• cümə axşamı, 28 mart, 15:47
  • Baku Bakı 16°C

Yeni kitabın təqdimatı keçirildi - FOTOLAR

24.05.23 18:37 1429
Yeni kitabın təqdimatı keçirildi - FOTOLAR

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Book not about success” (“Uğur haqqında olmayan kitab”) kitabının təqdimatı keçirildi.

Kaspi.az xəbər verir ki, kitabın müəllifi Akademiyanın 4-cü kurs tələbəsi Əlihadi (Xanegahi) Desselbdir və kitab ingilis dilində “Parlaq imzalar” nəşriyyatında çap olunub. 

Çox fərqli həyat hekayəsi olan Əlihadi yaşadıqlarından, müşahidələrindən, atdığı addımlardan, qalxa bildiyi pillələrdən gəldiyi nəticələrdən özünüinkişaf janrında kitab yazıb. Kitab müxtəlif fəsillərdən ibarətdir və hər bir fəslin özünün məqsədi var. Kitabın sonunda isə “Uğurlu insanların lüğəti” adlı fəsil var ki, burada da bir-birinə bağlı ifadələr yazılıb. Məsələn, “oxumaq” sözünün qarşısında “diqqətlə” sözü var. Müəllif deyir ki, bu, kitab oxuyanda hər cümləsinə, hər sözünə diqqətlə yanaşmaq məqsədilə yazılıb. Ümumən kitab insanda motivasiya və psixoloji durumu yüksək səviyyəyə qaldırmaq üçün nəzərdə tutulub. 

Təqdimatda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının elmi katibi Bəxtiyar Rüstəmov, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova və digərləri çıxış etdilər. Kitab və müəllif haqqında fikirlərini, xatirələrini bölüşdülər. Bundan başqa, tədbirdə Əlihadi Desselbin çəkdiyi “Heydər Əliyev – idman və mədəniyyət” adlı qısa film də təqdim edildi. 

Müəllif özü kitab haqqında düşüncələrini bölüşdü: “Bəzən mənə deyirlər ki, biz niyə hər hansı bir başqa xarici müəllifin özünüinkişaf kitabını deyil, məhz bu kitabı oxumalıyıq? Onlara cavab olaraq kanadalı mükafatçı – müəllif Emiliy-Jane Hills Orfordun bu kitabı oxuduqdan sonra bildirdiyi fikri demək istəyirəm: “Başlığın özü də maraqlıdır. Bu, uğur haqqında bir kitab deyil. Bu, həyat və onu dolğun şəkildə yaşamağın üsullarını öyrədən bir kitabdır”. Mənim adımın mənası “böyük hidayətkar” deməkdir. İnanıram ki, mənim bu dünyaya gəlməyimin məqsədi bütün dünyanı adına uyğun olaraq daha gözəl bir yerə çevirmək və hidayət etməkdir. Kitabı məhz buna görə yazmışam”.

banner

Oxşar Xəbərlər