• bazar, 13 Aprel, 23:57
  • Baku Bakı 12°C

Yeni dünya nizamına doğru

12.04.25 05:27 249
Yeni dünya nizamına doğru

Prezident İlham Əliyev Forumda Cənubi Qafqazın inteqrasiya imkanlarından danışıb. ABŞ-nin yeni administrasiyası ilə əməkdaşlıq perspektivlərini dəyərləndirib. Ukrayna-Rusiya müharibəsi ilə bağlı proqnozlarını açıqlayıb. 

 Artıq ənənə halını alan, dünyanın müxtəlif ölkələrinin beyin mərkəzlərinin tanınmış ekspertlərini bir araya toplayan ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum bu dəfə də dünya mediasının xüsusi diqqətini cəlb etdi. Azərbaycan Prezidentinin istər regional, istərsə də beynəlxalq məsələlərə dair səsləndirdiyi fikirlər böyük maraqla qarşılandı.

Etimadın artırılması üçün kiçik addımlar

Dövlət başçısı sual-cavab formatında davam edən forum zamanı Cənubi Qafqaz üçün uzunmüddətli baxışını açıqlayıb. Bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında saziş imzalandığı təqdirdə əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq: “Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir. Realist olduğum üçün biz dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq hələ tezdir. Lakin biz etimadın artırılması üçün kiçik addımların atılmasına hazırıq”. 

“Azərbaycan ABŞ üçün çox mühüm tərəfdaş ola bilər”

Prezident İlham Əliyev ABŞ-nin yeni administrasiyası ilə Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafı perspektivlərinə də toxunub. Bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər. Bunun səbəbkarı biz deyildik: “Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik. Bu, cənab Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan siyasəti və Prezident Bayden administrasiyasında olan anti-Azərbaycan mövqeli bir çox şəxslər üzündən baş verdi”. 

Dövlət başçısı bildirib ki, Donald Trampın prezidentlik fəaliyyəti başlayandan ABŞ siyasətində anti-Azərbaycan trendi dayandırıldı və bu, artıq müsbət məqamdır: “İkincisi, artıq Tramp administrasiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında müxtəlif səviyyələrdə yüksəksəviyyəli təmaslar baş tutub, gündəlik çox səmərəli və qarşılıqlı şəkildə məqbul olub. Üçüncüsü, Tramp administrasiyasının gündəliyini nəzərə alsaq, biz münasibətlərimizdə bu dövrün tərəfdaşlığımızı gücləndirmək üçün çox yaxşı imkan olacağını gözləyə bilərik, həmçinin bizim birinci prezidentlik dövründə Tramp administrasiyası ilə işləməklə bağlı çox müsbət təcrübəmiz var. Bizim münasibətlərimizdə heç bir böhran yox idi”. 

Dövlət başçısı qeyd edib ki, Amerikanın milli maraqları baxımından, Azərbaycanla güclü əlaqələrin olması bu region üçün çox mühümdür. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir: “Qlobal Cənubun bir hissəsi olan, 4 il uğurlu sədrlik etdiyimiz Qoşulmama Hərəkatında güclü mövqeyə, artıq müzakirə etdiyimiz kimi Mərkəzi Asiya regionu ilə güclü əlaqələrə malik olan, imkanları, iqtisadi potensialı, enerji ehtiyatları olan, gücünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirmiş Ordusu olan və hər kəslə siyasi əlaqələri olan Azərbaycan ABŞ üçün çox mühüm tərəfdaş ola bilər. Biz bunun olmasını istəyirik”. 

“Atəşkəs heç zaman müharibəni dayandırmır”

Prezident İlham Əliyev Rusiya ilə Ukrayna arasındakı müharibəyə dair ölkəmizin mövqeyini açıqlayıb və sülh perspektivlərini də dəyərləndirib. Onun sözlərinə görə, biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik: “Bir sözlə, kimdən soruşsanız, deyəcək: “Biz istəyirik ki, müharibə dərhal dayansın”. Bəli, biz də istəyirik. Lakin əsas sual ondan ibarətdir ki, həmin atəşkəs, daha doğrusu, potensial atəşkəs və əgər belə demək olarsa, müvəqqəti atəşkəs dayanıqlı olacaqmı? İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır”.

Dövlət başçısı qeyd edib ki, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektiv görmür: “Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir”. 

“Biz qlobal məsələlərdə öz sözümüzü deməliyik”

Prezident İlham Əliyev Azərbaycanın Türk dünyası ilə əlaqələrini də xüsusi vurğulayıb, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqdan danışıb. Bildirib ki, Türk dünyasında ölkələr arasında münasibətlər bizim üçün çox vacibdir: “Bizim üçün bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var”. Dövlət başçısı bildirib ki, biz daha çox çıxış etməli, daha fəal olmalı və qlobal məsələlərdə öz sözümüzü deməliyik. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər