• şənbə, 15 Mart, 23:40
  • Baku Bakı 19°C

“Xocalı. Son toy...” 

15.03.25 03:26 160
“Xocalı. Son toy...” 

“Global Media Group”un və “Report”un ərsəyə gətirdiyi filmin ideyası 1992-ci ilin 18 yanvarında çəkilmiş fotodan yaranıb. Ekran işi Xocalıda yarımçıq qalan toyu, bundan sonra baş verən prosesləri özündə ehtiva edir.

Nizami Kino Mərkəzində “Xocalı. Son toy...” filminin təqdimat mərasimi keçirilib. “Global Media Group”un və “Report” İnformasiya Agentliyinin birlikdə ərsəyə gətirdiyi bədii-sənədli filmin süjet xətti 33 il öncə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq qalan sonuncu toy mərasiminə əsaslanır.

"Vağzalı"sı yarımçıq qalan toyun sədaları

1992-ci ildə baş verən və bəşər tarixinin ən qanlı hadisələrindən birinə çevrilən Xocalı soyqırımı insanlıq faciəsi olmaqla yanaşı, həm də neçə-neçə insanın, ailənin sevincini əlindən almış, əbədi ağrıya çevrilmişdir.

“Xocalı. Son toy...” bədii-sənədli filmində də illər öncə "Vağzalı"sı yarımçıq qalan toyun sədaları yenidən eşidilir, azad-abad Xocalı yenidən toy-bayram əhval-ruhiyyəsinə bürünür.

Ekran işində xalqımızın keşməkeşli tarixinin ən ağrılı səhifəsi olan Xocalı yarasının məhz bu toyun fonunda yenidən sevincə, pozitiv gələcəyə köklənməsi əksini tapır.

Yarımçıq qalan toyun bəyi Vasif Qafarov və gəlini Dürdanə Məmmədova, eləcə də həmin toyda iştirak edən digər qonaqlar, qohumlar, həmçinin musiqi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toy mərasimini davam etdirir, Xocalı sakinlərinin yenidən doğma yurdlarına dönüşünü əyani formada nümayiş etdirirlər.

Real kadrlar Xocalıda lentə alınıb

Filmin ideyası 1992-ci ilin 18 yanvarında sözügedən toyun fotosundan ilhamlanaraq gerçəkləşib. Ekran işi Xocalıda yarımçıq qalan toyu, bundan sonra baş verən prosesləri və günümüzü özündə ehtiva edir. Sözügedən toyda çəkilən ağ-qara foto yenidən zəfər bayrağı sancılmış azad Xocalıda həmin fotonun rənglənmiş variantı ilə canlandırılır ki, bu da Xocalının yenidən dirçəlməsini, yeni nəfəs tapmasını tərənnüm edir.

Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb.

“Ümid edirəm ki, bu dəstəyi doğrulda bildik”

“Report”un direktoru Fuad Hüseynəliyev bildirib ki, başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Vətən müharibəsi şəhidlərinə, qazilərinə bu günlər üçün minnətdarıq. Direktor filmin ərsəyə gəlməsində bir çox qurumlara və şəxslərə minnətdar olduqlarını ifadə edib. “Şübhəsiz, birinci növbədə, filmin "Global Media Qrup"un dəstəyi ilə ərsəyə gəldiyini deməliyik”.

F.Hüseynəliyev bildirib ki, çəkiliş prosesi o qədər də asan olmayıb. 

“Təsadüf nəticəsində onları tapdım”

“Xocalı. Son toy…” filminin ideya və ssenari müəllifi Niyam Şirinov və quruluşçu rejissoru Yusif Ələkbərzadə çəkiliş prosesindən danışıblar. 
Ssenarist Niyam Şirinov da filmin ideyasının bir toy fotosundan yarandığını bildirib. “Fikirlər var idi ki, həmin şəkildəki bəy və gəlin artıq həyatda yoxdur. Amma sırf təsadüf nəticəsində mən onları tapdım. 2020-ci ilin 26 fevralında Dürdanə xanımla görüşdük və bununla da, torpaqlarımızın işğaldan azad olunmasından sonra məhz bu ideyanı gerçəkləşdirəcəyimizə söz verdik”, - o deyib.

Quruluşçu rejissor Yusif Ələkbərzadə isə film prosesinin iki mərhələdən ibarət olduğunu deyib:

“Xocalının mərkəzində çəkəcəyimiz hissə bir az bizi, düzü, qorxudurdu. Çünki 40-a yaxın Xocalı sakini ilə yenidən Xocalıya qayıtmaq sözlə ifadə olunacaq hisslər deyil”.

Qeyd edək ki, filmin layihə rəhbəri “Global Media Group” İdarə Heyətinin sədri Elnur Nazim oğlu Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadə, prodüseri isə Fuad Hüseynəliyevdir.

 

banner

Oxşar Xəbərlər