Yerin altındakı “sauna” - PROBLEM
“Stansiyalarda qatar dayananda qapılar açılır və isti hava kütləsi salona daxil olur. Mikroiqlim şəraiti pozulur və avtomatik sistemin havanı tənzimləməsi müəyyən vaxt aparır. Hər mövsüm sərnişinlərə müraciət edirik ki, belə olduqda maşinist rabitəsindən istifadə etsinlər. Maşinistə məlumat verib hava çatışmazlığı, hərarətin artıq olmasını deyirsiniz və o da...”
Havaların həddindən artıq isti keçdiyi bu günlərdə insanların əsas şikayət etdiyi sahələrdən biri də metrodur. Daha doğrusu, qatarların havalandırma sistemi. Ya da metrodakı havasızlıq. Havasızlıq platformada qatar gözləyən insanları haldan salır. Pik saatlarda köhnə, havalandırma sistemi, kondisioneri olmayan vaqonlarda olmaq isə bir ayrı dərddir. Tər-su içində olan sərnişinlər metroda, yoxsa saunada olduqlarını müəyyənləşdirə bilmirlər. Bu problem hər il gündəmə gəlir. Amma nə köhnə vaqonlar havalandırma sistemi ilə təmin edilir, nə də onlardan tam imtina olunur. Üstəlik, bəzən yeni vaqonlarda da kondisionerlərin işləmədiyi müşahidə edilir. Elə isə bəs, niyə metropolitenin infrastrukturu yenilənmir, köhnə vaqonlardan tamamilə imtina edilmir? Platformalara soyutma sistemləri quraşdırmaq mümkün deyilmi?
“Hər gün monitorinqlər aparılır”
Mövzu barədə “Kaspi”-yə açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov dedi ki, bununla bağlı müntəzəm olaraq monitorinqlər aparılır: “Metropolitenin həm stansiya, həm tunellərində ventilyatorlar var. Bu ventilyatorların əsas məqsədi ilk növbədə yanğın təhlükəsizliyidir. İkincisi isə mikroiqlim şəraitində metropoliten infrastrukturunun yeraltı mühafizəsi, stansiya və tunellərin oksigen miqdarı ilə təmin olunmasıdır. Ventilyatorlar iyunun 1-dən yay qrafikinə keçirilib. Yay dövründə temperaturun dəyişməsinə, iqlim şəraitinə nəzarət olunur. Zərurət yarandığı təqdirdə ventilyatorların iş rejiminə müvafiq dəyişikliklər edilir. Günün bəlli saatlarında yerin üstündə iqlim şəraitinin dəyişməsi belə nəzərə alınır. Müasir cihazlarla hər gün monitorinqlər aparılır. Mikroiqlim laboratoriyası bütün stansiyaların ən azı 15-20 nöqtəsində müntəzəm, planlı ölçmələr aparır. Bunun əsasında əvvəlki və indiki dövrlərin müqayisəli təhlilini də verə bilirik”.
Bu il hərarət artıq olmayıb
Müsahibimiz bildirdi ki, ventilyatorlar mərkəzləşmiş qaydada, avtomatik şəkildə tənzimlənir: “Qatarların hərəkətindən yaranan porşen effektinə-təbii havalandırmaya da xüsusi nəzarət var. Şaxtalarda təbii havalandırmanın tənzimlənməsi üçün sistemlər mövcuddur. Süni ventilyatorların iş rejimi mərkəzləşmiş qaydada idarə olunur. Zərurət yarandıqda ventilyatorların iş rejimi dəyişir. Amma soyutma sistemlərinin quraşdırılması köhnə stansiyalarda olmayıb. Mövcud stansiyalarda mikroiqlim şəraitini daha da yaxşılaşdırmaq üçün ventilyatorlar alınarkən onların parametrinin güclü olması nəzərə alınır. İndiki, hətta gələcək dövr də xüsusi nəzərə alınır. Mikroiqlim sisteminə bütün stansiyalarda, tunellərdə xüsusi nəzarət var, ölçmələr aparılır. Bu il hələ ki, metroda hərarətin normadan artıq olması qeydə alınmayıb. Yeni stansiyalarda havalandırma müasir dövrə uyğun olaraq qurulub, idarəetmə sistemlərində ən müasir dünya standartları tətbiq olunur”.
“Köhnə qatarlar ancaq bu halda xətdən çıxır...”
Bəxtiyar Məmmədov yeni qatarlarla təminat məsələsinə gəlincə, qeyd etdi ki, istismar müddəti bitməmiş köhnə qatarların xətdən çıxarılması mümkün deyil: “Qatarların dəyişdirilməsi üçün müvafiq texniki normativ tələblər var. Həmin normativ tələblərə uyğun olaraq qatarlar yenilənir. Bir qatarın istismar müddəti 30-31 ildir. İstismar müddətini başa vurana qədər xətdə olur. Onlara daima qulluq var, normativlərə uyğun olaraq texniki baxış keçirilir, təmiri vaxtı-vaxtında olur. Həmin qatarların vaxtından əvvəl xətdən çıxarılması nəzərdə tutulmur. İstismar müddətini başa vuran qatar həmin gündən xətdən çıxarılır. Qatarlar ancaq iki vacib halda gətirilir. Yeni stansiyalar tikiləndə, zərurət yarananda və istismardan çıxan qatarı əvəz edəndə”.
Vaqonda hərarət yüksək olduqda nə edək?
Mətbuat xidməti rəhbərinin sözlərinə görə, sərnişinlər vaqonda havasızlıq, istilik hiss etdikdə maşinistə bildirməlidirlər: “Bütün yeni qatarlarda havanın hərarəti avtomatik rejimdə tənzimlənir. Müəyyən temperatur norması var. Həmin normaya uyğun olaraq sistem özü avtomatik çalışır. Stansiyalarda qatar dayananda qapılar açılır və isti hava kütləsi salona daxil olur. Belə olanda mikroiqlim şəraiti pozulur və avtomatik sistemin havanı tənzimləməsi müəyyən vaxt aparır. Bu səbəbdən hər mövsüm sərnişinlərə müraciət edirik ki, belə olduqda maşinist rabitəsindən istifadə etsinlər. Maşinistə məlumat verib hava çatışmazlığı, hərarətin artıq olmasını deyirsiniz və o da mexaniki qaydada sürəti bir qədər artırır və tənzimləmə daha tez gedir. Bir müddətdən sonra avtomatik sistem yenidən öz rejiminə qayıdır. Çünki avtomatik sistemin qaydası belədir ki, havanı mərhələ ilə tənzimləyir”.
Yaxın gələcəklə bağlı planlar
Bəxtiyar Məmmədov gələcəkdə insanların rahatlığı üçün planlaşdırılan işlərdən də danışdı: “Ventilyasiya sisteminin yenidən qurulması tədbirləri davamlı olaraq aparılır. İstismardan çıxarılan ventilyatorlar yenisi və daha güclüləri ilə əvəz olunur. Son 2 ildə 17 yeni ventilyator quraşdırılıb. Hər birisinin gücü əvvəlki nəsildən 2-3 dəfə çoxdur. Onların idarəetməsi də mərkəzləşdirilmiş qaydada olur. Yeni qatarların alınması da planlı şəkildə aparılır. Bundan əlavə dünyada hər hansı bir texnoloji yeniliklər olarsa, təbii ki, onların hər biri öyrənilir, Bakı metropoliteninə uyğunluğu qiymətləndirildikdən sonra tətbiqi istiqamətində işlər aparılır”.
Zərif Salmanlı