• cümə, 27 Dekabr, 03:12
  • Baku Bakı 9°C

Xəyanətin az olduğu ölkə - Soydaş

23.03.16 10:53 4386
Xəyanətin az olduğu ölkə - Soydaş
Sübhi İsmayılzadə: “Yaponiyada ailə ona görə qurulur ki, əhali artsın” “Bizim birtərəfli dünyagörüşümüz var. Biz ideal həyata hər zaman Qərbdən baxırıq. Amma bu ölkəyə getdikdən sonra bütün fikirlərim dəyişdi. Anladım ki, Şərqdən baxılan dünya həqiqətən çox fərqlidir. Dünyanı yenidən kəşf etmək kimidir. İnsan nəinki dünyanı, özünü belə yenidən kəşf edir”.
Söhbət gündoğar ölkəYaponiyadan gedir. Yaponiya dünyanın ən cəlbedici turizm mərkəzlərindən hesab olunur. Hər il gündoğar ölkəyə milyonlarla turist gedir. Eyni zamanda, Yaponiya əhalisi də səyahətə böyük maraq göstərir, yaponlar dünyada ən çox gəzən, xaricə turist səfərləri edən xalqlardandır.
Keçmişinə bağlı, müasirliyə açıq...

Biz də özümüzü və dünyanı az da olsa yenidən kəşf etmək üçün həmsöhbətimizlə birlikdə Yaponiyaya qiyabi səyahət etdik. Müsahibimiz Yaponiyada yaşamış həmyerlimiz Sübhi İsmayılzadədir. O, hazırda ADA Universitetində magistr dərəcəsi üzrə təhsil alır. Təcrübə mübadiləsi üçün getdiyi Yaponiyada 6 ay yaşayıb. Amma bu 6 ay onun həyatında köklü dəyişikliklər edib. Sübhi deyir ki, dünyanı kəşf etmək və fərqliliklərlə rastlaşmaq üçün Yaponiya ideal ölkədir. Onun sözlərinə görə, bu ölkədə onu təəccübləndirən insanların sakitliyi və rahatlığıdır: “Yaponiyada hər kəs öz işi ilə məşğuldur. Cəmiyyət olaraq sakit təbiətlidirlər. Sanki öz dünyaları var və onlar orada sakit şəkildə yaşayırlar. Heç kim heç kimin işinə qarışmır. Bu, məni ilk təəccübləndirən fakt idi. Çünki Azərbaycanda bunu görmək olmur. Bizdə hər kəs əsəbi haldadır. Onların bir-birlərinə qarşı münasibətləri çox incə və nəzakətlidir. Hər şeyi normal qəbul edirlər, hər kəs öz işi ilə məşğul olur. Bəzən bizdə bunu soyuqqanlılıq kimi qəbul edirlər. Lakin o cəmiyyətdə bu, normal haldır. Hətta xahiş etmədikdə heç kim heç kimə kömək etmir. Onlar salam verdikdə belə gözlərini yerə dikirlər. İerarxiya, böyüyə hörmət həm ailə daxilində, həm də iş yerində yüksək səviyyədədir. Məncə, bu, Asiya adət-ənənəsindən irəli gəlib. Yaponlar bunu çox gözəl şəkildə davam etdirirlər. Onlar keçmişə bağlı, müasir adət-ənənələrə isə açıqdırlar. Milli kimliklərini çox gözəl saxlayırlar.Yapon xalqı çox utancaqdır. Onlar açıq şəkildə ətrafdakı insanlara hisslərini büruzə verə, qarşısındakı insanın gözünün içinə baxa bilmirlər. Mən də onları narahat etməmək üçün çalışırdım ki, insanların üzünə baxmayım”.
Müsahibimiz deyir ki, yapon xalqında xüsusi zibil atmaq mədəniyyəti var. Belə ki, yapon küçələrində zibil yeşiyi olmur. Zibil yeşiyi olmasa belə, hər tərəf təmizdir: “Yaponlar çox qənaətcil xalqdır. Onlar atdıqları zibilə belə qənaət edirlər. Hər şeydən lazım olduğu qədər istifadə edirlər. Yaponlar israfa qətiyyən yol vermirlər. Küçələrdə zibil qabları yoxdur. Zibili hər kəs evinə aparır. Yaponlar zibili dört hissəyə ayırırlar: yandırılmalı olan zibil, şüşə, yandırılmayan və yenidən emal oluna biləcək zibil”.
Yaponların müqəddəs yeri

Müsahibimiz Yaponiyadakı təhsil sistemindən də söz açdı. Onun sözlərinə görə, Yaponiyada orta və bakalavr təhsili alanlar üçün təhsil sistemi magistr və doktorantura ilə müqayisədə çətindir: “Bu ölkədə təhsil həddindən artıq yüksək səviyyədədir. Təhsil gündəlik tələbat məhsulları kimi zəruri amildir. Məsələn, Yaponiyada hər hansı ictimai nəqliyyat vasitəsinə mindiyin zaman 99 faiz sərnişinin mütaliə etdiyinin, nəsə oxuduğunun şahidi olursan. Dayanacaqda gözləyənlərin də əksəriyyəti oxuyur. Yaponlar mütaliəyə çox erkən yaşlarından başlayırlar. Mən deyərdim ki, bağça yaşlarından onlara mütaliəni təbliğ edirlər. Təhsil çox yüksək səviyyədədir”.
Sübhi deyir ki, yaponlar üçün onların iş yerləri ən müqəddəs yer hesab olunur. Hətta işdən çıxarkən iş yerlərinə arxalarını çevirməmək üçün arxa-arxaya çıxırlar: “Onlar gördükləri işə və yaxud biznesə öz ailələri kimi yanaşırlar. Gördükləri iş həqiqətən onlar üçün çox müqəddəsdir. Yaponlar işlədikləri yerdən çıxanda həmişə arxa-arxaya çıxırlar. Bu, onların işə olan hörməti mənasındadır. Onlar işə çox diqqət və qayğı göstərirlər və işlərini sevirlər. Çox işləməyə öyrəşən yaponlar gündə 15-18 saat fasiləsiz işləyə bildikləri üçün yaponları qarışqa adlandırmaq olar”.
Köhnə və yeni texnologiya

Yuxarıda qeyd etdiyimiz kimi, yaponlar zibil atmır. Hətta köhnə avadanlıqlarını da müasir dövrün tələblərinə uyğun hazırlayıb yenidən istifadə edirlər: “Onlar yeni texnologiyadan istifadə etsələr belə, köhnə avadanlıqlarını atmırlar. Sadəcə, həmin əşyanın proqram təminatını dəyişməklə onu zamanın tələblərinə uyğunlaşdıra bilirlər. Məsələn, metro kartı aparatlarına nəzər saldıqda onun köhnə olduğunu hesab edirik. Lakin həmin aparatlar ən müasir standartlara cavab verir. Çünki yaponlar həmişə onun proqram təminatını yeniləyirlər. Bütövlükdə aparatı kənara atmırlar”.
Sübhi yaponların ənənələrindən də danışdı. O deyir ki, dünyada çayları ilə məşhur olan yaponların xüsusi çay mədəniyyəti var: “Onların çox qədim çay mədəniyyəti var. Orada çayın yüzlərlə növü var. Onlar çaya “çai” deyirlər və piyalədə içirlər. Bu da adətdən irəli gəlir. Hər evdə çay aparatı xüsusi saxlanılır. Çayın əldə xüsusi tutma metodologiyası var. Hazırda onlarda sakura fəsli başlayıb. Bu, sakura ağacının cücərməsidir. Həm də yaz fəslinin əvvəli belə adlanır. Çəhrayı rəngli çiçəkləri olan ağaca oturub saatlarla tamaşa edirlər. Yaponlar təbiətə çox bağlıdırlar”.
Təmizliyə şagirdlər cavabdehdir

Həmsöhəbtimiz deyir ki, yapon məktəblərində, küçələrində xadimə görmək mümkün deyil: “Bir dəfə mən orda gördüm ki, bir qrup orta məktəb şagirdi şəhərdə gəzərək zibilləri toplayır. Yaxınlaşıb onlarla söhbət etdim və niyə belə etdiklərini soruşdum. Onlar bildirdilər ki, hər sinifdən iki uşaq həftənin şənbə günləri on nəfərlik qruplar şəklində şəhərə çıxır və zibilləri toplayırlar. Bu isə tamamilə könüllüdür. Burada inzibati bir qayda yoxdur, sadəcə, şəhəri gəzirlər. Hətta orta məktəblərdə məktəbin təmizliyinə belə şagirdlərin özləri cavabdehdir. Şəhəri zibilləmək onlar üçün qəbuledilən deyil. Orada yaşadığım müddətdə universitetdə heç bir təmizliyə cavabdeh şəxs görmədim. Onlarda su şüşəsinin qutusu ayrı, qapağı ayrı, kağızı isə tamamilə ayrı qutulara atılır. Həftənin hər günü konserv qabları üçün bir zibil maşını, həftənin digər günü isə başqa zibil üçün bir maşın gəlir. Sən öz zibillərini qapına qoyursan, onlar gəlib götürürlər”.
Qurd, böcək, həşərat...

Gələk məşhur yapon mətbəxinə...Suşi ilə dünyaya meydan oxuyan yapon mətbəxi çox zəngindir: “İlk olaraq demək istəyirəm ki, yapon mətbəxini Koreya mətbəxi ilə qarışdırmaq olmaz. Bu mətbəxdə nə istəsəniz, tapa bilərsiniz. Mətbəxin böyük hissəsi dəniz məhsullarından ibarətdir. Biz çörəyə nə qədər üstünlük veririksə, onlar da düyüyə o qədər üstünlük verirlər. Yapon mətbəxinin özünəməxsusluğu var. Elə şeylər var ki, burada tapılmır. Onlar ədviyyatdan geniş istifadə edirlər. Bizim yediyimiz bütün məhsulları onlar da yeyə bilir. Lakin qurd, böcək kimi yeməklərin çox olduğu faktı düzgün deyil. Donuz, mal, qoyun-quzu əti bu mətbəxdə də yeyilir. Ağartı məhsulları baha olsa da, yapon mətbəxində çox istifadə olunur. Qeyd edim ki, Yaponiyada qiymətlər bizimlə müqayisədə çox bahadır. Lakin orada əməkhaqqı kifayət qədər yüksəkdir. Şirniyyat çeşidləri boldur. Amma yaponlar elə də çox yeyən millət deyil. Sadəcə, doyduqları qədər yeyirlər. Adətən sağlam qidalardan istifadə edirlər. Praktik yeməklərin sayı çoxdur. Çünki onların həyatları praktik olur, hətta evləri belə. Yığcamlıq, sadəlik, harmoniya, effektivlik və səmərəlilik onların həyatının ayrılmaz hissəsidir. Bu, onların bütün həyat tərzində özünü büruzə verir”.
Uşaqlara əziyyət verirlər

Yaponiyanın ən ciddi problemlərindən biri isə evlənmək məsələsidir. Müsahibimiz deyir ki, Yaponiyada evlilik yaşı ortalama 35-40 yaşdır: “Onlarda ailə çox möhkəmdir. Lakin ailə qurarkən təkcə sevgi faktına üstünlük vermirlər. Hətta ailəona görə qurulur ki, əhali artsın. Xəyanət faktı onlarda çox azdır.
Ailədə uşaqları erkən yaşdan əməyə, zəhmətə öyrədirlər. Hətta məktəblərdə belə təmizliyə uşaqlar özləri riayət edirlər. Bu, ailədən gələn ənənədir və onu məktəblərdə davam etdirilir. Xüsusilə aşağı yaşlardan yaponlar uşağa əziyyət verirlər. Həm ev işlərində, həm məktəbdə uşaqların üzərinə böyük məsuliyyət qoyulur. Yaponlar yetkinlik yaşına çatanda onlara nəsə öyrətməyə ehtiyac qalmır. Çünkiartıq hər şeyi özləri dərk edirlər. Məsələn, biz Azərbaycanda uşaqlarımızı çox əzizləyirik. Lakin Yaponiyada belə deyil. Onlar uşağı sərt qaydalarla böyüdürlər. Yapon uşaqlarında erkən yaşlardan liderlik xüsusiyyəti formalaşır. Onlar məktəbdə inkişaf edir, bakalavr dərəcəsində isə tam təkmilləşirlər. Magistr dərəcəsində isə onlar tam müstəqil fərd kimi yetişirlər”.
Yapon xalqı o qədər fərqli və özünəməxsusdur ki, onların xüsusiyyətlərini bir səhifəyə sığışdırmaq mümkün deyil. Yaiti Xaqanın uzun illərin müşahidələri və tədqiqatı əsasında yazılmış “Milli xüsusiyyət haqqında on oçerk” adlı kitabında yaponların milli xüsusiyyətlərinin məcmuəsi belə xarakterizə olunur: 1) hakimiyyətə sadiqlik və vətənpərvərlik 2) valideynlərə hörmət və ailənin şərəfini hifz etmək 3) dünyəvilik və praktiki yanaşma 4) təbiətdən zövq almaq bacarığı 5) nikbinlik və yumor hissi 6) zəriflik və incəlik 7) nəzakətlilik və həssaslıq 8) saflıq və ürəyiaçıqlıq 9) mərifət və ədəb 10) sadəlik və mərdlik.
Aygün ƏZİZ "> "> ">

banner

Oxşar Xəbərlər