku Bakı 19°C

Yubileydən - yubileyə - Firəngiz Əlizadə

28.05.22 12:00 956
Yubileydən - yubileyə - Firəngiz Əlizadə

Hər bir yaradıcı insan ömür təqviminə hesabat vermək üçün həyatının müəyyən dövründə, arxaya baxıb bu illər ərzində nələr etdiyini, nələr yaratdığını düşünərək yubileyinə hazırlaşır.

AMEA-nın müxbir üzvü, Xalq artisti, professor, pianoçu-dirijor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, “Şöhrət” və “Şərəf” ordenli sənətkar, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadə də öz yubileyini əliboş qarşılayanlardan deyil. Hər yubiley ilinə yeni əsərləri ilə gələn Firəngiz xanımın təntənəli dünya premyeraları ilə başlayan tədbirləri artıq ənənə halını alıb.

Bu fikirlər Əməkdar incəsənət xadimi, professor Həcər Babayevanın görkəmli bəstəkar Firəngiz Əlizadənin 75 illik yubileyinə həsr etdiyi “Yubileydən - yubileyə - Firəngiz Əlizadə” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Hələ 90-cı illərdə Türkiyənin Mersin şəhərində çalışdığı zamanda Firəngiz xanımın 50 illik yubileyi böyük təntənə ilə keçirilmişdir. Qazandığı hörmətin nəticəsi olaraq Mersin şəhərinin valiliyi tərəfindən orada “Firəngiz Əlizadə günləri” Musiqi Festivalı təşkil olunmuşdu. Bu tədbirə dünyanın bir çox yerlərindən – Almaniya, İsveçrə, Rusiya, Gürcüstan, Azərbaycan və başqa ölkələrdən qonaqlar, ifaçılar dəvət olunmuşdu. Mersin həmin günləri Firəngiz Əlizadə musiqisi ilə böyük bir konsert həyatı yaşamışdı. Mayın 26-dan 29-dək davam edən festivalda “Firəngiz Əlizadənin dostlarının konserti” proqramında dünyanın məşhur kollektivləri və solistləri onun əsərlərini ifa etmişdilər.

2007-ci il 60 yaşını Firəngiz Əlizadə həyatında önəmli bir mərhələ olan “Dərviş” əsəri ilə qeyd etmişdi. Amerikalı musiqiçi, məşhur violonçel çalan Yo-Yo-Ma-nın 26 ölkənin bəstəkar və musiqiçilərini birləşdirən “Böyük İpək Yolu” layihəsində Firəngiz xanımın “Habilsayağı”, “Müğamsayağı”, “Eşq havası” və “Dərviş” əsərləri Yer kürəsinin bütün iri konsert salonlarında ifa olunmuşdu. Firəngiz xanımın yubiley ilində “Dərviş” əsərinin dünya premyerası Çikaqoda görkəmli muğam ustası Alim Qasımovun da iştirakı ilə baş tutmuşdu.

“Dərviş” əsərinin yaranma tarixi də maralı olub. İmaməddin Nəsiminin qəzəlləri və məşhur xanəndə Alim Qasımovun bənzərsiz ifalarından təsirlənən bəstəkar, qeyri-adi bir kompozisiya yaratmaq fikrinə düşür. Bunun üçün Sufiliyi öyrənmək lazım idi. Hər zamankı kimi yaradıcılıq axtarışına girən bəstəkar, muğam intonasiyalarını, ney səsini, qanun ifasını, Avropa alətləri – violonçel, violin, viola ilə birləşdirərək gözəl sintezə nail olmuşdu. Muğam avazı və Sufi dünyası. Muğam avazlarını biz hələ ilk əsərlərindən biri olmuş Xalq artisti Habil Əliyev ifasından ilhamlanan “Habilsayağı” əsərində eşitmişdik. Firəngiz Əlizadə özü yazırdı: “Əgər “Habilsayağı” 1979-cu ildə yazılıbsa, Yo-Yo-Ma layihəsi üçün axırıncı əsər “Dərviş” 21 il aradan sonra qələmə alınıb. Birinci və axırıncı əsər arasında mən də muğamın sirlərini öyrənmək üçün öz uzun yolumu keçdim”.

Bundan başqa 2007-ci ilin şah əsəri “İntizar” operası da bəstəkarın yubiley ili hesabatlarından biri olub. “İntizar” operasının ilk variantında maraqlı bir səhnə var idi. Sanki Firəngiz xanım bizim bugünki günümüzü çox-çox əvvəldən görürmüş kimi özünün “Qarabağnamə” adlandırdığı operasında seirciyə bir mesaj göndərmişdi.

Bəstəkar operanın ilk redaksiyasında, əsərin sonunda xalqın qələbə inamını göstərməkdən ötrü çox maraqlı bir üsuldan istifadə edir. Müasir operaya məxsus olan instalyasiyalardan biri kimi əsərin sonunda uzaqdan gələn səhnənin divarını başdan-başa tutan ağ atlı oğlanın möhtəşəm görünüşü, rəmzi olaraq, azadlığın, qələbənin, xalqın arzularının ümid çırağı kimi operanı sona yetirirdi.

Bax, həmin xalqın ümid yeri, ağ atın üstündəki qəhrəman bu gün 44 günlük müharibədə 30 illik düşmən işğalına son qoyan Ali Baş Komandanımızın rəmzi timsalı idi. Firəngiz xanım bu günün gələcəyinə hələ 2007-ci ildən inanır və tamaşaçını da inandırırdı.

Bu məqalə Firəngiz Əlizadə yaradıcılığının yubileylər ilini əhatə etdiyindən mən onun digər əsərləri üzərində dayanmaq istəmirəm. Ona görə də 70 illik yubileyin şah əsəri “Nəsimi Passion”un Amsterdamda ilk ifası ilə başlayan 2017-ci il Firəngiz Əlizadə yaradıcılığının yeni bir səhifəsi idi. Həmin il Firəngiz xanımın əməyini yüksək qiymətləndirərək, onu bir alim kimi Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv seçmişdilər. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə bəstəkar “Şərəf” ordeni ilə mükafatlandırılmışdı.

İmaməddin Nəsimiyə, onun yaradıcılığına maraq “Dərviş” əsərindən başlayaraq on ildən sonra monumental “Nəsimi Passion”unda tamalanan Firəngiz Əlizadənin əsərlərində həm müasirlik, həm də Şərqin fərqli təfəkkür tərzi, Orta əsr Sufi fəlsəfəsi ilə yanaşı işlənilib.

Niyə məhz Passion? – “Passio” – latınca əzab deməkdir və Firəngiz Əlizadə özünün “Passion”unda Nəsiminin təriqət yolundakı əzab-əziyyətlərini açıb göstərməyə çalışaraq əsərdə dəfələrlə səslənən “Ənəlhəlq” kəlamı məcazi bir simvola çevrilmişdi.

“Nəsimi” Passionun yaranma tarixinə gəlincə, Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan “Amsterdam Royal Concertgebouw” tərəfindən müxtəlif dinlərə məsələn, provaslav, katolik, iudizm, buddizmə məxsus “ilahilər” layihəsi həyata keçirilmişdi. Artıq dünyanın ayrı-ayrı dini mənsubiyyətinə malik bir sıra görkəmli bəstəkarlara əsərlər sifariş edilmiş və səsləndirilmişdi. Nəhayət, İslam dininə aid olan ilahilərin bəstələnməsi gündəmə gəlmişdi və mədəniyyət təşkilatı müsəlman dünyasını xaricdə layiqincə təmsil edən Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əlizadəyə müraciət edilmişdi. Beləliklə, “Nasimi Passion” əsəri, dirijor Martin Brabbins (İngiltərə) rəhbərliyi ilə Hollandiyanın Kral simfonik orkestri, xoru və solistləri tərəfindən böyük müvəffəqiyyətlə səslənmişdir. Bu əsərdə də Firəngiz Əlizadə böyük vətənpərvərlik ruhunu ortaya qoyaraq Nəsiminin sözlərini məhz Azərbaycan dilində səslənməsinə nail olunmuşdur. Hələlik dağılıb məhv olması, Nəsiminin məzarının yox olması, Suriyaya atılan bombalar, bütün bunlara qarşı sənətkarın yox səsi, dayan – İnsanlıq! hayqırısı bu əsərin qayəsində hiss olunur.

Nəhayət, bu il bizim sənətkarın 75 yaşı tamam olur. Azərbaycan mədəniyyət aləmi bu yubileyə ciddi cəhdlə hazırlaşır. Yubiley tədbirləri proqramı hazırlıq mərhələsində öz işini davam etdirir. Artıq Avropanın bir çox şəhərlərində Firəngiz Əlizadənin yubiley ilinə start verilib. Elə bu yaxınlarda, İngiltərənin nüfuzlu orkestrlərinin biri olan Bournemouth Symfony Orchestranın ifasında Firəngiz Əlizadənin “Nizami Cosmoloqy” əsərinin dünya premyerası reallaşıb. Əsər hazırda Amerikada və Avropanın ən tanınmış ukraynalı dirijoru Kiril Karabisin rəhbərliyi ilə “Layt hauz in Poole”in məşhur səhnəsində ifa olunub. Ən yeni orkestr yazı üslubunda ifa olunan bu əsər XII əsrdə yazıb yaratmış Nizaminin obrazını bir alim, mütəfəkkir, şair və vətəndaş kimi verməklə, bəstəkar onu bütün Şərqin ən yüksək zirvəsində duran dahisi kimi qələmə alıb. “Nizami Cosmoloqy” məzmun etibarilə çox təntənəli və geniş miqyaslı bir əsərdi. Firəngiz Əlizadə üçün Nizami öz dünyası olan bir şairdir. O, Nizamini dövrünün dərin biliyə malik olan tarix, din, astronomiya, təbabət, riyaziyyat elmlərini əhatə edən nadir şəxsiyyət kimi araşdırır. Yer və Səma cisimləri arasında bağlılıq axtaran Nizami obrazını musiqi dilində müxtəlif registrlərdə ən yüksək və ən aşağı səsləri birləşdirən orkestr kollajı yaradır. Beləliklə, bəstəkar təmiz instrumental ifa ilə Nizaminin təfəkkürünü yaradır. Bu dəfə əsərində Azərbaycan alətlərini orkestrə salmayan bəstəkar bu alətlərin imitasiyasını simfonik orkestrin alətləri ilə yaradır.

Nizami yaradıcılığı, onun poeziyası, Firəngiz Əlizadə üçün yeni deyildi. Bundan əvvəldə o, Nizamiyə müraciət etmiş, onu alman şairi Höte ilə bir konteksdə özünün “Göttes ist der Orient” kantatasında çox maraqlı qarşılaşma yaratmışdı. Hötenin “Qərb-Şərq divanı” və Nizaminin şeirlərində olan fəlsəfi fikirlər Firəngiz Əlizadəyə böyük təsir göstərmişdir. Onun özünün dediyi kimi, “Hötenin əsərlərindəki bu fikir: “Əsas odur ki, biz bu dünyaya birlikdə yaşamaq üçün gəlmişik” və Nizaminin poeziyasındakı “Göydə parlarsa da nə qədər ulduz, Günəşdir nur verən aləmə yalnız” kəlmələri insanı düşündürməyə bilməzdi.

Bəstəkar hər iki sənətkarın sözlərini orijinalda saxlayaraq kantatanı Azərbaycan və alman dilində səsləndirib. Bununla da əsrlərlə biri-birindən ayrı yazıb yaradan hər iki humanist dahinin eyni fəlsəfi fikrinə qoşulan bəstəkar müqəddəs “Qurani-Kərim”də yazıldığı, “Allaha Şərq də, Qərb də məxsusdur” kəlamından çıxış edərək möhtəşəm kantatasını yazıb.

BSO –nun son sezon konsertləri “Şərqin səsləri adlı” proqramı çox maraqlı quruluşa malik idi. Kiril Korobes konsertin konsepsiyasını üç görkəmli bəstəkarın əsərləri üzərində quraraq “Şərqdən gələn səslər” devizi altında D.Şostakoviç, Q.Qarayev və Firəngiz Əlizadəni dinləyiciyə təqdim edib. Şostakoviçin XII simfoniyası proqrama daxil olunub. Azərbaycan bəstəkarları – müəllim və tələbə - Q.Qarayev və Firəngiz Əlizadə həmvətənləri olan dahi Nizami yaradıcılığına dərin məhəbbətin sübutu kimi Q.Qarayevin “7 gözəl” baletindən simfonik süita və gecəyə damğasını vuran Firəngiz Əlizadənin “Nizami Cosmoloqy” əsərləri Azərbaycan musiqisinin zəfəri idi.

İngilis jurnalisti Bronte Larsen-Disney bu əsər haqqında yazır: “Firəngiz Əlizadənin kosmologiyası XII əsrin poeziyasının hər kəsə tanış olan çərçivələrini daha da genişləndirərək, müasir zamanda Səma, Yer və Kosmosun qarşılıqlı əlaqələrinin rəngli boyalarla tektonik hərəkətlərini yaradaraq insan idrakına hakim kəsilir.”

Yubileyinə belə bir möhtəşəm əsərlə gələn yaradıcılıq portfeli bildiyim qədərilə yeni-yeni əsərləri ilə doludur. Bu əsərlərin də işıq üzünü görmək arzusu ilə Firəngiz xanımı yubiley münasibətilə təbrik etmək istərdim.

banner

Oxşar Xəbərlər