• şənbə, 20 Aprel, 17:00
  • Baku Bakı 23°C

Xalqa bağışlanmış ömürdən anlar

05.12.22 10:00 438
Xalqa bağışlanmış ömürdən anlar

Kaspi.az müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

3 iyul. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakı metrosunda törədilmiş terror aktı ilə əlaqədar hadisə yerinə gəldi. Daha sonra 5 nömrəli şəhər klinik xəstəxanasında yaralılara baş çəkdi.

6 iyul. ABŞ jurnalistlərinə və “Utro Rosii” qəzetinə müsahibələr verdi.

7-8 iyul. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşdü.

9-13 iyul. Səudiyyə Ərəbistanında rəsmi səfərdə oldu.

15 iyul. “British Petroleum Statoil” Alyansının, “Amoco” və “Pennzoil” şirkətlərinin nümayəndələrini qəbul etdi. İsveçrə neft şirkətinin nümayəndələri ilə görüşdü.

18 iyul. Avropa İttifaqı Humanitar yardım komissiyasının ölkəmizdə səfərdə olan üzvlərini qəbul etdi.

25 iyul. ABŞ-ın bir qrup iş adamı ilə görüşdü.

27 iyul. “Moskovskiye novosti” qəzetinə müsahibə verdi.

29 iyul. Bakıda diplomatik kompleksin təməlinin qoyulması mərasimində iştirak etdi.

29 iyul. Təzəpir məscidində din xadimləri ilə görüşdü.

X X X

Ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə qayıtdıqdan sonra dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atılırdı. Azərbaycan heç bir ölkədən və beynəlxalq gücdən asılı olmayan müstəqil siyasət yürütməyə başlamışdı. Bu, bəzi dairələri qane etmirdi. Müstəqilliyimizə düşmən kəsilən qüvvələr hər cür təxribata, hətta terror aktlarına əl atırdılar. Belə təxribatlardan biri 1994-cü il iyulun 3-də Bakı metropolitenində törədildi. Metronun “28 May” stansiyası ilə “Gənclik” stansiyası arasında hərəkət edən qatarda partlayış törədilməsi nəticəsində 13 nəfər həlak oldu, 58 nəfər yaralandı.

Hadisə yerinə gələn Heydər Əliyev orada toplaşanlar qarşısında çıxış edərək bildirdi ki, bu cür təxribatlar Azərbaycanı müstəqillik yolundan döndərə bilməyəcək: “Bu, açıq-aşkar vəhşilikdir. Şübhəsiz ki, respublikamızın daxilində də, xaricində də belə vəhşilər - bizə düşmən olan, Azərbaycan Respublikasının müstəqilliyinə düşmən kəsilən, onun əleyhinə çıxan qüvvələr var. Lakin qoy onların hamısı bilsin ki, belə vəhşiliklərlə, təxribatlarla heç kəs Azərbaycan Respublikasının müstəqilliyini, onun siyasətini sarsıtmağa, bizi bu yoldan döndərməyə müvəffəq olmayacaqdır. Biz bütün bu ünsürlərin öhdəsindən gələcəyik...

Bu təxribat xalqa, millətə qarşı, bütün ölkəyə, Bakı şəhərinə qarşı dəhşətli cinayət, böyük bir xəyanətdir. Buna görə də mən hüquq-mühafizə orqanlarımızdan tələb edirəm ki, bu işlə ciddi məşğul olsunlar. Eyni zamanda Azərbaycan vətəndaşlarına, Bakı şəhərinin sakinlərinə müraciət edirəm ki, öz vətəndaşlıq borclarını yerinə yetirsinlər. İçərinizdə olan, xalqımıza zərbə vurmaq, onu sarsıtmaq istəyən, öz şəxsi mənafeyinə görə respublikamızı, xalqımızı daha ağır vəziyyətə salmaq məqsədi güdən adamları aşkara çıxarmaq lazımdır”.

Ulu Öndərin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın xarici əlaqələri genişlənməkdə davam edirdi. 1994-cü ilin iyul ayı Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanına ilk səfəri ilə əlamətdar oldu. Yola düşməzdən əvvəl Binə Hava Limanında müxbirin sualını cavablandıran Heydər Əliyev dedi: “Dünya dövlətləri birliyində Səudiyyə Ərəbistanının özünə layiq yeri var. O, ərəb dünyasının inkişaf etmiş zəngin bir ölkəsidir. Eyni zamanda, bu dövlət dünya müsəlmanlarının müqəddəs yerlərinin mühafizidir. Ona görə də bu ölkə ilə Azərbaycan arasında əlaqələr yaradılmalıdır...

Mən bu səfərə böyük məmnuniyyətlə gedirəm. Səudiyyə Ərəbistanı məni həm bir ölkə kimi maraqlandırır, həm də müsəlmanların müqəddəs yeri kimi oranı ziyarət edəcəyimi çox böyük həyəcanla gözləyirəm”.

Səfər çərçivəsində Heydər Əliyev İki Müqəddəs Ocağın Xadimi Kral Fəhd, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri və digər rəsmi şəxslərlə danışıqlar apardı. Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair Saziş imzalandı, səfərin yekunlarına dair Birgə Bəyanat qəbul olundu. Ulu Öndər səfər çərçivəsində müqəddəs Kəbəni də ziyarət etdi.

Səudiyyə Ərəbistanından vətənə yola düşərkən jurnalistlərlə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev bəyanatla çıxış etdi. Bu səfəri ölkəmizin xarici siyasətində böyük nailiyyət kimi qiymətləndirərək dedi: “Səudiyyə Ərəbistanı dövləti və məlik Fəhd ibn Əbdül Əziz əl-Səud Ermənistanın Azərbaycana təcavüzünü qəti pisləyir və hesab edir ki, təcavüzkar məhkum edilməli, işğal olunmuş torpaqlardan çıxmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır”.

Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz bəhrələrini verir, dostlarımızın sayı artırdı. Bunun nəticəsi idi ki, Azərbaycanın ərazi bütövlüyünü getdikcə daha çox ölkə dəstəkləyir, Ermənistanın təcavüzkar siyasəti pislənirdi.

banner

Oxşar Xəbərlər